Elçin İSGƏNDƏRZADƏ: – Şuşam!



Şuşam

O bizim ağaclarıydı,

o bizim küləkləriydi,

o bizim yağışlarıydı…

Duruşundan tanıyırdım,

qoxusundan tanıyırdım,

yağmasından tanıyırdım.

Ağac da boynubüküydü

külək də qırıq-qırığıydı

bulud da çilik-çiliyiydi…

Ağacına qurban olum, dedim

buluduna qurban olum, dedim,

daş yoluna qurban olum dedim…

O qədər qurban oldum ki, –

gördüm anam da qurbandı,

gördüm balam da qurbandı…

Qurbanlarını qəbul elə, Şuşam!

lll

Duyğularım aşıb-daşır, arzularım sellənir,

yağan yağış ağacların çökəyində göllənir,

ürəyimdə tutya kimi neçə şeir dillənir –

Şəhərlərin şəhərisən, şəhərisən ay Şuşam

zəfərlərin şəhərisən, şəhərisən ay Şuşam!

Qədimliyin, ululuğun əsrlərə söykənir,

igidliyin, ağalığın nəsillərə söykənir,

nağılların nə miflərə, nə sirlərə söykənir –

Gövhərlərin şəhərisən, şəhərisən ay Şuşam,

Zəfərlərin şəhərisən, şəhərisən ay Şuşam!

Bütün yollar səndən keçir, sən yolların yolusan,

Məscidintək, keçmişintək ululardan ulusan,

Gözümüzün işığısan, ömrümüzün nurusan –

Şəhərlərin şəhərisən, şəhərisən, ay Şuşam,

Zəfərlərin şəhərisən, şəhərisən, ay Şuşam!

Şuşadakı evimizin uçuqları önündə

O evin uçqunuyam,

hər gün kərpiclərim ovulur,

uçunuram,

uçuluram…

Havaya bax,

toz-dumandı

uçula-uçula uçuram

tozumun içindən keçirəm,

yazımın içindən keçirəm,

ruzumun içindən keçirəm…

Tozum ərşi-əlada,

yazım bir alınlıq,

ruzum bir ömürlük…

ikinci ömür yox.

Evim yox,

nə ovcumun taleyində,

nə talemin ovcunda,

nə dünyanın o ucunda…

Dünya da uçulur evim kimi

dünya da uçur toz kimi…

Şuşadakı evimizin uçuqlarına noktürn

Əllərim

qapımızın tutacağında qaldı…

Səsim qapımızın cırıltısına qarışdı,

gözlərim pəncərəmizdən asıldı…

Xəyallarım hardasa yol gözləyir,

mənim yolumu…

Evimizin uçuq, sökük daşları,

ürəyimi əzir indi…

Daha…

ürəyim yeriyir uçulmuş yurd yerlərində…

Şuşa küləyi, Şuşa yağışı

Bakıda Şuşa küləkləri əsir hərdən,

Şuşa yağışları yağır…

Bir qərib oğlan keçir o küləklərdən,

islanır o yağışlarda.

Bir qərib umud közərir

vətən həsrətli baxışlarda.

Küləklər Şuşa küləyi,

yağışlar Şuşa yağışı…

Bir qərib oğlan dumana qarışır,

çənə qarışır.

Duman nə gözəldi, İlahi,

külək nə gözəldi, İlahi,

yağış nə gözəldi –

oğlan nə qəribdi, İlahi!..

Şuşalı xatirələrimin baş qəhrəmanı,

Qəmər nənəmin əziz ruhuna

Eh… nənəm o günü xamır qatmadı,

təndir qalamadı, çörək yapmadı.

Xalça toza batdı, cejim qırışdı,

titrək əlləriylə palaz çırpmadı.

Süd daşdı ocaqda, baxan olmadı,

keçilər çəpəri yarıb keçdilər.

Kəndin uşaqları bizim doqqazın

taxta dabanını qırıb keçdilər.

Nəsə dəyişmişdi, həmin deyildi…

hamı yerindəydi, nənəm yoxuydu.

Hərdənbir ağlım da uçub gedirdi,

sanki gördüklərim bir boz yuxuydu.

Yuxuya düşmüşdüm, yuxu nənəmsiz,

bütün baxışlarda boşluq sezirdim.

Nənəm çiyinlərdə getdiyi zaman,

mən evdə, həyətdə nənə gəzirdim.

Eh… nənəm, nağıllı, noğullu nənəm,

payız dumanına qarışıb getdi.

Bizi uydurduğu o nağıllara,

bir də payızlara tapşırıb getdi…

Şuşanın qala divarlarından

Malıbəyli səmtə baxarkən

Könül ki, var

bir sevdanın yarasıdır,

qısıldığım bu divar,

gizləndiyim bu kölgə

ömrün payız arasıdır…

Yarısıdır…

yolun da, yolağın da,

ilk sevgi nəğməsinin

səsi qaldı qulağımda,

ta o vaxtdan,

heç bilmirəm bura

ömrün harasıdır…

Sarısıdır…

gözlərimdə saralan

bu xəzan güllərinin.

yarpaq kimi tökülən

bu təqvim günlərinin.

Daha bu andan belə,

buludlara qoşulub

getməyin sırasıdır.

“Xarıbülbül” otelinin pəncərəsindən baxarkən

Pəncərələr bir umuduydu, onda,

hər mövsüm çiçəkliyərdi şüşələrdə nəm,

hər mövsüm utancaq baxışlar keçərdi şüşələrin içindən…

Bir ürək şəkli cizilərdi,

cızıqlarından şeh daman…

sonra o ürək də süzülüb gedərdi,

yerində ağlayan şüşələr qalardı…

Bir umud yeriydi pəncərələr quşların

ovcumuzda çörək qırıntıları uzadardıq quşlara,

əvvəl qorxardı quşlar,

sonra öyrənərdilər ovucdan yem yeməyə.

Quşlar da sevda quşlarıydı, sanki,

pəncərələr də,

küçələr də.

Pəncərələr yola açılırdı, onda,

sevdaya açılırdı.

İndi ayrılığın gözləri kimi baxır pəncərələr –

içindən bütün ayrılıqlar keçir.

“Xarıbülbül” otelində bir gecə

Bilirsən, bu yol da çıxıb gedəcək,

harasa gedəcək, qayıtmayacaq.

Ürəyin içində yaralı quş tək –

nə gəliş, nə gediş ovutmyacaq…

nəsə baş verəcək, nəsə bitəcək,

yorğun gözlərinə mil sürəcəksən.

çəkilib bir küncə, itib bir küncdə

içində uşaq tək hönkürəcəksən…

Bilirsən, gün daha gün olmayacaq,

önündə qapılar açılmayacaq.

sarmaşıq ağrılar,

sarmaşıq dərdlər –

səndə kök salacaq, qaçılmayacaq…

Beləcə qazancın bir sürü həsrət,

beləcə gedişin səssiz olacaq.

Əvvəl sığınmışdın öz yoxluğuna

sonra yoxluğun da sənsiz qalacaq…

Şəhid evimizə elegiya

I

İndi ağrı bizim evin hekayəsidir,

hərfləri qırıq,

sətirləri sökük,

kərpicləri yerlə-yeksan olmuş.

Tavanının dirəkləri təkcızıq dəftər kimi

üzü göylərə açılmış,

sanki dua edir.

Bilmirəm nə yazım bu təkcızıq dəftərə.

İndi həsrət bizim evin şeiridir,

yazıram,

yazıram,

hərflər evimiz kimi uçur.

II

Dağılmış oyun yerlərindən keçirəm,

xatırlayıram…

– topu tut

– ipi çək

– daşı at

neçə uşaq səsləri gəlir qulaqlarıma…

Neçə səslərin yoxluğundan ötürəm –

nə topu tuta bilmirəm,

nə ipi çəkə bilmirəm,

nə də daşı ata bilmirəm, –

Sevinə bilmirəm heç nəyə…

Sevincim dağıntılar altında çoxdan toza dönmüş, –

çoxdan yoxa çıxmış və unudulmuş…

Müəllif: Elçin İSGƏNDƏRZADƏ

İlkin mənbə: /525.az/

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ELÇİN İSGƏNDƏRZADƏNİN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Sərraf Şiruyənin anadan olduğu gündür.

SƏRRAF ŞİRUYƏ HAQQINDA

Bu gün Sərraf Şiruyənin anadan olduğu gündür. Şair doğum günündə məzarı başında doğmaları və yaxınları tərəfindən anılıb.
Sərraf Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində məşhur el şairi Həsən Xəyallının ailəsində anadan olub. Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeir yazmağa başlamış, poeziyaya böyük maraq göstərmişdir.
1958-ci ildə doğma Daşkənd orta məktəbini, 1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir.
1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu “Bilik” cəmiyyətində mühazirəçi işləmişdir.
1993–1997-ci illərdə dini mədrəsəni bitirmişdir.
Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir.
Sərraf Şiruyə uzun müddət böyrək çatışmazlığından və xərçəng xəstəliyindən əziyyət çəkib. 2015-ci il dekabrın 8-də gecə saatlarında Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib.
Allah rəhmət eləsin. Amin.

“Ulu Göyçə mühitində dünyaya göz açan, şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı mühitindən qidalanan Şiruyə Həsənoğlu mətbuata çox gec gəlsə də, öz rəngarəng, axıcı, hikmətli şeirləri ilə oxucu kütləsinin qəlbinə çox erkən yol tapa bilmişdir. Uzun illərdən bəri şeirləri aşıqların, xanəndələrin, şeir pərəstişkarlarının ürəklərindən dodaqlarına qanadlanmaqdadır. Şeirin bütün növlərində qələmini müvəffəqiyyətlə sınayan Şiruyə Həsənoğlu böyük Aşıq Alı, Aşıq Ələsgər, Xəstə Qasımdan sonra, demək olar ki, ən güclü təcnis ustası kimi tanınmışdır.” – Zəlimxan YAQUB

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

SƏRRAF ŞİRUYƏNİN YAZILARI

ZƏLİMXAN YAQUBUN YAZILARI


İLHAM QƏHRƏMANIN YAZILARI

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

RƏŞAD MƏCİDİN YAZILARI

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

RƏŞAD MƏCİD – 10 SENTYABR – HEKAYƏ

RƏŞAD MƏCİDİN YAZILARI

10 SENTYABR
(hekayə)
Qospitaldan çıxıb maşına tərəf getdi. Köhnə “06” “Jiquli”ydi. On beş il qabaq, səksən altıncı ildə, Sovet vaxtı mühəndis işlədiyi zavodda növbəyə durub almışdı. Qapını açıb oturdu, qabaq oturacaqların arasından üstünə “taksi” yazılan lövhəni götürüb sol əliylə maşının damına bərkitdi.
Qospitala cərrahla görüşməyə gəlmişdi. Ortancıl qızı əməliyyat olunmalıydı. Hansı həkimin ağzını aramışdısa, xərcinin 300 dollardan az olmayacağını demişdilər. Hərbi cərrahı bir köhnə tanışı nişan vermişdi. “Həm işinin ustasıdır, həm də gözü tox adamdır”, demişdi.
Doğrudan da, söhbətləri pis alınmadı. 150-yə razılaşdılar. Əlli dollar-filan da köməkçilərə xərci çıxacaqdı. Pulun 150-si artıq hazırıydı. Həkimlər onu əməliyyatın vacibliyinə inandırandan bəri uşaqların boğazından kəsib birtəhər, manat-manat yığıb düzəltmişdi. İndi qalırdı 50-ni tapmaq. Fikirləşirdi ki, dostdan, tanışdan borc eləyib birtəhər düzəldər. “Zəmanənin üzü qara olsun, borc üçün kiməsə ağız açanda da tər tökürsən – pulu olanın ürəyi yoxdu, ürəyi olanın pulu”.
“Nərimanov” metrosuna çatanda fikirləşdi ki, bəlkə evə gedib arvadını sevindirsin. Amma həmişə dayanıb müştəri gözlədiyi dayanacaqda maşın olmadığını görüb fikrindən daşındı. Yeddi ildən çoxuydu bu dayanacaq onun iş yerinə çevrilmişdi. Küçənin sonunda yerləşən, on yeddi il işlədiyi, mükafatlar aldığı zavod istehsalını azalda-azalda, gücdən düşə-düşə axır ki qapısına qıfıl vurası oldu. 7-8 ay orda-burda iş soraqlaşdı. Bütün cəhdləri boşa çıxandan sonra ümidi maşınına qaldı. Qonşusu İslamın məsləhətiylə maşını taksiyə çevirdi. İslam bir vaxtlar məşhur olan Mədəni Mallar Ticarəti Bazasında işləmişdi. İmkanı yaxşıydı. Qonşulara da əl tutar, istədikləri malı anbardan gətirib öz qiymətinə verərdi. Baza bağlanandan sonra İslam bizneslə məşğul olmaq istəsə də, böyük ziyana düşmüş, borclarını birtəhər ödədikdən sonra çörəkpulunu maşından çıxarmağa başlamışdı. Əvvəl-əvvəl İslamın təklifinə etiraz etsə də, sonra razılaşmalı oldu. İlk vaxtlar yaman utanırdı. Bəzən tanış-bilişə rast gəlir, onu tanıyanlar olurdu. Pul almaq istəmirdi. Bir dəfə isə abırsız və harın müştərini yarıyolda düşürüb evə dönsə də, arvadının, uşaqlarının sual dolu baxışları onu evdə oturmağa qoymamışdı. Amma vaxt keçdikcə yavaş-yavaş müştərilərə alışdı, dayanacaqda təzə tanışlar, təzə “iş yoldaşları” tapdı. İçərilərində keçmiş raykom işçiləri, mühəndislər, həkimlər vardı.
…Maşının şüşəsinin tıqqıltısına fikirdən ayrıldı. Xariciydilər. Gombul balacaboy kişi və arıq ortaboylu qadın. Əllərində bir neçə dolu paket vardı. “Pliz, pliz” deyib arxa sağ qapını açdı. Qadın başa saldı ki, şəhərə tərəf gedəcəklər. Metronun qarşısından hərlənib “Moskva” prospektinə çıxdı. Güzgüdən gördü ki, kişinin ovurdları işləyir. “Bunlar da möhkəm yeyirlər”. Paketdən eşələyib çıxaranda yediyinin paxlava olduğunu gördü. Əslində amerikalı paxlavanı çeynəmir, az qala bütöv-bütöv udurdu.
Balaca gecəqondu evləri fırlanıb qadının göstərişiylə yeni tikilmiş, hündür binanın qarşısında maşını saxladı. Qadın əlində hazırladığı bir şirvanı – on min manatı ona uzadıb “sah oll” dedi. Düşüb qapını açdı. Kişinin ovurdları hələ işləyirdi. Paketləri darta-darta birtəhər qapıdan çıxdı, sonra qadın da düşdü. “Sənkyü” deyib binanın girişinə tərəf getdilər. Maşına oturub, evə tərəf sürdü.
Gecəqonduda yaşayırdılar. Atası o vaxt maldan-qoyundan satıb yeddi min manat düzəltmişdi, evlənəndən iki ay sonra almışdılar. İki otağıydı – iç-içə. Balaca mətbəxi, bir maşının zorla yerləşdiyi həyəti vardı. Həyətin girəcəyindəki darısqal hamam-tualeti sonradan özü tikmişdi. Zavodda ev növbəsindəydi. Bir dəfə təkotaqlı mənzil verirdilər. Almadı. Üç uşaqla birotaqlıda necə yaşayacaqdı. “Bir az da dözərəm, amma üçotaqlı alaram”. O döz, bu döz – hökumət dağıldı, zavod bağlandı, ev növbələri də getdi arxivə (hərdən yadına düşəndə özünü qınayırdı, heç olmasa o vaxt birotaqlını alsaydı).
Qapıya çatanda siqnal verdi, arvadı çıxıb darvazanı açdı. Adətən günortalar maşını qapıya salmazdı. İndi çörək yeyib bir az yatmaq istəyirdi. Arvadı darvazanı bağladı. Gözü onun üzündəydi.
Arvadına hərbi həkimlə söhbətini danışdı. Sifətinə işıq gəldi. Mətbəxdə naharını edib, arxa otağa keçdi. Otağın kiçik pəncərəsi qonşunun həyətinə açılırdı. Qab-qazan taqqıltısı, su şırıltısı, uşaqların səs-küyü çətin ki yatmağa imkan verəydi. Amma bu dəfə nədənsə sakitlik idi. Ola bilsin arvadı xəbər göndərmişdi. Qonşular arvadının “vergili” olduğunu bilirdilər.
Arvadı əvvəllər zavodun uşaq bağçasında tərbiyəçi işləyirdi. Sovet vaxtında uşaq bağçasında əsasən Leninlə bağlı kitablar olardı. Hökumət dağılana yaxın kimsə İrandan kiril əlifbasında yekə şriftlərlə yazılan dini kitablar gətirib beş-altı nüsxəsini də bağçaya bağışlamışdı. Zavodun dayanmasıyla bağçanın da qapısına qıfıl vuruldu. Arvadı da İrandan gələn kitablardan bir-ikisini götürüb evə gətirdi. Arvadının saatlarla oturub o kitabları oxumağı, ona qəribə gəlirdi. Hərdən Qurandan, Məhəmməd peyğəmbərin həyatından danışırdı. Kafirlərin yerinin cəhənnəm olduğu barədə danışdığı rəvayətlər canına üşütmə salırdı. Belə məqamlarda nədənsə yadına arvadının cehiz gətirdiyi sandıqda büküb saxladığı partiya bileti düşürdü. On iki il Kommunist Partiyasının üzvü oldu, hər ay maaşından filan qədər partiyanın büdcəsinə keçirdi. Rus qoşunları Bakıya girib əliyalın insanları qanına qəltan elədiyi 20 Yanvar qırğınından sonra hamı kimi o da partbileti atmaq istədi. Sonra fikrindən daşındı. O, günahı partiyada yox, Qorbaçovda görürdü. Düşünürdü ki, Qorbaçov istəsəydi, vaxtında erməniləri yerində oturda, qırğınların qarşısını ala bilərdi. Buna görə də bileti atmadı, amma bir gün Yeltsin qərar verib partiyanın fəliyyətini dayandırdı. Amma o yenə də partbileti atmadı. Kommunistlərin geri dönəcəyinə ümid edirdi. Bu boyda ölkənin sakitcə dağılacağına inanmırdı. Əvvəl arvadının dinə marağını da ötəri sayırdı. Amma yavaş-yavaş dini kitablar artmağa başladı. Arvadı indi evdə də başına yaylıq örtürdü. Ara-sıra evə gələndə qonşu arvadları evlərində görərdi. Sonra evdə tanımadığı başqa qadınlar da görünməyə başladı. Bir gün arvadı hər şeyi açıb danışdı. Ağ əmmaməli nurani bir qocanın yuxusuna girdiyini, ona işım-işım işıldayan, qızıl camda nəsə verdiyini, səhər ayılandan sonra özündə qeyri-adi əlamətlər hiss etdiyini söylədi. O, arvadında əmələ gələn qəribə dəyişiklərin izahını tapmağa çalışır, bunu işsizliklə, pulsuzluqla, kasıbçılıqla bağlayırdı. Əvvəl-əvvəl arvadına bərk hirslənmişdi, tapşırmışdı ki, heç kimin həyatına qarışmasın, bir də evə yad adamları buraxmasın.
Bir gün İslam onu çayçıya dəvət elədi. Məşhədə gedib gələndən sonra içkini tərgitmiş, elə bil bir az da oturuşmuş, ağırlaşmışdı. Tez-tez məscidə gedir, qısa saqqal saxlayırdı. Əvvəlki yeyib-içən, deyib-gülən İslamdan əsər-əlamət qalmamışdı. İslam cani-dildən onu inandırmaq istəyirdi ki, belə vergi hər insana qismət olmur, Allah-Təala bunu özünün düz, halal bəndəsinə əta edir. “Heç olmasa, qonum-qonşunun diləyini tutsun, onları naümid geri qaytarmasın, savabdı”. İslam ondan icazə istəyirdi. Onun özünə də yol göstərirdi. “İçkini tərgit, Haca get, partbileti də tulla. O evdə haram hər şey yasaqdı”.
İslam nə illah eləsə də, onu razı sala bilmədi. Amma bir müddətdən sonra özü arvadında qeyri-adi nəsə olduğuna inanmağa başladı. Bir dəfə arvadı gecəki yuxusunu danışıb ortancıl qızlarının xəstələnəcəyini söylədi. İki həftədən sonra doğrudan da qızı həkimə aparası oldu. Gün-gündən arıqlayırdı, çörək yemirdi. Həkimlər qızın böyrəklərinin birinin sıradan çıxdığını, təcili əməliyyat lazım olduğunu söylədilər. Başqa iki həkim də belə dedi. Bundan sonra o, arvadında hansısa qeyri-adiliyin olduğuna inanır, bir az da ona qorxuyla baxırdı.
…Gözünü açanda arvadı otağın küncündəki dolabın içində nəsə axtarırdı.
– Maşallah, yaxşı yatdın ha.
Saat beşə qalırdı. Əl-üzünü yuyub otağa qayıtdı. Stolun üstündə bir stəkan çay və sarı rəngli balaca qadın çantası vardı.
– Bu nədi?
– Qızlar maşından tapıb.
– Açmısız?
– Açmışdılar, bağlayıb qoydum bura.
Çantanın ağzını açıb içindəkiləri bir-bir çıxarıb stolun üstünə düzdü. Arvadı ayaq üstə durub baxırdı. Qızlar qapının ağzında boy-boya verib stola tərəf boylanırdılar. Ortancıla baxıb gülümsədi. Daraq, kredit kartı… On yeddi dənə, sancağa keçirilmiş şax yüzlük dollar, iki əlliminlik, bir neçə onminlik və minliklər.
İlk gözünün qabağına gələn amerikalı gombul kişinin işləyən ovurdları oldu.
– Bayaq ər-arvad amerkanlar minmişdi. Onların olacaq. Evlərini tanıyıram.
Qızlar qapının ağzından çəkildilər. Arvadı stəkanı götürüb:
– Soyuyub, aparım dəyişim – dedi.
“Speys”də beşin xəbərləri gedirdi. Anonsları Bakıya gələn Qarabağ ermənilərindən başladılar. Sabah sentyabrın 11-də geri qayıdacaqdılar, Qarabağ Azadlıq Təşkilatı onların gəlişinə etiraz piketi keçirmiş, əvvəldən görüşə razılıq verən müxalifətçilərin bəziləri görüşdən imtina eləmişdilər.
Çayı içib çanta əlində evdən çıxdı. Darvazanı açıb maşına oturdu. Maşını həyətdən çıxarandan sonra düşdü ki, darvazanı bağlasın. Arvadı çöldəydi – darvazanın bir tayını çəkdi və ərinin eşidəcəyi səslə öz-özünə “Ürəkli adama oxşamırlar” pıçıldadı. Arvadın buz kimi soyuq sözləri elə bil süzülüb bayaqdan içini bürümüş istiliyə yayıldı. O istiliyin nə olduğunu da elə bil indi anladı. Ürəyinin dərinliyində fikirləşirdi ki, o gombul kişi, yox, o arıq qadın qapılarında onu görcək sevinəcək və on yeddi yüzlüyün heç olmasa birini sancaqdan çıxarıb ona verəcək, o da səhər tezdən gedib hərbi həkimlə behləşəcək. İndi arvadının bu sözlərindən sonra elə bil o istilik çəkilib getdi, beyninə küt bir ağrı gəldi.
Maşını metronun yanındakı dayanacaqda saxladı. Cəmi üç maşın vardı. Adətləriydi, müştəri gözləyəndə salonun çox qızmaması üçün qapıları açıq qoyub yaxınlıqdakı ağacın altında söhbət edərdilər. Akiflə “Həkim” onu görən kimi ayağa qalxdılar. Birinci Akif dilləndi:
– İki amerikan gəlmişdi, deyəsən səni gəzirdilər, vizitka da qoydular. Tərcüməçiləri vardı. Dedi ki, bayaq burda qırmızı “Jiquli”yə oturublar, arvadın sumkası deyəsən maşında qalıb, şofer də qara bığlı balacaboy adam olub. Bildik ki, sən olassan. Barı sumkada bir şey varmı?
Cavab verməyə imkan tapmadı. “Həkim” dilləndi:
– Olmasa o boyda kişi durub bura gəlməzdi ki! Amerikan hər xırda şeydən ötrü özünə əziyyət verməz. Yəqin sumkada bir min dollar olub. Sənə də azı bir yüzlük verərlər. Cığallıq eləmə, bir qonaqlıq səndə.
– Maşındadı, aparıram verməyə. Mindən çoxdu.
Akif vizitkanı uzatdı.
– Adresi bilirəm – dedi, amma vizitkanı da aldı. İngiliscəydi. “Cim” sözünü rahat oxudu, soyadı dəqiq oxuya bilmədi. Vizitkanın arxasında sxem də vardı, yaşadıqları binanın 11-ci mərtəbəsinə bir ox qoyulmuşdu.
– Qonaqlığı unutma ha!
Bilirdi ki, elə belə əl çəkən deyillər:
– Arxayın olun, yüz versələr qonaqlıq məndə.
Maşına oturub, “Baksovet”ə tərəf sürdü. Gecəqonduları fırlanıb bayaqkı binanın qarşısında saxladı. Dəmir hasarlı binanın qapısına yaxınlaşıb, vizitkanı göstərdi. Qara geyimli hündürboy gözətçi gözucu vizitkaya baxıb otağına qalxdı. Telefonla kimləsə danışıb ona “Liftə gir, 11-ə qalx. Gözləyirlər” – dedi. Maşından çantanı götürüb yuxarı qalxdı.
Dəhlizdəki iki qapının biri yarıyacan açıq idi. İçəridən səs gəlirdi. Yaxınlaşıb qapını bir az da araladı. Bayaqkı gombul kişi onu görən kimi “pliz, pliz” deyib qucağındakı qıvrımtüklü iti sığallaya-sığallaya dəhlizin əks tərəfinə keçdi. Sakitlik çökdü. Bir neçə dəqiqədən sonra kişinin getdiyi tərəfdən bayaqkı qadın çıxıb ona yaxınlaşdı. Çantanı uzatdı. Alıb açdı, içinə göz gəzdirdi, sonra sancağı çıxarıb dollarları saydı. “Duz” – dedi. Əlindəki şax əskinaslara işarə etdi:
– “Cim iit alacaq”.
Sonra pulları çantanın içinə qoyub əlini uzatdı:
– Sah ool. Minneddar-am!
Gombul kişi bayaq getdiyi tərəfdən çıxıb yenə qucağındakı iti sığallaya-sığallaya ona tərəf ötəri gülümsəyib otağa keçdi. Ovurdları yenə işləyirdi.
Keyləşən kimi oldu, arvadın arıq, qırışlı əllərini buraxıb qapıdan çıxdı. Liftin düyməsini basdı. Əvvəl arvadının, sonra ortancıl qızının sifəti gəldi gözləri önünə. Daha sonra ağacın altında söhbət edən sürücü tanışlarını düşündü. Fikirləşdi ki, gərək danaydı. Kim sübut eləyə bilərdi ki, mənim maşınımda qalıb. Bayaqdan bəri ilk dəfə ağlına gətirdiyi bu fikirdən əti çiməşdi.
Liftin qapısı açıldı və balaca bir it iki dəfə hürüb ayaqlarını iyləməyə başladı. Diksindi. İtin xaltasından tutmuş oğlan istehzayla “qorxma, qorxma” söylədi. Həyət qapısının lap ağzında “CİP” dayanmışdı, qapıdan zorla çıxdı. Maşına oturub şəhərə sarı sürdü.
“Bunlardan bizə xeyir gəlməz”. Son illər tez-tez siyasi mübahisələrə qoşular və həmişə də Sovet hökumətinin, rusun namını heç kimə verməzdi. Amerikanın neftimizə tamsındığını, yalnız öz xeyrini güddüyünü sübut eləmək üçün dəridən-qabıqdan çıxar, misallar-nümunələr gətirərdi. İndi ömründə ilk dəfə rastlaşdığı amerikalılar gümanını daha da dərinləşdirmişdi. Nəsə dostlarla söhbətləşməyi, ürəyini boşaltmağı gəldi. Metroya sarı döndü. Ağacın altındaydılar.
Sevincək ayağa durdular. Akif soruşdu:
– Babat oldumu? Bir şey verdilərmi?
– Hə – dedi – yüz verdilər.
– Gedirik də başımızı açmağa? – bunu isə “Həkim” söylədi.
– Maşını qoyum, gedək.
– Deyəsən vurmağın gəlib? – Akif dedi.
Maşını darvazanın ağzında saxladı. İçəri salmağa həvəsi yoxuydu. Qapıdan girəndə arvadı “nətər oldu” soruşdu.
– Sən dediyin oldu.
Ayaqqabılarını soyunub birbaşa yataq otağına keçdi. Dolabı açıb lap üst gözdə qəzetə bükülü pullardan on dənə onminlik sayıb cibinə qoydu. Qalanını büküb əvvəlki yerində gizlətdi.
Ayaqqabılarını geyinəndə arvadı soruşdu:
– Gedəsi oldun?
– Yəqin gec gələcəm. Uşaqlara qonaqlıq verməliyəm.
Arvadının sifətindən hirsləndiyi bilinirdi.
Akif artıq qapıdaydı. Onun maşınına oturdu.
– Maşını qoymursan?
– Yox, içmiyəcəm. “Həkim”lə vurarsan.
Hərdən oturduqları balaca kafeyə gəldilər. Çöldəki stollar boşuydu. Oturub kabab sifariş etdilər. On dəqiqə keçməmiş “Həkim” də gəldi. Vaqif uşaq həkimiydi. Buna görə ona “Həkim” deyirdilər. Tibb universitetini bitirmişdi. Bir-iki il işləyəndən sonra dolanışıq yoxdu deyə biznesə qoşulmuş, təyyarəylə bir-iki dəfə xaricə gedib mal gətirmiş, İslam kimi zərər eləyib xalturaya keçmişdi.
Akif isə universitetin Tarix fakültəsini dəb vaxtlarında bitirmiş, bir müddət akademiyanın Tarix İnstitutunda işləmişdi. Sovet dağılanda müdafiə eləməyə hazırlaşırdı. Sonra elm-filan yaddan çıxdı. O da beş ildən artıqdı ki, çörək pulunu maşından çıxarırdı.
Birinci qədəhi onun, ailəsinin, xəstə qızının sağlığına içdilər. Sonra içməyənin – Akifin, sonra “Həkim”in sağlığına badə qaldırdılar. Araq şüşəsi dibinə yaxınlaşırdı. Ürəyindən sağlıq demək keçdi.
– İstiyirəm öz sağlığımıza, öz xalqımızın sağlığına içək. Mən həmişə demişəm ki, Amerikadan bizə xeyir gəlməz. Bu gün öz sözümə bir daha inandım. Kim olsaydı, min yeddi yüz dollara görə çıxarıb yüz dollar verərdi. Amma bunlar bir şirvan da vermədilər. Həm də mənə elə baxırdılar ki, elə bil dədələrinə borcum var. Rus olsa verərdi, nemes də verərdi, – bir az durdu, əlləriylə gicgahını ovxalayıb – erməni də verərdi, amma amerikan vermədi – dedi.
“Həkim”lə Akif mat-mat bir-birinə, sonra süfrədə soyuyan quyruq, lülə kabablarına baxırdı. O isə danışırdı:
– Qınamayın, dostlar! Mən qonaqlığı sözümün düzlüyünə əmin olduğum üçün verirəm. Allah yetirəcək, uşağı aperasiya elətdirəcəm. Hərdən öz-özümə deyirdim ki, ömründə bir amerikan görməmisən, nə tanıyırsan onları? Bu gün gördüm və inandım ki, səhv etməmişəm. Bunlar soveti – gül kimi hökuməti dağıtdılar, bizi bir-birimizə qırdırdılar, işsiz-gücsüz qoydular, nökərə çevirdilər – özlərinə, öz xeyirlərinə görə. Gəlirlər, neftimizi aparırlar, bizi adam yerinə də qoymurlar. Barı Qarabağı qaytaraydılar. Malay, bir dənə də araq gətir.
Akif qurcuxdu, nəsə demək istədi.
– Dəymə, qoy doyunca içək bu gün.
…Kafedən çıxanda saat birə işləyirdi. Akif əvvəl onu, sonra “Həkim”i aparacaqdı. Darvazanın ağzında dayandılar. Maşının içində yenə bayaqkı sözlərini təkrarlayır, Amerikanın qarasına deyinirdi. Akif birtəhər onu dilə tutub maşından düşürə bildi.
– Bəlkə maşını mən salım həyətə? – Akif darvazanın qarşısında dayanan maşını göstərdi. Etiraz etdi. Ciblərini eşələyib maşının açarını axtardı. Tapa bilmədi. İçəriyə keçdi. Arvadı səsə oyanıb həyətə çıxmışdı.
– Maaşını saalmıram, qooy çöldə qalsın – kəkələdi.
Arvadı istədi desin ki, çöldə dəyib-dolaşan olar. Son vaxtlar oğurluq da çoxalmışdı – maşınların qabaq şüşələrinə, təkərlərinəcən oğurlayırdılar. Onun içəri keçib pal-paltarlı özünü yatağa saldığını görüb, bir söz demədi.
– Fikir eləmə, yaxşı olacaq. – Arvadı üzünü ona tərəf tutub danışırdı. Onu isə yuxu aparmışdı.
Səhər ayılanda başında küt ağrı vardı. Arvadı yerinin içində onunla üzbəüz oturmuşdu.
– Pis yuxu görmüşəm. Yekə-yekə binalar alışıb yanırdı.
– Maşına baxmısanmı?
– Baxmışam. Yerindədi.
– Qız neynir?
– Yaxşıdı. Nəsə olacaq, yaman qorxuram. İçmə, sən Allah, tərgit bu zəhrimarı.
– Tərgidəcəm, söz verirəm. Durub məscidə gedəcəm, tövbə edəcəm – deyib yorğanı başına çəkdi.

Müəllif: Rəşad MƏCİD

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mübariz Süleymanlı. Ay ana.

                    

AY ANA

Gözüm yolda qalıb,könlüm qan ağlar,
Dilim susar dinməz qəlbimi dağlar!
Yaddan çıxmaz anam, sənli o çağlar,
Canım fəda olsun sənə ay ana !

Fələk necə qıydı ana adına…
Zalım ölüm baxmaz bala andına…
Söylə ,necə çatım sənin dadına,
Canım fəda olsun sənə ay ana !

Körpə uşaq olum, baxım sözünə…
Layla deynən, başımı qoy dizinə !
Cənnət qapı qoy açılsın üzünə,
Canım fəda olsun sənə ay ana !

Qara telin bəyaz oldu neynədim,
Şaxta oldu,ayaz oldu neynədim..!
Nəzir oldu,niyaz oldu neynədim,
Canım fəda olsun sənə ay ana !

Ayaq açdım o an tutdun əlimdən,
Ana adı heç vaxt düşməz dilimdəm..!
Yıxılanda tez yapışdın belimdən,
Canım fəda olsun sənə ay ana !

Müəllif: Mübariz SÜLEYMANLI

İrəvan FK-nun mətbuat katibi.

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. BİRDƏN BİRƏ…

                                BİRDƏN BİRƏ…

                                  (hekayə)

         Mayor Daş Başov  mənzilin eyvanında əyləşmişdi. Qızının gətirdiyi pürrəngi çayı içə-içə həyət-bacaya baxır, gəlib-gedənə göz qoyurdu. Bazar günü olduğundan işə getməmişdi.

         Bakıda elə çoxmərtəbəli binalar var ki, bir əlcə həyəti, gəzib dolaşmağa, oturmağa yeri yox. Binaları bir-birinə az qala bitişik tikiblər. Binadan çıxan kimi sakinlər, uşaqlar özlərini küçədə görürlər. Odur ki, valideynlər uşaqlarına tapşırırlar ki, ehtiyatlı olsunlar, özlərini maşından qorusunlar.

         Mayor Daş Başovun və  bina sakinlərinin bəxti onda gətirmişdi ki, bu doqquzmərtəbəli bina ötən əsrin doxsanıncı illərində inşa olunmuşdu, genə-bol həyəti vardı.  Sakinlər həyətdə çoxlu ağac əkmişdilər. İndi kölgəsində dincəlirdilər. Binanın qarşısında park salmışdılar, parkda oturacaqlar, besedkalar, yellənçəklər vardı. Qonşu binalardan da yaşıllığa qərq olmuş parka dincəlməyə gəlirdilər. Xüsusən axşamlar bəzi  bina sakinləri yığılıb dəmlədikləri çaydan içir, nərd oynayırdılar. Mayor Daş Başov  da bəzən onlara qoşulurdu.

         Budur, Füzuli, Vəli, Ramiz keçib əyləşdilər. Qəhvədanı həyətin küncündə qoyduaları köhnə, lakin təmiz və səliqəli seyfdən götürüb su doldurdular, qaynamağa qoydular. Həyətdə bir neçə yerdə su krantı vardı. Ağacları vaxtlı-vaxtında sulayırdılar. Hətta meyvə ağacları vardı. Heyva, nar, üzüm, əncir,   tut yetişəndə Uşaqlar, böyüklər bu nemətlərdən   yeyirdilər. 

         Mayor Daş Başov   öz-özünə: “İndi başlayacaqlar nərd oynamağa”.

Kim uduzurdusa bir qırağa çəkilir, başqası onun yerini tuturdu.

Həyətdə bir maşın dayandı. Mebel maşını idi. Maşının böyründə iri hərflərlə yazılmışdı: “Nə daşınacaqsa, vur-tut 6 manata”.

Binadan köhnə divan, kreslo çıxarıldı, maşından təzə, özü də abırlı, yəni bahalı  divan, kreslo düşürüb pilləkənlərlə yuxarı mərtəbəyə aparıldı.

Mayor Daş Başov  diqqət kəsildi. Altdakı mənzildən səslər, ucadan danışıqlar gəlirdi. “Hə, aydındır, mebel qonşu Nərmə Nazikovgilə gətirilib. Ay canım, fikir verdim. Köhnə mebel qaydasında idi. Bu Nərmə kişi niyə onu çölə atır? Belə pullanıb? Fəhlə babadır. Acından yuxudan günorta durur. Lap məəttəl qalmalı işdir”

Mayor Daş Başov  əlini yelləyib: “Əşi, biz paxıl deyilik. Öz işidir. Sağ-salamat işlətsinlər. Qonuşunu iki inəkli istə ki…”

Mayor Daş Başov  belə fikirləşsə də, atalar məsəlinin dalını gətirə bilmədi. Eyni zamanda düşündü: “Kasıb ona görə kasıbdır ki, gəlirini-çıxarını bilmir”.

Günlər keçdi. Qonşu arada mənzilə nə isə daşıtdırıdı. Əyin-başları da təzələnmişdi. Günlərin bir  günündə həyətdə yağın içində bir Mersedes dayandı. Məlum oldu ki, Nərmə Nazikovundur. Mayor Daş Başov  fikrə getdi: “Bu Nərmə yoluğun biri idi. Dünənə kimi zavodda fəhlə işləyirdi. Yəqin onu direktor, ya da baş mühəndis qoyublar. Bu da daraşıb dəmir-dümürə, satıb yeyir”.

Maraqlandı, məlum oldu ki, Nərmə Nazikov yenə də fəhlə işləyir. Mayor Daş Başov  sakitləşmək bilmirdi: “Bu kişi xəzinə tapıb nədir?! Bu qədər pul onda haradan?”

Mayor Daş Başov əlini alnına apardı: “Hə, tapdım. Yəqin nə isə  yaramaz  işlərə qoşulub. Narkotiklə məşğuldur, dələduzluq edir nədir, gərək  öyrənim”.

Nərmə Nazikov sakit, mərifətli adam idi. Qonşular xətrini istəyirdilər. Heç kimlə işi, problemi yox idi. Ailə üzvləri də eləcə. Mayor Daş Başov nə qədər çalışıb əlləşsə də bir şey tapa bilmədi. Nərmə Nazikov səhərlər işə gedir, axşamlar qayıdır, qonşularla hörmətli davranır, ayağını da əyri atmırdı. Hamı ondan razı idi.

Mayor Daş Başov qalmışdı mat-məəttəl. O, polis idarəsində cinayət-axtarış şöbəsinin müdiri idi. İndiyə qədər onun fəaliyyətində belə bir şey olmamışdı ki,   hansısa işi aça bilməsin. Nərmə Nazikov pullanmışdı. Mayor Daş Başov bu pullaşmanın mənbəyini tapa bilmirdi. Dişi bağırsaqlarını kəsirdi. Axırda prokurorun yanına getdi və  onun yuxusunu ərşə çəkən əhvalatı danışdı.

Hüquq mühafizə orqanı işçiləri bir müddət Nərmə Nazikovu güddülər. Şübhəli bir şey aşkara çıxara bilmədilər. Prokuror Mayor Daş Başova:

 -Görünür nəslindən, ata-anasından, yaxud qayınatasından qalma varidatı varmış, – dedi.

Mayor Daş Başov razılaşmadı:

-Yox, ay canım, bəs neçə illər o varidatdan niyə faydalanmayıb?  Ac-yalavac yaşayıblar. Neçə dəfələrlə borc alıb. 

Mayor Daş Başovun təkidi ilə Nərmə Nazikovu prokurorluğa çağırdılar. Nərmə səliqəli geyinmişdi. Prokurorluğa dəvət olunduğundan özünü narahat hiss edirdi.  

Mayor Daş Başov xahiş etmişdi ki, bu işdə onun əlinin olduğunu bilməsinlər.   Prokuror Nərmə Nazikova dedi:

-Hə, danış.

Nərmə Nazikov:

-Nəyi danışım? – deyə xəbər aldı.

Prokuror əlindəki fincanı nəlbəkiyə qoyaraq onun gözlərinin içinə baxdı:

-Xəzinəni haradan tapdığını… – dedi.

Nərmə Nazikov özünü itirdi. Kəkələdi:

-Hansı xəzinəni? Mən xəzinə görməmişəm. Xəzinə nədir?

Prokuror onun kəkələməsindən və özünü itirməsindən bir daha əmin oldu ki, hər halda Nərmənin bir sirri var. Onu öyrənmək lazımdır.

-Sən bir fəhlə babasan, elədir?

-Elədir, cənab prokuror.

Prokuror davam etdi:

-Həyat yoldaşın işləmir. Üç övladın var. Hər üçü məktəblidir. Sənin nə qədər maaş almağından da xəbərimiz var. O maaş zorla sizi görür. Altı ay, bir il əvvəl ehtiyac içərisində yaşayırdınız. İndi o binanın zəngin ailələrindən birisiniz. Düzünü de. Hansı həlləm-qəlləm işə qurşanmısan? Gec-tez onsuz da açılacaq. Hey axtardıq, ip ucu tapmadıq. Narkotiki sənə kim gətirir? Bu, sualın biri. Sən onu kimə ötürürsən? Bu da ikinci sual. Hələlik. Davam edəcəyəm hələ.

Nərmə Nazikovu tər basdı:

-Cənab prokuror, nə narkotika? Mən heç onun rənginin necə olduğunu bilmirəm.

-Bəs o pullar sənə haradan?  Mebelini dəyişmisən? Maşın almısan? İndi də evini təmir etmək istəyirsən. Yəqin təzə mənzil də almısan?

Özünün narkotik alış-satışında suçlanması Nərmə Nazikovu düşünməyə məcbur etdi. Bunlara nə var ki, boynuma qoyacaqlar. Yaxud oğurluqda günahlandıracaqlar. 

Nərmə Nazikov hələ özünə gələ bilmirdi ki, cavab versin:

Prokuror ayağa qalxıb gəzindi:

-Nərmə, sən kimə gəlirsən? Mən bu yolda saçımı-saqqalımı ağartmışam. Nə bizi, nə də özünü yorma. Həqiqəti aç, de.

Nərmə Nazikov dilə gəldi:

-Bəli, varlanmağım səbəbsiz deyil. Amma mən əyri yola düşməmişəm.  Təqsirkar qonşudur. Niyə? Bu dəqiqə deyim.  Qonaq otağımızdakı çil-çıraq gözümə birtəhər göründü.  Birtəhər deyəndə bir az yana əyilmişdi. Dedim çıxıb düzəldim. Pis görünür. Ayağımın altına stul qoyub qalxdım. Çil-çırağı əvvəlki yerinə çəkəndə yuxarıdan tappıltı ilə döşəməyə nə isə düşdü. Qızıl onluq idi. Qaldırmaq istəyəndə biri də düşdü.  Götürdüm. Sonra stulun üstünə çıxıb baxdım.  Qonşunun döşəməsindən nə isə bir balaca yarıq açılmışdı. Qızıl onluqlar oradan sürüşüb düşürdü. Yenə də qızıllar vardı. Amma mən onları götürməyə tələsmirdim. Qonşu duyuq düşərdi. Hərdən birini, ikisini götürüb xərcləyirdim. Mayor Daş Başovun mənzili idi. Sən demə,  döşəmənin taxtasını, ya da parketi qaldırmaqla qızılları orada gizlədirmiş. Bizim çilçırağın bənd edildiyi tavanda mənim, yoxsa onun günahından oyuq açılmışdı… İndi başa düşdünüz. Oğrudan oğruya halaldır…. Qonşunun hələ də yoxa çıxan qızıllardan xəbəri yoxdur.

Prokuroru gülmək tutdu:

-Yaxşı, sən get. Lazım olanda çağıraram

Nərmə Nazikov çıxdı. O gedəndən sonra prokuror Daş Başovu nəzarətə götürtdürdü.  Məlum oldu ki, o, cinayətkarlarla əlbir olub, müxtəlif yollarla pul qazanır. Aldığı pulları qızıla çevirir.

Daş Başov rüşvətxorluqda, vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilərək həbsə alındı. Belə yerdə deyirlər: “Başqasına quyu qazan özü həmin quyuya düşür”.

Bakı şəhəri, 09 sentyabr 2023-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəşəm İsabəyli. Nəfs.


NƏFS
(hekayə)

Otuz il qabağın söhbətidi. Payız günlərinin birində orta məktəb yoldaşım yanıma gəlmişdi. Ucaboy, güləriz, sifətindəki işıqdan başqa elə də cəlbediciliyi olmayan, hesabat verirmiş kimi əl-qoluyla danışmağı xoşlayan dostumun üz-gözündən həyat eşqi yağırdı. Onda mən, indi adından başqa heç nəyi qalmayan “İşıq” nəşriyyatının not-musiqi redaksiyasında otururdum. Redaksiyanın qadın işçiləri bir göz qırpımında vuruldu ona. Xüsusən də Afər xanımın marağı dostumu ilhama gətirmişdi. Şirvanlı ehtirasıyla basıb-bağlayırdı. Saat yarımdan sonra xudafizləşib gedəndə az qala rerdaksiya işçiləri nəşriyyatın qapısınacan onu yola salmağa çıxmışdı. Sonra da məni tutdular sorğu-suala. Mən də xəsislklə söz kəsənlik elədim:
–Yerlimdi, bir məktəbdə oxumuşuq…
Beş aydan sonra təzəcə işə gəlmişdim ki, tanımadığım bir oğlan uşağı redaksiyamıza gəldi:
–Müəllim, çayxanada sizi bir kişi gözləyir.
Tələsik aşağı düşdüm. Gördüm dostum çayxananın bir qırağında qarşısında bir çaynik çay, iki stəkan, beli bükülmüş vəziyyətdə oturub, gözünü zilləyib bir nöqtəyə.
–Niyə yuxarı qalxmamısan?!
–Qalxa bilmədim…
–Niyə?
Qəribə cavab verdi:
–Bilərsən.
–Gözümə kefsiz dəyirsən?!
–Sınıq çıxmışam!
–Nə mənada?!
–Malımı-pulumu batırmışam. – Üzünə maraqla baxdığımı görüb, gülümsədi. –Yeməyə çörəyim vardı, sürməyə maşınım vardı, xərcləməyə pulum vardı. Amma bunlar mənə azlıq eləyirdi. İstəyirdim adamların gözündə bir mərtəbə də ucalım.
Başladım təzə qazanc yeri axtarmağa. Böyük adamların birinin bacısı uşaqlarıyla qarşılaşanda çiçəyim çırtladı: “Mənim də atımın nalınamı, alnınamı gün doğarmış!”. Onların söhbətindən belə başa düşdüm ki, Rusiyada tomat pastasının ayağı yerə dəymir. 10 min banka apar, bir ətək pulla qayıt. Beh verib, 10 min bankanı sayıb götürdüm. Vaxt qoydular. Ticarətdə də vaxt qumarda uduzmaq kimi bir şeydi.
–Narahat olmayın, inşallah, 10-15 gün qabaqcadan pulunuzu qaytaracağam.
–Unutma ki, bir gün geciksən, 1 faiz artıq ödəməli olacaqsan.
Sağ əlimi qoydum sol gözümün üstünə.
–Niyə sol?!
–Sağımdan solum yaxşı görür.
Gülüşdülər…
Malı yük maşınıyla vurdum Rusiyaya, özüm də dalıyca uçub getdim. Saratovda yükü qarşılayıb yer-yurd elədim. Nümunə üçün bir qədərini çıxartdım bazara. Alıcı quş kimi aldı üstümü. Gördüm, bankanı əlinə götürüb o-üz bu üzünə baxan-baxan yerə qoyub, çıxıb gedir.
“Köpək uşağı, – ürəyimdə dedim, – heç olmasa dadına baxın.”. Hətta birini də açıb nümunə kimi qoymuşdum ortalığa. Heç barmaqlarını batırıb dillərinə də vurmadılar. Çaşıb qaldığımı görən bir Allah bəndəsi qulağıma pıçıldadı, – bunun istehsal tarixi, yararlılıq müddəti, nettosu… bruttosu… hanı?!
Barmağımı dişlədim. Böyük adamın bacısı uşaqları tomat pastasını eləcə bankələrə doldurub, üstünə də pomidor şəkli yapışdırıb, vermişdilər qoltuğuma. Mən də hər yeri Azərbaycan bildiyimdən, ağlıma da gəlməmişdi ki, baxım görüm zəhrmara qalmış pomidor pastasının istehsal tarixi haçandı. Rusa da, bankanın içindəkindən çox çölü lazımdı – 500 qram əvəzinə 100 qram da olsa, təki etiketi olsun, elə dolu banka kimi qəbul eləyəcəklər.
Malı bazardan çıxardıb, aparıb tökdüm kirayədə qaldığım həyətə. Elə axşam ikən axtarıb bir mət¬bəə tapdım. Sifariş verib, malın çəkisi, istehsal tarixi, yararlılıq müddəti… nettosu… bruttosu… möhür düzəltdirdim. Səhər sübh namazından…
Sözünü ağzında qoydum:
–Namaz qılırsan bəyəm?!
–Bir o qalmışdı!
–İndi hamı millət namaz qılır.
–Millət çaşıb, elə bilir müsəlman olmaq namaz qılmaqdan ibarətdi! Lənət şeytana. Onu deyirdim axı. Qolumu çırmayıb, girişdim işə. Özüm tək, banka da on min… Şappa-şap başladım bankələrin kürəyinə möhür salmağa. Necə qızışırdımsa, yemək-içmək yadımdan çıxırdı. Bir də onda ayılırdım ki, bir əlimdə möhür, bir əlimdə bankə, başımı qoymuşam taxta qutunun üstünə, ağzımın suyu da daşdan su daman kimi axıb tökülüb şalvarıma.
15 günə bankaları möhürləyib qurtardım. Çıxartdım bazara – baxan-baxan göydə qapırdı. Bir gün də gördüm, nəsə mal ağır gedir. O yan-bu yana boylananda, boğazım qurudu. Yalançılar sözü bazarda tomat əlindən iynə atsaydın yerə düşməzdi. Yerlilərim parta-part tomat pastası satırdı.
Artıq malın pulunu vermək vədəm də tamam olmuşdu, hələ də 3-4 min satılmayan bankə qalmışdı. Bakıdan da xəbər xəbər dalınca gəlirdi – bizimlə zarafat eləmək fikrinə düşməyəsən, ha!
Malı dəyər-dəyməzinə yerlilərimə satıb, geri qayıtdım. Haqq-hesab zamanı məlum oldu ki, əlim ətəyimdən uzun gəlir – mayanı da yemişəm, qazancı da. Qayıtdım Kürdəmirə. Gördüm, yoldaşım, uşaqları da götürüb ehtiyac üzündən çıxıb gedib atası evinə. Evdə tək qalan bacım da acından ölüb.
2 gündən sonra ailəm geri qayıtdı. Bərk sevinirdilər. Elə bilirdilər, yel əsib, qoz tökülüb…
Başladı ağır günlərim. Bir adamdan da borc almağa üzüm gəlmirdi. Qorxurdum, məni araya qoyalar. Bir az dəmir-dümürüm vardı, satıb, puluyla gün keçirtməyə başladıq. Bir səhər evdən çıxanda yoldaşım dedi:
–Çörək alarsan.
3 çörək alıb gətirib verdim. Günorta evə qayıdanda, yoldaşım zəndlə üzümə baxdı.
–Nədi, nə olub?!
–Çö¬rək almamısan?
–Nə çörək, – dedim, – bayaq aldığım çörək deyildi?!
–Ay bəxtəvərin balası, iki oğlun var, hərəsi bir dana boyda, onlara 3 çörək bəs eləyər, elə yavan-yavan yedilər?!
İnan, dünya gözümdə zülmət qaranlığa döndü. Cibimdə bir qara qəpik də yox idi. Qapının ağzındakı kətilə yanımı qoyub, əllərimlə başımı tutdum…
Bir xeyli vaxt nə o dilləndi, nə məndən səs çıxdı.
–Bilirsən, niyə gəlmişəm?
Sual dolu nəzərlərimi dikdim üzünə.
–Mənə pul lazımdı – borca!
–Nə qədər?
–On min.
Zəka sahiblərinin məsləhəti yadıma düşdü – “İstənilən borcun yarısını verəsən gərək.”.
–Min manata gücüm çatar.
Ağlımdan keçdi ki, müdriklər onu da deyib ki, borc vermə, verdinsə, geri qayıdacağından ümidini üz.
–Onu da bağışlayıram sənə!
–Allah razı olsun! Düzünü bilsən, yaram çox dərindi, yüz min də sağaltmaz. Amma indi min də məndən ötrü böyük puldu.
–Allahın verdiyinə qane olaydın gərək!
Əlini əlinə vurub şaqqıldayıb güldü.
Çaşıb qaldım: “Bu dərd hara, bu gülüş hara?!”
–Nədi, gülüşüm səni çaşdırdı, deyəsən?!
Başımı yellədim.
Bayaq stolu döşüylə qabağa itələyib, yan tərəfə çevrildi.
Gördüm sağ ayağı dizdən aşağı yoxdu.
–Bu nədi?!
–Nəfs…

03.08-09.09. 2023

Müəllif: Qəşəm İsabəyli

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu: – YADINA DÜŞÜRƏMMİ!?

YADINA DÜŞÜRƏMMİ

A dərmanım bildiyim,
A dərdini böldüyüm,
A dərdindən öldüyüm,
Yadına düşürəmmi?

Vüsalımın dəyəsi,
Həsrətimin tiyəsi,
Yaddaşımın yiyəsi,
Yadına düşürəmmi?

Qəlbində iz açdığım,
Könlünəcən qaçdığım,
Ömrünə nur saçdığım,
Yadına düşürəmmi?

Dağım, dərəm, gədiyim,
Bu qismətə nə deyim?
Dilindən düşmədiyim,
Yadına düşürəmmi?

Qibləm bilib baxdığım,
Gözlərindən axdığım,
Eşqi boyu qalxdığım,
Yadına düşürəmmi?

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İLHAM QAZAXLININ YAZILARI

ADİL CƏFAKEŞİN YAZILARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
======================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Həqiqət Həqiqi. Qardaşım.

QARDAŞIM

(10.09.1970—27.04.2014.)

Təbrikinə necə gəlim,
Bu gün sənin ad günün!
Nə deyim ki, tanrı yazıb,
Bəlkə bu gün şad günün!

Elə dolursan eynimə,
Dəli kimi gözüm gəzir…
Sənsizliklər çox ağırdı,
Dözəmmirəm qəlbi əzir.

Kimi sənə oxşadıram,
Az qalıram gedib öpüm.
Deyim gözəl qardşımsan,
Ürəyimin qəmin söküm…

Bəzən elə bənzədirəm,
Gülüşünü gülüşlərə.
Ah çəkirəm, yaş tökürəm,
Həsrətəm o görüşlərə.

Baxışından yazmyacam,
Göz dəyər o gözlərinə.
Nə desəydim “Pahh” deyərdin,
Bacı qurban sözlərinə.

10.09.17.

ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN …

Müəllif: Həqiqət HƏQİQİ

HƏQİQƏT HƏQİQİNİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Yazarlar”jurnalının baş redaktoru Zaur USTAC “Heydər Əliyev ili” çərçivəsində səmərəli fəaliyyətinə görə “Heydər Əliyev 100” Fəxri media mükafatı ilə təltif olunub

Yazarlar” jurnalının baş redaktoru Zaur USTAC “Heydər Əliyev ili” çərçivəsində səmərəli fəaliyyətinə görə “Heydər Əliyev 100” Fəxri media mükafatı ilə təltif olunub. “Yazarlar”  kollektivi adından  Zaur   müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!!!

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tramvay parka gedir… – Qabilin şeiri

Gecə saat bir,

Tramvay parka gedir.

Cingildəyir şüşələr,

Boş vaqonda bilinir bu cingilti bu qədər.

Gecə saat bir.

Tramvay parka gedir

Ləngərlə.

Bu ləngər bilinməzdi –

Vaqon dolu olsaydı sərnişinlərlə.

Uzundur parkın yolu,

Küçələr sükut dolu.

Relslərin calağında çıqqıldayır təkərlər,

Elə bil bir nəhəngin dişlərini tökürlər.

Gecə saat bir,

Tramvay parka gedir.

Məftillərdən od qopur şimşək çaxan sayağı,

Məftillər fışıldayır qızıl ilan sayağı.

Uzunsov lampoçkalar yanır-sönür arabir,

Konduktor mürgü döyür…

Tramvay parka gedir.

Konduktorun çənəsi

Boynundakı çantanın qayışına toxunur,

Yumulu gözlərindən hər şey açıq oxunur.

Sürücü siqaretin kötüyünü sümürür,

Yandakı pəncərədən –

Qaranlığın üzünə bir parça köz üfürür.

Yolda bir sərxoş durur, dünyanın ağasıtək…

– Xox… qorxub qaçacağam, kişidir, bassın görək.

Təkərlər xırhaxırla relsdə sürüşüb yanır,

Konduktor məhəccərə çırpılaraq oyanır.

Qaçır sürücüyə sarı:

– Adam basdın?

– Yox, ay qız!

Heç iti-pişiyi də candan etmək yaramaz.

Qorxdun?

– Qolum əzildi yaman.

– Can-can…

Gecə saat bir,

Tramvay parka gedir.

Sürücünün saçında sürüşür qızın əli:

– Baləli!

– Can!

– Yorulmusan?

– Az-maz.

Eybi yoxdur, Münəvvər.

Parka az qalıbdır, az,

Parkacan özümüzü çatdırarıq birtəhər. –

Gecə saat bir,

Tramvay parka gedir.

Gözətçilər bayırda hərdən fışqırıq çalır,

Gözətçilər neyləsin, sübhəcən oyaq qalır,

Yuxu qovulsun gərək.

Mürgü sovulsun gərək.

– Baləli!

– Can!

– Gəl sabah ərizə yazaq, gəl çıxaq tramvaydan.

– Bu fikir hardan düşdü ağlına, ay Münəvvər?

Necə yəni gəl çıxaq, gəl ərizə yazaq səhər?

– Baləli, ayaqlarım tapdağa dözmür, inan.

Səhər-axşam ürəyim hövl edir basabasdan…

Sənə nə var, Baləli, bircə yola baxırsan,

Hay-küydən nə xəbərin, relslər üstə axırsan.

– Deyirsən də, Münəvvər.

Yoldan fikrim yayınsa, yüzünün qanı gedər.

Bu yandakı güzgüdən

Dalı da görürəm mən,

Dala da baxıram mən.

Gedə-gedə minirlər,

Gedə-gedə düşürlə.

Minəndə sürüşürlər,

Düşəndə sürüşürlər.

Hamıya cavabdehəm,

Nə qəm…

Ay dəli!

Ay tramvay gözəli!

Ay mənim konduktorum!

Köhnə bayatılarla neçin özümü yorum? –

Gecə saat bir,

Tramvay parka gedir.

– Deyirsən, tramvayın səhər ataq daşını?

Qız oğlanın çiyninə toxundurur başını.

– Bəli.

Baləli!

Hansı işə deyirsən, hara deyirsən, gedək.

Lap qızıl mədəninə…

Lap kömür mədəninə.

Gedək, amma, tən gedək.

Vaqonda işıqlar sönür bu zaman…

– Ay-hay,

– Eh, bu cərəyan da vaxt tapdı yaman.

Susur tramvay,

Bir az gedir-gedir, durur tramvay.

“Parka yaxşı gəldik”, “Yaxşıca çatdıq”.

“Yaxşıca dincəldik”, “Yaxşıca yatdıq”.

– Düş, cərəyan gəlincə, gəzək bayırda bir az,

Hava almaq pis olmaz.

Gör, bizim tramvaya nə yazılıb, Münəvvər,

“Komsomola hədiyyə!” əntiqədir bu sözlər.

Hər vaqonun böyrünə yazılmayır belə şey,

“Komsomola hədiyyə!” böyük şan-şöhrətdir ey!

– Əlbəttə, çox böyükdür, buna nə söz, nə söbhət,

Bu vaqonla işləmək səadətdir, səadət.

Adamla dolu olur tramvay səhər-səhər,

İşə gedir camaat, işə gedir fəhlələr.

Bir parası qızarır,

Gözümdən yayınmağa bir künc-bucaq axtarır.

– Bilet alın, – deyirəm, deyirəm, dayanıram.

Bir parası ağarır.

Mən isə ağartmıram – susuram, inanıram…

– Sərnişinlər də var ki… ay Münəvvər, axı sən

onların barəsində bəs niyə söz demirsən?

Bir biletçin bir onluq ötürür əldən-ələ,

Gözünü qırpmır belə…

Bəs niyə söyləmirsən: elə sərnişin də var

biletsiz düşmür yerə… keçir dayanacaqlar…

Yoxsa, sənin sözündən belə çıxır ki, daha

Bir belə camaatın işi qalıb Allaha?

Bəlkə biri xəstədir, natəmizdir cövhəri,

Ömrünün illərindən çox sevir qəpikləri.

Harda olsa, qənimət axtaranlar da çoxdur.

Hər bilet almayanın zənn etmə ki, cibində

üç qəpik pulu yoxdur.

Ölümə göz dikən var – ölüm olsa havayı,

Onların nə vecinə hökumət tramvayı.

Bilirəm, inciyirsən səhərdən-axşamadək

əlli min cür adamla çənə-boğaz döyərək.

İxtisara düşəcək onsuz da vəzifəniz,

Bütün konduktorları yığıb söyləyəcəklər:

“Başqa işə keçin siz!”

Gün gələcək, bizi də yığacaqlar bir yerə,

Deyəcəklər: “Yaraşmır tramvay bu şəhərə.

– Sürücülər, sizinlə qurtardıq”, – deyəcəklər,

“- Relslərin hamısını çıxardıq”, – deyəcəklər.

Onda biz də taparıq ayrı peşə, ayrı iş,

Yol geniş, həyat geniş.

Sənin yaşın iyirmi, mənimki iyirmi bir,

Yelkən təzə açılır, gəmi təzə yellənir.

Parkda bizi tanıyır, parkda bizi sevirlər,

Yaxşı, çıxıb neyləyək, hara gedək, Münəvvər?

Sən biləni başqa yer burdan rahatdır yəni?

Yox, kurort zənn etməyək fabrik ilə mədəni.

Üz-üzə gələcəksən insanlarla, Münəvvər,

Hər yerdə, hər məkanda.

Nə deyim, görəcəksən filan da, bəsməkan da… –

Xəttə cərəyan gəlir,

Qaranlıqdan işığa çıxan gözlər qamaşır.

Elektrik motoru elə bil donquldanır,

Kiminləsə savaşır.

Tramvay ağır-ağır öz yoluna düzəlir.

– Yadındamı, Baləli, qələm çəkdik hər şeyə,

Göz yumduq hər gileyə.

Eşqə, sədaqətə biz and içərək,

Vurğunun, “Komsomol poeması”nın

ilk sətirlərini xatırladantək:

Ayazlı-şaxtalı bir qış səhəri

İki yoldaş olub yola düzəldik.

Nabələd-nabələd gəzib şəhəri,

Axırda tramvay parkına gəldik.

Bizə yataqxana… bizə iş… hörmət…

İnsanlıq… şirinlik… qayğı… hərarət…

– Yaxşı ki, bunları sayırsan bir-bir…

Ötür dayanacaqlar, tramvay parka gedir,

Maşın tapa bilməyən sürücüyə əl edir,

Tramvay parka gedir…

– Mən bunları sayıram, mən bunları qanıram,

Ancaq öz qərarımı yenə doğru sanıram.

– Park bizə ev verəcək bu gün-sabah, Münəvvər!

– Parkda işləməyənlər küçədə yatır məgər?

Tramvay bir dövrənin ətrafında dolanır,

Çıxa bilməz kənara, gedə bilməz uzağa.

Ömrün, həyatın yolu üfüqlərə uzanır,

Bizə qol-qanad gərək üfüqləri… aşmağa,

Üfüqün yolu çətin, üfüqün özü əlvan,

Qoy bu son dövrə olsun, ayrılaq tramvaydan.

Üfüqün bir parçası harda yanır, Baləli?

Kəndimizin üstündə, yanırmı?

– Yanır, bəli!

– Bax, o həmin parçada niyə görünməyək biz?

Tinlərin arasında tam sürəti boğulan

Tramvayda nə üçün keçsin ilk gəncliyimiz?

Səninlə bağlamışam arzumu-diləyimi.

– Peşmansan?

– Yox?

Duymursan ürəyimi?

Getməsən də, dözərəm.

Boynumda pul çantası, əlimdə bilet topu

Tramvayda gəzərəm.

– Münəvvər!

Maaş günüdür səhər,

Nəqd, halal.

Gedək, nə xoşlasan, al.

İkimizin qazancı üst-üstə xeyli tutur,

Maaş günüdür səhər.

Ağlayan bir uşağı konfet ovundurantək

Böyük də pul alanda hər ağrını unudur,

Qız başını bulayır:

Çanta yana əyilir, pullar dağılır yerə.

Diksinib cingiltidən geri baxır sürücü

gözucu.

Yenə dönür irəli,

– Saxlayım?

– Sür,

Baləli, sür!

Parkın darvazasının işıqları görünür.

1962

İlkin mənbə: /edebiyyatqazeti.az/

Müəllif: QABİL

QABİLİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru