İngilis yazıçısı Ceyn Ostinin “Qürur və Qərəz” əsərində sevginin təcəssümü
Romanın ilk adı “İlk Təəssürat” idi. Əsər romantik ədəbi hərəkatın bir hissəsi olan sevgi romanıdır, sevgi romanının arxetipidir. Müəllif əsəri dövrün adətlərindən təsirlənərək yazır. Roman anonim şəkildə nəşr olundu, çünki zadəgan bir qadının karyera qurması qəbuledilməz idi. Xanımlar xəbərlərdən, aktual hadisələrdən təcrid olunmuşdu, bir xanımın sosial həyatının əsas məqsədi yaxşı, uğurlu bir evlilik idi. Lakin cəmiyyətin “uğurlu evlilik” anlayışına nələr daxil idi?
O dövrdə sərvət əmlakla ölçülürdü, statusa, imtiyaza önəm verilirdi. Qadınlar tam azad deyildilər, qız uşaqlarına yük kimi baxılırdı. O zaman sevdiyin insanla evlənməkdənsə,öz statusunda olan biri ilə evlənmək daha vacib idi. Zəngin ailədə qız doğulmasa, zəngin, varlı ər tapmaq mümkünsüz idi. Kişilər çox vaxt mövqelərindən istifadə edərək, qadınların qərarlarının çoxunu özləri verirdilər. “Qürur və Qərəz” romanında da eyni zamanda cəmiyyətin ailə birliyinə nə qədər dəyər vermədiyini görürük. Britaniya qanunları o zaman qadınlara əmlakın miras qalmasına icazə vermirdi. O vaxt qadın olmaq çətin idi, onların gələcəkləri üzərində az səlahiyyətləri vardı. Evliliklərdə sevgi az idi. Halbuki insanları ürəklərinə görə qiymətləndirmək daha vacibdir.
Elizabet bacısı kimi kor-koranə, hansısa məqsədə görə evlənmək istəmirdi. O, ağıllı idi. Sevərək, evliliyə hazır olan zaman evlənmək, səbrlə o günü gözləmək istəyirdi, evlənmək xatirinə və ya qarşı tərəfin sosial statusuna görə evlənmək Elizabetə absurd və gülməli gəlirdi. Elizabet Bennet və Cənab Darsinin ilk başda bir-birlərindən xoşları gəlməsə də, sonradan zamanla qarşılıqlı hissləri yaranır. Elizabetin Darsi ilə qarşılaşması onu çox qürurlu olduğuna inandırır, bu səbəbdən ona qarşı qərəzli olur. Cütlük birlikdə olmaq üçün fikir ayrılıqlarını həll etməlidir. Bir-birlərinə qarşı artan hisslər, birinin digərini yanlış şərh etməsi, sevginin insanı dəyişdirməsi əsərin süjet xəttini təşkil edir. Qürur və qərəzlərini dəf etməyi bacaran cütlüyün sevgi hekayəsi bir çox insanın arzuladığı xoşbəxt sonluq hekayəsidir. O, bu səbrinin mükafatını aldı və Darsi ilə xoşbəxt həyata qədəm qoydu. Çünki Elizabet evliliyə, münasibətə hazır idi, yalnız bioloji olaraq yox, həm də psixoloji olaraq, hazır idi. Həyatımızı birlikdə keçirəcəyimiz insanın qüsurlarını mümkün qədər az bilmək daha yaxşıdır. Onunla ortaq dəyərlər yaratmağı bacarmalıyıq.
Adların da romanda simvolikası var. Elizabetin adı “Allahım anddır, bolluqdur” mənalarını verir. Elişeva adının variasiyasıdır. Elişeva Harun peyğəmbərin arvadı idi. Darsi adı “tünd saçlı”, “qaranlığın nəsli” mənalarını verir.
Qürur romanın qəhrəmanlarını intim əlaqələr qurmaqdan saxlayan əsas mövzudur, həm də insanın qüruruna qalib gəlməyin mümkün olduğu göstərilir. Qərəz isə sevgi münasibətləri qurmaqda başqa bir maneədir. Darsi Qürurun, Elizabet Qərəzin simvoluna çevrilir.
QUBADLIDA DOGAN GÜNƏŞ (Milli Qəhrəman Şükür Həmidova ehtiramla) Məndən soruşdular bir film çəksən Söylə, qəhrəmanlardan kimi seçərsən? Bu çətin sualın qarşısında mən Çox götür-qoy etdim, seçdim birini . Yüksələn şəhidlər uduzum, ayım Çalışın siz məni heç qınamayın Oxucum, beləki, təqdim edirəm Şükür Həmidova film çəkərəm: Tumurcuqlar yazda çiçək açanda Şükür kimi oğlan gəldi dünyaya Nənəsi sevinib muştuluq etdi. Şükür balam olub! – Sevincək dedi. Qara qoçu kəsdi babası dərhal Şükür-səna üçün paylandı qurban Beşiyi başında Şərqiyyə ana Vətən Anamızdır! – Zümzümə etdi. Şükür! Şükür etdi! Nəriman ata. Həmidovlar evi döndü büsata İllər ötdü… Uşaqlar oynayır, qaçışırdılar Birinci olmağa çalışırdılar. Xatirlərdə qaldı gözəl uşaqlıq Armud ağacları, dəcəl qoçaqlıq Ağacın başına dolaşırdılar Daşlayaraq yeyir, oynaşardılar Beləcə illəri verər baş-başa Uşaqlıq illəri gozəl tamaşa. Başarat məktəbi-qoynuna aldı Yazıb oxumağı çox nizamladı Məktəbi bitirən Şükür Həmidov Kədərli illərə vəsiqə aldı. Quzğunlar şığıdı torpaqlarına Qubadlını aldı caynaqlarına. 1993-cü il çox nəs il oldu Nəsillər kəsildi, gör nələr oldu Ruhunu canından ayırdı yağı Taladı, yandırdı yenə doymadı Xatirlərdə qaldı meşəsi, dağı Yenə o cığırlar, eli-obası Neçə didərginlər pənah apardı Azərbaycan özü bərk çalxalandı Sumqayıta gəldi qaçqın, didərgin Taleyi puç olmuş insanlar üçün Verilən suallar saysız-hesabsız Həmidovlar üçün bunlar mənasız Yoxdu! Yoxdu! evim heç demək olar Cah-calal qalıbdı heç demək olar Özgələri sahib oldu yurduna Şükür and içdiki, yol verməz buna Vətəndən-Anadan əl üzmək olmaz Bir gün dönəcəyəm mən Qubadlıya! -Deyərək özünə o, fərman yazdı Hər gecə yuxusunda Vətən eşqiylə Doğma torpağına sual verirdi: -Ey Qubadlım mənim gözəl diyarım! -Sən kiminsən?-söylə eşitsin Tanrım? Mən səninəm! Sən mənimsən! Bax mən sənin övladınam, şükür edirəm Yaradana! Əks səda torpaq səsi: Ey oğullar xilas edin! Bombaları, minaları sinəmizdən təmizləyin Cavabdehlik sizə qalır balalarım Ermənıdən Xocalının, Qarabağın qisasını alın! Alın! Torpaq baxdı öz oğluna məyus-məyus Yenə ona öyüd verdi, dilə gəldi: Qoç igidlər oylağıdır mənim qoynum Gözləyirəm mən sizləri dogma oğlum Artıq sizı gözləmişəm neçə qışı,neçə yazı Şükür artıq anladıki, düşmənini əzmək üçün oxumalı Silahları canavarın ürəyinə tuşlamalı O and içdi, aman etdi haqsızlarla savaşmağa zaman seçdi Ey Qubadlım! AnaYurdum! Canımı qurban etməyə, bayrağımı yüksəltməyə Ulduzlarla cəng eyləyib çiynimə bərkitməyə Müntəzirəm! Müntəzirəm! Babalardan öyrəndiyi şükranlığa adət alan Ya Allahım! Ya Peyğambar! – deyə-deyə Hərbi təhsil aldı o vaxt şükür etdi Zamanını səsləyərək halay çəkdi Aprel gəldi 2016-cı ildə Cəbrayıilın harayına Şükür getdi Qisasına sus demədi, Lələtəpə zirvəsində Yeddi başlı əıgdahanı minalarla dəlib-deşdi Ohanyan düşməz deyən bənd-bərəni yıxdı keçdi… *** Millətindən sağlığında ad qazanan qəhrəmanım! Bir adına şükür edirəm, bir zamana. Sən millətin qəhrəmanı uca dağsan Başımızın üzərində dalğalanan bir bayraqsan. 2020 payız idi Yəhərlədin dəmir atı, sürdün yağının üstünə Azad etdin Cəbrayılı, Füzulini, Zəngilanı Qubadlıya çatacaqdın-yer yarıldı lərzə qopdu! Səni uddu! Dağı-daşı silkələndi Qubadlının. Şükür kimi qoç igidlər nərə çəkdi Mahmudluya yetişəndə nəfəs çəkdin Sən xalqına həyat verdin, özün getdin Son arzunu qardaşların tamam etdi Qubadlını, QARABAĞI AZAD ETDİ 20 OKTYABR 2020 Bir-birindən doymadı ata-oğul… Bu sevinci bölmədi ata-oğul… Nə ata oğula sağ ol deyə bildi, Nə oğul, bu günə şükür ata, deyə bildi… Ata-oğul… Qubadlıda… Şükür heykəli Ürəklərdə “Zəfər” ordeni Sən zəfər ordenisən Şükür Həmidov! Anaların dualarında Şükür Həmidov!
Müəllif: Gülbəniz ABBASOVA, Bakı, E.Əliyev adına 162 № li tam orta məktəbin tarix müəllimi.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada, “Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * * Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
HEYDƏR BİR GÜNƏŞDİR İlhamım İlhamla gəlibdir dilə, Könlüm salam verir çiçəyə, gülə. Deyirəm bu sözü, qoy düşsün dilə, Heydər bir Günəşdir, o, sönə bilməz, Uca zirvələrdən o, enə bilməz. *** Pakdır, müqəddəsdir qəlbi, vicdanı. Vətən qeyrətilə qaynadı qanı, Apardı irəli Azərbaycanı, Heydər bir günəşdir, o, sönə bilməz, Uca zirvələrdən o, enə bilməz. *** Deməyin ölübdü, yaşayır Heydər, Hər il cavanlaşır gələndə bahar, Bütün qitələdə adı-sanı var, Heydər bir Günəşdir, o, sönə bilməz. Uca zirvələrdən o, enə bilməz. *** Budaq Təhməz, haqqı yaşat həyatda, Dahilərin adı yaşar həyatda, Bir möcüzə, bir hikmət var bu adda, Heydər bir Günəşdir, o, sönə bilməz. Uca zirvələrdən o, enə bilməz.
ÖLMƏYİB, YAŞAYIR HEYDƏR ƏBƏDİ Qoymadı tökülə millətin qanı, Qorudu, saxladı Azərbaycanı, Gəzdi qitələri, gəzdi dünyanı, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * “Ümid körpüsü”dür gözlərin nuru, Orda qərar tutub Heydər qüruru, Nura qərq elədi qədim Şəruru, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Hər an qalib çıxdı siyasətində, Milləti qoymadı darda, çətində, Vətəni yaşatdı öz qeyrətində, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Onun əsəridir Bakı–Ceyhanım, “Qara qızıl” verən Azərbaycanım, Sabaha inamla qaynayır qanım, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Hər yerdə Heydərin izi görünür, Söhbəti görünür, sözü görünür, Hər kənddə, şəhərdə özü görünür, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Mən Budaq Təhməzəm, yazan əlim var, Xoşbəxtəm, müstəqil, azad elim var, Üçrəngli bayrağım, ana dilim var, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi!
GƏLİN SADƏCƏ EDƏK Heydər! Azərbaycan! Qoşadır bu ad, İlhamım bu adla açır qol-qanad, Azad yaşayanda gözəldir həyat, Yurdumuz görməsin bir də qan-qada, Gəlin səcdə edək bu ülvi ada. *** Heydər qeyrət nuru! Tayı tapılmaz, Belə şəxsiyyətlər yaranır az-az, Bunu dərk eyləməz hər ağlı dayaz Yurdumuz görməsin bir də qan-qada, Gəlin səcdə edək bu ülvi ada. *** İyirminci əsrin siyasət şahı, Dar gündə xalqının oldu pənahı, Nəydi şəhidlərin, nəydi günahı? Yurdumuz görməsin bir də qan-qada, Gəlin səcdə edək bu ülvi ada. *** Heydər baba ərənlərdən ərəndi, Budaq Təhməz bu dünyanı görəndi. Vətən üçün canın qurban verəndi, Yurdumuz görməsin bir də qan-qada, Gəlin səcdə edək bu ülvi ada.
HEYDƏR EŞQİNƏ İlhamım söz üstə coşubdur yenə, Heyranam Vətənin gözəlliyinə, Deyirəm bu sözü mən dönə-dönə, Alqış bu dövrana, alqış bu günə Yaradıb qururuq Heydar eşqinə. *** Poladdan mətindir Heydər inamı, Qəlblərdə yaşadır Heydəri hamı, Odur xilas edən Azərbaycanı, Alqış bu dövrana, alqış bu günə Yaradıb qururuq Heydər eşqinə *** Dünyaya səs salıb əməllərimiz, Bu gün Avropadan gəlir səsimiz, Gedirik inamla gələcəyə biz, Alqış bu dövrana, alqış bu günə Yaradıb qururuq Heydər eşqinə *** Müqəddəs kəlamdı Heydərin sözü, Zirvədən-zirvəyə səslədi bizi, Bizə tanıtdırdı tariximizi, Alqış bu dövrana, alqış bu günə Yaradıb qururuq Heydar eşqinə. *** Man Budaq Təhməzəm qələm əlimdə, Müstəqil dövlətim, doğma elimdə, Şeirimi yazıram ana dilimdə, Alqış bu dövrana, alqış bu günə Yaradıb qururuq Heydər eşqinə.
QADIN Qadın ruha yaraşıq Ömrümüzün yarısı. Sevgisiylə qarışıq Həm xanımı, qarısı. * * * O, dünya yaranandan Sevgi dolu sonadır. Biz asılıyıq ondan Çünki qadın Anadır. * * * Qadın həyatın gözü Aldığımız nəfəsdir. Həm söhbəti həm sözü Sevgiylə dolu kəsdir. * * * Bu dünya gül qoxuyar Ətir saçar onunla. Sevgiylə can toxuyar Qürur duyar bununla. * * * Qadın övlad anası Hamımızın canıdır. Bütün bəşəriyyətin Üzüdür, ad sanıdır. * * * Başımızın tacıdır Həyası, ismətiylə. Qadın ana, bacıdır Gözəldir qismətiylə. * * * O, dünyanın bəzəyi İnsanlığın yaşıdır. Sevgimizin özəyi Onun məhək daşıdır.
DEMƏYİN Heç kimə, ay yetim, deməyin dostlar, Hamımız insanıq, kimsə baş deyil. Bu sözdə təənə var, daha nələr var, Açıb ağartmaq da mənə xoş deyil. * * * Qismətdən, yazıdan qaçan olmayıb, Bu dünya yazılı kitaba bənzər. Bağlanmış bir bəxti açan olmayıb, Hər kəs öz bəxtini soraqlar, gəzər. * * * Kimsəyə yetimdir, söyləyib durma, Onun da hifz edən Allahı vardır. Gəl ürək sındırma, gəl könül qırma, Düşünmə ki, ona bu dünya dardır. * * * Heç kəsin taleyi əlində deyil, Kimsəyə lağ edib, sındırma onu. Çalış bu kəlməni yaddaşından sil, Çünki könül qırmaq dünyanın sonu. * * * Bu söz yoxa çıxsa dildən, ağızdan, Hər kəs öz adıyla öyünər məncə. Bu adın əsiri oğuldan, qızdan, Dünya xeyir görər hər şeydən öncə.
BELƏDİR İnsan robot deyil ki, Həmişə düz işləsin. Sadə məntiq deyir ki, Səhvi olur hər kəsin. * * * Bu səhvlərin içində İtib-batan çox olar. Hamısı bir biçimdə, Olmur, çaşan yox olar. * * * Çalışırıq hamıda Qüsur tapaq, səhv tutaq. Ağzımızda tamı da Az qalır ki, unudaq. * * * Bu dünyanın gərdişi Bizi maraqlandırmaz. Bir insanın səhv işi Qəti bizi yandırmaz. * * * Acımasa xəmiri, Küt gedəcək kündələr. Yola verər ömürü, Saf, əlacsız bəndələr. * * * Ağıllı baş seçilər, Düz əməli, işiylə. Yaşandıqca kiçilər Dərd, ağıllı kişiylə. * * * Bu dünya hamı üçün Gör-götür dünyasıdı. Baxın, yaşayın, keçin, Həyat ömrün yasıdı.
ŞEİR (Bir şeir kitabını oxuduqdan sonra…1982ci il.) Şeirə meyl eləyin, şeir oxuyun, Sevinclə, kədərlə dost olmaq üçün. Şeirə meyl eləyin, şeir oxuyun, Şeir dünyasından zövq almaq üçün. * * * Mənimçün şeirdir, hər açılan gül, Mənimçün şeirdir, oxuyan bülbül. Mənimçün şeirdir, o şehli çəmən, Şeirdir mənimçün o ağ yasəmən. * * * Mənimçün şeirdir, gördüyüm gözəl, Şeirdir mənimçün tökülən xəzəl. Mənimçün şeirdir, payızın sonu, Yazda göz oxşayan nərgizin donu. * * * Şeirdir həyatım, şeirdir canım, Şeirsiz keçməyir vaxtım, zamanım. Deyirəm a dostlar, şeir oxuyun, Duyun, duyğulanın, çələng toxuyun. * * * Şeirdir mənimçün var da, dövlət də Şeirdir sevinc də, qəm də, nifrət də. Şeirdir həmişə, hər an, hər zaman Mənimçün edilən quru hörmət də.
NOVRUZ BAYATILARI Əzizim od isidə, Ocağı od isidə. Körpə diləklərini Dualı od isidə. * * * Əzizim, ocaq çatan, Köz tutub ocaq çatan. Dünyanın ürəyində İgidlər ocaq çata. * * * Əzizim bayram olsun, Ocaqlar yan-yan olsun. Atlan, qoy, ağırlığın Ocaqda yanan olsun. * * * Əzizim xonça gəlsin, Çiçəklər qonça gəlsin. Bu Novruz bayramında Toy olsun, xonça gəlsin. * * * Əzizim vaxtı gülsün, Keçəlin bəxti gülsün. Kədərin odda yansın, Xoş vaxtın baxtı gülsün. 2 mart, 2021.
İLK MƏHƏBBƏTİM Burnumun ucu da göynəyir indi, Yadıma düşəndə ilk məhəbbətim. Xəyala daldıqca, hisslərim dindi, Yadıma düşəndə ilk məhəbbətim. * * * Nə yaman olurmuş acı dərd kimi, Yandırır içimi, didir qurd kimi, Ağlımdan çıxmayır köhnə yurd kimi, Yadıma düşəndə ilk məhəbbətim. * * * Boylanır xəyalım geriyə nədən?! Beynim açılmayır, sızlayır bədən. Qurtula bilmirəm qəmdən, qüssədən, Yadıma düşəndə ilk məhəbbətim. * * * Arzular danışır, ruhum dinməyir, Xəyalım göylərdən bir an enməyir. Eşqimin alovu, odu sönməyir, Yadıma düşəndə ilk məhəbbətim. * * * Taleyin gərdişi sərt oldu niyə?! Mən naza dözmədim, aldandım küyə. Qocalıq istədi qəddimi əyə, Mənə dayaq oldu ilk məhəbbətim, Heyif ki, tez soldu ilk məhəbbətim.
SƏNSİZ Kövrək arzularım kül oldu demək, Sən məndən ayrılıb gedəndə, sənsiz. Quruyan ağacın yarpaqları tək, Titrədi ruhum da bədəndə, sənsiz. * * * Dünya qaranlığa büründü sanki, Nə günəşi gördüm, nə ayı gördüm. Mən səni itirdim, sənsiz inan ki, Nə qışla yaşadım, nə yayı gördüm. * * * Alın yazısına mən inananam, Bu bəxtə, taleyə nə deyim ki, mən? Mən nə birinciyəm, nə son yananam, Bu ülvi diləklər puç oldu nədən?! * * * Mənim taleyimdə qara bir yazı, Mənim varlığımda vuran ürəksən. Bu soyuq bədənin qarı, ayazı, Bu isti könlümün ocağı sənsən. * * * Niyə, taleyimiz barışmadı ki, Nə günah işlətdik, ay mənim gülüm?! Nə doğma, nə yaxın qaışmadı ki, Bir şey bilirsənsə, de mən də bilim. * * * İstərəm yuxuma girəsən mənim, Dərdini eşidəm, ona tən olam. Röyada olsa da könül həmdəmim, Sirdaşım olasan, yarın mən olam. * * * Dərdimiz dərdlərə oxşayan deyil, Ki, açaq danışaq dərd bilənlərə. Nə məni yalvartma, nə də sən əyil, Bir də fikir vermə deyilənlərə! * * * Əllərim aşkarda toxunmasa da, Ruhumuz yuxuda tox olsun dedim. Bir sevgi nəğməsi oxunmasa da, Bu hicran, bu nisgil yox olsun dedim. * * * Dərd dərdi gətirər, kədər kədəri, Arzun istəyinlə tən olmayanda. Sevgi, məhəbbətin olmaz təpəri, Əzizim, gözündə yaş olmayanda.
ETİRAF Günahkar mən oldum, indi anladım, Dərdimiz bölünməz, ortaq olsa da. Nə məndən incidin, nə də danladın, Bu səhv ömrümüzə bir dağ olsa da. * * * Sənsizlik ay gülüm, ağrı-acıdır, Dərd içində azmaq yaşamaq deyil. Məhəbbət həyatın ehtiyacıdır, İynəylə gor qazmaq yaşamaq deyil. * * * Bu da bir talehdir yaşayırıq biz, Sən məndən aralı, bu hicran bitmir. Çilik- çilik oldu o saf eşqimiz, Nə olsun, ağrısı canımdan getmir. * * * Heç zaman dayanmaz, sildikcə gələr, Göz yaşı torpağa qarışarmı heç? Vüsala yetməyən nakam sevgilər, Görən o dünyada barışarmı heç?
…SƏN ALLAH! Üzü qarsıyan odam, Məni unut, sən Allah! Daha naməhrəm, yadam, Məni unut, sən Allah! * * * Çarxı dönmüş bir oxam, Dərdə doymuş bir toxam, Elə bil ki, heç yoxam, Məni unut, sən Allah! * * * Nə pəncəm, nə də şeşəm, Çarəsiz, acı şişəm, Dərd əkmək olub peşəm, Məni unut, sən Allah! * * * Gölə sığmayan sona, Tərsə toxunmuş xana, Cibi sovrulmuş xanam, Məni unut, sən Allah! * * * Dərdə bələnmiş halam, Sonu bilinməz yolam, Vallah, yiyəsiz qulam, Məni unut, sən Allah!
QALDI İlk sevgim, ilk eşqim, arzum, istəyim, O kənddə gül açdı, o kənddə qaldı. Necə unut deyim, necə bəs deyim, O ülvi hisslərə?! Kəmənddə qaldı. * * * Ürəyə dərd oldu, ömrə bir işıq, O, mənə ruh verdi, ruha yaraşıq, Lal oldum dinmədim, o, mənə aşiq, Bu saf duyğularım rübənddə qaldı. * * * Bu həsrət, bu hicran bitməz, can alar, Bu sevgi başımdan getməz, hey qalar, Eşqiylə,sevgiylə dolu misralar Heyif dil açmadı, lal bənddə qaldı.
İNCƏDƏ SEVDİM SƏNİ Saçlarım ağarsa da Ruhum sevginlə yatır. Neyləyim ki, yaşımız Tam altımışa çatır. Xəyallar məni qoymur Rahat dincələm, duram. Köhnə sevda dərd olub Sağalmayır ki yaram. O bəxtəvər günlərim Bir də taparmı məni?! İncədə sevdim səni. * * * Taleh bizi oyuna Gör harda saldı getdi. Eh, nələrlə aldatdı Ağlımı aldı getdi. Bizim arzu-kamımız Alışdı külə döndü. Tərtəmiz saf duyğular Kükrədi, selə döndü. Hikkəmiz dağıdardı Sisi ,dumanı, çəni. İncədə sevdim səni. * * * Zamanın yaddaşından Heç nəyi silmək olmur. Bu da alın yazısı Nə deyim, bilmək olmur. Bizim məhəbbətimiz Ürəkdə qaldı getdi. Qışda açan gül kimi Soyuqdan soldu getdi. Nə olsun ki, bu sevda Çəkdi bizə sitəmi. İncədə sevdim səni. * * * Göz dəymiş sevdaların Sonu olmurmuş, gülüm. Bəslənən arzuların Gülü solmurmuş, gülüm. Onda nə oldu bizə?! Gül açmadı sevdamız. İnan, səni bilmirəm Namuraz qoydu məni. İncədə sevdim səni. * * * Sevdadan alışanın Külü çətin soyuya. İçini dərd yandırar, Çölü çətin soyuya. Yandırdı, alışdırdı, Od vurdu ömrümüzə. Nə çəkdirdi biləsən Bu acı sevda bizə. Əlifmizi çaşdırdı, Unutdurdu qibləni. İncədə sevdim səni.
HEÇ VAXT… (Ömür-gün yoldaşıma 50 yaşında) Ömrün yollarında qoşa şam kimi, Əridik, əridik, sönmədik heç vaxt. Taleyin dolanbac dolaylarında, Qabağa boylandıq, dönmədik heç vaxt. * * * Vaxtın gərdişinə boyun əyəndə, Küsmədik bir nimdaş paltar geyəndə, Yusif dil açanda, baba deyəndə Baxıb köks ötürdük, dinmədik heç vaxt. * * * Bəzən xətirlərə dəyən söz olduq, Bəzən əyri olduq, bəzən düz olduq, Amma ömrü boyu qoşa göz olduq, Sevgi zirvəsindən enmədik heç vaxt.
ƏZİZİM Sevdimsə, sevgimdə məcnun olmadım, Adını qəlbimə yazdım, əzizim! Düşündüm, daşındım, çarə bulmadım, Nə oldu qismətə yozdum, əzizim! * * * Həsrətin odunda, közündə bişdim, Gah mum tək əridim, gah şan tək şişdim, Səndən ayrılanda nə günə düşdüm?! Əlimi dünyadan üzdüm, əzizim! * * * Yığvala kor dedim, əsəbdən coşdum, Özüm də bilmədim, həddimi aşdım, Fikirdən, kədərdən əlfimi çaşdım, Dərddən gen dünyada azdım, əzizim! * * * Bir səhər yuxudan tezdən oyandım Duyğular içində alışdım, yandım. Allaha yalvardım, burda dayandım, Yaşadım, ölmədim, dözdüm, əzizim! * * * Həyat dərslərini bitirməmişdim, Dünyadan payımı götürməmişdim, Kələfin ucunu itirməmişdim, Tutdum bir ucundan çözdüm, əzizim!
DEYİL Onsuz da ürəyim boşdur, əzizim, Sənə unut deyən ürəyim deyil. Səninlə hər əzab xoşdur, əzizim. Sənsiz cənnət belə gərəyim deyil. * * * Aybaay, ilbəil ömürdür gedən, Sağalmaz inaddır məni xar edən, Hər şeyin tamını unutmuşam mən, Təkcə zəhər olan çörəyim deyil. * * * Hər üzdə min sifət, surət gördükcə, Min cürə sarsıntı, heyrət gördükcə, O qədər zərbələr aldım ki, təkcə, Daş-qalaq edilən kürəyim deyil. * * * Əhvalım dəyişir ruzigar kimi, Gah donur, əriyir soyuq qar kimi, Sən yoxsan, həyatım tarımar kimi, Çürüyən, laxlayan dirəyim deyil.
ƏZİZİM Sevgidir məlhəmi sevən ürəyin, Sevmirsə, o ürək daşdı, əzizim. Ayrılıq bir dərddi, heç vaxt gərəyin Olmasın, gözlərdə yaşdı , əzizim. * * * Ürək geniş olsa, yerin dar olmaz, Sevən könüllərdə dərd, azar olmaz, Gözü oynayandan sənə yar olmaz, Məhəbbət ağılla xoşdu ,əzizim. * * * Hər yaşın sevgisi ruha dayaqdı, Yüz insan seyr edir,baxma, oyaqdı, Bir qoca kiminsə gözünə baxdı, Dalınca dedilər çaşdı, əzizim. * * * Məhəbbət yandıran alovlu yoldu, Neçəsi alışdı, yarıda qaldı, Kimi dəli etdi, çöllərə saldı, Dedilər həddini aşdı, əzizim. * * * Neçə canda neçə sevgi boğular, Qocalarıq, eşq, məhəbbət soğular, Sevgi də beyində, başda doğular, İnsanı var edən başdı, əzizim. * * * Ay Murad, ayıq ol, yuxudan oyan, Naşıdı dünyanın malına uyan, Eşqdən xumarlanıb iyini duyan, Ləzzət alan gözlə qaşdı, əzizim.
QİSMƏTİM Sevdiyim qız qismətimdə yox imiş, Qismətdə olanın oduna yandım. Sevən qəlbin dərd, azarı çox imiş, Anlamadım, əzabını boş sandım. * * * Ömür boyu suçlu bildim özümü, Günahımı heç cür yuya bilmədim. Yaşamağa Tanrı verdi dözümü, Zövq aldım həyatdan dözdüm, ölmədim. * * * Üç övlad böyütdüm, başım qarışdı, Onların gülüşü ovutdu məni. Nifrətə məsafə bircə qarışdı, Sevdi, əzizlədi o, tutdu məni. * * * Geriyə baxıram acı xatirə, Hər gün başa qaxınc, minnət yeyirəm. Yadıma salıram azı min kərə, Yenə də bu günə şükür deyirəm. * * * Ömür paltar deyil, fərqli geyəsən, Dəyişəsən görkəmini, cildini. Bu qismət mənimdi, mənim! Deyəsən, Yazılana çarə yoxdu! Bildimi?!
DEYİRLƏR… Deyirlər ki, zaman dərdə məlhəmdir, Vaxt gəlir sağaldır yaralarını. İlk eşqin yarası sanki ödəmdir, Sağalmır! İncitmir haralarını?! * * * İllərlə duymadım səni kar kimi, Sən ondan soruşdun, mən də birindəən. Üz-üzə gələndə günahkar kimi, Baxıb köks ötürdün mənə dərindən. * * * Nə sən o deyilsən, nə mən o dəli, Nə də ömrümüzün cavan çağıdır. Mən sənin yanında gözü kölgəli, Səninsə rəftarın ürək dağıdır. * * * Artıq baxışın da dəyişib tamam, Elə bil tənhasan, elə bil təksən. Mən həmin insanam, həmin adamam, Sənsə qolubağlı ürkək mələksən. * * * Bu taleh alın yazımdır deyə, Məni göynədəcək ölənə kimi. İlahi qoymadı bir olaq niyə, Mən səni tanıyıb bilənə kimi. * * * Əzab ömrümüzə biçilən paltar, Yol yox, bu libasa alışmalıyıq. Günahkar mənəmmi? Bəyəm fərqi var?! Bir yerdə bu suçla barışmalıyıq.
MÜHARİBƏ GÜNÜ Müharibədən gələn xəbər Ürəyimi gülləliyən an, Doğum evinin başında Bir ana bulud daşıyır çiyinlərim. Yüyürüb bir çağa həsrətin arxasında gizlənir əllərim. Yolunu gözlədikcə doğum gününün. Yollar sancı çəkir ayaqlarımda.
Bir az keçmiş, tibb bacısı oğlumun üzünü Tanrıdan gizlədib gətirdi kor bir pəncərəyə. Gördüm gözlərini, Ağaclar sevinc gətirdi qollarıma, Qucağıma aldım doğum gününü.
Müharibədən gələn xəbər; Qarşı pəncərədə Körpə bir səs atasız qalır. Hardasa bir ana oğlunu mərmilərin yadından çıxarır.
Müharibə şəkilli adamların arasında, Kəpənəklərə dil öyrətməkdir addımlarını böyütmək…
Rəqəmlərin ölümüymuş doğum günün. Cibimdə çağırış vərəqi, dilimdə doğum günün dayanmışam müharibənin ağzında.
Doğum günündən uzaqlaşdıqca, oğlum! Gözlərimdə uşaqlar müharibələrlə yaşıd qalır, Axı anaların qucağı həmişə körpədir.
“Bayatılar”, “Əliş və Anna”-dan sonra “Yulğun çiçəyi” də əski əlifba ilə Cənubi Azərbaycanda çap oluncaq. Bu barədə öz sösilal şəbəkə hesabında paylaşım edib:
“… “Bayatılar”, “Əliş və Anna”-dan sonra “Yulğun çiçəyi” də əski əlifba ilə Cənubi Azərbaycanda çap oluncaq. Məncə ən gözəl Bayram hədiyyəsidir. Əməyi keçən hər kəsə təşəkkürlər! …” Mənbə: Zaur Ustac
Bu münasibətlə YAZARLAR adından Zaur müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Zaur müəllim!!!