RAFİQ ƏLİYEVİN İMZA ATDIĞI İLKLƏR

RAFİQ ƏLİYEVİN İMZA ATDIĞI İLKLƏR

Zamanı qabaqlayanlar, sükutu pozanlar, yenilik yaradanlardır İLKlər. Adlarını tarixə yazanlar, tarixi yaşadandanlardır İLKlər. İmzası imzalar içində olanlardı İLKlər. Bütün zamanların adamlarıdır İLKlər.
Nə yaxşı ki adları tarixə düşən, dünyanın yönünü dəyişən, imzası imzalar içində, adı ilk sıralarda olanlarımız var. Dünya şöhrətli alim Rafiq Əliyev kimi.
Keçən əsrin 60-cı illərinin axırlarında R.Ə.Əliyev intellektual sistem lərdə idarəetmə və qərar qəbuletmə proseslərinin inteqrasiyası ideyasını irəli sürdü. Çoxsəviyyəli mürəkkəb sistemlərdə koordinasiyanın (əlaqələndirmənin) yeni metodları təklif edildi. İlk dəfə olaraq onun təklif etdiyi koordinasiya funksiyası anlayışı əsasında yeni sinif sistemlər yaradıldı. Müəllifin bu sahədə əldə etdiyi elmi nəticələr onun 1981, 1983, 1987 və 1989-cu illərdə nəşr olunmuş monoqrafiyalarında əks olunmuşdur.
R.Ə.Əliyevin tədqiqatlarının başqa yeni bir istiqaməti də süni intellekt üsullarına əsaslanan qeyri-səlis ekspert sistemlərin yaradılması oldu.
R.Ə.Əliyev qeyri-səlis mühitdə fəaliyyət göstərən intellektual robotların yaradılması sahəsində yeni elmi istiqamətin müəllifidir.
R.Ə.Əliyevin qeyri-səlis məntiq və Soft Kompütinq nəzəriyyəsinin işlənilməsi və tətbiqi sahəsində əldə etdiyi sanballı nəticələr ölkəmizdə və xaricdə yüksək qiymətdirilmişdir. Dünya elmi ədəbiyyatında ilk Soft Computing monoqrafiyası onun tərəfindən yazıldı və 3-4 il müddətində bestseller oldu.
R.Ə.Əliyev insan mühakiməsi meyarlarına daha dürüst cavab verən 3 qeyri-səlis məntiq (ALİ-1, ALİ-2, ALİ-3) təklif etmişdir. Bunun üçün lazımi teoremlər verilmiş və isbat olunmuşdur. 1996-1999-cu illərdə dünya alimləri və mühəndisləri bu üç məntiqin digər məntiqlərə nəzərən daha səmərəli olduğunu eksperimental nəticələrlə təsdiq etmişlər. Bu sahədə elmi nəticələr 1991-ci ildə (Almaniya), 1991-ci ildə (Moskva), 1993-cü, 2000-ci illərdə (Almaniya, L.Zadənin ön sözü ilə), 2001-ci ildə (ABŞ, L.Zadənin ön sözü ilə) çap olumuş monoqra¬fiyalarında şərh olundu.
Hazırda elm və texnikanın başlıca istiqamətlərindən biri də paylanmış süni intellektdir. R.Ə.Əliyev 1988-ci ildə qeyri-səlis paylanmış intellektual sistemlərin elmi konsepsiyalarını və qurulma üsullarını təklif etdi. O, paylanmış intellektual sistemlərin qurulmasının başlıca prinsiplərini, modellərini vermiş, nəzəri əsasını işləmişdir. Mövcud elmi istiqamətə alternativ olan və qeyri-səlis mühitdə işləyən paylanmış multiagent intellektual sistemlər adlanan yeni elmi istiqamət təklif etdi.
Professor Əliyev professor Lütfi Zadə ilə birlikdə qeyri-səlis dayanıqlıq konsepsiyası ideyasını irəli sürərək dinamik sistemlərin ümumiləşdirilmiş dayanıqlıq nəzəriyyəsinin əsaslarını işləyib hazırlamışdır.
Əliyev qeyri-səlis məntiqə əsaslanan ümumiləşdirilmiş qərarlar nəzəriyyəsini təklif etmişdir. Qeyri-səlis məntiqə əsaslanan qərarların təhlili sahəsində tədqiqatın yeni mərhələsində professor Əliyev davranış qərarlarının təhlili üçün yeni prinsip kimi kombinəedilmiş vəziyyət konsepsiyasını təklif etmişdir.
Professor Əliyev Z-ədədlər nəzəriyyəsinin müəllifidir. Bu işlərə Z-ədədləri üzərində əsas hesab və cəbri əməllər, Z-ədədlərinin sıralanması, Z-çoxluqlar üzərində əməllər və digər nəticələr daxildir.
İlk dəfə, şərt və nəticə hissəsi Z-ədədlərlə ifadə edilən ƏGƏR-ONDA qaydaları ilə məntiqi çıxarış üsulu təklif etmişdir.
Professor Əliyev kombinə olunmuş vəziyyət və Z-ədəd konsepsiyalarına əsaslanan ümumi qərar qəbuletmə nəzəriyyəsini təklif etmişdir. İnformasiyanın qismən etibarlılığının nəzərə alınması dəyişkənlik, natamamlıq və mürəkkəbliklə xarakterizə olunan iqtisadi davranış üçün, xüsusilə, vacibdir. Ümumi qərar qəbuletmə nəzəriyyəsi insanların davranış determinantları ilə problem göstəricilərin qarşılıqlı əlaqəsini nəzərə alır. Nəzəri və eksperimental olaraq sübut olunub ki, Gözlənilən Faydalılıq (Fon Neyman, Nobel ödülçüsü), Prospekt Nəzəriyyəsi (Kanenman Nobel ödülçüsü) Rafiq Əliyevin təklif etdiyi ümumi qərar qəbuletmə nəzəriyyəsinin xüsusi hallarıdır.
İlk dəfə sosial elmlərdə qeyri-səlis məntiqin tətbiqi ilə Kamal Abdulla və Ziya Səlcuqla birlikdə araşdırmalar aparmışdır. Nəticələr “Kitabi-Dədə Qorduq” dastanının yeni çalarlarına, süni intellektin gələcəyi olan təbii dil proseslərinin tədqiqinə və hamıya ünvanlanmış qeyri-səlis məntiq əsərləri “Springer” nəşriyyatında Almaniyada, Türkiyədə, Özbəkistanda müxtəlif dillərdə çap olunmuşdur.
Rafiq Əliyevin sədrliyi ilə qeyri-səlis məntiqə, süni intellektə, idarəetmə və qərar qəbuletməyə həsr olunmuş dünyanın müxtəlif ölkələrində bu sahədə ekspertlərin, tanınmış alimlərin iştirakı ilə keçirilən 3
– International Conference on Theory and Application of Fuzzy Systems, Soft Computing and AI tools – ICAFS;
– International Conference on Theory and Application of Soft Computing, Computing with Words, Perceptions and Artificial Intelligence ICSCCW;
– World Conference on Intelligent Systems for Industrial Automation WCIS;
beynəlxalq elmi konfransların təşkilatçısıdır.

Beləliklə, Rafiq Əliyev bütün zəngin elmi yaradıcılıq boyu 5-6 mühüm nəzəriyyəyə imza atmışdır.

Rafiq müəllimin 60 illik pedoqoji fəaliyyəti də ilklərlə zəngin olmuşdur. Birbaşa qeyd edək ki, R.Ə.Əliyevin pedaqoji fəaliyyəti təhsilin bütün pillələrini harmonik əhatə edir. O, yüksək ixtisaslı mütəxəssislər – elmlər namizədləri (fəlsəfə doktorları) və elmlər doktorları yetişdirməklə yanaşı mühəndis kadrları hazırlama işinə, müasir tələblərə cavab verən biznesin idarə edilməsi üzrə mütəxəssislər və orta məktəb şagirdlərinin informatika sahəsindəki təhsilinə də böyük diqqət yetirmişdir. O, 200-dək fəlsəfə doktoru, 30-dan çox elmlər doktorları hazırlayıb, onların arasında Azərbaycanla yanaşı Türkiyə, Almaniya, Rusiya, İran, ABŞ, Şimali Kipr və digər ölkələrdən olan yetirmələri də var.
Professor Rafiq Əliyev ilk fundamental “Fuzzy logic theory and application”, (L.Zadeh, R.Aliev) monoqrafiyasının, dünyada ilk “Soft Computing” dərsliyinin, dünyanın yüzlərlə universitetində tədrisdə istifadə olunan və türk dilinə tərcümə olunan “Soft Computing and Its Applications in Business and Economics” (Esnek hesaplama: İşletme ve Ekonomide uygulamaları) dərsliklərinin müəllifidir.
Rafiq Əliyev süni intelekt sahəsində 1992-ci ildə “Süni intelektin mifləri və reallıqları” kitabını və 2024-2026-cı illərdə “Süni intelekt” (600 səhifəlik) 4 dildə dərsliyini yazmışdır.
Səksəninci illərin axırlarında prof. R.Ə.Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasını yaratdı. O, kafedranın nəzdində “İntellektual sənaye idarəetmə sistemləri” adlı elmi-tədqiqat problem laboratoriyasını da yaratdı.
Rafiq Əliyev ilk dəfə olaraq Azərbaycana MBA Proqramları gətirmiş, müxtəlif maneələrə və qısqanclıqlara rəgmən bunlar 28 ildir davam edir və ölkənin müxtəlif universitetləərində tədris olunur.
Onun iştirakı ilə respublikanın ali tədris müəssisələrində 6 yeni ixtisas açılıb. Bu ixtisaslar mühəndis, süni intellekt, yeni informasiya texnologiyaları, Soft Kompütinq sahələrindəki bilikləri özündə cəmləşdirir, iqtisadiyyatımızın gələcəyinə yeni, qeyri-adi baxışları əks etdirir, perspektiv inkişafı müəyyən edir. Bu ixtisasları nəzərdən keçirək: Kompüter informasiya sistemləri, Biznesin idarə olunması, Menecment, Biznes informatikası, Mexatronika və s.
Təkcə bunu qeyd etmək kifayətdir ki, onun köməyi ilə Təbriz Universitetində avtomatik idarəetmə üzrə yeni ixtisas açılmış, neyron şəbəkələr və qeyri-səlis məntiq kursları təşkil edilmişdir.
Corciya Dövlət Universitetinin professoru seçilən R.Ə.Əliyev bu Universitetin tədris planlarına yeni – Qərar qəbuletmə sistemlərində yeni texnologiyalar – kursunu daxil etmiş və özü mühazirələr oxumuşdur.
Məlumdur ki, alimin, müəllimin elmi-pedaqoji fəaliyyətini qiymətləndirərkən əsas meyarlardan biri də onların əsərlərinə istinad etmələrin miqdarıdır. Professor R.Əliyevin kitablarından dünyanın məşhur universitetlərində bir dərslik kimi istifadə edildiyini, onun elmi irsinə yüksək qiymət verildiyini eşitdikdə adam daxili bir iftixar hissi keçirir. Məsələn, Almaniyanın Münxen şəhərində Franzis-Verlag GmbH nəşriyyatında 1994-cü ildə dərc olunmuş 316 səhifəlik Messen, Steuern und Regeln mit FUZZY-LOGIK kitabı Zigen Universitetində, Berlindəki Technik Verlag nəşriyyatında 2001-ci ildə çap edilmiş 448 səhifəlik Soft Computing eyne grundlegende einfyhrung əsəri Neyron şəbəkələr kursunun proqramına uyğun olaraq Almaniyanın Darmştadt Universitetində, məşhur World Scientific nəşriyyatında (ABŞ, İngiltərə) dərc olunmuş 450 səhifəlik Soft Computing and its Application kitabı isə Amerika, Avropa, Asiya və Avstraliyanın bir çox universitetlərində, o cümlədən Koliforniyadakı Berkli Universitetində, Boston Universitetində tədris proqramlarına əsas dərslik kimi daxil edilib.
O həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin aşağıdakı ixtisaslarının akkreditasiya olunması işinə böyük əmək sərf etmiş və özü tərəfindən açılması təklif olunan aşağıdakı ixtisasların beynəlxalq akkreditasiya olunmasına nail olmuşdur:
FIBAA (Foundation for International Business Administration Accreditation) tərəfindən akkreditə olunmuş ixtisaslar bunlardır: İqtisadiyyat; Sənaye mühəndisliyi; Kompüter mühəndisliyi; Menecment; Biznesin idarə edilməsi; Biznesin təşkili və idarəedilməsi; İdarəetmədə informasiya sistemləri; Heyətin idarə edilməsi; Marketinq ASIIN (Accreditation in Engineering Computer Sciences Natural Sciences Mathematics) tərəfindən akkreditə olunmuş ixtisas Mexatronika və robototexnika mühəndisliyidir.
Professor Rafiq Əliyevin mühazirə oxuduğu Universitetlər: Corciya Dövlət Universiteti (ABŞ); Azərbaycan Dövlət Neft və Sənaye Universiteti; Bakı Dövlət Universiteti; Sumqayıt Dövlət Universiteti; Təbriz Universiteti; Zigen Universiteti; Yaxın Doğu Universiteti (Şimali Kipr); Toronto Universiteti (Kanada); Berkli Universiteti (ABŞ); Daşkənd Texniki Universiteti və s.
Yenilikləri, böyük uğurları ilə tarixdə qalanlar həmişə yaşayanlardır.

Müəllif: RƏFAİL TAĞIZADƏ 

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

                                                                    

“Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” adlı kitab işıq üzü görüb

“Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” adlı kitab işıq üzü görüb

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə Mifologiya şöbəsinin aparıcı emi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlunun “Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” adlı kitabı nəşr olunub.

Kitabda Azərbaycan folklor düşüncəsi ənənəvi və müasir baxışlardan təhlil edilir. Əsər folklorun dərin köklərini və inkişafını araşdırmaqla yanaşı, müasir dövrə təsirini də əhatə edir, həm nəzəri, həm də praktiki aspektlərdən zəngin təhlillər təqdim edir.

Tədqiqatda Azərbaycan folklorunun müxtəlif aspektləri geniş şəkildə təhlil olunur. Dastan düşüncəsi, Tanrıçılıq görüşləri, ulusal dəyərlər və ailəçilik ənənələri, mifoloji obrazlar və Xeyir-Şər ideyaları kimi mövzular müxtəlif bölmələrdə müzakirə edilir. Həmçinin, folklorşünaslıqda janrların araşdırılması və folklor düşüncəsinin müasir tələblərlə əlaqəsi də diqqətə çatdırılır.

Kitabın ilk bölmələrində Azərbaycan xalqının qədim mifoloji düşüncə tərzini təmsil edən əhəmiyyətli əsərlər, xüsusilə “Kitabi-Dədə Qorqud” dastanı təhlil edilir. Bu dastanın strukturunda və alt qatlarında Tanrıçılıq görüşlərinin aydın izləri qorunduğu göstərilir. Dastanın içindəki mifoloji və sosial dəyərlərin, həmçinin xalqın yaşam tərzinin necə əks olunduğu üzərində dayanan müəllif, bu əsərin xalqın ruhunu və dünya görüşünü hansı formada qoruyub saxladığını vurğulayır.

Kitabda xüsusi olaraq aşıq sənətinə, xüsusilə də “Azərbaycanın aşıq sənəti ulusal dəyərimiz kimi” adlı araşdırmaya diqqət yetirilir. Burada, sazın səsində əcdadın təbiətə olan yaxınlığı, onunla birliyinin ifadə olunduğu qeyd edilir. Aşıq musiqisinin təbiətlə yarışmaq, onu öymək və həyatın mənasını onlardan bilmək kimi dərin mənalar daşıdığı göstərilir. Bu sənətin, eləcə də folklorun müxtəlif janrlarının zamanla dəyişmə və yenilənmə prosesləri də təhlil olunur.

Kitabın digər bölmələrində milli dəyər anlayışı daha da dərindən açılır. “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları əsasında, bu milli dəyərlərin qorunması və zamanla dəyişən dünyaya uyğunlaşması göstərilir. Müəllif bu dastanlarda xalqın tarixinin, mübarizəsinin və ruhununun bədii şəkildə ifadəsini araşdırır. Eyni zamanda, “Koroğlu” obrazı ilə müqayisədə bu qənaətə gəlinir ki, əcdad düşüncəsində kökü qədimlərdən gələn obrazın yeni çağda, ulusun ayaqda və kökə bağlı qalması üçün fiziki döyüşkən bir obrazda təsvirinə ehtiyac yaranır. Lakin mahiyyət etibarilə bu obrazın ruhu dəyişməz qalır.

Nizami Gəncəvinin yaradıcılığı, xüsusilə “Yeddi gözəl” poemasında Xeyir və Şər ideyalarının açılması da diqqətə çatdırılır. Bu ideyaların türk xalqının xarakteri və düşüncəsi ilə əlaqəsi, həmçinin mifoloji düşüncədən bədii ədəbiyyata keçid prosesləri müfəssəl şəkildə təqdim edilir. Bu bölmədə göstərilir ki, Nizami Gəncəvi bu mövzuya təbii bir şəkildə yanaşaraq, ulusal məntiqi ədəbiyyatında əks etdirib.

Kitabda Nəsimi və Füzulinin yaradıcılığı da əhatə edilir. Nəsimi yaradıcılığında mifoloji obrazların yüksək ədəbi səviyyədə ifadəsi, onun poeziyasının necə birləşərək daha mükəmməl bir bədii sistemə çevrildiyi təhlil edilir. Füzulinin qəzəllərində isə mifoloji obrazların çoxçalarlılığı onun yaradıcılığının genişliyini və emosional zənginliyini ortaya qoyur. Xüsusilə, Füzulidə “Od” obrazının mifoloji mahiyyəti ilk dəfə təhlil edilir və bu obrazın poeziyasındakı əhəmiyyəti izah edilir.

Seyid Əzim Şirvaninin poeziyasında folklor düşüncəsi və mifoloji obrazların yerini müəyyən edən araşdırmalar da kitabda geniş yer alır. Bu bölmədə göstərilir ki, şairin qəzəllərində folklor və mifoloji duyum heç vaxt tükənmir, əksinə, hər yeni dövrün və dəyişən zamanın mənəviyyat imkanları ilə daha da zənginləşir. Şirvaninin əsərlərindəki bu folklor təsirlərinin insanın təbiət və dünya ilə əlaqəsini necə möhkəmləndirdiyi açıqlanır.

Kitabda Aşıq Ələsgərin yaradıcılığı da təhlil edilir. Onun ictimai məzmunlu və təbiətə həsr olunmuş əsərlərində Dədə Qorqud ənənəsinin açıq şəkildə yaşatıldığı qeyd edilir. Aşıq Ələsgər, öz bədii yaradıcılığında xalqın dünya görüşünü və həyatın mənasını təbii şəkildə əks etdirir və bu ənənəni yeniləyərək müasir dövrə uyğunlaşdırır.

Kitabda “Molla Nəsrəddin” karikaturalarındakı folklor elementləri də ətraflı şəkildə təhlil edilir. Karikaturaların, folklordan gələn obrazlar və xalq təfəkkürü ilə gücləndiyi və ümumiləşdirici təsir gücünün əldə edildiyi göstərilir. Bu vizual satira ilə folklor arasındakı əlaqələr, cəmiyyətin sosial və mənəvi məsələlərinə dair güclü mesajlar verir.

Kitabın bir digər maraqlı bölməsi isə İblis obrazının mifoloji-dini şüurda və yazılı ədəbiyyatda təsvirinə aiddir. Hüseyn Cavidin “İblis” pyesində bu obrazın simvolik və fəlsəfi mənası geniş şəkildə təhlil edilir. Burada İblisin yalnız Şərin simvolu deyil, həm də insanın mənəvi məsuliyyəti, seçim azadlığı və ədəbiyyatın gələcək özünütəsdiq imkanlarını əks etdirən bir fəlsəfi konsepsiya olduğu vurğulanır.

Kitabda əlavə olaraq, Azərbaycan folklorunun müxtəlif dövrlərdəki inkişafını və müasir tendensiyalarını əhatə edən bir çox araşdırma yer alır. “Folklorda Cümhuriyyət hadisələri”, “Şirvan aşıq mühiti və repressiya”, “Cəfər Cabbarlı: xalq ruhundan güc alan həqiqət axtarışları”, “Adət-ənənə, mərasim və bayramlar etnopsixoloji ruhun ifadə forması kimi” və digər yazılar Azərbaycan folklorunun zənginliyini və sosial mədəni həyatdakı rolunu hərtərəfli şəkildə təhlil edir.

Qeyd edək ki, “Elm və təhsil” nəşriyatında işıq üzü görən 240 səhifəlik kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, rəyçiləri isə filologiya elmləri doktoru, professor Ramil Əliyev və filologiya elmləri doktoru, dosent Şakir Albalıyevdir. Kitaba professor Ramil Əliyev “Azərbaycan folklor düşüncəsinə özünəməxsus baxış” adlı ön söz yazıb. Kitab Azərbaycan folklorunun müxtəlif aspektlərinə işıq tutaraq, onun zəngin mədəni irsini daha da dərinləşdirir və geniş oxucu kütləsinə təqdim edir.

Kitaba keçid üçün link: https://folklor.az/uploads/research/files/Elchin_Galiboglu_20261770555961.pdf

Mənbə: Folklor İnstitutu

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sergey Yeseninin həyat və yaradıcılığı ilə bağlı 10 MARAQLI FAKT

Sergey Yeseninin həyat və yaradıcılığı ilə bağlı 10 MARAQLI FAKT:

  1. Sergey Yeseninin şeirləri ilk dəfə 1914-cü ildə «Мирок» jurnalında dərc olunub. Onun ilk şeirlər toplusu isə 1916-cı ildə işıq üzü görüb və «Radunitsa» adlanıb.
  2. 1909-cu ildə Sergey Yesenin kilsə-icma müəllimlər məktəbində təhsil alıb. Bu bina bu gün artıq məktəb deyil, Yesenin ev muzeyi kimi fəaliyyət göstərir.
  3. Məktəbi 1912-ci ildə bitirdikdən sonra Yesenin Moskvaya köçüb və bir müddət ət dükanında işləyib.
  4. Yesenin üç dəfə evlənib. Onun sonuncu həyat yoldaşı Sofya Andreyevna Tolstaya olub — o, Lev Nikolayeviç Tolstoyun doğma nəvəsi idi.
  5. Yeseninin ikinci evliliyi xüsusilə diqqətçəkəndir. Onun həyat yoldaşı — amerikalı rəqqasə Ayzedora Dunkan rus dilini bilmirdi, Yesenin isə ingilis dilində ümumiyyətlə danışmırdı. Nəticədə bu evlilik bir ildən bir az çox davam etdi.
    1968-ci ildə Ayzedora Dunkana həsr olunmuş britaniya-fransız istehsalı «Ayzedora» filmi çəkildi. Yesenin rolunu Zvonimir Çrnko adlı aktyor canlandırmışdı.
  6. Sergey Yesenin — şeirlərinə çoxlu sayda mahnılar bəstələnmiş rus şairlərindən biridir. Müxtəlif dövrlərdə onun şeirlərini Aleksandr Malinin («Zabava»), «Alfa» qrupu, Lyudmila Zıkina («Slyışiş, mçatsya sani»), Nadejda Babkina («Otqovorila roşa zolotaya»), Galina Nenaşeva («Beryoza»), Nikolay Karaçentsov («Koroleva»), Oleq Poqudin, Nikita Ciqurda, «Monqol Şuudan» qrupu («Moskva»), Vika Tsıqanova, Zemfira və bir çox digər ifaçılar səsləndirib.
  7. Evli olduğu dövrdə Sergey Yeseninin tərcüməçi Nadejda Volpinlə münasibəti olub. Bu əlaqədən 1924-cü ildə onların nikahdankənar oğlu Aleksandr dünyaya gəlib. O, uzun və məhsuldar bir həyat yaşayıb və Yesenin-Volpin soyadını daşıyıb.
  8. 28 dekabr 1925-ci ildə Sergey Yesenin «Anqleter» mehmanxanasındakı otağında, istilik borusundan asılmış vəziyyətdə tapılıb. Eyni zamanda qanla yazılmış vida məktubu da aşkarlanıb — bu, «Əlvida, dostum, əlvida…» adlı şeir idi. Sergey Yesenin Moskvada, Vaqankovo qəbiristanlığında dəfn olunub.
  9. Bu günə qədər Yeseninin ölümü ilə bağlı mübahisələr davam edir. Bir çoxları onun intihar etmədiyini, buna səbəb olmadığını düşünür. Müasirləri qeyd edirdilər ki, ölümündən bir gün əvvəl o, şən və həyat dolu idi, üstəlik yeni şeirlər toplusunun nəşrini səbirsizliklə gözləyirdi.
  10. Sergey Yeseninin ədəbi məsələlər üzrə katibəsi də olub. Galina Arturovna Benislavskaya beş il ərzində Yeseninin bütün ədəbi işləri ilə məşğul olub, redaksiyalarla danışıqlar aparıb. Galinanın Yeseninə dərin bağlılığı var idi və dostlarının sözlərinə görə, şairin özünə yeganə yaxın bildiyi xanım olub . O, hətta Yeseninin dostlarını və bacısı Yekaterinanı onların münasibətlərini pozmaqda ittiham etmişdi.
    Yeseninin ölümündən təxminən bir il sonra, 3 dekabr 1926-cı ildə, Galina Benislavskaya Vaqankovo qəbiristanlığında Yeseninin məzarı yanında özünü güllələyib O, vida məktubu da qoymuşdu və orada bu sözlər yazılmışdı:
    «Bu məzarda mənim üçün ən qiymətli olan hər şey var…»

Məlumatı hazırladı: TURAL CƏFƏRLİ

TURAL CƏFƏRLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ssenari yaradıcılığına həsr olunmuş yeni nəşr

Ssenari yaradıcılığına həsr olunmuş yeni nəşr

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzinə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) tərəfindən rus yazıçısı və dramaturqu Aleksandr Çervinskinin “Yaxşı ssenarini yaxşı qiymətə necə satmaq olar?” adlı kitabından 30 nüsxə hədiyyə edilmişdir. Sözügedən nəşr ssenari sənətinin nəzəri və praktiki əsaslarını əhatə etməklə, bu sahədə təhsil alan tələbələr, gənc ssenaristlər və yaradıcı mütəxəssislər üçün mühüm elmi-metodik mənbə kimi dəyərləndirilir.
Müəllif kitabda ssenarinin mahiyyəti, onun struktur quruluşu, yazılış prinsipləri, dramaturji gərginliyin yaradılması və tamaşaçı diqqətinin cəlb olunması kimi fundamental məsələləri sistemli şəkildə təhlil edir. Aleksandr Çervinski, xüsusilə, vurğulayır ki, müasir dövrdə kino istehsalında texnoloji yeniliklər və yeni dramaturji yanaşmalar geniş tətbiq olunsa da, peşəkar ssenari yaradıcılığının əsas estetik və məzmun prinsipləri dəyişməz olaraq qalır. Müəllif dünya kinematoqrafiyasının klassik nümunələrinə istinad etməklə oxuculara yaradıcı təfəkkürün inkişaf etdirilməsi və emosional baxımdan dolğun, bədii cəhətdən təsirli ssenarilərin yazılması yollarını təcrübi nümunələr əsasında təqdim edir.
“Parlaq imzalar” nəşriyyatında işıq üzü görən kitab rus dilindən kinotənqidçi Aygün Aslanlı tərəfindən tərcümə edilmişdir. Nəşrin elmi redaktorları Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü, sənətşünas və pedaqoq Nadir Bədəlov, həmçinin Toğrul Musayevdir. Layihənin rəhbəri AKİ-nin icraçı katibi Əli İsa Cabbarovdur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc ssenaristlərin və kino ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar inkişafını dəstəkləmək məqsədilə hər il kino sənətinə dair müxtəlif elmi, nəzəri və metodik nəşrlərin hazırlanmasını və çapını ardıcıl şəkildə həyata keçirir. Bu qiymətli nəşrin ADMİU Kitabxana-informasiya mərkəzinə təqdim edilməsində göstərdiyi təşəbbüsə və ümumilikdə gənc yaradıcı nəslin elmi-intellektual inkişafına verdiyi davamlı dəstəyə görə Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.

ADMİU Kitabxana-informasiya mərkəzi

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sevil Gül Nur – Şirin nağıl

Şirin nağıl

Xatirənlə dolu olan bu otaq
Bu səhər də elə səndən danışdı.
Yenə hisslər üstələdi ağılı,
Yenə hisslər xəyalına yanaşdı.

Həsrət adlı bu dərd ki var, ağırdır,
Çalışsan da, atammazsan bu dərdi.
Unutmağa cəhd edənlər bilərlər,
Unutmaq da xatirəyə qədərdir.

Bütün günü başını qat, gəz, dolan,
Bütün günü keçmişindən uzaq qaç.
Sonra birdən bir söz eşit, nəğmə duy,
Sonra yenə xəyallara qucaq aç…

Unutmağa ha çalışdım, olmadı,
Hər tərəfdə xatirən var bir yığın.
Çiyinlərim çəkə bilmir bu yükü,
Qürurumdan ağır imiş yoxluğun.

Dönüb gəlsən, bağışlaram yenə də,
Adam olmaz məndən belə ağılla.
Yenə danış, bilə-bilə inanım,
Şirin olur sən danışan nağıllar.

Daha getmə, dərd almasın canımı,
Görünməsin gözlərimdə bir də nəm.
Gəl, dolayım qollarımı boynuna,
Pıçıldayım: Darıxmışdım, birdənəm…

    1. 2026

Müəllif: SEVİL GÜL NUR

SEVİL GÜL NURUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“YARADICILIQ PROSESİNDƏ İLHAM MƏLƏKLƏRİMƏ YALVARMAQDAN BAŞQA İŞİM YOXDUR

“YARADICILIQ PROSESİNDƏ İLHAM MƏLƏKLƏRİMƏ YALVARMAQDAN BAŞQA İŞİM YOXDUR

Müsahibimiz Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, Özbəkistan Respublikasının “Əməkdar mədəniyyət işçisi”, “Dostluq” ordenli şair, yazıçı dramaturq və tərcüməçi Fəridə Əfruzdur.

— Əvvəla, sizi Özbəkistan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edirəm!
Bu mükafatı qəbul etdiyiniz an hansı hissləri yaşadınız?

— Hər bir mükafat Allahın nemətidir.
Tanınmaqdan doğan sevinc ömrünün zinətinə, həyatının mənasına çevrilir.
Xüsusən də mükafatı Vətən başçısının öz əlindən almaq çox böyük hadisədir.
Bu cür diqqət və iltifat yalnız seçilmiş insanlara nəsib olur.
O an bir həqiqəti də dərk etdim: Prezident əlini tutub səni təbrik edəndə mükafatın növü əhəmiyyətini itirir — istər fəxri fərman olsun, istər qəhrəmanlıq adı, fərqi yoxdur.
Əsas olan Vətən atasının qarşısında dayanmaqdır; gözünün içinə baxmaq, üzündəki nurun içində yoğrulmaqdır.
Bu an insanı Vətən bağının uca bir ağacına çevirir, millət sarayının parlaq çırağı kimi nur saçmağa çağırır.
Layiq olanlar arasında layiqli olmaq şərəf tacını başına qoyur.

— Sizin bir şair və şəxsiyyət kimi formalaşmağınızda — Kokand ədəbi mühitinin, tarixi şəhər ruhunun rolu nə olub?

— Kokandın, daha doğrusu “Lətifi Kokand”ın mənim taleyimdəki yeri ölçüyəgəlməzdir.
Min dəfə şükür ki, mən belə bir torpaqda doğuldum, böyüdüm, yetkinləşdim, səadət tapdım, məhəbbət tapdım və ən əsası — poeziya tapdım.
Böyük şairəmiz Nadirabəyimin dövrü haqqında yazırlar ki: “Şəhərdə 376 məhəllə var idi və onların hər birində ən azı dörd şairə yaşayırdı.”
Bu fakt onu göstərir ki, mənim də hansısa nənələrim şairə olub. Bəlkə Nadirayi-Dəvranin poetik damarlarında axan qanda mənim əcdadlarımın da payı var.
Biz kokandlılar Kokand xanlığının şöhrətli dövrləri, sənəti və sənətkarlığı ilə içimizdə sarsılmaz bir qürurla yaşayırıq. Çünki onun misilsiz şöhrəti “İpək yolu” vasitəsilə bütün dünyaya yayılmışdı. Bu qürur və təsəlli mənim hər bir hüceyrəmdə oyaqdır.

— “Həyatın maskalar tamaşası olduğunu anlayanda, ora maskasız girdiyim üçün utandım”, — deyir Cek London.
Maskalar və müxtəlif simalar içində yaşadığımız bu dünyada əsl simaları tanımaq çətindir. Fəridə Əfruz qəlbin simasını bu tamaşa səhnələrindən necə qoruyur?

— Mən heç vaxt bu səhnələrə çıxmamışam.
Həmişə mənəvi ustadım Mövlana Ruminin “Olduğun kimi görün, göründüyün kimi ol” kəlamına sadiq qalmışam — hərçənd bəzən bu maskasızlıq mənə ağır başa gəlsə də.
Mənim şüarım budur: məni necə varamsa, elə də qəbul edin!
Maska bəzən yolları aça bilər, amma o yolun sonu çıxılmazdır. Maska — yol­suzluqdur, çarəsizlikdir, zəiflikdir.
Maskasızlıq isə mərd yaşamağın həqiqətidir!

— İllər sonra yazdığınız şeirləri yenidən oxuyanda, oradakı özünüzü tanımadığınız hallar olurmu?

— Xeyr, belə hallar olmur.
Çünki qırx il ərzində yazdığım bütün şeirlərdə Fəridə var — səhvləri və uğurları ilə yaşamağı bacaran Fəridə!

— Tərcümədə “şair səsi”ni itirmədən əsərin ruhunu və nəfəsini qorumaq nə dərəcədə çətin və zövqlüdür?

— Tərcümədə şair son dərəcə ayıq-sayıq və zəkalı olmalıdır.
İlk növbədə, tərcümə etdiyin müəllifin sənə nə qədər yaxın olması önəmlidir.
Onun ruhu sənin ruhunla qovuşmasa, tərcümə uğurlu alınmaz.
Əsərin müəllifi sənin həyatının və qəlbinin küçələrində heç olmasa bir dəfə dolaşmış olmalıdır.
Mən iranlı şair Sohrab Sipehini tərcümə edərkən onunla birlikdə Kaşanın geniş küçələrində, tarlalarında, akasiya çiçəklərinin altında gəzdim…

— Anna Axmatova və ya Marina Svetayevadan tərcümə edərkən qadın qəlbinin hansı cəhəti sizə daha çox təsir edir?

— Təkcə Anna və ya Marina deyil, Mehri Hiroti və Zahra Kabirinin əsərlərinə müraciət edəndə də qadın qəlbim onların qadın təbiəti ilə qovuşur.
“Qadını tanıyıram” deyən kişi necə min dəfə yanılırsa, “kişini tanıyıram” deyən qadın da elə min dəfə yanılır.
Qadını qadınca duymaq üçün heç olmasa bir dəfə doğuş ağrısını yaşamaq gərəkdir.
Mən bu rus şairə bacılarımı tərcümə edərkən, onlar kimi həbsxana pəncərəsindən aya baxdım.
Birlikdə ağladım, birlikdə şeir yazdım…

— 2020–2024-cü illərdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiniz.
Siyasi məktəb sizə şair kimi nə öyrətdi?

— Əslində şair insan — dövrün ayıq adamıdır, yəni Vətənin sözü, millətin gözü, xalqın üzüdür.
Şair — ən sadiq siyasətçidir, o ədalətsizliyə, haqsızlığa, alçaldıcı hallara qələmini qılınc kimi açaraq baş qaldıran üsyançıdır.
Mən hər halda belə olmalıyam, deyə düşünürəm.
Parlament mənə dövlətçilik siyasətini, qanunvericilik sənətini, ədalətin köklərini göstərdi. Parlament əsl mənada bir ustad oldu.
Dövlət və xalq arasında körpü olmaq sənətini öyrətdi. Düşüncəmi genişləndirdi, fikirləşmə yollarımı uzatdı.
Əsl şair öz oxu ətrafında fırlanmamalıdır; onun dedikləri xalqın dalğasında daşıya biləcək gücdə olmalıdır.

— Milli poeziyamızın dünya ədəbiyyatındakı yeri haqqında nə düşünürsünüz?

— Milli poeziyamızın yeri dünya ədəbiyyatında kifayət qədər görünmür və bu məni kədərləndirir.
Dünya ədəbiyyatının ən yaxşı, tanınmış şairləri bizim orta səviyyəli şairlərimizlə bərabər qiymətləndirilir.
Bu günlərdə onlar “Nobel” mükafatı alırlar.
Halbuki bizim 3000 illik tariximiz, 3000 illik poeziyamız var.
Bir ədəbin şeirindən Avropa bir film yarada bilər, bir hikmətli sözümüzdən onlarla ruhşünas və life-coach fayda götürür.
Ümidim gənclərdədir, çünki onlar dilləri öyrənirlər.
Amma qorxum da var: öyrəndikləri dillərə çox bağlanıb, ana dilinin həqiqi təbii gücünü, qüdrətini dünyaya göstərmək vəzifəsini unuda bilərlər.

— Qadın ürəyi ayıq və çox həssasdır.
Bu həssaslıq yaradıcılığa nə qədər qanad, nə qədər ağırlıq verir?

— Şeir — duyğular, heyrət və həyəcanlar aləmidir.
Qadının gözlərindəki yaş, qəlbindəki dərd, sevinc və bayramlar məhz bu duyğulardan doğur.
Qadın ətrafındakılardan mərhəmət və məhəbbət gözlədiyi kimi, şairə də poeziyaya diqqət və tanınma gözləyir.
Çünki o bir əlində qələm, bir əlində beşik tutaraq yaradır.
Necə ki, övladını böyüdərək cəmiyyətə hədiyyə verirsə, şairə də şeirlərini kitaba çevirib xalqın qarşısına təqdim edir.

— Yaradıcılıq prosesində özünüzə ən çox verdiyiniz sual nədir?

— Yaradıcılıq prosesində ilham mələklərimə yalvarmaqdan başqa işim yoxdur:
“Gedib qalmayın, dediklərimi deyib alım, yazacaqlarımı yazıb qoyum,” — deyirəm, sadəcə.

— Özbək ədəbiyyatının ən böyük uğuru nədədir ?

— Özbək ədəbiyyatının ən böyük uğuru — köklərinin dərinliyi, təməlinin möhkəmliyidir.
Bizdən əvvəl qələm çalan dahiyanə yaradıcılar o qədər çox və möhtəşəmdir ki, onlara heç bir tərəddüd etmədən güvənə, onlardan rəng ala, fəxr edə biləcəyimiz böyük bir məktəbimiz var.

— “İnsan övladı ən əvvəl özünə sadiq olmalıdır” fikri həyatınıza nə qədər uyğundur?

— İnsan övladı istəsə də, istəməsə də bədəninin quludur, ruhunun isə padşahıdır. Mən həyatımda bu iki şeyin yerini dəyişməsini istəyərək yaşayıram. Yəni nəfsimiz padşah olsa, ruhumuza qul olsa…
İnsanlıqda sadiqlik də elə budur, deyə düşünürəm.

— İnsan özünü nə vaxt itirir, nə vaxt tapır?

— İnsan özünü elmsizlikdə itirir, elm vasitəsilə tapır.
Bu gün gənclər arasında mənəvi boşluqlar haradan qaynaqlanır, deyə düşünürsünüz?

— Kitabsızlıq — cahillik ocağıdır. Burada yalnız nadanlıq və səfehlik alovu yanır.

— İnsanın xarakterində ən təhlükəli duyğu hansıdır, deyə bilirsiniz?

— Laqeydlik. Bu qədər gücü var ki, insanı öldürə bilər.
Ədəbiyyatda isə daha təhlükəli tərəfi odur ki, bəzi insanlar onu silah kimi istifadə edirlər: sanki yanında istedadı görmürlər; görsələr axtarmırlar; tapsalar oxumurlar; oxusalar anlamırlar; anlasalar, bu barədə heç kimə danışmaq istəmirlər.

—Azərbaycan və Özbək ədəbiyyat əlaqələri haqqında…

— Özbək və Azərbaycan xalqları əsrlər boyu şeir, hikmət və nağıl vasitəsilə bir-birinin ruhunu hiss etmişdir.
Bu bağlılıqlar təkcə ədəbiyyatı deyil, həm də milli mədəniyyətimizi və tarixi dəyərlərimizi zənginləşdirir.
Azərbaycan xalqı bizim üçün sadəcə qonşu deyil, ürəyimizin bir parçası, yaradıcılıq ruhumuzun ilham mənbəyidir.
Buna görə də bu ədəbi əlaqələrin daim davamlı olması, yeni nəsillər üçün də ilham qaynağı olaraq qalması çox önəmlidir.
Bizim şeir və hikmət vasitəsilə bu məhəbbət davam edir, xalqlarımızın qəlbləri hər zaman bir-birinə yaxın olur.

Söhbətləşdi: Cahangir NAMAZOV

“Yazarlar” jurnalının beynəlxalq əlaqələr üzrə meneceri, Özbəkistan Respublikası üzrə təmsilçi

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI POLKOVNİK LEYTENANT FAİQ QAÇAY OĞLU QASIMOV

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI POLKOVNİK LEYTENANT FAİQ QAÇAY OĞLU QASIMOV

Faiq Qaçay oğlu Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Faiq Qasımovun ailədə bir bacısı və beş qardaşı olmuşdur. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş mövü ilə məşğul olmuşdur. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Qasımovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və burada yaşamağa başlayırlar.
Faiq Qasımov 1981-ci ildə Qubadlı rayonunun Qayalı Kənd tam orta mətəbinin birinci sinfinə qəbul olmuşdur və 1990-cı ilə qədər orada təhsil almışdır.
80-cı illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Faiq Qasımov 1991-ci ildə Birinci Qarabağ müharibəsində savaşmaq üçün müraciət eləsə də, ancaq 1992-ci ilin fevralında 18 yaşı tamam olduqdan sonra Azərbaycan Milli Ordusunun sıralarına çağırılmışdır və Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə Əliyar Əliyevin rəhbəri olduğu taborda topçu olaraq savaşmışdır. 1992-ci ildə Yuxarı Cibikli isiqamətində gedən döyüşlər zamanı Faiq Qasımovun qardaşı — “Qorxmazçılar” Batalyonunun Komandiri Həsənqulu Qasımov (Həsən Qorxmaz) 23 yaşında şəhid olmuşdur. O gündən sonra Faiq Qasımov qardaşının qisasını almaq üçün hərbçi olmağı qərara almışdır. Faiq Qasımov 1993-cü il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olmuşdur və 1995-ci ildə oranı “Motoatıcı” ixtisası üzrə bitirmişdir. Faiq Qasımov 1991-ci ildə 1-ci Qarabağ müharibəsi zamanı yağı düşmənə qarşı döyüşmək üçün müraciət eləsə də, 1992-ci ilin fevralında 18 yaşı tamam olduqdan sonra Azərbaycan Ordusunun sıralarına çağırılmışdır. 1992-ci ildən başlayaraq, Qubadlı rayonunun Yuxarı Cibikli kəndinin müdafiəsi uğrunda döyüşlərdə topçu olaraq xidmət edib. 1992-ci ildə Yuxarı Cibiklinin müdafiəsi uğrunda gedən döyüşlərdə Faiq Qasımovun “Qorxmazçılar” Batalyonunun Komandiri olan qardaşı Həsənqulu Qasımov 23 yaşında şəhid olur. O gündən sonra Faiq Qasımov qardaşının qisasını almaq üçün hərbçi olmağı qərara alır. 1993-1995-ci illərdə Ali Birləşmiş Komandalıq Məktəbində (BABKM) hərbi təhsil alır. Faiq Qasımov 1995-2010-cu illərdə, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində, 2010-2012-ci illərdə Balakən rayonunda yerləşən “N” saylı hərbi hissəsində, 2012-2013-cü illərdə Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsində, 2013-cü ildən isə Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl – Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Faiq Qasımov cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmişdi. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun “yenilməz Ohanyan xətti” olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Polkovnik Leytenant Faiq Qasımov düşmənin çox sayda yüksək rütbəli hərbçilərini məhv etdiyinə görə ölkə başçısı İlham Əliyev tərəfindən ”Azərbaycan Bayrağı”ordeni ilə təltif edilmişdir .Qüsursuz xidmətə görə 1-ci dərəcəli, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik yubiley, Azərbaycan Respubilikası Silahlı Qüvvələrinin 100 illik yubiley, hərbi xidmətdə fərqləndiyinə görə 3-cü dərəcəli, qüsursuz xidmətə görə 2-ci dərəcəli , Azərbaycan Respubilikası Silahlı Qüvvələrinin 90-illik yubiley və qüsursuz xidmətə görə 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının müharibə veteranı və Azərbaycan Respubilikasının Silahlı Qüvvələri veteranı olmuşdur.
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Faiq Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılır. Faiq Qasımov sentyabrın 27-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Faiq Qaçay oğlu Qasımov 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur. Ailəli idi, iki övladı yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımova “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Faiq Qaçay oğlu Qasımovun şəxsi əşyaları AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur və halhazırda “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş olunur.

ALLAH RƏHMƏT ELƏSİN !


İnternet materialları əsasında

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan Cümhuriyyətinin (1918-1920) ilk bayrağının təsvir olunduğu xalçanın şəkli – Tarix

Azərbaycan Cümhuriyyətinin (1918-1920) ilk bayrağının təsvir olunduğu xalçanın şəkli
Xalçanın yuxarısında və aşağısında ərəb əlifbası ilə bu iki beyt yazılıb:

Zikr edər cinn, mələk, həm insan:

Yaşasun dövləti-Azərbaycan!

                ***

Hürr, azadə yaşatsun hamunu,

Həmhüquq olsun ər ilə nisvan (yəni: kişi ilə qadın eynihüquqlu olsun).

Yuxarıdakı beytin altında tarix qeyd olunub: 1345. (Bu, miladi tarixlə 1926-cı il edir).

Bayrağın üstündə “Azərbaycan bayrağı” yazılıb.

Bayrağın altında “Mir Fəsih” sözü oxunur. Bu, çox güman ki, şairin təxəllüsüdür.

1926-cı ildə Qarabağda – Şuşa şəhərində toxunmuş bu xovlu xalça Azərbaycan xalçaçılığında unikal hadisədir.

Ölkəmizin mədəniyyət tarixində ilk dəfə olaraq dövlət rəmzi – bayraq xalça üzərində əksini tapıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 21 iyun – 9 noyabr 1918-ci il tarixlərini əhatə edən ilk bayrağı xalq ustaları tərəfindən xalça üzərində əbədiləşdirilib.

Xalçanın yazıları və təsvirləri ərəb kalliqrafiyasının qaydalarına müvafiq şəkildə soldan sağa doğru toxunub. Bu sənət əsərinin üzərində onun hicri tarixi ilə 1345-ci ildə (miladi tarixi ilə 1926-cı il) toxunduğu qeyd olunub.

Türkçülüyün əbədi rəmzi olan mavi rəngli ara sahənin mərkəzində təsvir olunmuş qırmızı rəngli, ay-ulduz təsvirli bayrağın üzərində “Zikr edər cinnü-mələk həm insan. Yaşasın devletü Azərbaycan” və “Hür azade yaşatsun hamunu. Hem hüquq olsun er ile nisvan” misraları yazılıb.

Ölçüsü 178×129 olan xovlu xalça yundan toxunub.

“1926-cı ildə müstəqil dövlətçilik atributunu əks etdirən belə bir xalçanın toxunması böyük cəsarət tələb edirdi. Bu, o dövr idi ki, müstəqillik ideyalarını təbliğ edən, Azərbaycanı azad görmək istəyən ziyalılar təqib olunur, 1930-cu illər repressiyasına hazırlıq gedirdi.

Məhz belə bir dövrdə bu xalçanın toxunması onu göstərir ki, Azərbaycan xalqının müstəqil yaşamaq istəyini heç bir qüvvə boğa bilməyib. Müstəqillik ideyasının yaşadılması üçün xalçanın seçilməsi də təsadüfi deyil. Çünki xalça bizim milli sərvətimizdir, Azərbaycan xalqının dəyərlərini, həyat tərzini, tarixini özündə yaşadan qiymətli nümunədir”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycanda şəxsi kolleksiyada saxlanılan bu unikal xalça nümunəsi 2013-cü ildə Hollandiyada şəxsi kolleksiyadan alınaraq ölkəyə gətirilib.

İnternet materialları əsasında

Məlumatı hazıladı: Leyla Hüseynzadə

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

12 yanvar 1888-ci ildə Nebraska

12 yanvar 1888-ci ildə Nebraska

12 yanvar 1888-ci ildə Nebraskada hava çox isti idi. Ona görə analar uşaqlarını məktəbə nazik paltarda göndərirlər. Uşaqlar məktəbə çatanda tempatur -20…-30 dərəcəyə düşür.

Qar yağır. Çovğun başlayır. 19 yaşlı müəllim Minni Friman 13 uşağı iplə bir-birinə bağlayır. Onlar yola çıxırlar. Müəllim çətinliklə uşaqları sağ-salamat evlərinə çatdırır.

Minni Friman Amerikada milli qəhrəmana çevrilir. Həmin gün təəssüf ki, 235 uşaq çovğunda həyatını itirir.

Mənbə və müəllif: Nəcəf Əsgərzadə


DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

RƏSULLU- 1750-2026-cı illərdə – Video

RƏSULLU- 1750-2026-cı illərdə

“Soyumuz, kökümüz, özümüz” )

Bizim təmsil olunduğumuz səcərə kəndimizdə, (Bərdə.Yeni Daşkənd) el arasında RƏSULLU adı ilə tanınıb, çağrılır. Səcərəmizin hər zamanda xalq üçün, dövlət üçün, el üçün gərəkli, layiqli çox nümayəndələri olub. Bu təmsilçilik bir çox sahələri əhatə edir ki, buraya ötən əsrin əvvəllərində Qərbi Azərbaycanın Göyçə mahalında (Daşkənd kəndi) ermənilərə qarşı mübarizə aparmış, adları tarixə düşmüş igidlər, elin, xalqın yaddaşında yaşayan saz-söz adamları, müharibə iştirakçıları, qəhrəman şəhidlər, alimlər, dövlət adamları, general və qazilər, hörmətli ağsaqqallar, ziyalılar, müxtəlif peşə sahibləri və s. aiddir. Və səcərə üzvü olaraq biz hər zaman öz səcərəmizlə fəxr edib, səcərəmizin tanınması üçün təbliğatlar aparmışıq. Bu təbliğatın daha yüksək səviyyədə bariz nümunəsi isə səcərəmizin çox layiqli nümayəndəsi, təkcə elimizdə, kəndimizdə deyil, elmi və bədii araşdırmaları, publisistik məqalələri, folklorumuza töhfə verən bir çox kitabları ilə, eyni zamanda efir və radio çıxışları ilə tanınan, çox böyük auditoriya tərəfindən sevilən, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü Araz Yaquboğlunun bu günlərdə Elm və Təhsil nəşriyyatında çapdan çıxmış “Soyumuz, kökümüz, özümüz” adlı iri həcmli kitabıdır. Qeyd edim ki, müəllif təxminən 1750–ci ildən 2025–ci ilin sonlarına qədər yaşamış bütün səcərə üzvlərini doğum və ölüm tarixləri, ailə üzvləri ilə dəqiqliklə qeydə almışdır. Əlbətdə bu müəllifdən çox böyük diqqət və bacarıq tələb edir ki, Araz müəllim bü işin öhdəsindən layiqincə gəlmişdir. Ondan irəli gələrək, kitab çapdan çıxan elə ilk gündən nəinki səcərə üzvlərinin, hətda başqa səcərə təmsilçilərinin də böyük marağna səbəb olmişdur. Bu mənada 08 fevral 2026-cı il tarixdə başda müəllif özü olmaqla səcərinin onlarla üzvünün iştirakı ilə çay masası ətrafında kitabın təqdimatı qeyd olunmuşdur. Tədbirdə iştirak edən səcərə üzvləri kitabın müəllifi Araz Yaquboğluna və kitabın nəşri üçün maddi dəstək göstərmiş, müəllifin qardaşı Eldəniz Hacıyevə öz minnətdarlıqlarını çatdırmışlar. Təqdimat tədbirinin vidio-yazısı burada: >>>>>> Bax

Mənbə: “Soyumuz, kökümüz, özümüz” 

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I