ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Bir insan, bir toplum, məsum insanlardan ibarət günahsız xalq, sadəcə, müstəqil yaşama sahib olmaq, asılılığı inkar etmək üçün nə qədər vəhşətlə üz-üzə, göz-gözə gəlmiş ola bilər? Cəfakar xalqımdan, yaşlımdan, uşağımdan, balasının bayrağa bələnmiş tabutuna sarılan ağbirçək anamdan soruşun. Soruşun ki, nə gördü millətin qaranlıqda, qan içində? Nə görə bildi kor edilən millət o dəhşət gecəsində? Nələri evində qoyub bir daha qayıda bilmədi? Ocağının hənirtisi bir də heç vaxt canına dəymədi. Bəlkə, qara buludlar çəkilər, gün üzü görünər deyə “Öldü var, döndü yox”a sarılan candan sədlərin qəlblərindəki vətən eşqi, ruhlarındakı azadlıq atəşi, damarlarındakı qaynar qan günlərdir olduğu kimi, şaxtanın insanı kəsdiyi o gecə də ölümə sinə gərən heç kəsi üşütmürdü. Lakin əliyalın, gülləyə, bədəni parçalayan tanklara qarşı ruhuyla vuruşan ana yurdun övladları buz kəsəcəklərini, qanlarının quruyub, bitib, donacağını təxmin etməmişdilər. Düzdür, atılan güllələrə alışırdılar, amma bilirdilərmi ki, “Ziyansızdır, narahat olmayın” deyə tanıdılan düşmənlər onlara nə divan tutacaq? Sağa-sola insafsızcasına, qana susamış şəkildə açılan atəşlər nə köksünü ötürməmiş, şəhadət gətirməmişlərin canını göyə sovurdu. Məhəbbətlər, həyatlar, böyük xəyallar pərən-pərən ətrafa səpələndi, viran oldu. Səbirsizliklə gözlənən xəyallardan biri Məmmədovların ailəsində, evin qızının qəlbində yarım qaldı. Adına görə uşaqlar arasında xoş qarşılanmayan gələcəyin, elə indinin gözəl piano müəlliməsi olacaq Larisa adını dəyişəcəyi, anası Qalina xanım isə qızının böyüyəcəyi zamanları dörd gözlə gözləyirdi. Fəqət Larisa “Leyla” ola bilmədi, anası 13-ünü gördüyü övladının 43-ünü görmədi. Larisa heç böyümədi. Atası Fərman bəy ilə bərabər ikən can verən balaca Larisanın yarası yalnız onun deyil, o dəhşətli anlarda balasından xəbər tuta bilməyən çarəsiz ana və atanın da ürəyində açılmışdı sanki. Qanla islanan Larisanın paltosu idi, doğrudur, amma bir o qədər qanı da anası qəlbinə axıtmış, körpəsinə ağlamışdı. Baş verdiyi ilk gündən şeirlər, yanğınlı nəğmələr, əsərlərin saysız olduğu bu vicdansız əməl – soyqırım – parlaq istedadı, fədakar maarifçimizi əbədiyyətə, ülviyyətə, ən yüksək məqam – şəhidliyə ucaltdı.Suverenlik üçün mübarizənin ən qızğın nöqtəsindəki can qardaş-bacılarına hərəkatda, ocaq başında dəstək olurdu çiçəyi burnunda, hələ 21-ində olan Ülvi. Hisli və solğun bənizinin halını düşünmədən müəlliminin can yandırıb verdiyi şirin çayla imtahanını verən o misilsiz tələbə buradakı dərsini tamamlayıb, fərqli bir dünyada imtahanından keçməyə yollandı. Evin səssiz, amma dahi ruhlu uşağı Ülvi balaca vaxtından yazırdı. Əsl eşqi vətənindən, sevdiyi qızdan yazırdı. Şübhəsiz ki, torpağı üçün ölməyə, torpaq olmağa hazır idi, ancaq şeirlərində həmişə bir hüzün, qüssə vardı, elə bil ölümə tələsirdi. Sanki hiss edirdi Ülvi nakam gedəcəyini. “Dedim , köçsəm bu dünyadan, köks ötürüb anasısan”, – deyirdi o. Anırıq, Ülvi, səni dillər anır. “Adsız uyuyuram bu qərib yerdə” yazmışdın, adın hamıya tanışdır indi, vətən oğlu. Anandan nigaran idin, qardaş axtarmışdın onu ovutmağa, sən ananı nigaran etdin. Ədəbiyyatın özülü eşq dastanlarını boynu bükük qoyanları unutmaq, şəksiz, günahdır. Bəlkə, canına qıymaq da günahdır, ancaq məhəbbətinin arxasınca bətnində körpəni atasına, özünü sevgilisinə çatdırmaq üçün edilən qəsdə Tanrı belə səssiz qalmağı seçir. Silahsız millətinə zirehli texnikayla hücum edilməsi kimi bir şərəfsizliyi qəbul etmək istəməyən İlham gecə yarısı tankın önü düşmənin dilində “İnsanlar silahsızdırlar, güllə atmayın!” deyərək çıxır. Körpəyə belə rəhm etməyənlərin namərd gülləsi İlhamın sinəsini paralayır. Səhər ən azından yaralı olsa da həyatda olmasını diləyərək anası və qardaşı xəstəxanaları axtarmağa çıxanda yol üstündə gördüyü qan gölməçəsinə “Hansı anası ölmüşündür, nə şirin qandır”, – deyir Ofeliya xanım. Bilmir ki, içində Fərizəni daşıdığı, bağrı yarılan doğmaca oğlunun qanıdır. Onun tapıldığını anası özü aldığı yerdəki qırmızı şərfdən anlayır.İlhamın vəfatına tab gətirə bilməyən Fərizə vəsiyyətini göz yaşları içində, qıvranarkən “Məni ağlamayın” yazdığı yarım məktubla açıqlamağa çalışır. “Onsuz da bu…” deyə qalır, tamamlanmır yazı, amma onsuz da bu sarsılmaz sevgi bağı idi, elə deyilmi, Fərizə? Hər adət-ənənəyə uyğun yuva quran cütlük adətdən kənarlaşdırılıb dəfn edilir. Fərizə orada uyuyan hər şəhidin bacısı olur. Hər zamanki kimi İlhamın sol yanı olur. Hər kəs əlindən gələni edərkən balaca İlqar da edə biləcəyi heç nəyi əsirgəmir. Sırf isinə bilsinlər deyə kazarmadakılara odun daşıyan 12 yaşlı İlqar içərisində olduğu maşının üzərindən tankın keçməsi ilə dünyasını dəyişir. O, bu gün də şagirdi olduğu və digər məktəblərdə yad edilir. Onun yaşıdlarına və ondan balacalara qürurla danışılır. Elə qəhrəman soydaşlarımız var ki, hissələrə ayrılmış vücudundan dəfnində yalnız qolunu basdırırlar. Yusif kimi. Bəlkə də , adları, yaşları bilinmir, amma bu qanlı və şanlı tarixin üzərindən illər ötdükcə, hər il onları da görməyə gəlirlər. Kim olduğundan agah olmadığımız o rəşadətli kəslər onları ziyarət edişimizlə təsəlli, təskinlik tapırlar. İnsanlığın bətərini görmədiyi, şənliklər yaraşığını qana bulayıb matəm çiçəyi edən Azərbaycanın bu qara tarixi indiki və sonrakı nəsillər dərk etdikcə anılacaq və anılmalıdır. Unudulması qeyri-mümkün olan bu vahiməli və dəhşət dolu hadisələr bu torpağa məxsus hamının əbədi matəmidir. Onlar bizim üçün öldülər, amma bizim üçün ölməyəcəklər.
Artıq 40 günə yaxındır ki, daha bir el ağsaqqalı aramızdan gedib. Sanki dünyamızın bir tərəfi boş qalıb. Çünki o, el-oba arasında, qonum-qonşu yanında yeri görünənlərdən idi. Söhbət Yardımlı rayonunun Alçabulaq kəndindən olan Dadaş Musa oğlu Mənsimovdan gedir.2025-ci il dekabrin 10-da, uzun sürən xəstəlikdən sonra haqqa qovuşub. Onunla ilk dəfə 2001-ci il noyabr ayının 14-də Sumqayıtda görüşmüşəm. Mənim bacım qızı Könüllə onun bacısı oğlu Aftilin toyunda. Ucaboylu, səliqə-sahmanlı biri idi. Mikrofonu götürüb ağsaqqal kimi çıxış edərək bəy-gəlinə müdrikanə xeyir-dua verməsindən necə bir ağırtaxta kişi olduğunu görüb duymuşam. Sonrakı yaxınlıqlar zənnimdə zərrəcə yanılmadığımı göstərib. …Adının mənası: “Dadaş” sözü böyük qardaş”, “mərd”, “cəsur”, “igid” mənalarını verir. Dürüstlük, sözə bağlılıq, qorxmazlıq və yardımsevərlik kimi xüsusiyyətləri ifadə edən bu xitab kişi adı olaraq xüsusi isim səviyyəsinə qalxıb. Elə uzun illər Yardımlıda hərbi komissarın müavini, Sumqayıtda yataqxanalar birliyinin rəisi olmuş rəhmətlik atası Musa kişi ona bu adı qoyanda həmin məziyyətlərin sahibi olmasını arzu edib. Beləliklə, 1940-cı ildə doğulan, 2025-ci ildə 85 yaşında dünyasını dəyişən Dadaş kişi adının önəmini azaltmayıb, əksinə artıra bilib. …Soyadının mənası: “Mənsim”in sırf ayrıca anlamı olmasa da, məsum, yəni günahsız, təmiz, heç bir qəbahəti olmayan mənasını verən sözün dəyişmiş ifadəsində kimlik bildirir. Dadaş kişi öz adına olduğu kimi, soyadına da uyğun həyat mövqeyi ilə tanınıb. Zahirən də məsum çöhrəli idi. Ümumtəhsil məktəbini doğma Alçabulaq kəndində bitirən Dadaş Mənsimov əvvəlcə texnikumda mühasiblik peşəsinə yiyələnib. Bir müddət Sumqayıtda çalışdıqdan, ovaxtkı Xalq təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirib diplom aldıqdan sonra Yardımlıya qayıdıb. Kolxoz və sovxozlarda baş mühasiblik edib, rayon partiya komitəsi (indiki icra hakimiyyəti) hüquq şöbəsinin müdiri, sovxoz direktoru, şərab zavodunun, aqrar-sənaye birliyinin baş direktoru olub. Sonuncu iş yeri – ƏƏSMN-nin rayon Məşğulluq İdarəsinin direktorluğundan təqaüdə çıxıb. Təltifləri, mükafatları da çox olub. …Xarakterinin mayası.Əsas odur ki, harada və hansı vəzifədə çalışmağından asılı olmayaraq, Dadaş Mənsimov etimadı doğruldub, hörmət-izzət qazanıb. Elə vəfatı barədə xəbəri eşidənlərin təsirlənməsindən də göründü ki, Dadaş kişi elin kisəsindən gedənlərdəndir. XVII əsr ispan mütəfəkkiri Baltasar Qrasia “Kamillil elmi” adlı məşhur fəlsəfi traktatında yazırdı: “Cahilin bədbəxtliyi ondadır ki, o, həyat amalını, məşğuliyyətini, doğma diyarda, dostlar arasında yerini seçməkdə səhv edir”. Bu baxımdan Dadaş kişi kamillik göstərib və Yardımlıda, el-oba arasında çalışmağı üstün tutub. Bəsirətli, həssas, lütfkar, xoş məramlı şəxsiyyət kimi ürəklərdə taxt-tac qura bilib. Dadaş kişi ziyalılar ailəsinin başçısıdır. Böyük oğlu Qurban Mənsimov Yardımlıda Sırıq inzibati ərazi dairəsi üzrə icra nümayəndəsidir. Şahin Mənsimov Sumqayıtın tanınmış stomatoloqlarındandır. Uzun müddət Şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserində baş həkim olub. İndi də sevimli peşəsində çalışır. Bacısı Qönçə xanımın Yardımlıda dəfn mərasimindən Sumqayıta qayıdandan sonra ona başsağlığı verməyə gedən qohum-əqrabaya dediyinə görə, yas məclisinə rayon rəhbərliyi, geniş ictimaiyyət nümayəndələri, eşidən-bilən hər kəs gəlmişdi. Şahingil onu haqq dünyasına layiq olduğu səviyyədə, necə deyərlər, böyük urvatla uğurlayıblar… …Sonluq əvəzi.Onun xətir-hörməti Yardımlıdan üzübelə – Masallı, Cəlilabad, Salyan, Bakı, Sumqayıt coğrafiyasını əhatə edirdi. Masallıdan olan qələmdaşlarımdan gətirdiyim aşağıdakı sitatlar, məncə, yerinə düşər: Tələbə yoldaşım, yazıçı-publisist Nurəddin Ədiloğlu yazır ki, gedənin arxasında yarımçıq qalan sözlər, yazılmamış sətirlər, deyilməmiş xatirələr qalır. Elə insanlar var ki, cismani olaraq bu dünyadan köçsələr də, yoxluqları ilə daha çox görünürlər. Onlar yaşadıqları ömrün mənası, əməllərinin izi, dost yaddaşında qoyduqları səs-küy qədər ölümsüz olurlar.Dadaş kişi də elələrindəndir. Digər qələm dostum Nurməmməd Ağa isə yazır: Varlığın yaşayır yoxluğunda da, Səni həsrət ilə anır dostların. Ölüm haqq olsa da… Gerçək olsa da, Sənin ölümünə yanır dostların. Mənsə Dadaş kişinin itkisinin yaratdığı ağrının, xatirələrin və sükutun içindən süzülüb gələn bu ehtiram yazısını 40 mərasimi ərəfəsində onun ruhuna ərməğan edirəm. Hədislərdə vəfat edən üçün 40 mərasimi keçirilməsinin vacibliyi qeyd olunur. Əsas məram dünyadan köçən əzizimizi anmaqdır. İnsanların oraya gəlməsi doğmasını itirən şəxsin kədərini paylaşmaqdır. Çünki sevinci paylaşan zaman çoxalır, qəmə isə şərik olanda azalır. Allah Dadaş kişinin o dünyasını versin… Müəllif: Əlir Nəcəfxanlı
Qarşımda bir kitab var, bu kitab əsərlərini sevə – sevə oxuduğum, yazıçı Fazil Sənanın otuzuncu kitabıdır. Şəhid Elnur Vəliyev haqqında bədii, publisist və sənədli povesti “Qələbə üçün doğuldun” adlı kitabi 2026 – cı ildə “İmza” nəşrlər evində çap olunub. Bundan öncə yazıçının “Teleqram”, “Yaşamağa dəyər”, ” Müəllimlik – yolum, taleyim”, ” Kədərindən boylanan şair”, “Məhəbbət nəğməsi”, “Zamanın çevrəsində”, “Dünya, səndə nəyim qaldı”, “Dön, geri bax”, “Düşüncələrim, mülahizələrin”, “Əbədiləşən nəğmələr”, “Ölümə ərizə”, “Ədəbi düşuncələr”, “Əzrayılla rəqs”, “Gözlə qayıdacağam”, “Bu mənəm, İmam Cəmilli”, “Nifrətin göz yaşları”, “Özü də sözü kimi”, ” Məndən deməkdir”, “Yaxın və uzaq adamlar”, “Özu də sözü kimi” ll hissə, “Bağışlanmış günah”, ” Qüruba enən günəş”, “Seçilmiş əsərləri” l, ll ,lll, lV, V cild, “Dəniz sevgisi”, “Unudulmaq qorxusu” adlı hekayə, povest, roman, monoqrafiya, ədəbi tənqidi məqalələr toplusu, xatirə memuarları geniş oxucu kütləsinin İxtiyarına verilib.. “Qələbə üçun doğuldun” adlı bədii, publisist və sənədli povesti Beyləqanın Təzəkənd kəndində doğulan, torpaqlarımızın bütövlüyü uğrunda 44 günlük müharibədə Murov döyüslərində əbədiyyətə qovuşan şəhid Elnur Vəliyevin xatirəsinə həsr olunub..Kitabın 1 – ci hissəsində yazıçının oxuculara kitabın yazılma səbəbindən söhbət açır..O bu işin çətin, şəhid mövzusunun nə qədər ağrılı olduğunu vurğulayaraq, tarixin ûzqaralığı olan muharibələrdən söhbət salır..Hazirkı nəslin vətən sevgisindən, Qarabağı unutmadıqlarından və otuz il yağı tapdağında qalan cənnət Qarabağımızı bizə qaytaran qəhrəman oğullardan söhbət açır.O öz doğma bacısı oğlu Elnur Vəliyevin timsalında torpaqlarımız uğrunda şəhid olan cəmi səhid oğullarımızın qarşısında ürəyini şam kimi əridib Elnurun sorağıyla bu çətin mövzuya start verib..Onun “Oğul əsgər gedir”, “Vətən çağırır”,Əbədiyyətə gedən yol”, “Yaddaşlarda qalan Elnur”, “Nakam məhəbbətin acı hekayəsi”‘, “Son söz” kimi publisistik yazıların hər birinin çəkisi insan ruhunu təlatümə gətirir.. Kitabın sonunda verdiyi “Üzun ağ olsun şəhid” adlı şeiri isə sanki cəmi şəhidlərimizə laylay çalır:
Doğulandan əziyyət, doğulandan qəm çəkdin, Elnur bala, ömrünə xosbəxtliyi kəm çəkdin. Nəslin Vətən borcunu kürəyində cəm çəkdin, Üzün ağ olsun şəhid!
dedi.. Yazıçı Fazil Sənanın bu kitaba qoyduğu ürək ağrılarından doğan hər bir yazısı maraqlı olduğu qədər də ağrılı və təsirlidir..Kitabın 1- ci və 2 – ci hissələrində yazdığı publisistik yazılarda kitabın korrekoru (Ə.A) olaraq onun torpağına, doğulduğu Beyləqana bağlılığı gördüm..O kitabda 1- ci və 2- ci Qarabağ müharibəsində Beyləqanın da xüsusi yeri olduğunu vurgulayır .Belə ki, Qarabağ müharibəsində şəhid olan 12 min Azərbaycan şəhidinin 138 – i Beyləqanın payına düşur.Onun da biri Beyləqanın Təzəkəndində doğulan və Murovda 44 günlük müharibədə şəhidliyə ucalan Elnur Vəliyevdir. Kitabın 3- cü hissəsində şəhid Elnur Vəliyevə həsr olunmuş ürəkgöynədən şeirlər toplanmışdır. Şair dostlarımızın ürəkağrısı ilə qələmə aldıqları bu şeirlər onun qəhrəmanlıq nümunəsi olan ömür yolundan danışır.. Kitabda şairlərdən Əzizə Ağahüseynqızı, Elçin İldırım, Solmaz Şirvanlı, İlham İnam, Almas Yusifqızı, İmam Cəmilli, Şəfəq Vilayətqızı, Raqif Nazimoğlu, Salman Qaralar, Zöhrə Qaraqızı, Rəsul Murovdağlı, Arzu Tahirqızı, Səbli Baxış, Qəzənfər Məsimoğlu, İqbal Baba, Qivamı Qazıyev, Şəhla Əvəzqızı Qarabağlı, Dəniz Əlizadə, Şəfiqə Məmmədova kimi qələm sahiblərinin şeirləri, esseləri yer alıb.Elnur Vəliyevin doyüs yollarına işıq salan bu kitabda həm də onun əsgərlik illərinin, dostları, dogmaları, ansı ilə bizə yadigar qalan şəkilləri yer alıb.. Sonda şəhidimizi ehtiramla yad edən, onun ruhunu uca tutub kitab yazan zəhmətkeş yazıçı, dəyərli eloğlum Fazil Sənana can sağlığı, yaradıcilıq uğurları arzulayıram..Allah cəmi şəhidlərimizə rəhmət eləsin..
P.S.”Qələbə üçün doğuldun” adlı bədii – publisistik və sənədli povestində Beyləqan rayonunun Təzəkənd kəndində doğulmuş, Murovda şəhidlik zirvəsinə ucalan Vəliyev Elnurun qəhrəmanlığından bəhs olunur. Mənim də bu kitabda Elnura həsr olunmuş poemam yer alıb..O üzdən müəllifə, dəyərli yazıçımız Fazil Sənana təşəkkür edir, ona bundan sonra da yeni – yeni əsərlər yazmağı arzu edirəm.
MƏDƏNİ İNSAN TƏƏSSÜRATI Yaşadığım illər ərzində müxtəlif insanlarla ünsiyyətdə olmuşam. Bunların içərisində əxlaqlı, səviyyəli, dünyagörüşlü sadə adamlarla bərabər, tərbiyəsiz, lovğa, yalançı, fırıldaqçı, hiyləgər, şöhrətpərəst, tamahkar və insanlığa yaraşmayan başqa xüsusiyyətlərə malik fərdlərə də rast gəlmişəm. Belə ki, müxtəlif peşə sahibləri içərisində rast gəldiyim və münasibətdə olduğum bəzi insanlarda üzə çıxan naqislikləri gördükdə, onlardan istər-istəməz uzaqlaşıram. Hətta müxtəlif vəzifələrdə çalışan bəzi insanlarda vicdansızlıq, işinə məsuliyyətsiz yanaşma, ayrı-seçkilik, daşıdığı vəzifəyə şəxsi qazanc mənbəyi kimi baxma xüsusiyyətini gördükdə və yaxud aşkar etdikdə, beləsinə hörmətlə yanaşmıram. Eqoist deyiləm. Mən, təmiz, saf qəlbli, obyektiv düşünən, baş verən proseslərə düzgün və obyektiv qiymət verən, yaltaqlıqdan uzaq olan insanlarla ünsiyyətdə olduqda, onları yaxşı tanıdıqda, onlarla olan münasibəti daha da möhkəmləndirir və davam etdirirəm. Hələ bu harasıdır? Bəzən təhsilli və təhsili olmayan həyasız kişilərə də rast gəlmək olur. Belələri həyasızlıqla, işlərini yola verir, istədiklərinə nail ola bilirlər. Şəxsən mən həyasız kişilərə rast gələndə xəcalət çəkirəm. Son bir ildə neçə illər tanıdığım, lakin iç üzünə yaxşı bələd olmadığım bir neçə nəfəri artıq yaxşı tanıdım. Məsələn: əslində sadə peşə adamı kimi görünən, işlədiyi müəssisədə bir əldə qeyri-qanuni yolla bir neçə “qarpız” tutan, müxtəlif illərdə müəssisə rəhbərlərini “ələ almağı” bacarmaqla iş prosesində nöqsanlara yol verən bir şəxsi aşkar etdim. Oxucu deyə bilər ki, “bacarana can qurban”. Xeyr, qanunsuzluğa yol verə-verə pul qazanmaq qanunlarımıza ziddir. Kişilik, insanlıq təkcə var-dövlət, pulla ölçülmür. Doğrudur, gözəl yaşayış üçün var-dövlət lazımdır və ömrü boyu insanın bu arzusu onu rahat buraxmır. Amma onun əsirinə çevrilmək, insanı artıq məhvə aparır. Pula həris, tamahkar olan bəzi insanları gördükdə, onların yaşadığı həyat yoluna acıyıram, xəcalət çəkirəm. Bəzi qadın və kişilərlə söhbət zamanı, onların hərəkətləri və danışığı mədəni insan təəssüratı yaradır. Ancaq belə insanları dərindən tanıdıqda, aydın olur ki, heç də belə deyil. Mədəni insan ona deyərəm ki, üzdə mədəni göründüyü kimi iç dünyası da mədəni olsun. Yəni, mədəni insan saxtakarlıqdan, fırıldaqdan, hiyləgərlikdən, haram yolla pul qazanmaqdan uzaq olmalı, vicdanı və insafı özünə əsas meyar götürməlidir. 2025-ci ilin son ayı idi. Bakı şəhərində çalışan, tanıdığım bir şəxslə söhbət edirdim. Söhbət əsnasında o, bir neçə məmur haqqında danışaraq dedi ki, “o, çox mədəni insandır”. Həmin “mədəni insanları” yaxşı tanıdığımdan, söhbəti tez yekunlaşdırdım. Onun dayaz düşüncəsinə görə, onunla söhbət etməyi lazım bilmədim… Fərhad Əsgərov (Ramizoğlu), yazıçı-jurnalist