Məhərrəmli Fərid Əlirəhman oğlu 1999

Məhərrəmli Fərid Əlirəhman oğlu 1999-cu il aprel ayının 3-də Samux şəhərində anadan olmuşam. Azərbaycanlıdır.
2006-cı il sentyabr ayının 15-də Samux şəhər Səhrəddin Əliyev adına 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2018-ci ildə Azərbaycan Dövləq Aqrar Universitetinin Zoomühəndislik ixtisasına qəbul olmuşdur.. 2022- ci ildə isə bakalavr təhsilini başa vurmuşdur. Həmin ildə Azərbaycan Dövləq Aqrar Universitetinin “Baytar-sanitar ekspertizası” ixtisasına qəbul olmuş, 2024-cü ildə magistr təhsilini başa vurmusdur.. 12.12.2024 – cü ildə ilk romanı olan “Setralı” çapa imzalanmışdır.
Kitabdakı “qəribəliklər” haqqında izah tələb edən əziz oxucular üçün:
Yazıçı qeyd edir ki;
Əvvəla qeyd edək ki, adların qəribə və tanış olmaması təbiidir. Çünki kitabdakı hadisələr, “tarixi öncəsi” deyilən dövrdə baş verir. Yeri gəlmişkən qeyd edim ki, tarixçilər arasında “tarix öncəsi” deyildikdə, e.ə. 3200 cü ildən əvvəlki dövr nəzərdə tutulur. Çünki arxeoloqların tapdığı ilk yazılı lövhələr, məhz həmin dövrə aiddir. Hansı ki, bu günkü Suriya, Misir, İraq və ətraf bölgələrdən tapılmışdı. Qədim Misirdə daha qədim, lakin inkişaf etmiş sivilizasiyaların yaşadığı teoremi isə, hələ də mübahisəli olaraq qalır. Hətta qədim “Misir tanrıları” nın, əslində qeyri-insan sivilizasiyasına aid olan, inkişaf etmiş varlıqlar olduğu, cəhalət səbəbindən də “tanrı” olaraq qəbul edildiyi teoremi də mövcuddur. Məsələn, ölüm tanrısı “Set” və günəş tanrısı “Ra” kimi. Kitabın adının niyə “”SetRa” lı” olduğu, kitabın sonuna doğru, hadisələrin gedişatı ilə paralel şəkildə əziz oxuculara aydın olacaq. Bütün bunlarla yanaşı, kitabdakı Kuron dilindəki adlardakı hər hərf, Azərbaycan dilindəki başqa bir hərfə işarədir. Məsələn” Jelkosek” “Yalquzaq” deməkdir. Əsərdə Kuron dilində yazılmış dialoqların bəzisinin tərcüməsi verilsə də, bəzilərinin tərcüməsi verilməmişdir. Beləcə, daha diqqətli olan oxucular, digər oxucuların başa düşmədiyi dialoqların da mənasını anlayaraq, ümumi oxucuların almadığı bəzi mesajları almış olduqlarından, üzlərində təbəssüm oyanacaq deyə düşünürəm. ” Kuron” sözünə gəldikdə isə, “yeddiillik müharibə” (1756-1763, Böyük Britaniyanın və Fransanın Şimali Amerika və Ost-Hindistanda müstəmləkəçilik rəqabəti, və Prussiyanın aqressiv xarici siyasətinin Rusiya və Avstriyanın xarici maraqları ilə toqquşmasından yaranan müharibə) zamanı döyüşlərdə iştirak edən “irokez” adlı qızıldərili qəbiləsinin bir qolu olan “Kuronları” ( Quron və ya Huron kimi yazı formaları da mövcuddur) və Baltik dənizi yaxınlığındakı “Kuron Laqunu (Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi.) haqqında məlumatı olan oxucular, Kladiusun fəlsəfəsində bəzi işarələri sezdikdə, yenə də, onda xoş bir təbəssüm yaranacaq. Bu xırdalıqlara ehtiyac varmı deyə sual verə bilərsiniz. Mən də deyərəm ki, “Dünyamız sirrlərlə doludur, bəs axı niyə?”. Qısa bir düşüncə sonrası siz əzizlər də deyərsiniz ki, “əgər bütün həqiqətlər dərhal görüləcək qədər açıq olsaydı, insanlar onları mənimsəmək istəməz, qiymətsiz hesab edərdi. Məsələn Arximed işarəni oxuya bildikdə “Evrika” deyə qışqırarkən hiss etdiyi sevinci, heç vaxt hiss etməzdi və bu həqiqət Arximedin daxilini kifayət qədər işıqlandırmazdı.” Bəli, insan hansısa sirri özü açarsa, onu daha doğru və daha tam şəkildə mənimsəyər. Ümumiyyətlə,” Setralı kitabı ilə oxucuya hansı fikirləri çatdırmağa çalışmışam? ” sualına gəldikdə isə, bir psixoloqdan eşitdiyim cümləni bölüşmək istəyərəm : Bir rəssamı incitmək istəsəniz, “bu portret ilə bizə nə çatdırmağa çalışmısınız?” deyə sual verin.”
Bəli, rəssam dil ilə ifadə edilməyəcək düşüncələrini boyalar ilə ifadə edir. Ondan bu qədər zəhmət çəkdikdən sonra, əsərini anlamağa çalışmaq yerinə, aylarını sərf etdiyi əsərini bir neçə cümlə ilə ifadə etməsini istəmək, onu incitməkdən başqa bir şey deyil. Lakin mənim üçün kitabla bağlı suallar çox xoşdur və saatlarla da sualları cavablandıra bilərəm. Amma neyləmək olar ki, günlərlə, gündüzlər və gecələr boyunca yazdıqlarımın açıqlamasını, bir neçə saatda vermək mümkün deyil. Yazmağa başlayanda, düşüncələrimi kitab vasitəsilə ilə ifadə etməyə çalışırdım. İndi isə, düşüncələr vasitəsi ilə kitabı açıqlamaq lazım gəlir. Elə isə, yaxşı olmazmı ki, bu iksi paralel şəkildə bir-birini izah etsin? Arif şəxslərdən biri deyib ki, “biz də hamı kimi kitab oxuyuruq, bir fərqlə ki, tez-tez kitabı örtüb, düşünürük.” Əziz oxucuya bu qədər baş ağrısı verdikdən sonra, bu yazdıqlarımı iki cümlə ilə ifadə edərək deyirəm ki, “İnsan kitabı, kitab düşüncələri, düşüncələr isə insanı açıqlamağa çalışır. Amma qəzavü-qədər elə gətirir ki, üçü də eyni anda addım atmasa, heç biri irəliləyə bilmir.”


Və son olaraq bir Latın atalar sözünə istinad etmək istəyirəm:
Nullus est liber tam mallus, ut non aliqua parte prosit.
Heç bir kitab elə pis ola bilməz ki, onun bir faydalı hissəsi olmasın.
İnanıram ki, bu kitabı oxuyan oxuyucular içərisində elə şəxslər olacaq ki, təfəkkür sayəsində, mənim çatdırmaq istədiyim məqamlardan daha ali məqamları belə düşünəcək, daha çox qaranlıqları aydınladacaqlar. Elə kitabın başında da dediyim kimi, təsadüf deyə bir şey yoxdur və əmanətlər, gec tez sahiblərinə çatır. Vəssalam əziz oxucu, Setralı artıq sənə əmanətdir.

Uğurlar, gənc yazıçı- Fərid Məhərrəmli və uğurlar, “Setral”!

Hörmətlə: Aytac İbrahim

Yazarların redaksiya heyəti üzvü, Qax təmsilçisi.

AYTAC İBRAHİMİN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

Azad Qarabağın Azad Qəhrəmanı

Azad Qarabağın Azad Qəhrəmanı

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun məzarı başında düşüncələrim:
Əziz eloğlum, Azad. Bu gün sənin doğum günündür. İlk dəfədir ki, əzizlərin doğum gününü sənsiz qeyd edirlər. Qarlı-şaxtalı yanvarın 24-də doğulub səmi 24 bahar yaşadın. Etiraf edim ki, şəhid olana qədər Səni tanımamışam. Ancaq şəhadətə qovuşduğun gündən sonra Sən nəinki mən, bütün xalqımız tərəfindən bir igid, qəhrəman kimi tanındın. Heç də təsadüfü deyil ki, sənin qəhrəmanlığını dövlətimiz də dəyərləndirdi, səni “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə ödülləndirdi. İndi mənə o qədər doğmasan, o qədər əzizsən ki, o sevgini sözlə ifadə etmək çox çətindir. Səni gec də olsa o qədər çox sevir, o qədər qəlbimə yaxın bilirəm, sanki, biz illərin tanışı-yaxını olmuşuq.
Şəhidim, igidim Azad! Sənin müqəddəs ruhun hər bir Azərbaycanlının qanında, canındadır. Sən elə bir yüksəklikdə qərar tutmusan ki, o ucalıq hər bəşər övladına nəsib olmaz. Hamı özünə o ucalığı arzulaya bilər, amma yetə bilməz. Bu 24 illik qısa ömrünü Sən elə yaşadın ki, dünya durduqca nə doğmaların, nə də xalqın Səni unutmaz. Ulularımız demişlər ki, şəhidlər ölməz. Sən ölməmisən əzizim, cənnət mələklərinin qanadlarında göylərin ucalığından dövrə vurub bizi seyr etdiyinə əminəm. Sadəcə cismən aramızda deyilsən…
Ruhun şad olsun, azad Qarabağın Azad oğlu.

Azad Hümbətov 24 yanvar 1996-cı ildə Bakı şəhərində doğulub. Gözünü dünyaya açandan Göyçə mahalının Daşkənd kəndində doğulan atası Arifdən vətən nisgilli, yurd həsrətli söhbətlərə, xatirələrə hakim kəsilmişdi, Azad. Beləcə onda vətənpərvərlik hissləri lap uşaqlıqdan baş qaldırmış, xalqımızın düşmənlərinə qarşı intiqam hissi alovlanmağa başlamışdı. Azad Nərimanov rayonunda yerləşən “Bakı şəhəri 291 №-li ekologiya liseyi”ni əla qiymətlərlə bitirsə də respublikanın heç bir sıradan olan universitetində təhsilini davam etdirmək istəmir. O, hərb yolunu seçir. Fikirləşir ki, yalnız vətəni hərbçi olaraq düşmənlərdən xilas edə bilər. Beləliklə o, 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına qəbul olur. Seçdiyi ixtisası sevə-sevə oxuyur, öyrənir. Təlim-tədris zamanı Azad həmişə öncüllər arasında olur. 2017-ci ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirir. Təyinatı və istəyi üzrə elə həmin ildən də ön cəbhədə, Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlayır.
Azad Hümbətov peşəkarlığını daha da artırmaq üçün Bakıda yerləşən Silahlı qüvvələrin təlim və tədris mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək baş leytenant hərbi rütbəsi alır. O, 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşıyır. Bu tədbirdən sonra ona “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı Müdafiə nazirliyi tərəfindən təqdim olunur.
Azad Hümbətovun 2020-ci ilin sentyabrında uşaqlıqdan boy verən arzuları – düşməndən qisas almaq, işğal altında olan torpaqları azad etmək xəyalları gerçəkləşir. O, Füzuli rayonundakı ermənilərin keçilməz sədd adlandırdığı cəbhə xəttinin yarılmasında qəhrəmanlıq göstərir. Tank tağımı komandiri olaraq öndə gedən Azadın döyüşçü yoldaşları da onunla bərabər düşmənə sarsıdıcı zərbələr endirirlər. O, tağım heyəti ilə bərabər düşmənin 5 tankını qənimət kimi ələ keçirmiş və öz mövqelərinə gətirib çıxarmışlar.
Döyüşlərin birində etdiyi qəhrəmanlıq haqqında əmisi Bakir belə deyir:
“Azad müharibənin ilk günlərində komandirlik etdiyi tankı ilə minaya düşür. Özü ayağından yaralanır. Buna baxmayaraq tank mexanikinin daha ağır xəsarətlər aldığını gördükdə onu yaralı halda belinə alaraq xilas etməyə çalışır. Düşmənə rast gəlməmək üçün meşəliklə təxminən 25 km yolu 2 günə öz döyüş postlarımıza gətirib çıxara bilir. Azadın özü də yaralı olduğu üçün onu Beyləqanda hospitala müalicə üçün göndərirlər. O isə müalicəsi qurtarmamış yenidən döyüş meydanına qayıdır.”
Baş leytenant Azad Hümbətov Füzuli, Xocavənd, Qubadlı, Laçın və digər cəbhələrdə düz bir ay yoruldum demədən, dincəlmədən sərasər döyüşür. Və son döyüşü…
27 oktyabr 2020-ci ildə Vətən müharibəsinin çox əhəmiyyətli və ən strateji mövqeyi olan Laçın dəhlizi uğrunda gedən döyüşlərdə son qəhrəmanlıqlarını göstərərək şəhid olur. Şəhid olmağıyla da Azad bir evin yox, bir elin övladı olur. İndi o təkcə Arif və Leyla xanımın oğlu yox, bütün Azərbaycanın oğludur.
Baş leytenant Azad Hümbətov İkinci Fəxri Xiyabanda general-mayor Polad Həşimovla bir sırada dəfn olunub.
9 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin sərəncamı ilə baş leytenant Hümbətov Azad Arif oğluna (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. Bundan sonra Azad Hümbətov 15 dekabr 2020-ci ildə “Vətən uğrunda”, 25 dekabr 2020-ci ildə isə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olundu.

Araz Yaquboğlu,
tədqiqatçı-jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin və
Azərbaycan Aşıqlar Birliyinin üzvü
.

ARAZ YAQUBOĞLUNUN DİGƏR YAZILARI

Arzu Kazımqızı Nehrəmli – 55

Arzu Kazımqızı Nehrəmli – 55

Arzu Kazım qızı Vəliyeva 27 oktyabr 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının (o vaxtlar Naxçıvan MSSR adlanırdı – X) Babək rayonunun Nehrəm kəndində qulluqçu ailəsində anadan olub. Nehrəm kənd orta məktəbini əla qiymətlərlə bitirib. Bakalavr, magistratura və doktorantura təhsilini Bakı Dövlət Universitetində (BDU) alıb.
Uşaq yaşlarından idmanla məşğul olur. Naxçıvan Muxtar Respublikasının qadınlardan ibarət yığma basketbol və yüngül atletika komandalarının, eləcə də BDU-nun basketbol komandasının heyətində oynayıb. İdman karyerası ərzində dörd dəfə Azərbaycan çempionu olub.
Arzu Kazımqızı Nehrəmlinin fərdi taleyi milli dövlətçilik tariximizin bir parçası kimi əlamətdardır. Onun həyat yoldaşı hərbi təyyarəçi, baş leytenant Yusif Yaqub oğlu Vəliyev 1992-ci ildə vətənimizin azadlığı və bütövlüyü uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. Övladı Zübeydə Vəliyeva hüquqşünasdır.
İlk yazıları orta məktəbdə oxuduğu illərdə nəşr edilib. Müntəzəm olaraq respublika, eləcə də Türkiyə mətbuatında müxtəlif janrlı yazılarla çıxış edir. Dörd şeir kitabının müəllifidir. “Əbədi sevgi” adlı ilk kitabı 1997-ci ildə nəşr olunub və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb, kitab haqqında mətbuatda görkəmli elm adamlarının müsbət rəyləri çap edilib.
2001-ci ildə “Tənha qu nəğməsi”, 2017-ci ildə “Unutmağı öyrənirəm” və 2024-cü ildə “Bir gecəlik yuxu”şeirlər kitablarını nəşr etdirib.
Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr etdiyi “Vətən sevdalı qəhrəman” lirik poeması oxuculara 2024-cü ildə təqdim olunub.
“Yaddaşımda yaşatdıqlarım” publisistik məqalələr toplusundan ibarət növbəti kitabı da 2024-cü ildə çapdan çıxıb.
Tarix elmləri üzrə fəlsəfə doktorudur. 2000-ci ildən Azərbaycan Yazıçılar, 2015-ci ildən isə Azərbaycan Jurnalistlər Birliklərinin üzvüdür.
Arzu Kazımqızı Nehrəmlinin bədii yaradıcılığının bir hissəsini nəsr əsərləri – hekayələr təşkil edir. Bu yazıların əksəriyyəti qafiyələrdən, misralardan, bəndlərdən azad edilmiş şeir kimi oxunur. Ədəbiyyat sahəsində xidmətlərinə görə Azərbaycan Yazıçılar Birliyinin ilə Mədəniyyət və Turizm Naziriliyinin təqdimatı əsasında bir illik Prezident təqaüdünə (2018-ci il) layiq görülüb. Kitab mədəniyyəti tariximizdən bəhs edən tədqiqatı çərçivəsində bir monoqrafiya (2008), 30-dək elmi və publisistik məqalə nəşr etdirib. Türkiyə, Rusiya və Qazaxıstanda elmi konfranslarda iştirak edib.
Arzu Kazımqızı Nehrəmlinin yüzə yaxın şeirinə musiqi bəstələnib. “Naxçıvan marşı”nın və “Türk dünyası marşı”nın sözlərinin müəllifidir. Sözlərinə yazılmış mahnıları Xalq artisti mərhum Baba Mahmudoğlu, Şəmistan Əlizamanlı, Təranə Əlixanlı, türk müğənnisi Tuncay Yalın kimi müğənnilər ifa ediblər. Tuncay Yalının oxuduğu “Bu da bir son” (musiqisi Hüseyn Sözlünündür) mahnısına Türkiyədə klip çəkilib. 2017-ci ildə Arzu Nehrəmlinin sözlərinə yazılmış mahnılardan ibarət disk nəşr edilib. Ümumilikdə mahnılarından ibarət dörd musiqi albomu işıq üzü görüb.
Arzu Kazımqızı Nehrəmlini yubiley yaşının tamam olması münasibətilə təbrik edir, ona can sağlığı, uzun və faydalı ömür, yaradıcılığında bol-bol uğurlar arzulayırıq.
“Xəzan” və “Yazarlar” ədəbi-bədii jurnallarının redaksiya heyəti
27.10.2025, Bakı şəhəri

ZAUR USTAC – AĞDAMIN İŞIQLARI

AĞDAMIN İŞIQLARI
(Ağdam bu gün)
Hər işıqda bir dua,
Hər duada bir yuva,
Nə ilgımdı, nə röya,
Şükür, bitdi həqarət…
Bu işıqlar həqiqət!


Sönməsin yanan işıq,
İşıqsız çox qalmışıq,
Alışmışıq, yanmışıq,
Odumuzdan köz aldıq,
Külümuzdən ucaldıq…


Bir yol deyil, min kərə,
Nökər olduq, nökərə,
Dua etdik Ülkərə,
Göylər yar oldu bizə,
Dönmüşük evimizə!
26.10.2025

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

Ülkər ulduzu və Türklər

Türk xalqlarının təsəvvüründə səma cisimləri haqqındakı örnəklər arasında da Ülkər ulduzu, onun etiologiyası ilə bağlı nümunələr özünəxas yer tutur. Müxtəlif nəzəri mənbələrdə və şifahi örnəklərdə çox parlayan Ülkər ulduzu bir çox hallarda ulduzlar topası, Türkiyə folklorşünaslığında “ulduz kümesi” kimi tanıdılır. Bu örnəkləri araşdırarkən ilk növbədə Ülkər ulduzunun adlandırılması məsələsinə toxunmağı lazım bilirik. Bir çox tədqiqat əsərlərində və lüğətlərdə bu ada müəyyən izahlar verilmişdir. Ülkər ulduzu bəzi şifahi örnəklərdə elə bizim ifadə etdiyimiz kimi, Ülkər adlandırılır.

Müxtəlif türk xalqlarının folklorunda Ülkər fərqli adlarla ifadə olunur. XI-XIV əsrlər türkmən alimlərinin əsərlərində tez-tez ulduz topası Pleyada (Ülkər) haqqında danışılır. Salar Babanın əsərində o, Sureya, Qazi Bürhanəddinin əsərində Pərvin adlandırılır. Türk xalqları arasında geniş yayılmış şifahi örnəklərə görə, qədim zamanlarda Ülkər havanı idarə edən ruh imiş. Ülkər nə vaxt görünməyə başlasa, öldürücü soyuqlar və fırtınalar başlayar. Örnəklərdə əksər hallarda ulduzun maddi olaraq yaranışından söz açılır. Digər bir örnəkdə Ülkər adının yaranışından bəhs olunaraq, müəyyən hərəkətlə əlaqələndirilir. Bu mövzulu örnəklərin süjetlərində “göyə çıxma” motivi əsas yer tutur. Ülkərin digər bir canlı tərəfindən göyə aparılması faktına da türk xalqlarının təsəvvürlərində rast gəlinir. Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, türk xalqlarının dünyagörüşlərində indiki vəziyyəti soyuq hava ilə əlaqələndirilən Ülkər ulduzu örnəklərdə Yer üzündə yaşayan hər hansı canlıdır. Həmin canlı müəyən səbəblərdən göy üzünə qalxır, Ülkər ulduzuna çevrilir.

Məlumatı hazıladı: Amina

Səni əkənin atasına lənət!

O vaxtlar…

1930-cu illərin əvvəlləri idi. Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev «burjua ədibləri» elan olunmuş və NKVD-nin «tövsiyəsi» ilə Azərbaycan Yazıçılar İttifaqının rəhbərliyi hər iki ədibdən göz-qulaq olmaq üçün gənc proletar şairlərdən birini onlara qoşmuşdu. Möhkəm dost olan Mirzə Cəlil və Əbdürrəhim bəy hara gedirdilərsə, gənc şair dərhal peyda olur və özünü onlara pərçim edirdi.
Həftələr keçir. Günlərin birində «ayrılmaz üçlük» yenə də şəhərə çıxmışdı. Ağsaqqalların danışılası sözləri, gedəsi yerləri vardı. Amma proletar şairdən üzülüşə bilmirdilər. Molokan (indiki Xəqani bağının) yanına çatanda uzaqdan tramvayın gəldiyini görürlər. Əbdürrəhim bəy Mirzə Cəlilə göz vurub cibindən pul çıxarır və üzünü gəncə tutub deyir:

-Ay oğul, yaşlanmışam, sən Allah, o tindən mənə bir papiros al gətir.
Şair pulu götürüb köşkə sarı şığıyır. Bu zaman tramvay dayanır və hər iki ədib tez vaqona minib aradan çıxırlar. Papirosu alıb gələn şair isə onları dayanacaqda görmür…
Ertəsi gün yenidən Yazıçılar İttifaqının binasında rastlaşırlar. Gənc şair utana-utana Əbdürrəhim bəyə yaxınlaşır:

-Əbdürrəhim bəy, dünən məni yaman əkdiniz haaa….

Əbdürrəhim bəy pərt olmuş şairin çiyinlərini qucaqlayır və könlünün almaq üçün mehribancasına deyir:

-Sən nə danışırsan, ay bala, səni əkənin atasına lənət!

Mənbə və müəllif: Şəmsiyyə Kərimova

Şəmsiyyə Kərimovanın yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Görkəmli yazıçı – Mirzə İbrahimov

Görkəmli yazıçı – Mirzə İbrahimov

O, Xalq yazıçısı fəxri adı almağından daha çox, bir zamanlar bəy qapısında nökər olmağına sevinmişdi… Azərbaycanın ilk pianoçu xanımı ilə ailə həyatı quran, təzyiqlərə, təqiblərə məruz qalan görkəmli yazıçı – Mirzə İbrahimov.
Azərbaycan SSR Xalq yazıçısı, ədəbiyyatımızın dəyərli qələm sahibi, akademik, ədəbi-publisistik, elmi-nəzəri yaradıcılığı, eləcə də ictimai-siyasi fəaliyyəti ilə ədəbi tariximizdə xüsusi yeri olan görkəmli yazıçı Mirzə İbrahimov 1911-cı ildə Cənubi Azərbaycanda anadan olmuşdu. Uşaqlıq illərindən həm maddi, həm də mənəvi çətinliklər yaşayan Mirzə İbrahimov ən böyük sarsıntını anasını itirən zaman almışdı. Düzdür, yazıçı o zaman çox balaca idi, cəmi 3 yaşı var idi. Lakin ailədə ananın vaxtsız ölümü, sözün əsl mənasında, yazıçının qayğılı uşaqlığını məhv etmişdi…
Anasını itirdikdən bir neçə il sonra atası onu və böyük qardaşını götürüb Bakıya yollanır. Burda da çox ağır faciə baş verir. Neft buruqlarındakı fontanda qəza baş verir və Mirzə İbrahimov atasını itirir. O zaman 7 yaşı olan yazıçı çox ağır böhran keçirir. Bu ağır günlərdə böyük qardaşı ilə çox çətinliklərə sinə gərirlər, ac, susuz günlər keçirirlər. Amma onların taleyinə yazılan bədbəxtlik, sözün həqiqi mənasında, faciə zənciri bitmək bilmir ki, bilmir. Bakının mərkəzi küçələrində iflic həyatı yaşayan, qardaşı ilə iş tapmaq, çörək pulu qazanmaq üçün yola çıxan balaca Mirzə ata-anasından sonra yenə ağır sarsıntı yaşayır. Zabrata çatanda qardaşı vəfat edir. O, həm aclığa, həm də yolun yorğunluğuna dözə bilmir…
Xatirələrində də qeyd olunur ki, Mirzə İbrahimov uzun illər bəyin yanında nökər olub, onun qoyunlarını otarırmış… Bəyin bir oğlu, üç qızı varmış. Mirzə onların həyətindəki balaca əl evində, betonun üstündə ac-susuz yatırmış. Bəyin balaca qızı öz yeməyindən bir parça çörək, bir az da pendir gətirib ona verirmiş. Bəyin süfrəsinin artıqlarına möhtac olan Mirzə İbrahimov beləcə böyüyür, dərələrdən, təpələrdə qoyun otarmaqdan fürsət tapdıqca oxuyur, elm öyrənir, habelə ədəbiyyata, maarifə böyük maraq göstərir. İllər beləcə gəlib keçir…
Aradan uzun illər keçir. Mirzə İbrahimov Nazirlər Sovetində sədr müavini işləyirmiş. Bir gün katibə gəlib Mirzəyə bəyə deyir ki, yanına çadralı bir xanım gəlib, qucağında da bir uşaq. Mirzə İbrahimov qadını qəbul edir və gözlərinə inana bilmir; bu, bir vaxt ona pendir-çörək verən bəyin balaca qızıymış! Qız dərdini danışır, məlum olur ki, sovet hökuməti qurulanda atası ölkədən gedib, bacılarının hərəsi bir diyara düşüb, qardaşı da içkiyə qurşanıb. Həyatları beləcə məhv olub. Mirzə İbrahimov ona əlindən gəldiyi qədər yardım edir. Bu hadisə ən ağır illərdə, 40-cı illərdə olur. Qadın Mirzə İbrahimova heç bir ünvan vermir, yenə gələcəm deyir, amma bir daha heç vaxt gəlmir…
Özü danışırmış ki, balaca və zəif olduğum üçün heç kim məni nökər də götürmürdü. Zabratdakı bəy razılaşanda o qədər sevinibmiş ki, Xalq yazıçısı adını alanda da, ən yüksək vəzifələrə təyin olunanda da bu qədər sevinməmişdi…
Mirzə İbrahimov mahir piano ifaçısı Sara xanım Pirimova ilə evlənmişdi. Qadın uzun müddət razılıq vermirmiş. Elçiliyi Səməd Vurğun edib. Deyib, bəsdir də, ay Sara bacı, yazıçını bu qədər incitmə. Sara xanımın barmağına nişan üzüyünü Nigar Rəfibəyli taxıb. Onlar Rəsul Rza ailəsi ilə də yaxın olublar…
Onların ailə həyatı ilə bağlı bir xatirəni yazıçının qızı Sevda İbrahimova danışır: “Atam anamı çox sevirdi. Anam rəhmətə gedəndən sonra bağdakı yatağını yığışdırmağa qoymadı. Hər gedəndə o çarpayının üstünə qızılgüllər səpərdi”.
* * * *
Mərkəzi Komitədə iclas vaxtı Mir Cəfər Bağırov deyir ki, Üzeyir Hacıbəyov da, Səməd Vurğun da xalq düşmənidir. Bu zaman Mirzə İbrahimov etiraz edir:

-Üzeyir Hacıbəyov necə vətən xainidir ki, “Koroğlu” operasını yazıb, Səməd Vurğun necə xalq düşmənidir ki, “Vaqif” dramını yazıb?!
Bağırov əsəbləşir: – Əyləş, sən də onların tayısan!
* * * *
Dəfn günü Mirzə İbrahimovu məzara qoyanda bir qadının səsi gəlir: “Umer naş papa!” Mirzə İbrahimovun qızı maraqlanıb ki, bu kimdir. Qadın deyib ki, mən uşaq evində böyümüşəm, 50-ci illərdə Mirzə müəllim Ali Sovetin sədri olanda hər ay bizə pul, ərzaq malları göndərərdi. Biz onu “ata” deyə çağırardıq.
Mirzə İbrahimov hər zaman evdə deyirmiş ki, yazılarımın qonorarı bizə bəs edir, maaşımı yetim uşaqlar üçün uşaq evlərinə köçürürəm…
Mirzə İbrahimov ədəbiyyatımıza “Həyat” pyesi, Azərbaycan mövzusunda bir çox hekayələr – “Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, eləcə də “Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı” povestlərini, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanlarını bəxş edib…

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir yazır

BİZDƏN YAZIRLAR

Səbr və dözüm olan yerdə uğur var

Göndərdiyimiz materialları əlüstü dərc edir. Həm də usanmadan, yorulmadan, təmənnasız və böyük zövqlə. Yeniliyə can atandı. Bütün çətinliklərə rəğmən içində dopdolu şükranlığı var. Həmişə haqqın və ədalətin yanındadı. Sözə vurğundu, vətən və torpaq təəsübkeşidi. Böyük iddiaları yoxdu. Nə lazımdısa, onu edir. Alqış adamı deyil. Sadəliyi və səmimiyyəti ilə seçilir. Sözü də safdı duyğuları kimi. Şeirləri adamı dağa,daşa salmaz. Hamının başa düşəcəyi dildə yazar. Zaur Ustacdan danışıram. Hərbçi yazar Zaur Ustacdan. Gördüyü işdən zövq alar, yorulmaz. Eyni zamanda “Yazarlar” jurnalının yaradıcısı və rəhbəridi. Hər kəs bu jurnalın qapısını ərklə açar. Bu ərki insanlara da Zaur Ustac özü verib. Jurnalda işıqlı yazılar dərc olunur. Mövzu rəngarəngliyi ilə də seçilən dərgidə yazarın öz nəfəsi var. Gördüyü bütün işlərin arxasında ürəklə dayanır. Qarşılıq gözləmədən və heç nə ummadan. Torpaqlarımızın azad olmasında böyük əməyini də danmaq olmaz. Bir sözlə əsl Azərbaycanlıdı və bu torpağın vətəndaşı olmasıyla da fəxr edir. Hər kəs sözünü ona etibar edə bilər. Hazırda “Yazarlar” respublikanın ən qabaqcıl mətbu orqanları ilə rəqabətə girəcək gücdədi və onun bu səviyyədə oxunaqlı olmasında Zaur Ustacın böyük xidməti var. İmzası Sözüdü. Ona bu müqəddəs işdə böyük səbr və dəyanət arzulayırıq. Səbr və dözümün olduğu yerdə isə uğur həmişə var.

Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist.

I>>TƏRANƏ DƏMİRİN DİGƏR YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Təranə Dəmir – Kölgə

KÖLGƏ

(hekayə)

Qoca çəliklərinə söykənib yorğun-yorğun yeriyirdi. Qaranlığı yara-yara, küçəni döyə-döyə, divarlara ilişə-ilişə sürünürdü kölgəsinin arxasınca. Beli əyilmişdi, uzaqdan donqarı adamın gözünə girirdi. Arıq vücudunda bir çimdik ət tapmazdın. Çəlik ayaqları hərdən sözünə baxmırdı. Səndirləyirdi. O vaxt daha çox tutunurdu çomağa. Hiss olunurdu ki, kimsəsizdi. Yıxılıb əzilməkdən qorxurdu. Ayaqqabıları da , əynindəki sırıqlısı da çox köhnəydi. Şalvarının qırışlarından, söküyündən görünürdü ki, əyni çoxdandı təzə paltar görmür. Yeridikcə küçə projektorlarının işığı üzünə vururdu, gözünə düşürdü. Hələ gecədən keçməmişdi deyə adamlar küçədən yığışmamışdı. İki-bir, üç-bir yanından gəlib keçirdilər. Hiss edirdi ki, heç kimin vecinə deyil, heç kim onu görmür, hamı öz aləmindədi. Bunu etinasız və soyuq baxışlardan hiss edirdi. Hərdən yanından tələsik keçən insanların yeli vururdu qocanı. Az qalırdı yıxılsın. Tez çəliyinə tutunurdu. Evinə(buna ev demək olarsa) az qalırdı. Küçənin tinindəki binanın zirzəmisində sığınacaq vermişdilər ona. Rütubətin, kifin iyindən baş çatlayırdı. Onsuz da gücdən düşən ayaqları bir az da burda çürüyüb gedirdi. Başındakı idman papağı da yeni deyildi. Görünür o da kiminsə köhnəsi idi. Çünki başına güclə sığmışdı. Pırtlaşıq ağ saçları papaqdan çölə çıxmışdı. Hərdən kölgəsi özündən qabağa keçirdi, hərdən arxada qalırdı. Hərdən də itib batırdı gecənin qaranlığında. Çox yorulanda divara söykənirdi. Hiss olunurdu ki, özündən utanır. Görkəmindən, paltarından, çəliyindən -hər şeydən. Əti tökülmüş üzündə qırışdan yer yox idi. Küçə itləri, pişikləri də yanından etinasız keçirdilər. Kimə və nəyə lazım idi axı bu qoca? Bəlkə də lazımsız olduğunu bu gecəki qədər hiss etməmişdi. Özünə yazığı da gəlmirdi nədənsə. Duruşundan, üzünün ifadəsindən hiss olunurdu ki, yorulub və bu yorğunluğun içində böyük peşmançılıq da vardı. Nəyin peşmançılığın çəkirdi qoca? Bunu bir özü bilirdi, bir də Tanrısı. Hərdən dodağının altında nəsə pıçıldayırdı. Dua edirdi bəlkə. Tanrıdan tezliklə canını almasını istəyirdi ya da. Hər halda nəsə deyirdi. Heç kim eşitməsə də Tanrı eşidirdi axı. Küçənin bu tinindən o biri ucunacan olan yol o qədər uzun gəlirdi ki, qocaya. Az qalırdı çəliklərini tullayıb bardaş qurub otursun elə səkinin ortasındaca. Özünə gücü çatmırdı. Çəlik sürüyürdü qocanı sanki. Töyşüyürdü. Qınayan olmasaydı elə burdaca uzanıb yatardı.
Birdən yanından keçən iki orta yaşlı kişinin dayanıb arxadan ona baxdıqlarını hiss etdi. Adını çəkirdilər. Əvvəlcə yanıldığını zənn etdi. Sonra təkrar-təkrar adını eşitdikcə yüz faiz inandı ki, ondan danışırlar.
-Əşrəfdi, vallah Əşrəfdi. Gözlərindən tanıdım.
-Bəlkə sadəcə bənzətmisən. Axı bu adam çox qocadı. Bizim Əşrəfinsə hələ 60 yaşı ancaq olar. Düzdü bir az gec getmişdi məktəbə. Amma uzaqbaşı bizdən 2 yaş böyük olardı. Məktəb yoldaşı olmuşuq axı. Yaxşı bilirəm onun yaşını. Bu kişininsə ən az 80 yaşı olar. Yox e , inanmıram nədənsə.
-Odu, vallah odu. İstəyirsən qayıdım özündən soruşum.
-Yox, ayıbdı.Vallah mən oxşatmadım.
-Odu, odu. Bir vaxtlar narkotik alveriylə məşğul idi. Özü də istifadə edirdi. Neçə dəfə tutub basmışdılar türməyə. Bir az yatandan sonra nə yollasa çıxırdı ordan. Sonra yenə başlayırdı köhnə peşəsinə. 20 ildi ki, xəbərim yox idi ondan. Daha doğrusu məhlədən daşınandan sonra daha ondan heç bir xəbər olmadı.
-Adam adama bənzəyər də. Mən bənzətmədim.
– Vallah odu. Gözlərindən tanıdım. Yamyaşıl, diri gözləri vardı. Yadında? İndi qıyılıb yazıq. Amma baxışları elə əvvəlkidi.
-Deyirsən qayıdıb dəqiqləşdirək?
-Hə.
Qoca anladı ki, bu adamlar ondan əl çəkməyəcək. Qaçıb canını qurtarmalıydı onlardan. Onlarla üz-üzə gəlmək istəmirdi. Ona görə də çəliyinə bir az da möhkəm söykənib addımlarını yeyinlətdi. Üzləşmək istəmirdi keçmişiylə. Birdən həqiqətən onu tanıyan adamlardı, onda necə olacaq? Utanıb yerə girərdi onda. İndiki halından, çəliyindən utanırdı. Bəlkə də ömründə bu qədər həyəcanlanmamışdı. Ürəyi boğazında döyünürdü. İstilik basmışdı onu. Mümkün qədər tez uzaqlaşmaq istəyirdi ordan. Addımlarını (buna addım demək olarsa) bir az da yeyinlətdi. Gözü ayağının altını görmürdü. Bircə burdan, bu adamlardan uzaqlaşmaq istəyirdi, vəssalam. Birdən hiss etdi ki, onlar da arxasınca gəlir. Səsləri lap yaxınlıqda eşidilirdi:
-“Niyə əl çəkmirsiz axı məndən. Rədd olub gedin də öz yolunuzla. Axı nə istəyirsiz məndən? Guya sizin Əşrəf olsam nə dəyişəcək axı? Adı batsın Əşrəfin.”
Nə fikirləşdisə qəflətən arxaya döndü və var gücü ilə: -“Gəlməyin arxamca, uzaq durun məndən”, – deyib bağırmağa başladı.
Bağırdıqca qeyri-ixtiyari çəliklərini yerə döyürdü. Sanki bütün dünyanı bu çəliyi ilə qorxutmaq istəyirdi. İndi yeganə dostu və cangüdəni bu çəlik idi. Həyatı bu çəlikdən asılmışdı. Adamlar kişinin bir addımlığında dayanıb təəccüblə ona baxırdılar. Yaxınlaşmağa cürət etmirdilər. Üzlərindən narahatlıq və peşmanlıq tökülürdü. Nəhayət ki, kişilərdən biri özündə cəsarət tapdı, irəli gəlib qocanın çəliyindən yapışmaq istədi. Qoca dirçəlmişdi sanki. Qaməti dikəlmişdi. Ayaqlarını yerə daha bərk basırdı. Heç elə bil bayaqkı yorğun qoca deyildi. Unutmuşdu küçəni. Kimlərinsə onu eşidəcəyindən də qətiyyən çəkinmirdi. Dünya vecinə deyildi bu anlarda. Çəliyi ilə havanı ölçə-ölçə səsinin yoğun yerinə salıb bağırırdı:
-Nə istəyirsiz məndən? Nə vermisiz ala bilmirsiz? Niyə rahat buraxmırsız? Mən sizi tanımıram. Tanımıram mən sizi.
Kişilərdən biri o birinə sarı dönüb az qala pıçıltıyla:
-Gördün? Dedim axı Əşrəfdi-dedi.
-Həə. Narkoman Əşrəf.
Qoca adının qabağına qoşulmuş ayamanı eşidib bir az da hiddətləndi və daha da möhkəm bağırmağa başladı:
-Narkoman deyiləm mən. Əşrəfəm, Əşrəf. Sizinlə nə vaxtsa dost oıduğumu da xatırlamıram. Məni heç biriniz yaxın qoymurduz axı özünüzə. Bilirsiz niyə? Çünki paxıllığımı çəkirdiz. Qızlar sizə yox, mənə baxırdılar. Çünki çox kifir idiz. Əlinizdən heç nə gəlmirdi. Qorxaqdız. Tək gəzə bilmirdiz. Amma mən yaraşıqlıydım, heç nədən qorxmurdum, güçlüydüm. Ona görə də tənhaydım. Evdə də, çöldə də… Heç bilirsiz tənhalıq necə hissdi? Bilməzsiz əlbəttə. Siz ki, tənhalığın nə olduğunu heç vaxt hiss etməmisiz. Atanız, ananız, dostlarınız bu hissi yaşatmayıblar sizə. İndi mənim bu halıma baxıb sevinirsiz hə? Nə istəyirsiz məndən? Cəhənnəm olun. Eşidirsiz? Əl çəkin!
Birdən qoca yuxudan ayıldı sanki. Heç kim yox idi qarşısında. Sən demə bayaqdan öz-özünə bağırırmış. Əvvəlcə dəli olduğunu zənn etdi. Gözlərini yumub açdı. Bəlkə yuxu görürdü? Yox,yuxu deyildi axı. O adamlar beş dəqiqə öncə burdaydılar, onun bir addımlığında dayanmışdılar. Adını da çəkmişdilər, adının qabağındakı ayamanı da… Hövlnak ətrafa baxdı. Heç kim yox idi. Uzaqdan küçə itlərinin səsi gəlirdi. Birdən yanından arıq, çəlimsiz bir pişik keçdi. Ağzı, burnu qanlıydı. Görünür ovuna nəsə düşmüşdü. Qarnı tox idi yəni. Qoca hiss etdi ki, acdı. Səhərdən heç nə yeməmişdi. Ürəyi bulanırdı. Ağzı sarımsaq qoxuyurdu. Amma gözü ətrafda idi. Bayaqkı adamları axtarırdı. “Hara yoxa çıxdılar axı? Yox, dəli zad olmamışam. İndicə burdaydılar.” Başı fırlanırdı, nəfəsi təngiyirdi. Hiss edirdi ki, ayaqları yerə dəymir. Çəlik qarışıq havada uçurdu. Kimsə adını çəkirdi:
-Əşrəf, Əşrəf…
“Bircə evimə çatsaydım”

Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist.

I>>TƏRANƏ DƏMİRİN DİGƏR YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Mahirə Nağıqızının 65 illiyinə yeni töhfə – “Mahirə Nagıqızı – 65”

ZAUR USTAC – “MAHİRƏ NAĞIQIZI – 65” (MONOQRAFİYA) PDF BURADAN OXU! >>

Zaur Ustac “Mahirə Nağıqızı – 65” (monoqrafiya) PDF

MN 65 M CAPDownload


SƏDULLA ŞİRİNOVUN KİTABLARI
:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru