Qazisi Seymur Məmmədov deyir ki, …

Mənimlə söhbətə başlayanda, Vətən müharibəsi qazisi Seymur Məmmədovun baxışlarından dərhal anlamaq olurdu ki, onun qəlbində hələ də müharibənin səs-küyü, toz-torpağı, barıt qoxusu yaşayır. O sanki hər kəlməsi ilə məni də o günlərə aparmaq istəyirdi. Danışmağa təmkinlə başladı, elə danışdıqca səsində həm qürur, həm də dərin kədər hiss olunurdu: “Mən o günlərdə həm sevincli, həm də kədərliydim”, – dedi. “Sevinirdim, çünki torpaqlarımız işğaldan azad olunurdu. İllərlə həsrətində olduğumuz yurd yerlərinə qovuşmaq hissi adamın damarlarında qanı qaynadırdı. Amma eyni zamanda kədərli idim, çünki silah yoldaşlarımızın şəhid xəbəri gəlirdi. İnanın ki, o qarışıq hissi ancaq yaşayan bilər. Bir tərəfdən qürur, digər tərəfdən içində izaholunmaz bir boşluq”.
Bir anlıq susur, dərin nəfəs alır. Sonra isə gözlərimə baxaraq əlavə edir: “İlk döyüş təcrübəsi insanın yaddaşına silinməz iz qoyur. Mən də bunu yaşadım. Həm qorxu, həm də qürur eyni vaxtda insanın ürəyində yuva qurur. Elə bir andır ki, insanı kökündən dəyişdirir. Mən müharibədən əvvəlki Seymur deyildim artıq. Hər şeyə başqa cür baxmağa başlamışdım”.
Qazinin yaddaşında qalan ən ağır döyüşlərdən biri Füzuli rayonunun Çanaxçı kəndində baş verib. O hadisəni xatırlayanda sanki sözləri boğazında düyünlənir: “Ən çətin tapşırığımız orada oldu. Həmin yerdə üç şəhid verdik, dörd yaralı oldu. Çanaxçı döyüşü bizdən həm güc, həm də böyük dözüm tələb edirdi. Hər an ölümlə üz-üzə idik. Amma o ağır tapşırığın da öhdəsindən gəldik. Qardaşlarımızın qanı bahasına olsa da, uğur qazandıq.
Söhbət əsnasında o, bir xatirəni bölüşür: “Bir silahdaşımız ağır yaralanmışdı. “Mənə bir az su verin, içim…” – dedi. Mən hələ də o anı gözümün önündən silə bilmirəm. O suyu içməyə macal tapmadan şəhid oldu. Bilirsiniz, insan o an öz acizliyini anlayır. Heç nə edə bilmirsən, sadəcə, baxırsan…”
Müharibə bitəndən sonra onun həyatında yeni bir mübarizə başlayıb. Bu dəfə özü ilə, içindəki yaralarla. O, söhbət zamanı bunları gizlətmədi: “Döyüşdən qayıdandan sonra mənim də yaralarım, travmalarım oldu. Hələ də o günlərin ağrısını içimdə daşıyıram. Psixoloji problemlərim davam edir. Xüsusilə də xidmət yoldaşlarımın şəhid olmalarını qəbul edə bilmirəm. İnsana ən çox təsir edən odur ki, dostun, yoldaşın sənin yanında can verir, sən isə əlindən heç nə gələ bilmədiyini görürsən. Bu, insanın içində ömürlük iz buraxır”.
Onun sözləri məni də dərindən sarsıdır. Elə bil, qarşımda oturan müharibədən sağ qayıtmış bir xatirədir. Sonra sözünə davam edir: “Ən böyük dərsi də orada öyrəndim: insan sevdiklərinin qədrini bilməlidir. Hər günü son günümüz kimi yaşamalıyıq. Çünki sabahımızın olub-olmayacağını heç kim bilmir. Müharibə insana bunu öyrədir”.
Mən onu dinlədikcə anlayıram ki, müharibənin əsl siması döyüş meydanında yox, insanın qəlbindədir.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Grand Hotel Europa” romanı

Alatoran Yayınlarında çıxan son kitablardan biri haqqında xüsusi olaraq danışmaq istəyirəm.
Bu Niderland yazarı Ilja Leonard Pfeijffer-in “Grand Hotel Europa” romanıdır.
Ilja Leonard Pfeijffer hazırda Niderlandın ən çox tərcümə olunan və Avropa miqyasında postmodern və humanist baxışları birləşdirən aparıcı müəlliflərindən biridir. Onun əsərləri çox vaxt Umberto Eco, Milan Kundera və Claudio Magris kimi yazıçılarla müqayisə olunur.
“Grand Hotel Europa” romanı 2018-cı ildə nəşr olunandan sonra qısa vaxt ərzindən 15-dən çox dilə tərcümə olunub. Təkcə Niderlandda deyil, bütün dünyada tanındı, bestseller oldu, bu günədək 250.000-dən çox nüsxə satılıb.

Roman Avropanın simvolik portreti kimi qiymətləndirilir, tənqidçilər onu “XXI əsrin böyük Avropa romanı” adlandırdılar.

Pfeijffer həm şair, həm esseist, həm də roman yazarı kimi tanınır. O, klassik filologiya üzrə təhsil alıb (Leiden Universiteti), antik ədəbiyyata və Avropa mədəniyyətinə dərindən bələd olduğu üçün əsərlərində mədəni irs, qloballaşma, kimlik və nostalgiya mövzularını fəlsəfi, eyni zamanda ironik tonda işləyir.
“Grand Hotel Europa” — müasir Avropa ədəbiyyatının ən iddialı və çoxqatlı romanlarından biridir. Əsər həm şəxsi hekayə, həm də mədəni-fəlsəfi manifest kimi oxunur — keçmişin cazibəsi ilə qloballaşan dünyanın reallıqları arasında sıxışmış Avropanın portretini yaradır.

Onun dili zəngin, bəzən teatral, bəzən şeiriyyətlidir – oxucunu həm intellektual, həm duyğusal səviyyədə cəlb edir. Azərbaycan dilinə çox yaxşı tərcümə olunub (ingiliscədən), ciddi redaktor baxışından keçib.

Roman üzərində beynəlxalq film layihəsi hazırlanır (ssenari mərhələsindədir).

Qısaca desək, Ilja Leonard Pfeijffer hazırda Niderlandın ən çox tərcümə olunan və Avropa miqyasında postmodern və humanist baxışları birləşdirən aparıcı müəlliflərindən biridir.

Rasim Qaraca,

Mənbə: Alatoran Yayınları

Zaur Ustac yaradıcılığında Böyük Zəfərin təntənəsi

Zaur Ustac yaradıcılığında Böyük Zəfərin təntənəsi

Azərbaycan ədəbiyyatının müasir mərhələsində milli ruhun, vətən sevgisinin və qəhrəmanlıq salnaməsinin bədii ifadəsini yaradan sənətkarlar arasında Zaur Ustac xüsusi yer tutur. Onun yaradıcılığı həm bədii dəyəri, həm də ideya-mənəvi məzmunu ilə xalqın yaddaşında əbədi yaşayacaq dəyərli bir məktəbə çevrilib. Ustac poeziyasında Böyük Zəfər, yəni 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, yalnız hərbi hadisə kimi deyil, milli oyanışın, mənəvi birliyin və tarixi ədalətin bərpasının poetik simvolu kimi təqdim olunur.

Zaur Ustacın qələmi ilə yaranan hər misra xalqın ürəyindən doğan, igidlərin qanı ilə yoğrulan bir tarix dastanıdır. O, Zəfəri təkcə səngərlərdə deyil, ruhların dərinliyində, qəlblərin dirçəlişində, millətin yenidən doğuluşunda axtarır. Onun “Ustacam”, “Dağlar”, “Üç qardaş” , “Qardaş”, “Vətən oğlu” kimi poetik nümunələrində söz, məna və duyğu birləşərək vətənpərvərlik ideyasını ucalıq zirvəsinə qaldırır.

Zaur Ustac üçün Böyük Zəfər yalnız bir qələbə günü deyil, Azərbaycan xalqının minillik mübarizəsinin bəhrəsi, şəhidlərin arzusunun gerçəkləşməsi, ədalətin haqqı tapmasıdır. Onun şeirlərində Qarabağ torpağı “müqəddəs ana qucağı”, Şuşa “millətin qürur qalası”, şəhidlər isə “haqqın əsgərləri” kimi tərənnüm olunur. Bu obrazlar həm xalqın tarixi yaddaşını dirildir, həm də gələcək nəsillərə mənəvi örnək yaradır.

Zaur Ustacın poeziyası özündə həm müasir bədii ifadə, həm də klassik ənənələrin davamını daşıyır. O, Füzulinin qəlb yanğısını, Əhməd Cavad və Səməd Vurğunun vətənpərvərlik ruhunu bu günün reallığı ilə birləşdirərək yeni bir estetik cığır açır. Ustacın poetik dili sadə, lakin dərin mənalıdır — hər sözü bir amalın, hər misrası bir ruhun səsini daşıyır.

Böyük Zəfərin tərənnümündə şairin üslubu bir çağırış, bir nida kimidir:

“Hər səngər məbədidir, pirdi hər əsgər,

Şuşatək ocağın mübarək, dağlar!”

Belə misralar yalnız poeziya deyil, xalqın ruhunun səsi, Vətən sevgisinin andı kimidir.

Zaur Ustac yaradıcılığı ilə təkcə bir dövrün bədii salnaməsini yazmır, həm də qələbənin mənəvi fəlsəfəsini formalaşdırır. Onun poetik baxışında Böyük Zəfər – azad torpaqların dirçəlişi ilə yanaşı, insan ruhunun azadlığı, millətin öz kimliyinə qayıdışı deməkdir.

Buna görə də Zaur Ustacın yaradıcılığı bu gün ədəbiyyatımızda Zəfərin bədii dastanı, Vətən sevgisinin müasir manifesti kimi dəyərləndirilir. Onun misralarında Azərbaycan əsgərinin iradəsi, xalqın duası, bayrağın əbədi qaldırılması inamı yaşayır.

Zaur Ustacın poetik yaradıcılığı Böyük Zəfərin tərənnümündə milli düşüncənin, mənəvi dirənişin və ədəbi irsin təntənəsidir. Onun şeirləri xalqın birliyini, şəhidlərin müqəddəs xatirəsini və azadlığın ucalığını əks etdirən bədii bir abidədir:

“Ustacam, vətənim vətən içində,”

və ya

“Hələ nə zəfərlər gözləyir bizi,”

Zəfərin bu poetik səlnaməsi gələcək nəsillərə bir mesajdır: “Bu torpağı qorumaq, onu sevmək, onun uğrunda yaşamaq – Zəfərin əsl mənasıdır!”

Biz bu nidanı onun təkcə şeirlərində deyil publisistik məqalələrində həmişə hiss edirik.

Böyük Zəfəriniz mübarək, Zaur bəy! Gözlədiyiniz bütün zəfərləri görmək-qazanmaq nəsib olsun!

Zaur Ustac – “Üzeyir Hacıbəyov – 140” pdf

Müəllif: Günnur AĞAYEVA,

NAMİQ HACIHEYDƏRLİNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Simran Qədimin “Yol”u

Kitab seçərkən – 2

“Mücrü” nəşriyyatı “Yol” adlı sanballı və lazımlı bir kitab nəşr edib. Kitabın xeyli iddialı təqdimatı var və haqq üçün deyim ki, bu iddia xeyli əsaslıdır: “Həyatı və özünü dərk etməyə çalışan hər kəs üçün bir düşüncə səyahəti…
Xoşbəxtlik nədir? Həyatın mənasını necə tapa bilərik?
Kitab aktual suallar qoyur, dilemmalara toxunur, zehnimizdəki gizli mexanizmlərə diqqət çəkir, beyin fırtınası keçirməyə çağırır”.
Kitabın müəllifi Simran Qədimi tanıyıram, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, romanlar, publisistik yazılar müəllifidir. Fiziki məhdudiyyətlərə səbirlə sinə gərib həyatını mütaliəyə və yazmağa həsr edən əzmkar bir gəncdir. Ləng fiziki gücünün əksi olan iti beyni, sərrast müşahidə qabiliyyəti və ağıllı təhlilləri heyranlıq doğurur. Kitabı oxuduqca müəllifin zəngin mütaliə və müşahidə dairəsi ilə tanış olur, gəldiyi qənaətlərin, çıxardığı nəticələrin dəqiqliyinə təəccüblənirsən. Həm də istər-istəməz düşünürsən: bir otaqdan çıxmadan, kitabların gücüylə belə aydın düşüncəyə, ağıllı qənaətlərə sahib olmaq axı necə mümkündür?
Kitabı “7 dayanacağ”a bölən müəllif şəxsiyyətin formalaşmasından tutmuş, ecazkar layihə mərkəzi adlandırdığı elmi yeniliklərə, informasiya burulğanından süni zəkaya, robotlaracan psixoloji dalğalanmaların havasında minillik suallara cavab axtarışına çıxır. Hər “dayanacaq”da da təəccübləndirməyə, rəğbət qazanmağa davam edir.
“Buddizmə görə, xoşbəxtlik əzabın olmamasıdır. İstəklərimizi azaltsaq, ruhi-mənəvi dincliyə – nirvanaya çatarıq. Konfutsiçiliyə görə, xoşbəxtlik insanpərvərlikdir. Daosizmə görə, həyatın təbii axarı ilə barışmaqdır. Stoiklərə görə, xoşbəxtlik xeyir əməllərdir”.
Bəs bu minillik qənaətlərdən sonra, çağdaş dövrün ab-havasında bu suallara kitabda necə cavab verilir?
Müəllifin qənaətləri ilə tanış olmaq üçün kitabı oxumaq lazımdır. Oxusanız, peşman olmayacaqsınız.
Bəlkə kitablara marağın azaldığı indiki zəmanədə Simran öz düşüncələrini həm də qısa-qısa sosial şəbəkədə, öz profilində paylaşsa, daha çox diqqət çəkə bilər.
Naşir Müşfiq Xana ayrıca təşəkkür edirəm. Bu kitabı nəşr etməklə savab iş görüb. Təbliğini və reklamını da qurmaq lazımdır.
Bədbin deyiləm, ən xaotik, qarmaqarışıq, ağız deyəni qulaq eşitmədiyi tiktokvari zəmanədə də ağıllı fikirlərin, dərin düşüncələrin sakit beyinlərdə reaksiya doğuracağına çox inanıram. Simrana isə güc, enerji və sonsuz şövq arzulayıram.

İlkin mənbə: Reshad Mecid

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏSCİDİN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Prof. Dr. Kazım Mirşan

Prof. Dr. Kazım Mirşan
TÜRK TARİHİ

Doğu Türkistan’ın İli Nehri üzerindeki Gulca Kentinde, 4 Temmuz 1919′da dünyaya geldi. 1932′de öğrenimine İstanbul’da devam etti. Almanya’da Berlin Üniversitesi’nde ve İstanbul Teknik Üniversitesi’nde inşaat yüksek mühendisliği okudu.

Almanca, Rusça, İngilizce, ve Türk lehçeleri (Tatarca, Özbekçe, Başkurtça, Tarançıca, Kaşkarlıkça (yani Uygurca), Kazakça, Kırgızca, Azerice, Türkiye Türkçesi ile kendi ana lehçesi olan, Tümenlikçe) dışında Yunanca, Latince, İtalyancayı meslek araştırmalarına yarayacak kadar bilen Mirşan, hayatının büyük bir kısmını Türk tarihi ile ilgili yeni tezler ortaya atarak büyük tartışmalara yol açtı.

Etrüsk Yazısını dünyada ilk defa okuyan Mirşan, Orhon-Selene Yazıtları üzerinde de incelemelerde bulundu. Atlantis olarak bilinen mitolojik uygarlığa ilişkin yeni iddialar ortaya attı. Bunun yanında Türk tarihiyle ilgili tartışma yaratacak yeni teoriler öne sürdü.

Yaşamı boyunca;

Etrüsk Yazısını dünyada ilk defa okudu.
Orhon-Selene Yazıtları üzerinde eşşiz incelemelerde bulundu.
Onbinlerce yıllık Türk tarihini aydınlatıcı çalışmalar yaptı.
Sölgentaş Mağarasında Türkçenin 16.000 yıllık izlerini buldu.

Çeşitli Savları

  • Yazı M.Ö 16.000 yılında Türkler tarafından icat edildi.
  • Kürtçe’nin Ön-Türkçe’den sözcükler barındırdığı gibi bu sözcükleri Arapça ve Farsça’ya da taşımıştır.
  • Anadolu’da da Ön-Türkçe yazıtlar bulunmaktadır.
  • Latin, Yunan, Fenike ve Kril alfabelerinin Ön-Türkçe’den oluşmuştur.
  • Roma’nın küllerinden kurulduğu medeniyet olan Etrüskler Türk’tür. (Etrüskçe yazıtlar ilk defa 2004 senesinde Kazım Mirşan tarafından çözümlenmiştir.)
    • Etrüskçe Türkçe’dir
  • Skandinavya ve Avrupa’da 5000′den fazla Türkçe yazıt bulunmaktadır.
  • Mısır’daki eşteşlerinden 2000 yıl daha eski ve iki kat daha büyük olan ve şu anda yasaklanmış bölgede bulunan piramitler Türkler tarafından yapılmıştır.

Eserleri
Türkçe

  1. 1966: Türk Metriği
  2. 1970: Prototürkçe Yazıtlar
  3. 1978: Altı Yarıq Tigin (182)
  4. 1983: Prototürkçe’den Bugünkü Kürtçeye
  5. 1983: Urgun-Selene Yazıtları için Kabul Olunan Tarih Tespitlerinin Yeniden Gözden Geçirilmesi
  6. 1985: Anadolu Prototürkleri
  7. 1990: Prototürk Bilginlerine Göre Astrofizik
  8. 1991: Bolbollar
  9. 1993: Prototürkçe Yazıtlar Hakkında Konferans
  10. 1993: Yazı İşretleri
  11. 1993: Alfabetik Yazı Başlangıcı ve Glozel Yazıtları
  12. 1994: Alfabetik Yazı Başlangıcı
  13. 1992: Tatarcanın Türk Alfabesi İle Yazılması (12)
  14. 1995: Side Bitigtaşları
  15. 1995: Öztürkçe “-sal” eki
  16. 1996: Preportekiz Bitigtaşları
  17. 1996: Barış Yolunda Eğitim
  18. 1997: Bugünkü Avrupa Dillerinde Prototürkçe İzleri
  19. 1996: Fiillerin İsim Ve Mastar Halleri İle Sıfat-Fiil ve Zarf-Fiil Alanlarında Bugünkü Avrupa Dillerinde Etrüskçe İzleri
  20. 1998: Dinlerin Gelişimi, Erken Türk Dininden Doğan Dinler, Side, Pre-portegiz, Glozel, Pre-Mısır, Etrüsk, Protpgrek ve Hinduizm, Tevrat, İncil, İslam
  21. 1998: Etrüskler, Tarihleri, Yazıları ve Dilleri
  22. 1999: Türk Takvimi
  23. 1999: Erken Türk Devletleri ve Türük Bil
  24. 2000: Sölgentaş Mağarası
  25. 2000: Bilge Atun Uquq: Türük Bilge Qağan Nine Bitig
  26. 2000: Moğulstandaki Kısa Yazıtlar
  27. 2000: Hiyeroglifler
  28. 2000: Avrupa,Sibir ve Orta Asyadaki En Eski Yazıtlara Dayanılarak Deşifre Edilen Pra-Mısır Hiyeroglifleri
  29. 2001: Makaleler
  30. 2003: Erken Türklerin Skandinavya Yazıtları

İngilizce

  1. 1986: Univerzum bir çerçeve gibi Statik bir sistemidir?
  2. 1992: Anadoludan Piktogrammlar, Petroglifler, ISUB-ÖG ve UW-ON yazıtları
  3. 1992: Prototürk Bilginlere göre Kozmik invariansların Manipülasyonu
  4. 1996: Fiillerin İsim ve Mastar Halleri ile Sıfat-Fiil ve Zarf-Fiil alanlarında Bugünkü Avrupa Dillerinde Etrüskçe İzleri
  5. 2000: Avrupa,Sibir ve Orta Asyadaki En Eski Yazıtlara Dayanılarak Deşifre Edilen Pra-Mısır Hiyeroglifleri
  6. 2002: Eski Türk Bilginlerine göre Fizik ve Astrofizik Bilimi [The Science of Physics and Astrophysics According Old Tukish Scholars]
  7. 2003: Erken Türklerin Skandinavya Yazıtları
  8. 2003: Erken Türklerin Anadolu Yazıtları

Almanca

  1. 1968: Hiperstatik Sistemlerin Eşdeğer Yükler ile Hesabı
  2. 1973: Proto-Grekçe Yazıtların Deşifre Edilmesi
  3. 1993: Alfabetik Yazı Başlangıcı ve Glozel Yazıtları
  4. 1993: Prototürkçe Gramer
  5. 1996: Pro-Portekiz Yazıtları
  6. 1996: Türlü Dillerde Proto-Türkçe İzleri
  7. 1997: Etrüsk Yazıtları
  8. 2003 Erken Türkler Anadolu yazıtları

Türk tarihi yeterince araştırılmamıştır. Ne yazık ki Araştırmaların pek çoğu da Çin Rus ve batı kaynaklıdır. Türk Tarihi konusunda Prof. Dr. Kazım Mirşan hocanın incelemeleri çok önemlidir. Her insanımızın Kazım Mirşan hocamızın eserlerini okumalarını öneriyorum.

Kimileri Türk Tarihini İslam sonrası 1000 yıla kimileri 2200 yıla sığdırmaya çalışıyor . Kimileri ise Anadolu’ya gelisimizi ve Anadolu’da ki varlığımızı da 1071 Malazgirt zaferine bağlamaktadır.

Artık bu kısa ve eksik tarihe mahkum olmaktan kurtulmalıyıq.

Asuman Atalaysun,

GÖKTÜRK QRUPU

Qabriel Qarsia Markes – QANADLI QOCA MƏLƏK

Qabriel Qarsia Markes
(Kolumbiya)
QANADLI QOCA MƏLƏK

Yağış üçüncü gün idi ki, dalbadal tökürdü. Onlar çətinliklə də olsa evə soxulan onayaqlı dəniz xərçənglərini eşiyə qovurdular. Pelayo çubuqla xərçəngləri vurur, sonra su basmış həyətə daşıyır, daha sonra isə dənizə tullayırdı.
Ötən gecə təzə doğulan körpənin qızdırması qalxdı. Görünür, nəmişlik və üfunətdən idi. Çərşənbədən bəri külli-aləm qəm-qüssəyə bələnmişdi, göy və dəniz sanki bozumtul, kül rəngli kütləyə dönmüşdü. Adətən martda xırda qum dənəcikləri üstündə işıldayan sahil və çimərlik indi palçıqlıydı, onurğasız, yumşaq cəmdəkli çürümüş heyvanların sulu horrasına çevrilmişdi. Günün günorta çağı hava elə qaranlıq oldu ki, Pelayo həyətdəki ləmin küncündə tərpənən və yanıqlı-yanıqlı inildəyən şeyə baxmağa macal tapa bilmədi. Bir qədər yaxına gəldi, gördü ki, bu, həddən artıq qocalıb əldən düşmüş bir məxluqdu, üzüqoylu palçığın içinə düşüb; görünür, ayağa durmağa cəhd edib, lakin nəhəng qanadları buna imkan verməyib.
Pelayo bu kabusdan qorxdu, xəstə körpəsinin alnına yaş sarğı qoyan arvadı Elisəndini çağırmağa qaçdı. Onlar ikilikdə palçığa batmış bu qəribə məxluqa kirimişcə baxdılar, elə bil hər ikisini don vurdu. Qorxunc məxluq dilənçi kökündəydi. Onun rəngsiz tükləri yalın alnına tökülmüşdü, ağzında demək olar ki, bir dənə də dişi qalmamışdı, bütün vücudunda böyüklükdən əsər-əlamət yox idi. Amma qırğınınkına bənzəyən yekə, zavallı qanadları bu yarımbədbəxt həyətin keçilməz palçığında batıb qalmışdı. Pelayo və Elisəndi bu məxluqa uzun müddət diqqətlə tamaşa etdi, nəhayət, onun qəribə görkəminə alışdılar. Qəribə məxluq onlara hardasa tanış kimi də gəldi. Daha sonra ər-arvad ürəklənib hətta onunla danışmağa başladı. Lakin o, anlaşılmaz hansısa şivədə cavab verdi, səsi xırıltılı dənizçi səsinə bənzədi. Pelayogil məxluqun qanadlarını unudub dərhal düşündülər ki, bu, fırtına zamanı dənizdə batan hansısa xarici gəmidən düşmüş matros ola bilər. Hər halda, onlar hər iki dünyanın işlərindən başı çıxan çoxbilmiş qonşu arvadı çağırdılar. Qonşu arvad qorxunc məxluqa baxan kimi onların ehtimallarını alt-üst elədi, dedi:

-Bu mələkdir, yəqin, onu uşağın dalınca göndəriblər, amma yazıq o qədər qocalıb əldən düşüb ki, belə leysana tab gətirməyib… yerə yıxılıb…
Çox keçmədi ki, Pelayonun doğruçu mələk tutması barədə xəbər hər yerə yayıldı. Çoxbilmiş qonşu arvad deyirdi ki, müasir mələklər nəsə başqa cür olur. Guya onlar lap qədimdən Allaha qarşı sui-qəsddə iştirak edib, buna görə də göylərin qəzəbindən qaçaraq yerdə daldalanıblar. Buna baxmayaraq, bu mələyi öldürməyə heç kəsin əli qalxmadı.
Pelayo və arvadı günün qalan hissəsini mətbəxin pəncərəsi önündə qanadlı qoca mələyi izləməklə keçirdilər. Pelayo hər ehtimala qarşı əlində kəndir də tutmuşdu. Axşamçağı mələyi palçığın içindən dartıb çıxartdı, onu toyuq hininə salıb qapısını bağladı.
Gecə yarı yağış kəsdi. Pelayo və Elisəndi hələ də xərçənglərlə əlləşirdilər. Az sonra uşaq yuxudan durdu, yemək istədi, qızdırması düşmüşdü. Ər-arvadın ürəyi mərhəmətlə doldu. Onlar qərara aldılar ki, mələk üçün sal düzəltsinlər, ona üç günlük su və ərzaq versinlər, sonra da onu dalğaların ixtiyarına buraxsınlar. Lakin sübh tezdən həyətə düşəndə gördülər ki, qəsəbənin demək olar ki, bütün sakinləri bura yığışıblar. Camaat toyuq hininin qapısı ağzında durub mələyə tamaşa edir, dəmir şəbəkəli qapının deşiklərindən xırda çörək parçalarını içəri tullayırdı. Elə bil göylərin məxluqunu deyil, zooparkda heyvan yedizdirirdilər.
Saat yeddiyə yaxın Qonsak Ata gəldi. O, qeyri-adi xəbərdən çox təşvişliydi. Keşiş gələndə toyuq hininin qarşısına daha mötəbər adamlar yığışmışdı. Hamı əsir mələyin aqibətindən danışırdı. Sadəlövh qadınlar hesab edirdilər ki, qoca mələyi yer kürəsinin müdiri vəzifəsinə təyin edəcəklər. Daha dərrakəlilər güman edirdilər ki, mələyin bəxti gətirib, general olacaq, bütün müharibələri də udacaq. Bəzi xəyalpərvərlər isə məsləhət görürdülər ki, onu təbərrik kimi saxlasınlar, qoy bu mələk qanadlı və müdrik adamların yeni nəslini yaratsın. Bəlkə onlar dünyanı nizama salalar.
Qonsak Atanın keçmişi odunçu olmuşdu. Hinin məftil şəbəkəli qapısına yaxınlaşanda hər şey dərhal yadına düşdü. O, bunu xristianların şəriət kitabından öyrənmişdi. Qonsak toyuqlar arasında donub qalmış taqətsiz qorxunc erkəyə yaxından baxmaq üçün xahiş elədi ki, hinin qapısını açsınlar. Keşiş iri qanadları olan məxluqa yaxınlaşanda o, küncdə oturmuş, səhər yeməyi qırıntıları arasında qalmış açılmış qanadlarını günəşə sarı tutmuşdu. Qonsak onu latınca salamlayanda ətrafda baş verənlərə tamamilə laqeyd olan qoca mələk az qala tor basmış gözlərini güclə açdı, öz şivəsində nəsə mızıldadı. Məhəllə keşişi özünü narahat hiss elədi. Gördü ki, məxluq Allahın dilini başa düşmür və Allahın qullarına hörmət etməyi də öyrənməyib. Keşiş ona diqqətlə nəzər yetirdikdən sonra anladı ki, bu yalançı mələk daha çox insana bənzəyir, ondan dözülməz pintilik iyi gəlir. Qoca mələyin qanadlarında xırda qurdlar qaynaşırdı, iri tüklərini külək yolmuşdu və ümumiyyətlə, onun xarici görkəmində yüksək mənsəbə layiq məlakəlik yox idi. Qonsak Ata hindən çıxdı, həyətə yığışan sadəlövh adamlara təhlükə barədə moizə oxudu. Keşiş camaata xatırlatdı ki, şeytanın maskalanmaq kimi zibil bir xisləti var; şeytan sadəlövh adamları azdırır. Və sonda ədalət naminə qeyd etdi ki, əgər qanadlar qırğıyla təyyarə arasındakı fərqi müəyyən etmək üçün əsas element deyilsə, deməli, ən azı mələklərin tanınma əlamətləri ola bilər. Bununla belə, o, söz verdi ki, Yepiskopa məktub yazacaq, qoy o da Primasa yazsın; Primas da öz növbəsində Roma Papasına yazsın. Son hökm ən yüksək instansiyadan gələcək.
Keşişin ehtiyatlı olmaq barədəki çağırışları laqeydliklə qarşılandı. Əsir düşmüş mələk haqqında xəbər elə sürətlə yayıldı ki, bir neçə saatdan sonra həyət bazar meydanına döndü və hər an evi yerindən qopara bilən adamları dağıtmaq üçün ordu çağırası oldular. Elisəndinin zibil yığmaqdan beli ağrıdı, ağlına yaxşı bir fikir gəldi: həyəti çəpərləsin və mələyə baxmaq istəyən hər adamdan giriş üçün beş sentavo alsın.
Camaat hətta Martinik qəsəbəsindən gəlirdi. Uçan akrobatı olan səyyar sirk də gəlib çıxdı. Bu akrobat bir neçə dəfə camaatın üzərindən vıyıltıyla uçmuşdu, lakin ona bir elə əhəmiyyət verməmişdilər, çünki onun qanadları gecəquşununku kimiydi, mələk qanadları deyildi.
Karib dənizinin sahil boyu ərazilərində yaşayan ümidsiz xəstələr də şəfa tapmaq ümidiylə gəldilər; uşaqlıqdan öz ürəyinin döyüntülərini sayan, artıq bu döyüntülərin sayını itirən bədbəxt bir qadın, Yamaykadan guya ulduzların səsindən heç vəchlə yata bilməyən bir əzabkeş, daha sonra hər gecə yuxudan durub gündüz düzəltdiyi şeyləri dağıdan bir lunatik və beləcə, digər az təhlükəli xəstələr axışıb gəlmişdi. Yeri də titrədən bu basırıqdan Pelayo və Elisəndi usansalar da, özlərini rahat hiss edirdilər. Onlar bu bir həftə ərzində yaxşı pul yığıb döşəklərinin içinə doldurdular. Mələyə baxmaq üçün növbə gözləyən zəvvarların sayı isə azalmaq bilmirdi…
(ardı var)
İngiliscədən tərcümə: Kamran Nəzirli

Qabriel Qarsia Markesin digər yazıları

KMRAN NƏZİRLİNİN DİGƏR YAZILARI

Zakir Osmanov – Mixail Yefremov haqqında

Bakını işğal edən sovet generalı – Almanlar özünü vuran Yefremov ehtiramla dəfn ediblər

Onun tərcümeyi-halında qaranlıq məqamlar çoxdur. Məsələn, Mixail Yefremov imperator ordusunda xidmətə başlayanda bütün sənədlərdə heç də yoxsul olmayan xırda burjua ailəsində anadan olduğunu qeyd edib.
Sonralar qırmızı orduda xidmətə başlayanda isə özünü fəhlə oğlu kimi təqdim edib. Bu kimi qeyri-dəqiq bioqrofik faktlara çox rast gəlmək olar.
Amma Yefremovun xidməti fəaliyyətində bir fakt tam dəqiqdir. Azərbaycan Sovet Sosialist Respublikasının ilk “Qırmızı bayraq” ordeni (1 nömrəli ulduz) məhz ona təqdim edilib.
13 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsində bununla bağlı əmr imzalanıb.
Əmri Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov, hərbi-dəniz komissarı Əliheydər Qarayev və katib Qabricidze imzalayıb.
Əmrdə qeyd edilib ki, XI qırmızı ordunun və Azərbaycan SSR-in dəmir yollarının mühafizəsi qoşunlarının rəisi Mixail Yefremova bu orden Bakının tutulmasında göstərdiyi xüsusi xidmətlərə görə təqdim edilib.
Hadisələrdən öncə Yefremov XI ordunun dörd zirehli qatardan ibarət dəstəsinə rəhbərlik edib.
Mixail Yefremov 1897-ci ildə Kaluqa vilayətinin Tarusa şəhərində anadan olub. Yeniyetməlik yaşlarından öz şəxsi təsərrüfatlarında atasının yanında işləyib.
1915-ci ildə Yefremov imperator ordusuna hərbi xidmətə çağrılıb. Bir aydan sonra onu Gürcüstana, Telavi şəhərinə gizirlər məktəbində oxumağa göndəriblər.
Məktəbi bitirdikdən sonra o, Cənub-Qərb cəbhəsində artileriya divizionunda xidmət edib, I dünya müharibəsinin iştirakçısı olub.
Yefremov 1917-ci ildə ordudan tərxis olunub.
Ancaq çox keçməmiş, 1918-ci ildə o, qırmızı ordunun sıralarında yenidən xidmətə başlayıb. Zabit kurslarında, sonralar isə Frunze adına hərbi akademiyada təhsil alıb.
Yefremovun qırmızı orduda ilk xidməti Qafqazdan başlayıb və o, məhz bu bölgədən tanınıb.
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın ilk “Qırmızı bayraq” ordenini alan Yefremov bu təltifdən az sonra ikinci dəfə də “Gəncəyə görə” eyni mükafata layiq görülüb. İkinci ordenin arxasında məhz belə də yazılıb: “Gəncəyə görə”.

Sovet-alman müharibəsi başlanana qədər Yefremov Volqa, Baykalyanı, Orlov hərbi dairələrində yüksək hərbi vəzifələr daşıyıb.
Məhz bu ərəfədə o, repressiya dalğalarına düşsə də xilas olmağı bacarıb. Belə ki, 1938-ci ildə Yefremov xidməti işi ilə əlaqədar təcili olaraq Moskvaya çağrılıb.
Paytaxta axşam saatlaında çatdığından o, Moskva mehmanxanasında yer alıb.
Gecə ikən “NKVD” əməkdaşları onu həbs ediblər. Yefremov xalq düşməni elan edilən marşal Tuxaçevski ilə əlaqədə ittiham olunub. Sorğu-sual iki aydan artıq davam edib.
Məsələyə Anastas Mikoyan müdaxilə edib. Onların arasında hələ Bakı hadisələri vaxtından sıx dostluq münasibətləri yaranıb. Nəhayət, Yefremovla son sorğu-sual Mikoyanın da iştirakı ilə Stalinin kabinetində aparılıb.
Bundan sonra Stalin onu azadlığa buraxıb. Mikoyanın oğlu Serqo öz xatirələrində bu məsələyə də toxunub:
“Yefremovun azad olunması sırf atamın xidmətidir. Atam onu 1920-ci illərdən tanıyırdı.
Onların aralarında yaxın yoldaşlıq münasibətləri var idi. Qafqazda çətin və mürəkkəb inqilabi proseslərdə birlikdə olmuşdular. Sözsüz ki, atam Yefremovun həbsinə imkan verə bilməzdi…”

Sovet-alman müharibəsi dövründə Yefremov 21-ci, 10-cu, 33-cü orduların komandanı olub.
General-leytenant rütbəsi daşıyıb.
Yefremov müharibə zamanı daha çox 1941-ci ilin noyabr ayında Nara çayı sahili boyunca alman qoşunları ilə üzbəüz olan 32 kilometrlik zolağın müdafiəsi zamanı yadda qalıb.
Vermaxt qoşunları bu ərazini keçdikləri halda Moskvaya istiqamət almaları daha da asanlaşdığından onların qarşısını kəsmək sovet qoşunları üçün vacib sayılıb.
33-cü ordu bu missiyanı lazımi səviyyədə həyata keçirib və almanları geri çəkilməyə məcbur edib. Əslində bu heç də Yefremovun xidməti olmayıb.
Georgi Jukov Yefremova güvənmədiyi üçün həmin oktyabr və noyabr günlərində generala 15-dən artıq əmr-təlimat göndərib və əməliyyatları hər dəqiqə öz nəzarətində saxlayıb.
Sonralar Jukov 1942-ci ilin yanvarında Yefremov haqqında xasiyyətnamə yazanda aşağıdakı ifadələr də öz əksini tapıb:
“General-leytenant Yefremovun əməliyyat düşüncəsi olduqca məhduddur. İstənilən böyük və kiçik hərbi əməliyyatlarda o, cəbhə komandanlarının təlimat və göstərişlərinə ehtiyac duyur. Əmrləri vaxtında və dəqiq yerinə yetirə bilmir…”

1942-ci ildə keçirilən əməliyyatların birində Jukov Yefremova komandanı olduğu 33-cü ordu ilə birlikdə Kirov istiqmətinə getməyi əmr edib. Həmin məsafə 180 kilometr olub.
Yefremov düşünüb ki, bu məsafəni daha qısa yolla qət etmək olar. O, bu haqda Jukova heç nə deməyib.
Yaxşı anlayıb ki, Jukovu fikrindən döndərmək mümkün deyil. Yefremov birbaşa qərargahla əlaqə saxlayıb və öz planı haqqında Stalinə məruzə edilməsini xahiş edib.
Bu haqda Stalinə məruzə edəndə o da öz növbəsində Jukovla əlaqə yaradıb, Yefremovun qısa məsafə məsələsini ona söyləyib. Jukov qəti şəkildə etirazını bildirib.
Buna baxmayaraq, Yefremov öz bildiyi yolu seçib və məsafəni heç yarıya qədər qət etməmiş almanların mühasirəsinə düşüb. 33-cü ordu həm canlı qüvvə baxımından, həm də texnika və silah-sursat itkisi böyük itki verib.
Yefremov mühasirəyə düşən zaman yararlanıb.
Almanların mühasirə halqası daraldıqca onun əsir düşmək təhlükəsi reallaşıb. Yefremov bu reaalıqdan uzaq olmaq üçün özünü güllələyib.
Almanlar sovet generalının meyidini tapdıqdan sonra ona fərqli münasibət bəsləyiblər, Yefremovun nəşini meşənin içində atıb getməyiblər.
45 yaşlı Yefremov müharibə dövründə həlak olan yeganə general olub ki, alman zabitləri onu hərbi şərəflə dəfn ediblər.
Onun məzarı üzərinə qoyulan xatirə lövhəsində adı, soyadı və rütbəsi isə həm rus, həm də alman dilində yazılıb.
Bununla da Bakını işqal edən generalın karyerası intiharla yekunlaşıb.

Müəllif: Zakir Osmanov

Bu gün Tağı Əhmədovun anım günüdür

Dünya bir pəncərədir
Görünən adamın xatirəsinə elegik pıçıltılar

Nə qədər yazaq, nə qədər söz çevirək, yenə son nəticədə xalqın dediyinə, bizdən əvvəlki insanların sözünə qayıdırıq.
Görkəmli ictimai-siyasi xadim Tağı Əhmədovun ölüm xəbəri çoxlarına, elə mənə də qəlbimi sıxan, ruhuma kövrəklik qatan bir kədər gətirdi. Harada olsa, Tağı Əhmədov görünən idi. Bütün həyatını məsul işlərdə, mötəbər vəzifələrdə keçirsə də, həyat onu ütüləyə bilməmişdi. Bircə onu deyirəm ki, Tağı müəllim ömrünün axırınacan orijinal olaraq qaldı.
Düşünürəm ki, orijinallığı, müstəqilliyi, qorxmazlığı qoruyan, gözü qıpıqlığı sərhədlərinə yaxın buraxmayan insan elə bizim arzuladığımız obrazdır.
Haracan desən, səmimi idi. Qətiyyən sözü tələb olunan ahəngindən aşağı salmırdı. Görünür, onun sərtlik, bəlkə bir az da zahirən qabalıq kimi görünən tərzi çox vaxt mübahisələrə səbəb olurdu.
Ancaq o, sözünün necə başa düşüləcəyinin fərqində olmurdu. Ona görə ki, mənanı açıq, qabarıq şəkildə qarşısındakına çatdırmağa təbiətindən gələn heç bir maneə yox idi.
Əvvəllər elə bilirdim ki, Tağı Əhmədov kimi adamlar kövrələ bilməz, heç yumşaq da danışa bilməz. Bir-iki tədbirdə adamlar arasında məni görən kimi əli ilə yaxına çağırıb. Bir az aralı dayanmışam, lap qolumdan tutub özünə sarı çəkib.
Kövrəklik dedim… Cavidin xatirə günü idi. Məni də yenə yanına çağırmışdı. Turan xanımdan, Ərtoğruldan söhbət daha ağrılı keçirdi. Çıxış edənlərin nitqi bu ağrını nə dərəcədə çatdırıb-çatdırmamağının fərqində deyildi. Amma özü kövrəlmişdi və hiss edirdim ki, o, Ərtoğrulun taleyinə kövrəlir.
Bir dəfə də Milli Dram Teatrında bir tamaşanın premyerasına yığılmışdıq. Bir də gördüm ki, tanımadığım bir şəxs məni kənara çəkdi. “Tağı müəllim səni gözləyir”, – dedi. Getdim, baş rejissorun kabinetində idi. Deyəsən, fasilə idi. Az müddətdə kifayət qədər məşhur olan adamların arasında rəğbətini elə incəliklə və həm də gizlətmədən bildirdi ki, hər kəsin diqqətini cəlb elədi. Haqqımda xoş sözlər dedi; guya ki, mən çox istedadlıyam, yorulmadan yazıram və çox ilhamlı şairəm. Etiraf edim ki, görkəmli incəsənət adamlarının arasında Tağı müəllimin dilindən səslənən bu sözlər təsirsiz qalmadı. O az müddətli görüşdən sonra orada məni görüb tanıyanlarla sonralar aramızda isti salam-kəlamlar yarandı.
Tağı müəllim şairlik iddiası olmayan şair idi. Ədəbi təxəllüsünü də “Sadiq” ünvanı kimi seçmişdi. Bəli Tağı Sadiq vətəninə, xalqına, ən başlıcası, insanlığa sadiq idi. Cavidşünaslıqla məşğul olanların hamısına birmənalı olaraq qayğı göstərirdi. Kimə, necə, nə qədər – deyə bilmərəm.
Bir etirafım da var: “Niyə bir kitabını da gətirmirsən çap elətdirim?” – bu da Tağı Sadiqin sözü idi. Beləcə, “Araz ağrısı” kitabımın maketini və diskini aparıb iş yerində birinci mərtəbədəki mühafizəçiyə verdim. Və nəticəni intizarla gözləmədim. Elə bil ki, unudacağını, yaddan çıxaracağını fikirləşirdim. Amma yox.
Şəxsiyyətlər heç nəyi unutmur.
Tağı Əhmədovda – Tağı Sadiqdə bir mənəvi toxluq vardı. O insanlara yox, ümumiyyətlə, həyata yuxarıdan aşağı baxırdı. Bir dəfə “3d” verilişində aparıcı (adını çəkmirəm) “Sizə metro Tağı deyirlər, bu sizi narahat etmir ki?” sualını vermişdi.
“Niyə narahat olmalıyam? İşimlə, ixtisasımla, əməli fəaliyyətimlə bağlı addır. Burada pis nə var ki?!” – bəli, Tağı Əhmədov belə təmkin sahibi idi. Cırmaqlamağa, ilişməyə yer axtaranlara iynə ucunca da imkan verməzdi.
Xələflinin yaxşı suyu olur – bunu da bir dəfə Tağı müəllim dedi. Sanki ayağımın altından yer qaçdı: “O, Xələflini haradan görüb, hansı sudan danışır?” – təəccübümü hiss edib “Araz qırağındakı dəmiryol stansiyasındakı vağzalın qabağındakı sudan danışıram” – dedi. Bəli, axı Tağı naxçıvanlı idi, şahbuzlu idi. Tipik naxçıvanlılıq, istiqanlı şahbuzluluq onun xarakterinə hopmuşdu. Və özü danışdıqca xəyalım 70-80-ci illərə getdi. Naxçıvan qatarı ilə gedənlər bizim vağzalda düşüb gəzinir, dağlardan süzülüb gələn sudan içir, Diri dağlarının əzəmətinə, sərhədin içincə çağlayıb gedən Araza, vadidəki bağ-bağata baxıb “buralar əsl cənnətdir” deyərdilər. İndi mənə aydın oldu ki, bizim yerləri cənnət hesab edənlərdən biri də Tağı müəllim olub.
Yuxarıda demişdim axı, el sözü daha mötəbərdir. Daha gedib başqa yaxşısını axtarmağa da yer qalmır. Bu pəncərə olan dünyadan Tağı müəllim də baxdı, getdi. Amma elə-belə baxmadı. Şöhrətinin, incə-kövrək şeirlərinin, ən başlıcası, humanizminin, insanlığının pəncərəsindən baxıb getdi.
Ədəbi-bədii kitabları, mütəxəssis yazıları, rəsmi dövlət təltifləri ilə heç vaxt unudulmayacaq. Yaddaşlarda bütöv şəxsiyyət kimi, açıq danışmağı bacaran xarakter sahibi kimi qalacaq.
Neyləmək olar, dünya bir pəncərədir. Hər gələn baxıb gedər. Amma bu baxıb gedənlərin çoxu görünməz, görünmədiyi üçün də yaddaşda qalmaz.
Tağı Əhmədov görünən insan idi.

Əli Rza Xələfli,

23.10.2024

Qabil Nəbi – AZƏRBAYCAN

AZƏRBAYCAN
Ətir olub bir şüşədə
Qıfıllandı, bağlı qaldı.
Tədbirlərdə, məclislərdə
Önə çıxan yad sinəyə
Səpilərək ətir saçdı
Azərbaycan…
Varaq-varaq bir guşədə
Oxunmamış nağlı qaldı.
Arzularda, xəyallarda
Qamətini əyə-əyə,
Azadlığa tərəf qaçdı
Azərbaycan…
Almaları çox yubandı,
Hər arzusu nağıl oldu,
Nağıl deyən quduzlandı.
Dilin dandı, adın dandı…
“Şimal”, “cənub” arazlandı.
Bəyaz atlı bir özğəyə
Bel bağladı, qucaq açdı
Azərbaycan…
Azad oldu bir hissəsi,
Haray çəkir hər hissəsi.
Susur yenə haqqın səsi…
Qartal, quzğun arasında,
Sülh quşutək səmalarda,
Qayalara dəyə-dəyə,
Qanad açıb uçdu, uçdu
Azərbaycan…

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Prof.Mahirə Hüseynova: Ən vacib amillərdən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır

Prof.Mahirə Hüseynova: Ən vacib amillərdən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır

“Qərbi Azərbaycana qayıdış prosesinin ən vacib amillərdən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır.”

Bu fikirləri Oktyabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində hazırlanmış tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabının təqdimatı mərasimində kitabın baş məsləhətçisi, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının üzvü, ADPU-nin prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd icmasının rəhbəri, professor Mahirə Hüseynova bildirib.

Professor Mahirə Hüseynova qeyd etdi ki, Qərbi Azərbaycana qayıdış prosesinin ən vacib amillərindən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır. Bu istiqamətdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun 3-cü kitabıdır o, bundan əvvəl Qərbi Azərbaycandan Bərdəyə və Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonuna deportasiya edilmiş qərbi azərbaycanlılarla bağlı uğurlu tədqiqat apararaq kitab şəkilində çap etdirib.

Professor M.Hüseynova bu layihələrin davamlı olması və bu cür tədqiqat əsərlərinin xarici dillərdə çap edilməsinin də vacibliyini vurğulayıb.

Qeyd edək ki, “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunur.

ADPU-nin Filologiya Fakültəsi