Prof. Ədalət Tahirzadə bolşevik Mircəfər Bağırovun nadir fotosunu aşkarlayıb. O, yazır:
“Düz ortada Lenin və Trotski təsvir olunub. 1919-cu ilin 7 noyabrıdır. Moskvada Qırmızı meydanda bolşevik “inqilab”ının 2-ci ildönümü qeyd olunur. Əlbəttə, məni nə Lenin və Trotski, nə də onların “inqilab”ı maraqlandırır. Məni maraqlandıran öndə sol tərəfdə gördüyünüz ağ papaqlının arxasından bizə baxan, yaxası qarlı, qara Qafqaz papaqlı, gözlüklü adamdır. Bilirsinizmi o, kimdir? Mircəfər Bağırov! Mənə maraqlı gələn onun bu tədbirə necə düşməsinin tarixçəsidir.” deyə qeyd edib.
Naturalizm XIX əsrin ikinci yarısında Avropa ədəbiyyatında realizmin daxilində formalaşmış və reallığı, xüsusilə insan həyatını və davranışlarını elmi obyektivlik, dəqiq müşahidə və təfərrüatlı təsvir yolu ilə əks etdirməyi qarşısına məqsəd qoyan ədəbi cərəyandır.
Naturalist ədəbiyyatda insan xarakteri və taleyi əsasən irsi (genetik), fizioloji və sosial mühit amillərinin təsiri ilə izah olunur. Müəlliflər hadisə və obrazlara subyektiv qiymət verməkdən daha çox, onları müşahidəçi mövqeyindən təqdim etməyə çalışmışlar. Bu baxımdan naturalist yazıçı bədii yaradıcılıqda tədqiqatçı rolunu yerinə yetirir və insan davranışlarını konkret şərtlər daxilində araşdırır.
Fransız yazıçısı Emil Zolya naturalizmin nəzəri əsaslarını 1880-ci ildə nəşr etdirdiyi “Eksperimental roman” əsərində sistemləşdirmişdir. Onun fikrincə, romanda hadisələr real həyatda mövcud olan faktlara əsaslanmalı və obyektiv şəkildə təsvir edilməlidir.
Naturalist metodun əsasını canlı və sistemli müşahidə təşkil edir. Yazıçı təsvir etdiyi mühiti, sosial təbəqəni və ya peşə sahəsini əvvəlcədən dərindən öyrənməlidir. Məsələn, Zolya “Jerminal” romanını yazmazdan əvvəl mədən fəhlələrinin həyatını müşahidə etmiş, onların əmək şəraitini, sosial münasibətlərini və psixoloji durumlarını araşdırmışdır. Bu əsər naturalist ədəbiyyatın klassik nümunələrindən biri hesab olunur.
Naturalizm yalnız fransız ədəbiyyatı ilə məhdudlaşmamış, digər Avropa ölkələrinə də yayılmışdır. Gi de Mopassan, Henrik İbsen, Gerhart Hauptman, August Strindberq, Frank Norris və Knut Hamsun kimi yazıçıların əsərlərində naturalist təsvir üsurlarının müəyyən cəhətləri müşahidə olunur. Lakin bu müəlliflərin heç biri naturalizmi Emil Zolya qədər ardıcıl və planlı şəkildə ədəbi yaradıcılıqlarında tətbiq etməmişdir.
Naturalizmin realizmdən əsas fərqi ondadır ki, realist ədəbiyyatda bədii ümumiləşdirmə aparıcı rol oynadığı halda, naturalizmdə konkret və fərdi faktın təsviri ön plana çəkilir. Məsələn, Onore de Balzak geniş müşahidələrə əsaslansa da, müşahidə etdiyi faktlardan ümumi tip və xarakterlər yaratmağa çalışırdı. Naturalist yazıçılar isə ümumiləşdirməni minimuma endirərək hadisələri olduğu kimi təqdim etməyə üstünlük verirdilər.
Ədəbiyyat tarixində naturalizm müstəqil və uzunömürlü ədəbi cərəyan kimi möhkəmlənməmişdir. Buna baxmayaraq, naturalist təsvir üsulları sonrakı dövrlərdə realist, neorealist və faktlara əsaslanan bədii əsərlərdə müəyyən dərəcədə istifadə edilmişdir.
Azərbaycan ədəbiyyatında naturalizm müstəqil və sistemli ədəbi cərəyan kimi formalaşmamışdır. Bununla belə, XIX əsrin sonu – XX əsrin əvvəllərində yaranmış realist və tənqidi realist nəsr nümunələrində həyat hadisələrinin obyektiv təsviri, sosial mühitin təsirinin qabardılması və müşahidəyə əsaslanan detallı təsvirlər naturalist metoda yaxın xüsusiyyətlər kimi qiymətləndirilə bilər.
Atamın atasını,Şaxı babamı görməmişəm. Mən dünyaya gəlməmişdən xeyli əvvəl dünyasını dəyişib.İkinci dünya müharibəsindən iki əlinin səkkiz barmağını itirib gəlibmiş , üstəlik də “asqolla”.Bədənindəki qəlpəyə görə də müharibədən sonra çox yaşamayıb.52 yaşında ,atamın 22 yaşı olanda bu dünyadan köç edib. Ona görə də onunla bağlı heç bir xatirəm yoxdu. Adamların,atamın danışığından xəyalımda bir baba obrazı canlandırmışam həmişə,vəssalam.Qoçaq,vətənpərvər,ailəcanlı,işgüzar baba obrazı.Mülkədar nəslindən olub.Şəkillərindən tanıyırdım babamı. Babamın anası Xumar nənə də kənddə ən sözükeçən və mötəbər qadın imiş. Elə əri -babamın atası böyük babam Murtuza da sayılıb,seçilən kişilərdənmiş . Kolanıda Dəmirlilər adla deyilirmiş o vaxt. Elə indi də belədi.Soya, kökə bağlılıq lap uzun illərə gedib çıxır. Ulu babam molla Aydəmir Xorasanda təhsil alıbmış.Yəni keçmişin ziyalılarından hesab olunur. Təəssüf ki, adını çəkdiyim insanların , doğmalarımın heç birini yaxından görməmişəm, haqqlarında yalnız eşitmişəm. Uşaq vaxtı onlar haqqında danışılanda elə bilirdim ki,hansısa bir nağıla qulaq asıram,maraqlı gəlirdi mənə.Saatlarla oturub dinləmək istəyirdim insanları. Bu yazdıqlarım da uşaqkən yaddaşıma həkk olanlardı. Anamın atası, Məmmədhəsən babamsa yadımdadı.Qara, arıq,balacaboy kişi idi. Sakitdi, çox danışmazdı.Onu həmişə buxara papaqda görərdim. Çox sevgisini biruzə verməzdi.Amma hamımızı ayrı-ayrılıqda sevdiyini bilirdim. Mənə elə gəlirdi ki,həmişə kədərlidi babam.Gözlərindən oxuyurdum. Təəsüf ki, o da mən 4 yaşımdaykən dünyasını dəyişdi. Başında buxara papağıyla yaddaşımda qaldı həmişə. Anam Abdulabaddan idi..Sabirabadın o vaxtkı Abdulyan kəndindən. Çoxlu xalam, dayım vardı.Bacım,qardaşım olmadığından dayı , xalauşaqlarını özümə bacı-qardaş bilirdim.Zaman keçdikcə bunun ancaq mənim təxəyyülümün məhsulu olduğunu anladım. Uşaqkən bunu anlamır insan çox təəssüf ki..Məhəmmədhəsən babam müharibədə çox doğmalarını itirmişdi.Anam deyirdi ki,yaxınlarından hər dəfə qara kağız alanda, günlərlə xəlvətə çəkilib ağlayırdı.O vaxt anam uşaq olsa da bunu gözəl xatırlayırdı.Demək onun gözlərinə hopmuş kədər də bundan idi. Babam dünyadan köçəndə qardaşım təzə doğulmuşdu.Anamın,nənəmin ağlamağı yadımdadı.Babamın papağı paltar dolabının üstündəydi.Uzun müddət o papağa toxunan olmadı.Amma hər dəfə nənəmgilə gedəndə papağı zorla aşağı endirib bağrıma basırdım.Onunçun çox darıxırdım.Bir gün papağı yerində görmədim.Bilmədim papağı neynədilər.Yəqin ki,məndən gizlətdilər.Həmin gün o ki,var ağladım.Özü də içdən,göynəyə -göynəyə ağladım.Amma nə babam yaddan çıxdı,nə papağı. Anam Abdulabaddan Kolanıya gəlin köçmüşdü.Atamla sevib evlənmişdilər , hər İkisi müəllim idi. Babam tez-tez Abdulabaddan Kolanıya bizi yoluxmağa gələrdi.Gələndən gedənəcən iş görərdi həyət bacada.Yırtığı, söküyü yamayardı,ağac əkərdi,çəpər çəkərdi.Onu görəndə anamın gözü işıqlanardı.Ağac kötüyündən bizə ət taxtası düzəldib gətirmişdi bir dəfə. O vaxt ət maşınları yox idi,əti baltayla döyürdülər.Mənə elə gəlir döyülən ətin dadı bir ayrıydı. Hələ də istifadə edirik o kötükdən.Xeyirdə, şərdə çox karımıza gəlir. Yetimliklə böyüyübmüş babam.Anasız,əmi ,nənə umudunda.Nənəm onun ikinci həyat yoldaşı olub.O biri evlilikdən bir xalam vardı. Bunu çox sonralar bildim, qonşular dedi.Onu eşidəndə özümü çox pis və qəribə hiss etmişdim.Axı nənəm və anamgil bu ögeyliyi heç vaxt hiss etdirməmişdilər deyə mən o xalamı da ən az o biri xalalarım qədər, bəlkə də lap çox istəyirdim.Çünki anam onu lap çox sevirdi.Kubra xalam nənəmə bacı deyə müraciət etdiyi üçün bütün uşaqlar da nənəmi bacı deyə çağırırdılar.Yəni analarına bacı deyə xitab edirdilər. Babalarım haqda bildiklərim bu qədərdi.Nənələrimləsə xatirələrim bitib tükənməz. Nənələrim dayıqızı,bibiqızıydı.Ona görə də oxşar cəhətləri çox idi.Sözübütöv,ədalətli,eyni zamanda davakar ruhlu,üsyankar,bir sözlə özünə,sözünə güvənən qadınlardı ikisi də.Kişilər də çəkinərdi onlardan.Heç kim sözlərinin qarşısına söz gətirməzdi.Elə ailədə də hökmran idilər.Sərt xarakterləri vardı.Amma mənimlə son dərəcə mülayimdilər. Onların yanında sərbəst şəkildə ərköyünlük edə bilirdim.Atamın anası Səfurə nənəm uzun ətəkli ,uzun qollu paltarlar geyinərdi, başını iki şalla örtərdi,saçı görünməzdi. Mən onu həmişə qara paltarda görmüşdüm deyə təsəvvürümdə də elə qalıb. Anamın anası Bikə nənəmsə bir qədər fərqliydi.O daha müasir geyinərdi, başına kəlağayı bağlayardı. Paltarlarını da özü tikərdi. Düşüncələrində də fərqlilik vardı.Səfurə nənəm sevərək evlənməyin əleyhinəydi. Deyərdi ki, mən ərimi toy gecəsi görmüşəm. Xoşbəxt olmadıqmı? Olduq. Uşaqlar ( onun aləmində biz uşaqdıq) nə bilir sevməyi.Ata,ana kimi məsləhət bilirsə övlad da onunla evlənməlidi.Amma Bikə nənəm daha romantik idi. Payızı çox sevirdi və eyni zamanda şeir, poeziya vurğunuydu. Çoxlu bayatı, ağı bilirdi. Çoxusunu da özü qoşmuşdu. Heyf ki, onları bir yerə yığa bilmədim. Sevgiylə qurulan ailənin təməli möhkəm olur deyirdi. Eyni zamanda hamının sevgisinə hörmətlə yanaşırdı. Qızlar,gəlinlər sirrini ona açardılar.Məsləhət yeri idi hamının.Əlindən hər iş gəlirdi.Tikiş tikmək,xalça, kilim toxumaq,yorğan-döşək salmaq.Təmizkardı.İşi-gücü bitməzdi. Amma qadının ,qızın oxumağına elə də xoş baxmazdı.Onun aləmində qadın ailə qurmalı,oğul,uşaq sahibi olmalıydı. Buna baxmayaraq elə böyük qadağaları da yox idi.Olsaydı anam yəqin ki, təhsil ala bilməzdi. Səfurə nənəmsə fərqlidi.İstəyirdi ki, hamı oxusun.Atamı palaz,kilim toxuya-toxuya oxutmuşdu.Deyirdi ki, qaynanamdan qalan bütün qızılları satıb Ağaqardaşı(atamı)oxutdum.Fəxr edirdi onunla-atamla.Deyirdi “raykom”,”İspalkom” hamısı qorxur oğlumdan.Atam sözün deyən,dalaşqan adam olub deyə nənəm də həmişə oğlu haqda öyünə-öyünə danışırdı. Qürrəllənərdi oğluyla. Dərslərimi yaxşı oxuduğumçun nənəm mənə”uçitel”balam deyirdi.Bir də xiyara yelpənək,təyyarayə əyripalan,pəncərəyə ağüşkə (akoşka),aşın qarasına qəlyə ,nencəyə decurka deməyi vardı.Uzun illər nənəmin yanında yaşamışam. Anam sığalsız -tumarsız qadındı. Sərt xarakteri olduğu üçün ondan çəkinərdim,yanında çox dəcəllik etməzdim. Nənəmsə mənim azadlığımdı,əlləriylə sığallanardı saçlarım,daranıb hörülərdi,üzümdən, gözümdən öpərdi,hər sözümə qurban olum, başına dönüm deyərdi.Hər kəlməsi can idi. Onun yanında uşaqlığımı doya-doya yaşayırdım.Qaçardım , ağaca dırmaşardım , qışda palçığa , yayda toza-torpağa batardım .Onun yanında gözün üstə qaşın var deyən olmazdı mənə. Məsələn, sevmədiyim südü zorla içirməzdilər, ,xoşlamadığım yeməyi məcbur yedirtməzdilər, sevmədiyim paltarları döyə-döyə geyindirməzdilər əynimə. Bir sözlə tam azad idim onunla. Hara getsəydi məni də özüylə aparardı. Məscidə gedərdik məhərrəmlik başlayandan axıracan. Kəndin bu başından o başına yol ölçərdik hər gün. Orda danışılan nağıllar mənə elə qorxulu və eyni zamanda maraqlı gələrdi ki, saatlarla dinləməkdən doymazdım.Nənəm inanardı mollaların hər sözünə, imamlarçun göz yaşı axıdardı ürəkdən. Əmimin uşaqlarına laylay çalanda gizlicə ağlayardım.Səsi çox qəmliydi,ürəyimə toxunurdu.Yekə qız olananacan kürəyində gəzdirərdi məni. Özü demiş kopan şalıyla məni kürəyinə sarıyıb qonşulara aparardı.O vaxt qonşular da qalsız-qeybətsizdi, bir -birlərinə gedib gələrdilər,qapılarda kilid olmazdi. Sonra böyüdüm . Sonra bütün bütlər sındı,sonra ayrılıqlar başladı .Hamı köç edib getdi bu dünyadan.Nə buxara papaqlı babalar, nə uzun ətəkli nənələr qaldı. Sonra nənələrimin bizə yuva olan evlərini sökdülər . İçində xatirələrimiz olan o evin yerində daha modern , daha müasir evlər tikildi.Sonra oyanıb gördüm ki,elə mən də nənəmin məni bağrına basdığı ,saçımı sünbül hördüyü yaşdayam.Bir xatirələrdi, bir həsrət,bir də payız.
Yazar Etibar Həsənzadə “”Zəfərlərə Doğru” və digər kitablarını Tüm Medya Mensupları Derneği Ankara İl Başkanı, Tüm İnternet Medya Birliği Yenimahalle İlçe Temsilcisi Selçuk İNAN bəyə hədiyyə etmişdir. Bu barədə Yazar Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir: “Zəfərlərə Doğru”, “Vətən Uğrunda” ,”Mən Şəhid Olacam Ana” və ” Duyğular Dinsin” adlı kitablarımı dəyərli dostum, hər zaman mənə dəstək olan, uğurlarıma sevinən, işıqlandıran Selçuk İnan bəyə kitablarımı oxuyub dəyərli fikirlərini paylaşdığı və gözəl videoçarx və şəkil hazırlayıb göndərdiyi üçün təşəkkürümü bildirirəm. Allah ömür versin, Allah razı olsun, var olun”. Selçuk İnan bəy dəyərli hədiyyələrə görə Etibar Həsənzadəni təbrik edib yaradiciliginda daha böyük uğurlar, bundan da gözəl kitablar yazmağı arzulamışdır.
Sözün nəfəsini və hənirini hiss etmək, duymaq hər qələm adamına müyəssər olmur. Şair tanıyıram ki, hıqqana- hıqqana şeir adına nəsə yazır, daha doğrusu sözə əzab, işgəncə verir. Amma, şair də var ki, təbi, ilhamı dağ şəlaləsidi.Şeirlərini oxuyanda ruhuna qəribə bir rahatlıq gətirir. O şairlərdən biri də” titullarını sadalamağa ehtiyac duymadım, çünki onlar çoxdu” Bəhruz Niftəliyevdir.Keçən il ” Bakı Mətbəəsi ASC- də nəfis tərtibatla çap olunmuş ” Tanrıya məktublar” kitabı masamın üstündədir.Hər dəfə yuxu qabağı o kitabdan mütləq bir şeir oxuyub sonra yatmalıyam.Elə bil ki, oxuduğum şeir anamın laylasını əvəz eləyir mənimçün.Bu kitabda yer almış şeirlərin hər birində Tanrıya sevgi var.Əbəs yerə deyil ki, müəllif kitabın adını ” Tanrıya məktublar” qoyub. Mən B. Niftəliyevi ” Mədəniyyət” kanalında ” O” verilişinin aparıcısı kimi tanımışam. İntellekti, ensiklopedik biliyi, savadı, gözəl nitqi, fəlsəfi düşüncələri məni həmişə heyrətləndirib. Söhbət etdiyimiz mövzu ürəyimcə olan mövzuydu. Bir saat ərzində Ulu Tanrının möcüzələrindən danışdıq. Verdiyi suallar çətiniydi, ancaq Allah özü o mürəkkəb suallara cavab verməkdə mənə yardımçı olurdu. Ona olan sevgimi hiss edirdi, duyurdu Tanrım. İstəmirdi ki, çətin duruma düşüm.Əlbəttə böyük Allah haqqında hər kəsin özünün düşüncələri və qənaətləri var. Mən həmişə demişəm, yenə də deyirəm, bir insan ömrü Allahın dərki üçün yetərli deyil, azdır.Sonralar sosial şəbəkələrdə paylaşdığı şeirlərə rast gəldim. Sözün doğrusu hər dəfə təzə yazdığı şeirini oxuyub duyğulanırdım. Təbii ki, oxuyandan sonra münasibətimi bildirirdim.Əsas o idi ki, mənim bu istedadlı şair haqqında artıq müəyyən qənaətlərim varıydı. Hətta arada yaradıcılığı haqqında bir yazı yazmaq fikrinə də də düşmüşdüm.Və birdən vatsapıma bir dəvətnamə gəldi. Bəhruz Niftəliyev məni özünün ” Tanrıya məktublar” kitabının təqdimatına dəvət edirdi.Keçən ilin noyabr ayının 28- də, şəhərin mərkəzində, Üzeyir Hacıbəyli- 5 ünvanında yerləşən kitab evində möhtəşəm bir tədbir keçirildi.Çoxdan idi ki, belə izdihamı görməmişdim.Hətta tədbir iştirakçılarının əksəriyyəti oturmağa yer tapmadı. İstedadlı kamança ustası Munislə yanaşı oturmuşduq. İkimizin də ürəyindən bir istək keçdi.Bu tədbir kaş R. Behbudov adına mahnı teatrında, yada ki, muğam mərkəzində keçiriləydı.Bəlkə heç Bəhruz müəllim təsəvvür etməzdi ki, tədbir belə izdihamlı olacaq. İlahi, bu tədbirdə kimlər yoxuydu. Bütün zümrələri təmsil edənlər oradaydı.Deputatlardan tutmuş hörmətli akademikimiz Nizami müəllim Cəfərova qədər.Bir- bir ad çəkib oxucuların vaxtını almaq istəmirəm.Çıxış edənlərin hər biri bu bənzərsiz şairin yaradıcılığından sitatlar gətirir və şeirlərinin işığına yığışdıqlarını qeyd edirdilər. Hörmətli akademikimiz N. Cəfərov ” Tanrıya məktublar” kitabındakı şeirlərin incə bir məqamına toxundu. Qeyd etdi ki, şair hər şeirinin tamamında, yəni sonuncu misrasına nöqtə qoyanda, uşaq anadan doğulan kimi, şeirin də doğum vaxtını, tarixini qeyd edir.İlk baxışdan bu məqam sadə olsa da, əslində Allaha bağlılığın və sevginin təntənəsidir.Mənə elə gəlir ki, ədəbi tənqid və ədəbiyyatşünaslar mütləq bu kitabın izinə düşəcək və dəyərli fikirlərini dövri mətbuatda, ədəbi orqanlarda bildirəcəklər.” Müharibə və məhəbbət” şeirində fikirlərin qısa və lakonik ifadəsi adamı heyrətləndirməyə bilmir. Şair yazır: Həyat savaş, Mən yaralı, Sar yaramı, tibb bacısı
və ya ” Hələlik” adında sevgi şeirində şairin iç dünyası təlatümlərlə doludu.Misra- misra hiss edirsən ki, sevginin nə yaşı var, nə də ki, ömrü.O ilğım kimidi adamı gedər gəlməzlərə aparır.
Hələ səni öpmədim, Necə qadın olduğunu hardan biləsən? Hələ səndə sönmədim, odun deyil, Yadın olduğumu hardan biləsən? Şeh bil dodağında məni, Şah bil yatağında… Yaşat məni, yaşat getsin, ” Ah… ” bil ən gözəl cümləmi.
Sünbül kimi dop- dolu şeirlər oxucunu dərin ədəbi qatlara endirir və oxucu heç cürə ordan çıxa bilmir.
” Tanrının şərəfinə” adlı şeiri də bir az səmavi ovqata köklənib.
Bir az hissimdən, bir az duyğumdan qopub gəlsən?! Fələkdən bir gün, ya ömür qapıb gəlsən?! Yarama sarıl, nolar, Ayrılığın gözlərindən öpüb gəlsən, Kədəri sevib, dərdimdən ölüb gəlsən?!
” Tanrıya məktublar” kitabı 767 səhifədən ibarətdir. İllərlə ürəyində poetik hissləri, saf duyğuları gizlədən şairin bu müqəddəs və möhtəşəm kitabı müəllifə bütün zamanlarda baş ucalığı gətirəcəkdir. Bəzən istedadlı bir qələm adamının keçmişinə, qanına, geninə nəzər salanda bəzi nəsnələr üzə çıxır. Bəhruz Niftəliyev ” əməkdar jurnalist”, Prezidentin fərdi təqaüdçüsü, ” Şöhrət” ordenli Flora xanım Xəlilzadənin ədəbiyyatımıza, poeziyamıza bəxş etdiyi ədəbi simadı. Flora xanım kimi bir ananın övladı olmaq, sözün bütün mənalarında fəxarətdir. Əsrlər, min illiklər, üç min illiklər keçəcək” Tanrıya məktublar ” dakı şeirlər öz təravətini itirməyəcək. Tanrıya xitab olan bu kitabın ömrü Ayın, Günəşin, suyun, havanın ömrü qədər olacaq. Qalır şairə uğurlar diləmək. Eşq olsun gözəl şairimizə, ucaların Adamına!
Sovet yazıçılarının birinci qurultayı, Moskva, 17 sentyabr, 1934.
Ön cərgədə: 1) Əli Nazim 2) Səməd Vurğun 3) Aleksey Tolstoy 4) Maksim Qorki 5) SALMAN MÜMTAZ 6) Məhəmmədkazım Əliəkbərli Arxa cərgədə: 1) Yusif Şirvan 2) Əbülhəsən Əliəkbərzadə 3) Mikayıl Rəfili 4) Əli Səbri Qasımov 5) Arşavir Darbni 6) Cəfər Cabbarlı 7) Mehdi Hüseyn 8)Əhməd Bədi Triniç 9) Qafur Əfəndizadə
Milli Kitabxana tərəfindən Koha AKİS üzrə onlayn təlimlərə başlanılıb
Azərbaycan Milli Kitabxanası tərəfindən Koha AKİS-də həyata keçirilmiş yeniliklər və təkmilləşdirmələr nəzərə alınmaqla, 21 yanvar tarixindən etibarən 8 günlük onlayn təlimlərin keçirilməsinə başlanılıb.
21-23 yanvar tarixlərində keçirilmiş təlimlərdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları iştirak edib.
Onlayn təlimlərin keçirilməsində əsas məqsəd Koha proqram təminatında edilmiş yeniliklərin kitabxana əməkdaşlarına düzgün və effektiv şəkildə çatdırılması, yenilənmiş funksiyaların praktiki istifadəsinin öyrədilməsi, eyni zamanda proqramdan istifadə zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına metodiki dəstək göstərilməsidir. Təlimlər kitabxanalarda vahid iş prinsiplərinin formalaşdırılmasına və elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Təlim proqramı çərçivəsində iştirakçılara Koha sisteminin yenilənmiş modulları üzrə ətraflı nəzəri məlumatlar verilir, ekran paylaşımı vasitəsilə real iş prosesinə uyğun praktiki əməliyyatlar nümayiş etdirilir. Bununla yanaşı, iştirakçıların gündəlik fəaliyyət zamanı rastlaşdıqları məsələlər müzakirə olunur, suallar cavablandırılır və mövcud problemlərin həlli yolları üzrə izahlar təqdim edilir.
Şairlər də Tanrının elçiləridir. Bu inama məni Süleyman Abdullanın “Qar duası” gətirdi. O, “Tanrının qarla dediyini” bizə poetik dillə çatdırdı. Anlatdı ki, qar “qaranlıqları üşütmək” üçün yağıb…
Nə yaxşı ki, yağdı bu qar. Bəlkə bizi qorxudan qatı qaranlıqları qorxudar həm də. O qədər qaranlıqlar var ki, içində özümüzü görə bilmirik, fikirdən başımızı itiririk. Bəlkə dübbədüz çıxan hava proqnozunun gətirldiyi ilahi bəyazlıq aydınladar bu qaranlıq müəmmaları…
Süleyman Abdulla öncəgörənlik edir – hava proqnozu verir, bizim işimizə “şərik” olmaq iddiasındadır. Biz onun şeir mülkündən qidalanmaq istəyəndə əlimiz ona çatmır, çünki o zirvəyə yol gedir. O, zirvədə “Qar duası” edəndə açılmış qoşa əli Tanrının əlinə çatır. Əlimiz Tanrının əlində olmaq bizim də arzumuzdur. Tanrı da həqiqi sözə vurğun olduğundan şairlərin əllərindən yapışıb. Bizim isə bircə işimiz qalır – Tanrıya əl uzadanları uğurlamaq…
Amma öz aramızdır, şair yazanda ki, “bizim üçün təhlükə şimaldan gələndir, tutmaq olmur səmtini”, tam doğru deyir. Şimaldan – “sever”dən – “nord”dan gələnlər – istər hava kütlələri, istərsə də Pyotr törəmələri 200 ildən çoxdur ki, başımızın üstündə Domokl qılıncı kimi dayanıb başımızın üstündə, həmişə qaraltmağa çalışır Göy Tanrının göylərini və böyük Türkün qaynar qanını.
Qan yerdə qalacaqmı? Nə vaxt onların “tövrünü anlayacaq, təhərini biləcəyik”?..
Bizim proqnozlarımız üst-üstə düşür, qazi Süleyman. Sən də hidrometeoroloqların dediyini deyirsən şair diliylə:
İndi Qarabağda daha soyuqdu, üşüyür küçələrin boşluğu… Bir də komendant saatı Xankəndindəki sülhməramlıların qolunda. Laçın dəhlizinə yağan yenə də qürbət qarıdır…
Kəlbəcərin yollarına heyran-heyran baxardıq. Xocalının qanlı qarının rəngi hələ dəyişməyib. 10 noyabr o yerlərin dumanını daha da qatılaşdırıb. Məramı müəmmalılar icazə vermirlər Xankəndinə, Xocalıya gedib o yerlərin temperaturunu ölçməyə, küləyinin səmtini təyin etməyə. Orada şimal küləyini “hay” küləkləri əvəz etmişdi, indi də “sever” səmtindən əsir. Bizim küləkölçənimiz qalıb “hay”la – huyun arasında.
Şair, minalar alan canları kimin üstünə yazaq? Qar altda gizlənən erməni xislətli mərmininmi, niyyəti, məramı məchullarınmı?
Hər sabah işıq qəlpələri ümidində, hər axşam mərmi partlayışı xofunda…
Göy Tanrı bizə ismarışlar göndərir, şair-qazi qardaş (qandaş). Deyəsən o, nəhayət bizə baxır. Ustad Məmməd İsmayılın duası müstəcəb olub:
Sən də bizim kimi göyə baxırsan? Dönüb yaratdığın yerə bax, Allah!
Bəli, Süleyman Abdulla,
“Tanrı qarla dedi gecə həqiqətləri… …İndi bizi eşidən vaxtıdı göylərin”…
Tanrı deyib ki, səndən hərəkət, məndən bərəkət…
Sizin də, hidrometeoroloqların da proqnozları dəqiqmiş…