Axşam idi. Otağın işığı yanmırdı. Çöldə elə soyuq idi ki, dodaqlar çatlayırdı. Hamımız sobanın başına yığışıb söhbət edirdik. Birdən söhbət ondan düşdü. Hər kəs bildiyi bir hadisəni xatırladı. “Varın verən utanmaz” deyərlər, kimin nə xatirəsi vardısa, dilə gətirdi.
Masada əyləşən kəşfiyyatçı dostum sanki danışmağa tərəddüd edirdi. Ancaq özünü saxlaya bilmədi. Çayını təzələyib bir qurtum içdi. Stəkanı ovucunda saxlayaraq arxada ikimərtəbəli əsgər çarpayısında dirsəklənib alaqaranlıq masamıza baxan yoldaşını əli ilə göstərdi və danışmağa başladı:
-Bunun da iştirak etdiyi bir döyüş tapşırığına getmişdik. Düşmən arxasına sızaraq tapşırığı uğurla yerinə yetirdik. Ancaq Ağdamın Yusifcanlı kəndi ərazisində düşmən bizi mühasirəyə aldı. Dəfələrlə döyüş manevrləri etsək də, vəziyyətdən çıxa bilmədik. Rabitə vasitəsilə çağırış etdik. Əlaqə alındı. Bizə atəş dəstəyi göstəriləcəyi bildirildi. O tərəfdə hər şey plan üzrə aparılırdı. Qarşıdurma xəttində rabitənin o başında olan komandirin göstərişləri ilə bütün proses dəqiqliklə idarə olunurdu. Artilleriya düşməni aldatmaq üçün qrupun tam əks istiqamətinə atəş açdı. Biz isə düşmənin gözləmədiyi yerdən qurdun sürüyə hücumu kimi sarsıdıcı basqı etdik və mühasirədən çıxdıq. Öz səngərlərimizə doğru hərəkət başladı. Səngərə atıldığım an qarşımdakı işıltılı gözlər birbaşa gözlərimin içinə baxdı. Palçığın içində idim. O, gözləri ilə gözümə baxıb alnını alnıma dirədi, sonra palçıqlı çiynimdən öpdü və soruşdu: – İtkimiz yoxdur ki? – Yox, hər şey qaydasındadır. – Oğulsan. Mən sizin sağ qalmağınız üçün böyük məsuliyyətin altına girdim, – dedi və əlindəki qətifəni mənə uzatdı. – Üz-gözünü qurula, isti çay iç və dincəl. O, bütün qrup üzvlərini eyni səmimiyyətlə, eyni doğmalıqla qarşıladı.
Sonra mən ondan kim olduğunu soruşdum. O qədər sadə və səmimi idi ki, gülümsəyərək dedi: – Mən bu hərbi hissənin komandiriyəm, sizin də qardaşınız. Adım Raqufdur…
Bu, həmin Raquf Orucov idi.
Səmimi deyirəm, bəzən işğaldan azad olunmuş ərazilərdə ilk dəfə ayaq basdığım yerlərdə elə bilirəm onunla göz-gözə gəlirəm. O, əsl qəhrəman idi. Vətəni canından çox sevirdi. Bunu sübut etmək üçün yox, yaşadığı amalın həqiqət olduğunu dünyaya çatdırmaq üçün 2016-cı ilin Aprel döyüşlərində şəhadətə ucaldı.
1998-2009-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri olmuş Abbasəli Həsənovun “Yeni Sabah”a müsahibəsindən:“Dedi, 52 faiz türkdür, yerdə qalan 48 faizinin də yarısının bir tərəfi türkdür.”
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İrana səfər etdi. Səfər zamanı o, İranda ən yüksək dövlət qurumu hesab olunan İran İslam Respublikası Məsləhət Şurasının sədri Ayətullah Seyyid Mahmud Haşimi Şahrudi ilə görüşdü. Bu vəzifə Ali Dini rəhbərə tabe idi. Ayətullah Şahrudi isə idarəçilik iyerarxiyasında çox böyük nüfuza sahib idi.
Fərhad Abdullayevlə görüşəndə Ayətullah Şahrudi# dedi ki, “siyahıya alınma başa çatıb və nəticələrinə görə İran əhalisinin 52 faizi Azərbaycan türkləridir. Azərbaycan türklərindən başqa türk kökənli qaşqaylar, Xorasan türkləri, türkmənlər var – 3 milyona yaxın da onlar olarlar”, dedi. Şahrudi çox saf insan idi. Dedi ki, 2 kürəkənim türkdür, onlardan çox razıyam, çox çalışqan, ağıllı və ailələrinə çox bağlıdırlar. Dedi, 52 faiz türkdür, yerdə qalan 48 faizinin də yarısının bir tərəfi türkdür. Sonra zarafatla dedi ki, yerdə 24 faiz qaldı ki, onlar da, sadəcə, türk olduqlarını bilmirlər.
ORDUNU QURANLAR Bu insanların Ordu quruculuğu və formalaşmasında əməyi danılmazdır. Torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş silahdaşlarımiza Allah rəhmət eləsin.
1993 cü il – Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbi – Bakı şəhəri
Bu şəkildə olanlar ilk kəşfiyyatçı kimi təhsil alan kursant yoldaşlarımızdir. Şəkildə qəhrəman silahdaşim Raquf Orucovda var.
Şəhid qardaşımız Raquf Orucovun döyüş yoluna nəzər salsaq, onun əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduğunu görərik.
Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub.
Erməni işğalçılarının Ağdam rayonunu atəşə tutması nəticəsində Raquf Orucovun dayısı Azər Rəhimov şəhid olub. Qanlı döyüşlərdə Azərbaycan ordusu nə qədər şücaət göstərsə də, 1993-cü ilin 12 iyun tarixində Ağdam rayonunun Cinli kəndi işğal edilib. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid olub.
Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, amma məktəbə qəbul ola bilməyib. Buna baxmayaraq o, ruhdan düşməyib və növbəti il həmin məktəbə qəbul olub. Onun şərəfli hərbçi həyatı anasının qisasını ermənilərdən almaq niyyəti ilə başlayıb.
Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurub, Aqşin və Nihad adında iki oğlu yadigar qalıb.
Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnib. 1995-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alıb və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam edib.
2016-cı ilin aprel ayının əvvəlində polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb. Aprelin 5-də polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.
Raquf Orucov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 1995-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, 1998-ci ildə “Hərbi xidmətlərə görə”, 2003-cü ildə “Qüsursuz xidmətə görə” III dərəcəli, 2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” II dərəcəli, 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” I dərəcəli, 2016-cı ildə “İgidliyə görə” medalları ilə təltif edilib.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
İşığa doğru (hekayə) Gəmi gecənin qara sinəsini yararaq irəliləyirdi. Atlantik okeanı bu gecə sakitliyə oxşamırdı; dalğalar sanki insan talelərini sınamaq üçün qəsdən qalxıb-enirdi. Üçüncü sinifdə, dar və havasız bölmədə Antonio Russo qızını qucağına sıxmışdı. Maria yuxulu gözlərini atasının köynəyinə sürtür, arabir anasının adını pıçıldayırdı. Antonio isə cavab verə bilmirdi — boğazında düyünlənmiş kədər sözlərə çevrilmirdi. O, bu səfəri bir xilas yolu bilmişdi. İtaliyada qalan yoxsulluq, tənha ev, susmuş ocaq… Hamısını arxada qoyub yeni həyata doğru gedirdilər. Maria üçün. Hər şey Maria üçün idi. Birdən gəmi inildədi. Sanki nəhəng bir əl onu yan çevirib silkələdi. Qışqırıqlar eşidildi. Taxtalar şaqqıldadı. Okeanın soyuq nəfəsi alt bölmələrə doldu. Su ayaqların altından sürünərək gəlirdi — əvvəl dizə, sonra sinəyə doğru. Antonio Mariyanı çiyinlərinə qaldırdı. İrəli getmək istədi, amma insan seli onu geri itələyirdi. Qaranlıqda gözlər qorxu ilə alışıb-yanırdı. O an Antonio başa düşdü ki, bu, seçimin anıdır. Gecikmək olmazdı. Göyərtəyə yaxın yerdə sınmış bir illüminator gördü. Kənarları kəsici idi, amma açıq idi. O tərəfdə qaranlıq, buz kimi su… və uzaqda zəif bir işıq — xilasetmə gəmilərinin titrək ümid işığı. Antonio qızını yerə endirdi. Diz çökdü, onun gözlərinə baxdı. Bu baxışda vidalaşma vardı, amma sözlə deyilən yox, ömür boyu daşınacaq bir baxış: — Qorxma, Maria… — dedi pıçıldayaraq. — Üzə bilirsən. İşığı görürsən? Maria başını tərpətdi, göz yaşları yanaqlarından süzülürdü. Antonio qızını qucaqladı, son dəfə bağrına basdı. Sonra bütün gücü ilə onu illüminatordan işığa doğru atdı: — Üz, Maria! — deyə qışqırdı. — İşığa doğru üz! Qızın səsi suya qarışdı. Antonio irəli atıldı, amma bədəni sığmadı. Dəniz onu geri itələdi. O, yalnız baxa bildi — işığa doğru üzən balaca bir kölgəyə. Bir neçə dəqiqə sonra hər şey bitdi. Gəmi sükutla dənizin qucağına çəkildi. Maria Russo o gecədən sonra uzun illər işıq axtardı. Bəzən onu şəhərlərin pəncərələrində gördü, bəzən uşaqlarının gözlərində, bəzən də qaranlıq gecələrdə uzaq bir xatirə kimi. Uşaqlığında düşünürdü ki, atası onu tərk edib. Sonra böyüdü, yaşadı, sevdi, ana oldu. Həqiqəti öyrəndiyi gün isə ağladı — çünki anladı: atası onu həyata atmışdı: — Bütün ömrüm boyu işığa doğru üzdüm, — deyə pıçıldadı qocalığında. — Hər addımımda onun səsini eşitdim. Və gözlərini yumarkən dəniz qorxulu deyildi artıq. Uzaqda bir işıq vardı. O işığın içində bir ata dayanmışdı: — Gəlmisən, Maria, — dedi. Qız gülümsədi: — Səni sevirəm, ata. Mən üzdüm. Həmişə işığa doğru üzdüm.
Bu gün Azərbaycan Rəssamlar İttifaqının və “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, rəssam, hamımızın əzizimiz Qafar Sarıvəllinin ad günü – 70 illik yubileyidir.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri Qafar Sarıvəllini anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırlar.
P.S. Qafar Bayram oğlu Sarıvəlli 1956-cı il yanvarın 17-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirib. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. Ailəlidir, iki övladı var.
1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib. 100-dən çox kitaba tərtibat verib, illüstrasiyalar çəkib. Rəsmlər toplusundan ibarət 5 kitabı çap olunub (1996, 2001, 2005, 2008 və 2021-ci illər). Biz Sizinlə fəxr edirik, hörmətli Qafar müəllim.
Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Mədinə Gülgün -100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub 17 yanvar 2026-ci il tarixində Milli Kitabxanada Azərbaycan şairəsi, milli-demokratik poeziyanın görkəmli nümayəndəsi Mədinə Gülgünün anadan olmasının 100 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi Mədinə Gülgün -100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub. Mədinə Nurulla qızı Ələkbərzadə 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olub. 1938-ci ildə ailə Cənubi Azərbaycananın Ərdəbil şəhərinə köçüb. Sonra Təbriz şəhərində yaşayıb. 1948-1952-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb. Mədinə Gülgünün uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olub. Şairənin “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda onun 1945-1949-cu illərdə yazdığı şeirlər toplanıb. Həyatının ilk illəri Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf etmiş və bu şeirlərində də öz əksini tapıb. Mədinə Gülgünün Bakıda, Təbriz və Moskvada otuzdan artıq kitabı nəşr edilib. “Təbrizin baharı” (1950), “Savalanın ətəklərində” (1950), “Sülhün səsi” (1951), “Yadigar üzük” (1953), “Təbriz qızı” (1956), “Dünyamızın sabahı” (1974), “Durnalar qayıdanda” (1983), “Dünya şirin dünyadır” (1989), “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni” (1978), “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitablarının başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, humanizm və vətənpərvərlikdir. Onun əsərləri bir sıra xarici ölkələrin dillərinə tərcümə olunub, lirik şeirlərinə mahnılar bəstələnmişdir. 1946-cı ildə “21 Azər”, 1948-ci ildə “Əmək veteranı”, 1980-cı ildə “Şərəf Nişanı” ordenləri, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adı və digər medallarla, fəxri fərmanlarla təltif olunub.
Qəlbin yaddaşı və xalqın nəfəsi (Asif Yusifcanlının bayatı dünyası) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu Asif Yusifcanlının bayatıları olacaq (səh. 8-10). Azərbaycan ədəbiyyatının ən qədim və ən saf poetik formalarından biri olan bayatı, xalqın min illərdən bəri süzülüb gələn dərdini, sevincini, fəlsəfəsini və mənəvi yaddaşını özündə daşıyan söz incilərindəndir. Asif Yusifcanlının “Qəlbimin səsi” kitabında yer alan bayatılar da bu ənənəni müasir dövrdə yaşadan, xalqın milli kimlik ruhunu qoruyan, milli-mənəvi dəyərlərdən qidalanaraq kökündən qopmayan parlaq nümunələrindəndir. Bu bayatılar təkcə şairin fərdi duyğularının ifadəsi deyil, həm də xalqın taleyindən, zamanın sarsıntılarından, insanın mənəvi sınmalarından xəbər verən ümumiləşdirilmiş poetik fəryaddır. Kitabdakı bayatılarda ilk nəzərə çarpan cəhət yanğın (yanğı) motividir. “Baxıram ki, daş yanır, Torpaq yanır, daş yanır” misralarında yanmaq təkcə fiziki odun təsviri deyil; burada torpağın da, daşın da yanması xalqın yaşadığı tarixi ağrıların, sosial və mənəvi sarsıntıların metaforasıdır. Şair bu yanğını konkret bir səbəblə məhdudlaşdırmır, əksinə, onu ümumbəşəri bir hala çevirir: od vuran bilinmir, amma nəticə hər kəs üçün eynidir – “quru qalar, yaş yanar”. Bu isə ədalətsizliyin, günahsızların zərər görməsinin dərin poetik ifadəsidir. Bayatılarda yurd və el anlayışı xüsusi yer tutur. “Əziziyəm bu eldə, Bu mahalda, bu eldə” deyən şair elə bağlılığını yalnız coğrafi anlamda deyil, mənəvi məsuliyyət kimi təqdim edir. Burada namus, qeyrət, vicdan anlayışları elin ölçü vahidinə çevrilir. “Qeyrətsizin başından, namus baha bu eldə” misrası təkcə keçmişin deyil, bu günün də ictimai mənzərəsini düşündürən publisistik bir hökm təsiri bağışlayır. Asif Yusifcanlının bayatıları ana obrazı üzərindən milli faciəni daha da dərinləşdirir. “Anamın baş yaylığı Qoymadı qan tökülə” misrasında ana təkcə doğma bir varlıq deyil, həm də sülhün, mərhəmətin, həyatın simvoludur. Ananın yaylığı qanla ölüm arasında sipərə çevrilir. Bu obraz Azərbaycan folklorunda ana müqəddəsliyinin və qadın mərhəmətinin ən saf təcəssümüdür. Bayatılarda ölüm və itki motivi də kədərli bir axarla davam edir. “Qardaş yerin boş gördüm, Yer başıma dolandı” misraları oxucunu fərdi dərddən çıxarıb kollektiv faciəyə aparır. Qardaş itkisi burada tək bir insanın ölümü deyil, bütöv bir nəslin, bir dayağın yox olmasıdır. Bu cür misralar bayatını sadə xalq şeiri çərçivəsindən çıxarıb, onu yüksək emosional və fəlsəfi mətnə çevirir. Diqqət çəkən mühüm məqam isə şairin ümidsizliyi etiraf etsə də, təslim olmamasıdır. “Ümidlərim puç oldu, Gəlməyəydi belə yaz” misralarında insan taleyə giley edir, amma bu giley sükutla bitmir. Bayatıların ruhunda gizli bir dirəniş, iç yanğısından doğan mənəvi müqavimət hiss olunur. Şair dərdi söyləməklə onu aşmağa çalışır – bu isə sözün şəfa gücünə olan inamdır. Ümumilikdə, Asif Yusifcanlının “Qəlbimin səsi” kitabındakı bayatılar xalq ruhunun güzgüsü, zamanın mənəvi hesabatı və insanın iç dünyasının poetik xülasəsidir. Bu bayatılar oxucunu həm köklərinə qaytarır, həm də bugünkü cəmiyyətin ağrıları ilə üz-üzə qoyur. Sadə görünən dörd misralıq formanın içində böyük bir xalqın tarixi, dərdi, vicdanı və ümidi yaşayır. Bu mənada, Asif Yusifcanlının bayatıları yalnız oxunmur – dinlənilir, hiss olunur və yadda qalır. Onlar doğrudan da şairin deyil, qəlbin səsidir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
Ehtiyacım olan vaxtda yanımda olmadınız. Nə səsiniz gəldi, nə varlığınız hiss olundu. O günlərdə susmağı, görməməzlikdən gəlməyi seçdiniz. Mən çətinliklərlə tək üz-üzə qalanda isə yadlar ortaya çıxdı, yadlar soruşdu, yadlar əl uzatdı, yadlar insanlıq göstərdi. Və elə həmin günlərdə bir həqiqət açıq şəkildə üzə çıxdı: yadlar sizdən doğma oldu. Siz isə sadəcə ad üstündə qalan, qohumluqdan başqa heç nə ifadə etməyən bir boşluğa çevrildiniz. İndi isə hər şey bitəndən, hər şey geridə qalandan sonra məni xatırlamağınız nə vicdan göstəricisidir, nə də dəyər. Bu gecikmiş maraq mənim üçün əhəmiyyətsizdir. Vaxtında yanında olmayanın sonradan söz deməyə haqqı olmur. Mən artıq öz yolumu tək getmişəm, öz əziyyətimi tək çəkmişəm, öz qaranlıq dünyamda özüm ağlayıb, özüm göz yaşlarımı silib ayağa qalxmışam, dərsimi almışam, qapımı da bağlamışam. Bu qapı nə izah üçün açılacaq, nə də “qohumuq axı” bəhanəsi üçün. Mənim sizə ehtiyacım yoxdur. Sakitliyimə hörmət edin və bir daha məni narahat etməyin.