RUHUMUZU İŞIĞA BƏLƏYƏN ŞAİR – ADİL ŞAMİLOĞLU

RUHUMUZU İŞIĞA BƏLƏYƏN ŞAİR – ADİL ŞAMİLOĞLU

…Mövzu palitrası daha əlvan, daha çoxrəngli olan, şeirləri ilə ruhumuzu işığa bələyən, dünyaya saf, təmiz məsum şair gözüylə baxan, şərəfli yaradıcılıq yolu ilə inamla addımlayan Adil Şamiloğlunun «Qaçaq Gülsüm» əsərilə (Bakı, 2025) tanışlıqdan sonra bir daha inandım ki, əsl şairlərin sözü dirilik suyudur. Bu «dirilik suyundan» içdim və Şəmkir elinin mərd və qeyrətli bir qadını ilə tanışlıqdan qürur hissi keçirdim. Qürurlandım ki, Azərbaycanın aslan təbiətli, şir ürəkli qadınları olan yerdə həmişə düzlük, saflıq, halallıq var, qeyrət, namus, şərəf var. Həm də qürurlandım ki, dünyanı dolaşan «Aslanın erkəyi, dişisi olmaz» məsəli məhz türk qadınları üçün deyilib. At belində sağa-sola ox atan, qılınc oynadan, tüfənginin gülləsi hədəfindən yayınmayan mərd və qeyrətli qadınlarımız tarix boyunca kişilərlə çiyin-çiyinə dayanaraq düşmənə qarşı igidliklə vuruşublar. Onların sayı çoxdur, saymaqla bitib-tükənməz. Həmin o cəsur, igid qadınlardan biri də Qaçaq Gülsümdür və həmin o igid, cəsur, qorxmaz Şəmkirli balasından, Odlar Yurdunun od qızından Adil Şamiloğlu bütün zamanlarda oxunacaq tarixi bir poema yazmış, həm ədəbiyyatın, həm də ədəbiyyat tarixinə yazılacaq bu əsər nəsillərdən-nəsillərə ötürülərək oxunacaqdır.
Gülsüm tarixi şəxsiyyətdir. O, 1863-ci ildə Əmirqulu kişinin evində dünyaya göz açıb və ömrünün son gününə, son anına kimi ucalıq taxtından düşməyib. Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər çar rusiyasının azğınlaşmış məmurlarına qarşı barışmaz olmuş, tüfəngini yerə qoymamış, kolxoz quruculuğu dövründə də haqsızlığa qarşı barışmaz mövqe tutmuş, özünü-sözünü bilməyən erməni milislərinin (Polisini – red.) çirkin əməllərinə görə gözünü belə qırpmadan güllələyən Qaçaq Gülsüm qaçaqlıq dövründə olduğu kimi yenə də düşmənə düşmən kimi cavab vermişdir.
Şair Adil Şamiloğlu Qaçaq Gülsümü ucalığın, əyilməzliyin, vətənpərvərliyin, yurdsevərliyin, mərdliyin…rəmzi kimi qələmə vermiş, onunla bağlı fikir və düşüncələrini, eşitdiklərini, hiss və həyəcanlarını səmimi şəkildə qələmə almışdır.
Qaçaq Gülsümün Kərəmlə dostluğundan, onun məsləhətilə Araz çayını adlayıb o taya keçməsindən, qaçaqların həbs edilməsindən və Qaçaq Kərəmin köməyi sayəsində onların azad olunmasından, Qaçaq Kərəmin qardaş tövsiyyəsilə Gülsümün qaçaqlıq həyatından əl çəkməsindən söhbət açmış, hər incə detala toxunmaqla son dərəcə təsirli bir əsər yazmağa müvəffəq ola bilmişdir.
Qaçaq Kərəm özünə bacı və silahdaş bildiyi Gülsümə müraciətlə belə deyir:

Elinə-gününə yanıb da qayıt,
Uşaq çağlarını anıb da qayıt.
Qayıt, əziz bacım, mehriban bacım,
Azalsın mənim də qoy ağrım, acım.
Bir rahat, bir azad həyat qurarsan,
Kəndə-kəsəyə də dayaq durarsan.
Sənin arzuların, əməlin haqdır,
Qadına ən ali ana olmaqdır.

Adil Şamiloğlunun bir sənətkarlıq xüsusiyyəti də odur ki, o, təkcə Qaçaq Gülsümdən söhbət açmır, həm də türkçülükdən söz salır, türkün böyüklüyünü, nəyə qadir olduğunu, tarix yazdığını dilə gətirir, həm də ikiyə bölünmüş Azərbaycanın yaralarına sözlə məlhəm olmaq istəyir.
Qaçaqlar Araz çayını keçən zaman şair Nəbi Eloğlu yada düşür. Onun Araz çayına yazmış olduğu şeiri şagirdi Əzəmət söyləməli olur və o, yanıqlı-yanıqlı Araz çayına baxıb Nəbinin şeirini dilə gətirir:

Ömür yolu qaralıdır, ağlıdır,
Bu dərd məni için-için ağladır.
Təbrizimə gedən yolum bağlıdır,
Araz çayı, aramıza girmə gəl!

Şair özü də Gülsümün dilindən ikiyə bölünmüş Azərbaycanla bağlı fikirlərini bölüşür ki, bu da oxucunu daha da təsirləndirir:

…Adını dilimdə bitirmişəm mən,
O gözüm, o, qanım, canıma candır,
O, iki bölünmüş Azərbaycandır.
Heç zaman dilimdən adı düşməyib,
Hələ Azərbaycan bütövləşməyib.

Şair Adil Şamiloğlu eyni zamanda ağır qul əməyi olan pambıq yığımından, bu bitginin vaxtilə Şəmkirdə də yetişdirilməsindən, qadınların, qocaların, uşaqların zəhərli pambıq tarlalarında günçıxandan günbatana kimi işləməsindən ürəkağrısı ilə söhbət açır. Erməni milislərinin (polis) Gülsümün hamilə gəlinini də pambıq yığımına göndərmək istəyindən, erməni milisi Hampet Aşotyanın Gülsümə qarşı hədə-qorxu gəlməsindən və s. söz açaraq yenə də Gülsümün kişi qeyrətini, mərdliyini bir daha açıqlamalı olur:

-Erməni bir az da irəli vardı,
Ağzı köpükləndi, köksü qabardı:

  • Deyəsən, hökumət-zad bilmirsiniz,
    Sürərəm Sibirə, qalmaz iziniz.
    Mənmi yığacağam çöldə pambığı?
    Birbaşa tarlaya, itin qancığı.
    Halaldır içsək də bizə qanları,
    Bitirmək gərəkdir busurmanları.

Gülsüm dözə bilmir və silaha sarılır.

Gülsüm fırlanaraq aldı tüfəngi,
Dəyişdi bir anda milisin rəngi.
Nə tərpənə bildi, nə macal tapdı,
Harda ermənini gör, əcəl tapdı.
Dolaşıb yıxıldı o ən irisi,
Qaçmağa cəhd etdi hələ birisi.
Daha nə söyür, nə şeşələnirdi,
Yekəpər yerində eşələnirdi.

Düşünürəm ki, «Qaçaq Gülsüm» poeması son 15-20 ildə yazılmış ən gözəl, ən dəyərli əsərlərdən biridir, bəlkə də birincisidir. Belə bir poemanı yazmaqla Adil Şamiloğlu hansı istedada, hansı söz qüdrətinə malik olduğunu bir daha açıb göstərmiş oldu.
Əsər haqqında geniş söhbət açmağa lüzum görmürəm, çünki poemanı oxuyan hər kəs Qaçaq Gülsüm haqqında geniş bilgi əldə edə biləcəkdir. Məhz ona görə də bəzi məqamlara toxunmaqla kiayətlənməli oluram.
Əsərində maraqlı, təsirli səhnələr yetərincədir. Qaçaq Kərəmin, Stalinin, M. C. Bağırovun, Gülsümü dəlicəsinə sevən şair Nəbi Eloğlunun, qaçaq Şirəlinin və digər tanınmışların haqqında söz açılması əsərin dəyərini daha da artırır. Oxucu istər-istəməz xəyalən ötən illərə səyahət etməli olur, Azərbaycan tarixinin hələ tam açılmamış, öyrənilməmiş səhifələrini vərəqləyir, həm qürur duyur, həm də vaxtilə əzilən xalqın taleyinə acıyır.
Söz meydanında söz köhlənini göylərə qaldıran şair Adil Şamiloğlu böyük təvazökarlıq edərək əsərin girişində Qaçaq Gülsüm haqqında məhz Səyavuş Sərxanlının, yaxud Məzahir Hüseynzadənin yazmalı olduğunu bildirir:

…Mövzu təzə mövzudur,
Duymamışdı Səyavuş.
Sərxanı vəsf etməkdən,
Doymamışdı Səyavuş.
Məzahir də bu işdən,
Bu mövzudan yan keçdi,
Aradan illər ötdü,
Gün keçdi, zaman keçdi.
Bu mövzunu vəsf etmək,
Düşdü mənim boynuma…

Ancaq buna baxmayaraq oxucu onunla razılaşmaq məcburiyyətində olmur, çünki «Qaçaq Gülsüm» poemasını, ancaq Adil Şamiloğlu yaza bilərdi, yazdı da. Yazdı və həm özünə, həm də Azərbaycanın mərd və qeyrətli bir qadınına sözlə heykəl ucalda bildi.

                                                         *

Adil Şamiloğlunun «Qaçaq Gülsüm» poemasında vətən sevgisi, yurda bağlılıq, təbətin tərənnümü, Təbriz həsrəti, Araz dərdi, ölüm haqqında fikir və düşüncələr, türkçülük, rus və erməni azğınlığı… diqqəti cəlb edən başlıca xüsusiyyətlərdən biridir. Poemada şair Vətən duyğulu, təbiət ətirli miraları ilə könlümüzü oxşayır, ruhumuza sığal çəkir.
Vətənə, təbiətə, yurd yerinə qırılmaz tellərlə bağlı olan, yurdun hər daşını, quru yarpağını belə müqəddəs bilən şair ən gözəl duyğularını sözə çevirərək Sərxan kəndinin əhatə dairəsində olan Kotan bulağından, Cəyir çayından, İlıxçı meşəsindən və s. söhbət açmaqla kifayətlənmir, həm də bir rəssam kimi o gözəl yerləri gözlərimiz önündə canlandıra bilir. Fikrimizin təsdiqi kimi bu misralara diqqət yetirək:

…Min ildir mövcuddur bu Kotan bulaq,
Bir gün gərək gedib mehmanı olaq.
Bulaq axıb gedir, indi də vardır,
Axır şırıl-şırıl, nə bəxtiyardır.

Və yaxud Sərxan kəndinə həsr edilmiş misraların sehrinə düşməmək mümkündürmü?

Yol boyunca mürgüləyir İlıxçı,
Üstümüzə meh ələyir İlıxçı.
Yarımyaylaq…Ana Cəyir…İlıxçı…
Sərxana gəl, sərxana gəl, Sərxana.

Bulağın, çayın, dağın, kəndin…obazını yüksək sənətkarlıqla yaradan, yurdun əsrarəngiz gözəlliyini məhəbbətlə itfadə edən, ən müqəddəs duyğularını qələmə alan Adil Şamiloğlunun yurd yerlərilə bağlı poetik düşüncələri olduqca maraqlıdır, orijinaldır, ideya-məzmun və sənətkarlıq cəhətdən qüvvətli olması ilə seçilir.
Poemada Sərxan kəndi cazibə qüvvəsi kimi adamı həm də ona görə özünə çəkir ki, bu kənddə şair-publisist Səyavuş Sərxanlı, tanınmış şair Məzahir Hüseynzadə, həm də əsərin baş qəhrəmanı, kişi qeyrətli Qaçaq Gülsüm dünyaya göz açıb və öz mərdliyi, igidliyi, qoçaqlığı, haqq yolçusu olması ilə Şəmkir elini yaxın-uzaq bölgələrdə tanıtdıra bilib. Peterburqda rus çarı Nikolay da Gülsümün qaçaqlıq etməsindən xəbər tutur və onun üstünə silahlı dəstə göndərir.
Poemada Qaçaq Gülsümlə təbiətin birgə tərənnümü, Gülsümün-Süleymanın da təbiətin bir parçası olduğu bədii boyalarla təsvir edilir ki, bu da əsəri daha oxunaqlı, daha təsirli, daha cazibədar etməklə yanaşı, həm də şairin özünün də vətəni, yurd yerini qanıyla, canıyla sevdiyinə şahidlik etmiş oluruq. Gülsümün xahişi ilə şair Nəbinin dilindən söylənilən, öz həzinliyi, poetik gözəlliyi ilə yaddaşa köçən bu misraları həyəcansız oxumaq mümkün deyil:

…Novlu bulaq bir ilahi biçimdə,
Sərinləyin, bir doyunca için də.
Sərxan mənim ürəyimin içində,
Sərxana gəl, Sərxana gəl, Sərxana.

Poemada Azərbaycan təbiətinin ətrini, qoxusunu duymaq, Şəmkir elinin gözəlliklərini, ürəkaçan mənzərələrini görmək mümkündür. Təbiətlə könül söhbəti eləyən, bulağın, çayın, dağın, meşələrin…gözəlliyini poeziya dilinə çevirən Adil Şamiloğlu həm də oxucuya təbiəti sevdirməyi bacaran şairdir.
Əsərdə təbiət sevgisilə yanaşı, Nəbi və Gülsüm sevgisi də qabarıq şəkildə əks olunub.
Gülsüm kişi paltarı geyinib silahlansa da, dağlara, meşələrə çəkilib qaçaq dəstəsinin başçısı kimiSüleyman adını daşısa da, yenə də ürəyi el üçün, oba üçün, doğmaları üçün döyünür. O, kəndə qayıdacağına, haqq-ədalətin bərpa olunacağına, Süleyman adının yenidən Gülsüm adıyla əvəz olunacağına inanır və ümid edir. O da ailə qurmaq, sevib-sevilmək istəyir. Dəstəyə qoşulan şair Nəbi Eloğlunun onu təmiz məhəbbətlə sevdiyini bilsə də, hələ gözləməyə üstünlük verir. Çünki o, haqq uğrunda mübarizə aparır. Sapı özümüzdən olan Bayram kimi kəndxudaların, yaddinli, yadelli pristavların, canişinlərin…özbaşınalığına son qoyulmayana qədər silahı yerə qoymayacağına and içib. Gözləri qarşısında atası Əmirqulunun kürəyinə qaynar samovar bağlatdıran pristavı o, necə bağışlaya bilər? Bu, mümkündürmü?
Poemada Gülsüm həm qaçaqdır, həm də kövrək ürəkli, incə təbiətli bir qadındır. Onun da ürəyində sevgi duyğuları, məhəbbət hissləri baş qaldırır. O da ailə qurmaq, ana olmaq istəyir, amma məzlum, kasıb adamlara, kəndlilərə… qənim kəsilən, onların son tikəsini belə əlindən alan pristavlara, kəndxudalara, çar məmurlarına qarşı olan nifrəti onun ana olmaq istəyini dəfələrlə üstələyir. Məhz ona görə də şair Nəbinin sevgisinə biganə qalmasa da, biganəlik göstərir. Şairin sevgi dolu misralarını dinləyir və ona belə cavab verir.

…Tələsmə, səbr eylə, Nəbi Eloğlu,
Bizim istəyimiz çıxacaq doğru,
Heç fikir eləmə, o gün gələcək,
Xoşbəxtlitk, qaval, toy-düyün gələcək.

Amma o gün gəlib çıxmır. Nəbi döyüşlərin birində öldürülür. Gülsüm göz yaşlarını saxlaya bilmir, ürəyi alışıb-yanır.

Gülsüm sarsılmışdı…Gülsüm ağladı,
Nəbinin gözünü özü bağladı…

                                                         *

Əsəri oxuyub başa vurandan sonra bir müddət xəyala daldım. O illərin ağrı-acılarını ürəyimdə hiss elədim. Tomiris qeyrətli, Sara Xatun düşüncəli Qaçaq Gülsümü düşündüm, ruhuna dualar oxudum. Onu da düşündüm ki, Azərbaycanın onun kimi mərd qızları, qadınları az deyil, çoxdur və təəssüf ki, o igid, döyüşkən qadınların çoxu unudulub, yaddan çıxıb. Tomiris qeyrətli qadınları unutmaq şərəfli tariximizin bir parçasını unutmaq demək deyilmi?
Nə yaxşı ki, Adil Şamiloğlu kimi vətən sevdalı bir qələm adamı varmış və o, tarixin gizli qalan səhifələrindən birini – Qaçaq Gülsüm səhifəsini arayıb-axtararaq rəhrəmanlıqlarla dolu tariximizin daha da zənginləşməsi üçün böyük əziyyət çəkmiş, hər zaman oxunacaq, bu günkü və gələcək nəsillərə örnək ola biləcək bir əsər yazaraq oxuculara ünvanlayıb.
«Qaçaq Gülsüm» poeması şairin həm də özünə ucaltdığı söz abidəsidir. Söz abidəsi qurmaq, igid bir qadına sözlə abidə ucaltmaq şair üçün qazanılan ən böyük savabdır, Allahın da xoşuna gəldiyi bir işdir. Bu işin öhdəsindən ustalıqla gələn Adil Şamiloğlu sözün əsl mənasında Qaçaq Gülsümə yaraşan, onun adına layiq bir əsər yarada bilib, o tarixi şəxsiyyəti Milli Qəhrəman kimi dəyərləndirib və düz də eləyib.
Qəhrəman Gülsümə öz adından söz abidəsi yaradan şair haqlı olaraq yazır ki, «Ən böyük abidə yaranar sözdən».

Gülsümə sözlə abidə ucaldan şair həm də bəyan eləyir ki:

Mən bu abidəni hər yerdə qurdum,
Sevən ürəklərdə, qəlblərdə qurdum.

Bəli, sevən ürəklərdə, qəlblərdə qurulan söz abidəsindən hər kəs faydalanacaq. Bu əsər zamandan zamana keçib yaşayacaq, keçmişimizi, soykökümüzü, milli qeyrətimizi, kimliyimizi, nənə və babalarımızın qəhrəmanlığını, haqq işi uğrunda mübarizə apardığını unutdurmağa qoymayacaq, bu günkü və gələcəkdə doğulacaq uşaqların qəhrəmanlıq ruhunda, vətənpərvərlik ruhunda tərbiyə almalarında önəmli rol oynayacaq, xalqımıza ərmağan edilən ən dəyərli töhfə kimi qəbul ediləcəkdir.
Bəli, bu söz abidəsi hər zaman oxunacaq və Qaçaq Gülsümü də əbədi yaşadacaqdır.
Yaşat ki, yaşayasan, deyiblər. Mən də deyirəm ki, Qaçaq Gülsüm kimi qəhrəman, vətənpərvər, xalqımıza başucalığı gətirən bir qadını sözlə yaşatdığına görə sağ ol, şair!
P.S. Şair, Adil Şamil oğlu 21 fevral 2026- cı ildə Şəmkir rayon, Məhəmməd Füzuli adına tam orta məktəb – liseydə “Qaçaq Gülsüm” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində Şəmkir rayon İcra hakimiyyətinin və Şəmkir rayon Bələdiyyəsinin nümayəndələri də iştirak etmişdilər. Tədbir çox yüksək səviyyədə təşkil olunmuşdur!

Müəllif: Hüseyn İSAOĞLU,
Yazıçı-publisist, AYB və AJB-nin üzvü

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

                                                                                                 

Həmid Herisçi

Onun üçün darıxanlar var…

Onun öz aləmi var. Hər təfəkkürün dərk edə bilməyəcəyi, hər idrakın anlamayacağı, sirlərlə dolu bir aləm. O, hər adam üçün danışmır, onu yalnız ariflər anlaya bilir. Ətrafında xeyli adam olsa da, milyonların arasında təkdir, yalqızdır Həmid Herisçi

Deyir ki:- “Mən heç vaxt məşhurluğu sevməmişəm. Məmin poetik və fəlsəfi təfəkkürüm gizlində qalmağı sevən təfəkkürdür. Çox sevinirəm ki, haqqımda mətbuatda çox bəsit məlumat var. Həyatımı heç kim də bilmir. Bir söz deyə bilərəm ki, mən çox ciddi siyasi xadim ailəsində doğulmuşam. Bu çox şeyi həll edib. Mən ciddi inqilabçıların arasında böyümüşəm, onların sevimlisi olmuşam. İran Kommunist Partiyasının rəhbəri rəhmətlik İrəc İskəndəri bizim ailəvi dostumuz olub. O, mənim təfəkkürümü qiymətləndirib. Mən Allah yolunda olmuşam. Sevinirəm ki, məni yaxşı tanımırlar. Çünki məni tanısalar təhrif oluna bilərəm. Ümumiyyətlə, mənə elə gəlir ki, ciddi adamlar çox tanınmaq istəməzlər…”

…Sərraf adamdır. İnsanın qəlbini üzündən oxuya bilir, necə deyərlər, kimin hansı yuvanın quşu olduğunu bəsirət gözlərilə görməyi bacarır. Hadisələrə baxan kimi qüsursuz rəy verməyə qadirdir. Qarşılaşdığı bütün məsələlərdə ortaq nöqtəni tapmaqda çətinlik çəkmir. Bütün bunlara onu fədailiyi yönəldir, fədaidir. Sadəliyə, azadlığa çox üstünlük verir. Bununla da o, öz xüsusi təfəkkürünü qoruyub saxlaya bilir. Bir sözlə, o, təkcə Azərbaycanın yox, dünyanın vətandaşıdır…

“Mən sirləri tapmaq tərəfdarıyam. Bütün yaradıcılığımda da çalışmışam ki, kimisənin bilmədiyi, çox həlledici məsələləri tapıb göstərə bilim. “Damğa”, “Dəli Kür” romanlarımda, çoxlu sayda yazdığm esselərimdə, şeirlərimdə həmişə ona doğru can atmışam. Xülasə, sirlər xəzinəsini axtarıram. Bəzən insanlar Stepan Razinin Pirallahı adasında gizlətdiyi xəzinəni, bəziləri Cavad xanın xəzinəsini axtarır. Mən də Nizaminin dediyi “Sirlər xəzinəsi”ni tapmaq üçün çalışıram. Mənim istər publisistikam, istərsə də şeirlərim həmişə diqqət mərkəzində olub. Hətta “Facebook”-da da ətrafımda diqqətçəkici adamlar çoxdur. Hesab edirəm ki, “Facebook” yeni bir inqilabdır. Mən modernizmi sevirəm. Postmodern daha acı bir məsələ idi. Konsperologiyanı Azərbaycan təfəkkürünə mən gətirmişəm. Bunu çox adam bilir. Azərbaycanda aparıcı ədəbi-fəlsəfi cərəyanları həmişə təqdim eləməyə çalışmışam.”- söyləyir.

1960-cı il, aprelin 30-da Bakı şəhərində anadan olub. Əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir. Böyrəkləri xəstə olduğu üçün yeddi yaşından Moskvada- SSRİ Elmlər Akademiyasının Pediatriya İnstitutuna yerləşdirilib və orta təhsilini həmin institutun nəzdində fəaliyyət göstərən məktəbdə alıb. Sonra Bakıya dönərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Nekroloq”, “Əli və Nino”, “Solaxay” adlı postmodern üslubda yazılmış irihəcmli romanların və “SSRİ”, “Konspiroloq”, “Portretlər”, “Sekond hənd-ikinci həyat”, “Hekayələr”, “İki səmanın qartalı” şeir və hekayə kitablarının müəllifidir…

Deyir ki:- “Başqalarının fikrinə həmişə hörmət eləmişəm. Amma mənim üçün bu fikirlər həlledici olmayıb. Qərarı özüm vermişəm. Heç vaxt başqa fikirləri özümün alın yazım hesab etməmişəm. Mənim nəsrim öz nəsrimdir, mənim şeirim öz şeirimdir. Bu mənim öz publisistikamdır. Televiziya layihələrim də özümə məxsusdur. Nə var özümünküdür. Mənim nəsrim, şeirim orijinaldır. Bununla da mən seçilirəm. Mən həmişə yeni söz demişəm. Son layihəm mətbuatda portret yazılarımdır.”

Xeyli kitab mütaliə edib, çox müəllifin əsərlərindən məlumatlıdır. Xoşuna gəldiyi Azərbaycan ədibləri isə Sabir Əhmədli və İsa Hüseynovdur. Onların əsərlərini həmişə sevə-sevə oxuyub. Onun üçün “Beşmərtəbəli binanın altıncı mərtəbəsi”ndən Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” romanı daha maraqlıdır. Qəribə yazıçıdır, yazdıqlarını ənənəvi qəliblərə yerləşdirməyi xoşlamır. Bu da qəhrəmanlarını, qələmə aldığı hadisələri daha yaxşı təsvir etməyə imkan verir. İmanına, inancına isə söz ola bilməz. Allaha məhəbbəti sonsuzdur. Çünki Yaradana sadəcə inanmır, Onun varlığına əmindir və özünü əsl müsəlman hesab edir…

“Mən Şah İsmayıl xəttinin müsəlmanıyam. Özümü Şah İsmayıl misteriyasının nəvəsi sayıram. Mən ona meyilli adam olmuşam. Həm də o, uşaqlıqdan padşah olub. Onun uşaq təfəkkürü mənə çox maraqlı olub. Mən uşaq təfəkkürünü yaşlı təfəkküründən mənalı bilirəm. Mənim üçün bunun ilk modeli İsmayılın 13 yaşında taxt-taca sahib olmasıdır. Azərbaycanda uşaq təfəkkürü XVI əsrdə hakimiyyətə gəlib. Uşağın müdrikliyində şüuraltı olaraq o biri dünyanın təcrübəsi var, ixtiyar adamların müdrikliyində yalnız bu dünyanın təcrübəsi olur. Emprik təfəkkür. Mən intuiktiv təfəkkürü seçirəm.”- söyləyir.

Bəli, onun öz aləmi var. Mistik, sirli, sehirli və çoxuna pünhan olan aləm. Orada baş verənləri anlamaq üçün, gərək quş dilini də biləsən…

…Həmid məlum hadisələrdən bir qədər əvvəl qonşu ölkəyə İrana yollanıb. Son dəfə Təbrizdən sorağı gəlib. Hazırda qonşu ölkədə rabitə kəsildiyindən, artıq bir neçə gündür ki, ondan heç bir xəbər yoxdur. Deyirlər ki, hər ağızda bir dua var. Gəlin dua edək ki, Həmid tezliklə vətənə dönsün, ailəsinə qovuşsun. Axı, onun üçün darıxanlar var…

Müəllif: Elman Eldaroğlu

Həmid Herisçinin yazıları

Elman Eldaroğlunun digər yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İSTEDADLI ŞAİR, CƏSARƏTLİ REDAKTOR

İSTEDADLI ŞAİR, CƏSARƏTLİ REDAKTOR

95 illik yubileyi münasibətilə “Heydər Əliyev” ordeni ilə təltif edilən Xalq şairi Nəriman Həsənzadə müasir dövr milli ədəbiyyatımızın inkişafında, mənəvi dəyərlərin qorunmasında xüsusi xidmətləri olan görkəmli yaradıcı ziyalı kimi xalqın sevgisini qazanıb.
Mətbuatda, sosial şəbəkələrdə Xalq şairinin yubileyi münasibətilə ziyalıların, söz və qələm adamlarının silsilə yazıları bu sevginin əlamətidir. Müasir mədəniyyətə mühüm töhfələr verən Nəriman müəllim yaradıcı gənclərin inkişafında da əhəmiyyətli rol oynayıb. O cümlədən, vaxtilə mənim də yaradıcılıq yollarımda bu xeyirxah insanın izi olub. Ötən əsrin 80-ci illərinə qısa ekskurs etməklə, onun xeyirxahlığı barədə fikirlərimi hörmətli oxucularla bölüşmək istərdim.
Məlumdur ki, Nəriman Həsənzadə 1976–1990-cı illərdə dövrün ən məşhur mətbu orqanlardan olan “Ədəbiyyat və incəsənət” qəzetinin Baş redaktoru işləyib. Mən onun rəhbərlik etdiyi redaksiyanın tapşırığı ilə, populyar vokal ustası Fidan Qasımova haqqında yazdığım “Nəğməli Fidan” oçerki 1977-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olundu. Bu – mənim çap mətbuatında çıxan ilk yazım idi.
“Azərbaycanfilm”dən ayrılıb AzTeleRadio Komitəsində daimi işə keçəndən sonra, həm efir üçün, həm də mətbuat üçün müxtəlif janrlarda yazılar yazırdım. Əsasən bədii-publisitik məqalələrlə yanaşı, ən çox sevdiyim ədəbi növ satira və yumor idi. Belə ki, o dövrün bəzən məcburi konyuktur passajlarından uzaqlaşmaq üçün ən yaxşı dayanacaq yeri elə satira və yumor idi. İnsafən, sovet mətbuatında nə qədər ciddi senzura olsa da, yenə müəlliflər satirik-yumoristik yazılar yazırdı və cəsarətli redaktorlar sayəsində həm də çap etdirə bilirdi.
Beləcə, Nəriman müəllimin baş redaktor olduğu 1976-1990-cı illər arasında mən Azərbaycan Radiosu ilə yanaşı, “Ədəbiyyat və incəsənət” qəzetində də publisitik yazılar, oçerk və məqalələr, kiçik həcmli satirik-yumoristik miniatürlər, monoloqlar, parodyalar, felyetonlar, hekayələr dərc etdirirdim (Sonradan o yazıların əksəriyyətini kitablarıma daxil etdim). Bu yazıların işıq üzü görməsi üçün Radioda Mailə xanım Muradxanlıya, qəzetdə isə Nəriman Həsənzadəyə minnətdaram.
Nəriman müəllim ən azı 15-20 yazımı “Ədəbiyyat və incəsənət” qəzetində çapa imzalayıb (o dövrdə gənclərin qəzet-jurnallarda çap olunması indiki kimi asan deyildi). Yadımdadır, 1981-ci ildə mən gənclik maksimalizmi ilə qələmə aldığım çox ciddi tənqidi məqalə olan “Gülünc komediya” adlı yazımı Nəriman müəllim cəsarətlə çapa imzaladı və yazı yaradıcı insanlar, xüsusən teatrallar arasında böyük rezonansa səbəb oldu. Baş redaktor kimi bəyəndiyi yazılarımdan biri də 1983-cü ildə fenomenal hüquqşünas İkram Kərimovun fəaliyyəti barədə Mərkəzi (Moskva) mətbuatında çıxan “Xalq etibar edib, qanun ixtiyar verib” başlıqlı oçerkin tərcüməsi idi.
Bu kiçik xatirədə bütün yazılarım haqqında danışıb adlarını uzun-uzadı sadalamağa ehtiyac görmürəm. Ancaq onun özünün də ən çox xoşuna gələn bir yazım barədə xatirəmi bölüşmək istərdim.

…Bir dəfə istirahət-müalicə məkanlarından birində mən həkimlərlə söhbət edəndə, onlardan birinin şəffaf ağ xalatının döş cibinə pul basıdlığına fikir verdim. Adətən pulu belə açıq-açığına döş cibdə gəzdirməzlər və düşündüm ki, yəqin adam pulu ordan götütüb gizlətməyi unudub. Və həmin məqamda beynimdə bir süjet parladı. Axşam bu mövzuda satirik miniatür yazıb “Ədəbiyyat və İncəsənət” qəzetinə apardım. Nəriman Həsənzadə yazını götürdü və sonra oxuyub firkirni deyəcəyini bildirdi.
Aradan bir-neçə gün keçmiş dedilər yazın çıxıb qəzetdə. Təşəkkür üçün redaksiyaya getdim. Nəriman müəllim çox böyük mehribanlıqla məni qarşıladı, özünəməxsus mülayim səsilə səmimi təbrik etdi və mənim təşəkkürümə imkan vermədən, özü o yazı haqqında, onun ideyası, aktuallığı, reallığı barədə danışmağa başladı. Yazı çox xoşuna gəlmişdi. Və dediyi təriflərdən bir cümlə hələ də qulaqlarımı və zövqümü oxşamadadır; təxminən belə:
“Ay Akif, dədəmin goru haqqı, lap Mirzə Cəlil sayağı demisən e… Sözü belə deyərlər…” və s.
Biz səmimi sağollaşıb ayrıldıq.
Uzaq 1985-ci ildə Nəriman Həsənzadənin bəyənib cəsarətlə çapa verdiyi “Ağ xalat” adlı həmin satirik yazını burda hörmətli oxuculara təqdim edirəm. Və ustad qələm adamı, görkəmli şair, dramaturq, hörmətli Nəriman müəllimə Tanrıdan möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram.
***
Akif ƏLİ
AĞ XALAT
(Məzhəkə)
Bu ağ xalatı geyən yox idi.
Tərtəmiz, ağappaq, nişastalı-ütülü halda xəstəxana anbarından asılıb qalmışdı. Yırtığı-yamağı da yox idi ki, deyəsən ayıbdır deyə geymirlər.
Bu xalatı təsərrüfat müdiri xəstəxanaya təzə işə girən cavanlı-qocalı çox həkimə təklif eləmişdi. Yaxın duran yox idi. Nə təcrübəli, nə təcrübəsiz bir həkim ona sahib olmaq istəmirdi. Özləri evdən başqasını tikib gətirirdilər, amma bu hazır mala yiyə durmurdular.
Allahu-Əkbər!
Təkcə bağbanın o xalatda gözü vardı. Çünki o da bu fani dünyada bir dəfə ağ xalat geyib həkimlərə qoşulmaq istəyirdi.

Təsərrüfat müdiri bir dəfə xalatı bir yaşlı həkimə göstərdi. Həkim alıb o üz-bu üzünə baxdı və başını bulayıb geri qaytardı.
Bir ortayaşlı həkim isə bir az fikirləşəndən sonra xalatı geyinib səhər-səhər palataları gəzdi və sonra da xəstəxanada bir dövrə vurub gətirdi dinməz-söyləməz asdı yerinə. Səhərisi özünə evdən başqa xalat gətirdi.
Bir gün institutu təzə qurtarıb gəlmiş bir gənc həkim tapıldı ki, xalatı alıb dinməzcə geydi, getdi işinin dalınca. Təsərrüfat müdiri rahatca nəfəs aldı ki, şükr, bu da belə getdi. Bağbana da dedi ki, odur, axırıncısı qalmışdı, onu da verdim getdi. Bağban bikeflədi ki, bəs mənim təmiz ağ xalat geymək arzum, filan-beşməkan…
Təsərrüfat müdiri qayıtdı cavabında düşdü bunun üstünə ki, a kişi, sən ağ xalatı neynirsən? Sən hara, təmiz xalat hara? Köhnə plaşdan-zaddan tap keçirt əyninə. Ağ xalat həkimlərçündür. Həkimin nişanəsidir, adıdır, şanıdır, şərəfidir ağ xalat… Sən iki dəqiqənin içində onu ləkələyərsən, bihörmət eləyərsən…
Amma üç gündən sonra, cəmi üçcə gündən sonra, gənc həkim də gətirib dinməz-söyləməz xalatı təhvil verdi təsərrüfat müdirinə və gülümsəyə-gülümsəyə çəkilib getdi.
Paho!
– A kişi, gəl, gəl apar geyin bu xalatı, heç kim istəmir. Deyəsən sənin gözün arxasınca qalıb deyə baxtı açılmır. Apar istəyirsən ləkələ, istəyirsən çirkləndir, istəyirsən lap…
Bağban sevinə-sevinə təptəzə, ağappaq, nişastalı-ütülü xalatı əyninə keçirib yaxasını bərk-bərk düymələdi və birdən-birə mənsəbə çatmış görməmiş adamlar kimi vüqarlı görkəm alıb şəst ilə bağçada atıb gəldiyi qara şlanqa tərəf addımladı. Kişi həyəcandan əllərini də qoymağa yer tapmırdı. Çünki xalatın cibi yox idi.
Cibsiz idi bu xalat, ay səni yaradana qurban olum… Cibsiz!
Bu da belə!
(“Ədəbiyyat və İncəsənət” qəzeti, 1985)

***
Zəruri qeyd: Sonralar həmin miniatür əsasında kinossenari yazıb “Azərfbaycanfilm” kinostudiyasında “Mozalan” satirik kino-jurnalının redaksiyasına apardım. Ustad kino xadimləri Ziyafət Abbasov, Ceyhun Mirzəyev, Vaqif Mustafayev oxuyub bəyəndilər, çəkilişinə razılıq verdilər. Və görkəmli kinorejissor Vaqif Mustafayev xalatın cibləri haqqında olan o ssenari əsasında “Tərsinə” adlı çox populyar olan süjet çəkdi (bax: “Mozalan” kinojurnalı, № 121, 1987-ci il).

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

Elman Eldaroğlu təbrik edir

Xoş yaşasınlar, qoşa yaşasınlar!..

Allah onu dünya malıyla, can sağlığıyla çox imtahana çəkib, necə deyərlər, əzib əzişdirib, sonda şükranlığına, imanına bağışlayıb…

Deyir ki:- “Mən vaxtilə çox maksimalist idim, həyatdan çox şey istəyirdim. Yaş artdıqca istəklərim minimuma endi. Bilmirəm, bu dünyayla, taleylə barışmaqdımı, çarəsizlikdən doğan bir vəziyyətdimi, ya məğlubiyyətdimi? Hər halda arzulara məğlub olmaq çox ağrılı bir şeydi, mən bu ağrıları yazılarıma, şeirlərimə köçürmüşəm. Özümü bu yolla ağrıdan xilas etməyə çalışmışam. Allah sanki sözü mənə xilas yolu kimi nişan verib. Söz məni ölümdən xilas edib. İndi mən artıq həyatdan nəsə istəməyə qorxuram, həyat itkilərlə gözümün odunu alıb…”

Nəzakətli, yolagedən, optimist və xəyalpərəst adamdır. Davranışı və rəftarı hadisələrin gedişindən çox asılıdır. Buyruqdan və boynuna öhdəlik götürməkdən zəhləsi gedir. Pis niyyətli deyil. İnsanlara hələ də inanır və güvənir. İstedadlıdır. Praktikliyi sayəsində müvəffəqiyyət qazana bilir. Rahatlığı və əmin-amanlığı sevir…

“Uşaq vaxtından şeirlər, hekayələr yazırdım, ancaq üzə çıxarmırdım. 9-10 yaşlarımdan şerlərimi “Azərbaycan pioneri” qəzetinə və “Pioner” jurnalına təqdim edirdim. Bir neçə dəfə mənə bildirdilər ki, bədii cəhətdən zəif olduğu üçün çapa yaramır. 5-6 dəfə göndərdim, nəhayət, bir dəfə balaca bir şerimi “Pioner” jurnalında dərc etdilər. Sonradan Azərbaycanın enkslopedik alimlərindən, rəhmətlik Rəhimağa İmaməliyevin ədəbiyyata gəlməyimdə böyük rolu oldu. O, məndə inam yaratdı ki, sən yaza bilərsən. 1995-ci ildən mətbuatdayam. Jurnalist kimi fəaliyyət göstərsəm də şeir və hekayə də yazıram, ancaq uzun müddət onları ədəbi mühitə çıxarmırdım. 2000-ci illərin əvvəllərində təsadüfən Yazıçılar Birliyində Samir Sədaqətoğlu ilə tanış oldum. O, “Ədalət” qəzetində ədəbiyyat bölməsini aparırdı. Mənə bildirdi ki, ayrıca ədəbiyyat qəzeti buraxmaq istəyirlər. Mən də dedim, əlimdə tərcümələrim var. Dedi, gətir, çap edək. Elə oldu ki, həmin qəzeti birlikdə buraxası olduq. Və beləcə ədəbi mühitin içinə düşdüm. Öz hekayələrim də orada çap olundu. Sonralar “Kaspi” qəzetində şeirlərim çıxdı. 2003-cü ildə isə “Ədalət” qəzetinə keçdim, ayrıca “Yazar” adlı ədəbiyyat qəzeti buraxdıq.”- söyləyir…

Saysız-hesabsız istək və arzuları var. Bunları reallaşdıra bilməyəndə, özünəməxsus xəyal aləmində həyata keçirir. Onun bu aləmi o qədər güclüdür ki, tez-tez gerçəklə qarışdırır. Digər tərəfdən mistik və fəlsəfi hadisələri öyrənməyi sevir. Zehni xəyallar seli və qorxunc duyğu dalğaları ilə doludur. Mənəviyyatının dərinliyindən gələn bu partlayışları yaradıcılığna yönəltdiyindən, gücü tükənmir…

Deyir ki:- “Mənsub olduğum ədəbi nəslin giley-güzarı bitməsə də əsas məsələ, ortada böyük qələbəmiz var. Demək, bizim qismətimizdə Qarabağı azad görmək də var imiş. O ki qaldı mənim ədəbiyyatda qalıb-qalmayacağıma bunu yalnız gələcək müəyyən edəcək. Təəssüf ki, mən o günü görməyəcəm. Amma inanıram ki, hər halda hansısa bir yazımla xatırlanacağam…”

Haqqında söhbət açdığım Kənan Hacı 1975-ci ildə Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Xəzər rayonu, Buzovna qəsəbəsinin 125 saylı məktəbində alıb. 1995-ci ildə özəl universitetlərin birində jurnalistika ixtisasına yiyələnib. 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində işləyib. Sonra Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq fəaliyyət göstərib…

“Uzun-uzadı təsvirlərlə oxucunu yoran şişman romanların dövrü çoxdan keçib. Artıq roman janrı tam yeni bir mərhələyə qədəm qoyub. Bu proses davam etməkdədir. İndi zaman yazıçıdan fikri lakonik ifadə etməyi tələb edir. Mənim fikrimcə, janrların şərtiləşməsi ədəbiyyata bir rəngarənglik gətirir. Dəyərli tənqidçimiz Rəhim Əliyev bir dəfə söhbətimizdə çox gözəl bir fikir dedi. Dedi ki, heç nəyə baxmadan oturub yazmaq lazımdır. Məğlubiyyətdən qorxmaq lazım deyil. Yazmaq yazıçının həyat tərzinə çevrilməlidir. Mən yaradıcılıqda sərbəstliyin tərəfdarıyam, ölçülü-biçili roman yazmağı, əsəri standart janr qəlibinə salmağı xoşlamıram. Ənənəvi düşüncədən bacardıqca qaçmaq lazımdır. Sovet dövründə yüzlərlə belə romanlar yazılmışdı, əksəriyyəti unudulub getdi, qalmadı. Amma məsələn, Sartrın “Sözlər” romanını götürək, sırf avtobioqrafik əsərdir, roman janrının tələblərinə cavab vermir. Amma möhtəşəm əsərdir, biz onu memuar kimi yox, elə roman kimi də oxuyuruq…”- söyləyir.

…Hazırda “Mücrü” jurnalının baş redaktorudur. AYB-nin üzvüdür. Müxtəlif ədəbi əsərlərindən ibarət 15-ə yaxın kitabı nəşr olunub. Xarici dillərdə yazılmış 5 kitabı ana dilinə çevirib. Əsərləri rus, türk, ingilis və ukrayna dillərinə tərcümə olunub…

Evin tək uşağı olub. Erkən gəncliyində atası vəfat edib. Min cür çətinliyə qatlaşıb, acınacaqlı günlər yaşayıb. Əsgərliyi bitirən vaxtlarında xəstələnib hospitala düşüb, əməliyyat olunub. Və bir gün xəbər tutub ki, Hepatit C xəstəliyinə yoluxub. Xəstəliyini 8 il ən yaxın dostlarından belə gizlədib. Heç kəs bilməyib ki, evsiz-eşiksiz yaşayır. Üstəlik ağır xəstədir. Amma taleyindən heç zaman gileylənməyib. Allaha inanıb- nə vatsa zamanın üzünə güləcəyinə ümid bəsləyib. Və həmin gün gəlib. Artıq ev-eşik sahibidir. Xəstəliyə qalib gələrək yaşayır, yaşayacaq da. Yaradıcılığından da geri qalmır. Güclü təxəyyülü, ədəbi təhlili var…

Daxili aləmi çox rəngarəngdir. Bu aləmdə müsbət xüsusiyyətlərin say-hesabı yoxdur. Səxavətlidir və başqalarını məmnun etməkdən xoşlanan adamdır. Yaddaşı çox güclüdür, heç nəyi unutmur. Mütaliyyə diapazonu geniş olduğundan zəngin “Söz sandığı”na və bilgiyə sahibdir. Bir sözlə, Kənan Hacı təpədən dırnağa parlaq bir istedaddır…

…Martn 3-ü həm Kənanın və həm də ömür-gün yoldaşı İlhamə Dağlının ad günüdür. Bu münasibətlə hər ikisini təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Çox yaşasınlar, cüt yaşasınlar!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun digər yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Valeh Heydər – CƏBRAYIL

DİLİMDƏ ƏN ŞİRİN SÖZSƏN, CƏBRAYIL

Dilimdə ən şirin sözsən, Cəbrayıl,
Gözəllər gözəli sənsən, ey vətən.
Adına bağlıdır min arzu, dilək,
Eşqinlə olmuşam bülbül tək ötən.

Sənin azadlığın ən gözəl nemət,
Təbiət oxuyur vüsal nəğməsi.
Gör necə yayılır dağa, arana
Turacın, kəkliyin, bülbülün səsi.

Gəlir aşiqlərin ziyarətinə,
Məhəbbət duyulur baxışlarından,
Hüsnünə vurulmaq sonsuz səadət,
Doymaq mümkün deyil naxışlarından.

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nicat Ərtürkün “Ana həsrəti” kitabı haqqında – Dost sözü

DOXSAN ALTINCI YAZI

Ana həsrətinin poetik fəlsəfəsi
(Nicat Ərtürkün “Ana həsrəti” kitabı haqqında)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu yenicə işıq üzü görmüş “Ana həsrəti” adlı kitab haqqında olacaq.
Azərbaycan poeziyasında ana obrazı hər zaman müqəddəs, toxunulmaz və dərin mənəvi məna daşıyan bir zirvə kimi qəbul olunub. Bu zirvəyə qalxmaq isə yalnız səmimi hiss, daxili ağrı və poetik məsuliyyət tələb edir. Tanınmış şair Nicat Ərtürkün “Ana həsrəti” adlı şeirlər kitabı məhz bu mənəvi zirvəyə doğru atılmış səmimi və məsuliyyətli bir addımdır.
QISA ARAYIŞ
Nicat Ərtürk – Qasımzadə Nicat Ərrəhman oğlu 1982-ci ildə Naxçıvan MR-nın Sədərək rayonunun Sədərək kəndində anadan olub. İxtisasca ali təhsili iqtisadçıdır. Azərbaycan Yazıçılar Birliynin üzvü, ədəbiyyat sahəsində müvəffəqiyyətlərə görə təqdim edilən nüfuzlu “Qızıl qələm”, “Ziyadar” kimi mükafatların laureatıdır. “Səsləyir Zəngəzur, Qarabağ bizi” və “Zirvələrin fatehi” adlı kitabların müəllifidir. Haqqında söhbət açdığımız “Ana həsrəti” kitabı müəllifin oxucularla üçüncü görüşüdür. Kitabdakı nümunələr mövzusundan asılı olmayaraq bəzən həddindən artıq pafoslu görünsə də, əslində olduqca səmimi və fərdilikdən uzaq, ümumiləşdirilmiş problemlərin çözümü yolunda atılmış cəsarətli addımlar kimi qiymətləndirilməlidir.
Kitabın adından başlayaraq oxucu dərhal anlayır ki, burada söhbət sadəcə fərdi bir kədərdən deyil, ümumbəşəri bir duyğudan – ana həsrətindən, insan varlığının ən kövrək və ən saf nöqtəsindən gedir. “Ana həsrəti” həm konkret bir itkinin ağrısı, həm də insanın mənəvi dayağını itirməsinin fəlsəfi izahıdır.
Kitabda toplanmış şeirlərdə insan varlığının mənası, həyatın faniliyi, zamanın amansız axını və mənəvi dəyərlərin önəmi poetik düşüncə müstəvisində təqdim olunur. Şair şəxsi hiss və yaşantılarını ümumbəşəri ideyalar səviyyəsinə yüksəltməyi bacarır. Bu xüsusiyyət Nicat Ərtürkün poeziyasını sırf emosional ağrıdan çıxarıb dərin fəlsəfi qatlara daşıyır. Kitaba daxil edilmiş şeirlər içərisində ondan artıq nümunə adı və məzmunu ilə birbaşa anaya, ana həsrətinə bağlıdır. Bundan əlavə topludakı digər şeirlərin də böyük əksəriyyətinin ya məzmunu, ya da mətn daxilində bəzi fraqmentlər ana adı, ana həsrəti ilə dolayısıyla əlaqəlidir.
Ana obrazı şeirlərdə yalnız bir insan deyil, mərhəmətin, qayğının, ilkin saflığın və ruhun sığınacağı kimi təqdim olunur. Ana itkisi isə sadəcə fiziki ayrılıq deyil, insanın iç dünyasında yaranan böyük boşluq, mənəvi yetimlik hissidir.
“Ana həsrəti” kitabında dil sadə, anlaşıqlı, lakin dərin məna yüklüdür. Şair bəzəkli ifadələrdən daha çox, oxucunun qəlbinə toxunan səmimi sözlərə üstünlük verir. Bu sadəlik poeziyanın təsir gücünü azaltmır, əksinə, onu daha da gücləndirir.
Nicat Ərtürkün şeirlərində daxili ahəng, ritm və emosional tarazlıq diqqəti cəlb edir. Hər misra bir hissin, bir düşüncənin daşıyıcısıdır. Oxucu bu şeirləri oxuyarkən təkcə müəllifin ağrısını deyil, öz daxilində gizlənmiş ana həsrətini də kəşf edir.
Kitabın “Anamın əziz xatirəsinə ithaf edirəm” sözləri ilə başlaması bu poeziyanın ideya-mənəvi xəttini əvvəlcədən müəyyənləşdirir. Bu ithaf kitabı sadəcə bir şeir toplusu yox, ruhi etiraf, minnətdarlıq və sədaqət manifestinə çevirir. Oxucu anlayır ki, qarşısında duran misralar yazı masasında deyil, qəlbin ən dərin qatlarında doğulub.
“Ana həsrəti” müasir oxucu üçün təkcə poetik zövq mənbəyi deyil, həm də mənəvi düşüncə kitabıdır. Bu şeirlər insanı öz kökünə, dəyərlərinə, valideyn sevgisinin əvəzsizliyinə qaytarır. Sürətli və maddiləşmiş dünyada bu cür əsərlər oxucuya dayanmağı, düşünməyi və hiss etməyi xatırladır.
Ana həsrətinin poetik fəryadı, ümumiləşdirilmiş nisgil, milli kimlik məsələləri, əcdadlara ehtiram, özünü tanıma və təqdim etmə yuxarıda qeyd etdiyim kimi demək olar ki, topluda yer alan bütün nümunələrin məğzində dayansa da, söhbətimizi Nicat Ərtürkün “Ana həsrəti” kitabında (səhifə 53) yer almış eyni adlı şeirindən gətirəcəyim misallarla daha da zənginləşdirmək istəyirəm.
Ana obrazı Azərbaycan poeziyasının ən müqəddəs, ən kövrək və ən dərin qatlarından birini təşkil edir. Bu obraz təkcə doğmalıq, qayğı və mərhəmət deyil, eyni zamanda insanın daxili dünyasının dayağı, mənəvi sığınacağıdır. Məhz bu baxımdan Nicat Ərtürkün “Ana həsrəti” şeiri ana mövzusuna həsr olunmuş əsərləri (əsərlər) içərisində xüsusi emosional dərinliyi və səmimiyyəti ilə seçilir.
Şeirin ilk misralarından etibarən oxucu faciəli bir dönüş nöqtəsi ilə üz-üzə qalır:
Dəyişdi gözümdə, dəyişdi zaman,
Fırlandı başıma fırlandı dünyam.

Bu misralarda zaman artıq adi axarında deyil. Ana itkisi ilə birlikdə zaman anlayışı da mənasını itirir, dünya oxun ətrafında fırlanan ağır bir yükə çevrilir. Şair burada şəxsi ağrını ümumbəşəri hissə çevirir: ana yoxdursa, həyatın nizamı da pozulur.
Şeirin növbəti bəndlərində sevincin göz yaşına, evin işığının sönməsinə çevrilməsi təsvir olunur:
Xoş günlər bir anda kədər döndü,
Sevinc göz yaşlarım qəhərə döndü.

Ana evin ruhudur. Onun yoxluğu təkcə bir insanın itkisi deyil, bir ocağın sönməsi, bir ailənin mənəvi sütununun dağılmasıdır. Şair bu həqiqəti bədii dillə, lakin son dərəcə real duyğularla ifadə edir.
“Ana həsrəti” şeiri eyni zamanda insanın psixoloji sarsıntısının poetik gündəliyidir:
Bir əsər qalmadı səbri-dözümümdən.
Burada artıq təskinlik yoxdur. Şair etiraf edir ki, ana həsrəti qarşısında ən möhkəm iradə belə sarsılır. Bu etiraf şeiri daha da səmimi və inandırıcı edir.
Əsərin diqqətçəkən cəhətlərindən biri də taleyə və zamana yönəlmiş açıq etirazdır:
Etiraz edirəm sənsiz zamana,
İstədim ki, artıq zaman dayana.

Bu misralar insanın acı qarşısında acizliyini, eyni zamanda üsyankar ruhunu əks etdirir. Şair üçün zaman artıq şəfa verən deyil, əksinə, ağrını uzadan bir gücdür.
Şeirin hər bəndinin sonunda təkrarlanan:
Anama həsrət qaldığım günü
misrası bir növ şeirin ürək döyüntüsünə çevrilir. Bu təkrar oxucunun yaddaşına həkk olunur və ana itkisinin unutulmaz, dəyişməz bir həqiqət olduğunu vurğulayır.
Nicat Ərtürkün “Ana həsrəti” şeiri sadəcə bir şəxsi kədərin ifadəsi deyil. Bu əsər ana sevgisinin əvəzsizliyini, ana itkisi ilə insanın daxilində yaranan boşluğu, zamanla belə sağalmayan yaraları poetik dillə ortaya qoyur. Şeir oxucunu həm düşündürür, həm də öz ana xatirələri ilə üz-üzə qoyur.
Bu əsər bir daha sübut edir ki, ana həsrəti – zamanla keçməyən, sözlərlə təsəlli tapmayan, yalnız poeziyada nəfəs alan bir dərddir. Nicat Ərtürk bu dərdi səmimi, sadə və təsirli bir dildə ifadə edərək oxucunun qəlbinə yol tapmağı bacarmışdır.
Nicat Ərtürkün “Ana həsrəti” kitabı Azərbaycan poeziyasında ana mövzusuna həsr olunmuş səmimi, dərin və fəlsəfi kitablar arasında öz layiqli yerini tutmuşdur. Bu kitab oxucuya təkcə bir şairin daxili dünyasını deyil, hər bir insanın qəlbində gizlənən ana sevgisini və həsrətini göstərir.
“Ana həsrəti” – bir kitabdan daha çox, bir qəlbin səsi, bir ruhun etirafı və bir ömrün poetik xatirəsidir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
28.02 – 01.03.2026. Bakı.

Nicat Ərtürk təltif olunub – Təbrik – Fotolar 

Müəllif: Zaur USTAC

I>>ZAUR USTACIN YAZILARI

NİCAT ƏRTÜRKÜN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

TURAN NOVRUZLU – DOĞUM GÜNÜ

Doğum Günü

Sənli arzularım Tanrıya ibadət kimidir,
bütün qəlbimlə
dua edirəm, gözləyirəm,
Göz yaşlarımı
Mələklərdən gizləyirəm,
Tanrı isə hələ də susur…
Sənli yuxularım
səadət kimidir,
Heyif ki, gözlərimi açanda xoşbəxtlik məndən küsür,
Sənsizlik ruhumu üzür…

Harda ad günü tortu görsəm
Sənlə birlikdə
heç vaxt tutmadığımız arzumuzu,
heç vaxt üfürmədiyimiz şamları xatırlayıram…
Biz ancaq
dodaqlarımız danışanda
gözlərimizi yummuşuq,
bəlkə ona görə bəxtimiz kor olub,
Bəlkə ona görə
gecələri yuxumuz ərşə çəkilir,
Elə bil yastığımıza qor dolub.
Eh! Bizdən küsən fələk,
Biz səndən nə ummuşuq?!

Ay adı dilimdə düyünlənib
Dodaqlarımda əsir olanım,
Əsarətin mübarək…
Bu dünyaya göz açmaq
hər oğulun işi deyil,
Cəsarətin mübarək…
Hələ dənizin tən ortasındasan,
Limana çox var…
Qarşıda saysız fırtınalar, tufanlar,
Dəryada nəhəng balıq udanlar…
Ay mənim
boz dünyadakı göyqurşağım,
Doğum günün mübarək!

MÜƏLLİF: TURAN NOVRUZLU

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GÜLNARƏ İSRAFİL – ŞEİR

Çiçək əsimi

İnsanlıq sömürgəsi, –
papazın qələmində.

Qəbilə davasının
ən son modeli yayılır yer kürəsinə.

Əvvəl daş-qalaqla son qoyulardı,
sonra dəmirə öpdürdülər
insan vücudunu.
Tüfəngə bələdilər
körpələrin işıq çöhrəsini…

Və nəhayət silah-sursat çeşidləri
qan yağışında yaşam işığına əl atdı.

PUA çıxdı təpəmizə!
İndi qan bir saniyədə çilənir
təbiətin solmuş taleyinə.

Quşları budağındaca külə döndərən
çiçək əsimi gəlmiş ömrümüzə.

Ləçəklərin parçalanan rəng damarında
insan qəhqəhəsi…

Alova bürünmüşlər
ağlayır ürəyimdə.

“Tomahawk” mələyi uçurur əbədiyyətə.

28.02.26.

MÜƏLLİF: GÜLNARƏ İSRAFİL

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nicat Ərtürk təltif olunub – Təbrik – Fotolar – Ziyadarlar

Şair Nicat Ərtürkün “Ana həsrəti” kitabının təqdimatı keçirilib

Manset.az xəbər xəbər verir ki, “Ana həsrəti” kitabının təqdimatı Xocalı faciəsi şəhidlərinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbir Əsəd Cahangirovun aparıcılığı, şair Kəmaləddin Qədim, yazıçı Zaur Ustac, aktyor Habil Xanlarov və başqa tanınmış şəxslərin, ziyalıların iştirakı ilə baş tutub. 

İxtisasca iqtisadçı olan Nicat Ərtürk üçüncü kitabı olan “Ana həsrəti”ni vaxtsız itirdiyi anasına həsr edib. Öz şeirlərində müxtəlif mövzulara – vətən, el-oba, yurd, valideyn, övlad sevgisi mövzularına toxunan şair əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundandır. 

Tədbir zamanı şair Nicat Ərtürk Media Araşdırmaları mərkəzi və Azər KİVİHİ tərəfindən “Şərəfli ömür yolu” media mükafatı  və “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim edilən “Ziyadar” mükafatı ilə təltif olunub. Sonda xatirə fotosu çəkdirilib və şair oxucularının kitablarını imzalayıb. 

Müəllif: Fidan Vəlisoy

Yazarlar.az olaraq, biz də öz növbəmizdə Nicat Ərtürkü təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

İlkin mənbə: Manset.az 

Məlumatı hazırladı: Leyla Mahirqızı

NİCAT ƏRTÜRKÜN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"