Hikmət Məlikzadə yazır

“Bir xəyal dolaşır xaraba kəndi”

Rəfail Tağızadənin “Qarabağ rüzgarları” kitabına elegiya

Vətən, yurd acıları da bəzən insanı (səbəbsiz) özündən çıxarır, onu səmtləri bəlli sərhədsiz ünvanlara aparır; orada insan ruhun məqsədiz təsəvvürləri ilə yanlış təəssüratlar qurur, yalnız hicran təranələri çalınan aşırımlardan keçmək məcburiyyətində qalanda anlayır ki, Vətən nədir, yurd haradır…
İstedadlı şair, Qarabağı qara bağrı qədər özünə yaxın bilən, Vətən adı gələndə özündən ixtiyarsız “silahına” sarılan, içinin təpəri ilə varaqları “güllələyən” Rəfail Tağızadənin “Qarabağ rüzgarları” kitabı bizdə belə bir qənaət yaradır. Kitab illər əvvəl çap olunub; (lakin) buradakı poetik nümunələr günümüzlə səsləşir, (öz) aktuallığını aşkar büruzə verir. Bu səbəbdən, kitabın içində son dərəcə hürkək və utancaq baxışları ilə oxucu gözündən yayınmağa çalışan şeirləri təqdir etmək israrındayıq. O mənada hürkək və utancaq deyirik ki, hələ o vaxtlar Qarabağ işğal altında ağı deyirdi…
“Qarabağ rüzgarları” içindəki şeirlərin hamısı ilə təqdirəlayiqdir. Ancaq kitabın 56-cı səhifəsindəki “Qara xəyal” şeiri ümumiyyətlə poetik dəhşətdir:

Bir xəyal dolaşır xaraba kəndi,
Əyninə geydiyi köhnə libasla,
Gəzir həyət-həyət, gəzir evbəev,
Təzə yuxuların yumurtasını,
Köhnə yuxuların cücəsin yeyib,
Bir xəyal dolaşır xaraba kəndi,
Əyninə geydiyi köhnə libasla…

Səmimi deyirik, bu şeir “Qarabağ rüzgarları”nın poetik pasportudur. Ən əsası, bu şeirdəki kədər bir elin – elatın coğrafi xəritəsi kimi təzahür edir. Sanki qara (bir) xəyal köhnə düşüncə ilə – qaniçən düşmən obrazında xaraba qalmış kəndi gəzir, orada “təzə yuxuların yumurtası” fonunda xalqımızın sabahkı ümidlərini qırmağa cəhd edir, “köhnə yuxuların cücəsini yemək” anlamında da öz qara-yararsız xisləti üzərində xain nəzərlər aşılayır, ölkəmizin xarabazara çevrilmiş (sahibsiz qalmış) kəndlərində erməni xofu yaradır. Səmimi deyək, “Qara xəyal” şeirini oxuyandan sonra adamın taqəti itir, kitab haqqında normal fikir ifadə etmək cəhdi boşa çıxır. Biz yenə də özümüzdə güc tapıb həmin şeirin acı-sərt soyuğunda duruş gətirir, oxucuya vacib olan ictimai nüansları qabartmağa müvəffəq oluruq.
“Qarabağ rüzgarları” torpaqlarımızın işğalı dövründə ərsəyə gəlib. Bu kitabda o dövrü əhatə edən ah-nalə, ağrı-acı, ürəyə paslı niskil kimi tökülən ictimai qayə əks edir deyə, bu barədə qabarıq fikir demirik. Bircə onu ərz etmək istəyirik ki, buradakı şeirlərin böyük əksəriyyəti ağrımızı-acımızı bizə hüdudsuz aləm kimi əta edir, bu şeirlərin hənirində tük salırıq.
Təəssüflər olsun ki, “Qarabağ rüzgarları”nı Zəfər sevincindən məst olduğumuz məqamda əldə etdik. Ona görə təəssüflər olsun deyirik ki, əgər bu kitab torpaqlarımızın işğalı dövründə əlimizdə olsaydı, onu monumental-tarixi bir hadisə hesab edər, (əlimizdə fürsət olsaydı) bu kitabı ən bahalı mükafata layiq görərdik.
“Qarabağ rüzgarları”nda bizi divara dirəyən (bəzi) hislərlə qabaq-qənşər olaq:

Mən sənin sərhəd dirəyin,
Söykənib sənə kürəyim.
Mənə uğurlar diləyin,
Bu gecə son vuruşumdu…


Vaqonun altından asılan beşik,
İçində körpələr böyüyür indi…


Ağdam. 23 iyul 1993-cü il…
Tərslikdən mənzilimin nömrəsi elə,
Hər gün o qapını açmağa möhtac…


Bu gecə yuxuma gəlmişdi nənəm,
Qızartı yoxuydu yanaqlarında.
Sifəti ağappaq, gözləri yenə gömgöy idi…


Şəhid məktubları uçur havada,
Bu kəndin göyləri məktubla dolu…


Alnının qırışları sərhəd xətlərini,
Üzün içindəki itkiləri
Göstərmirsə əgər,
Bir ömür beləcə qalacaq, qardaş,
Bir gözündə qara yuxu,
Bir gözündə yaş…

Və s. Əminik ki, bu poetik parçaları heç də asanlıqla seçmədik. O mənada ki, gözlərimizi toxundurduğumuz şeirləri ya tam halda verməli, ya da o şeirlərin içində qaçqın həyatı yaşamaq məcburiyyətində qalmalı idik… Fikir adamı necə də ram edərmiş, Allah!..
“Qarabağ rüzgarları”nı oxuya-oxuya düşünürük ki, Rəfail Tağızadə bu kitabı ərsəyə gətirənə qədər necə sağ qala bilib?! Bu kitabda ağrı hədsiz sərt, acı misilsiz göynərti qədər təlatümlü, hadisələr soyuq rüzgarların əhatəsində can verən körpə iniltisi qədər dəhşətlidir. (Bəs) Rəfail müəllim bu qədər ağırlığın altından necə çıxa bilib? Digər tərəfdən, bilmək marağındayıq; Ağdamsız həyat onu işğal illərində yazdığı şeirlərin edam kötüyü üstündə neçə dəfə doğrayıb? Əlbəttə, şərh vermək (çox) çətindir. Çünki “gendən baxana dava asan gəlir…”. Bu aspektdən yanaşaraq biz Rəfail Tağızadəni “Qarabağ rüzgarları” kimi bir kitab yazdığı, oradakı niskilin ölüm çarxında salamat qaldığı üçün bir qəhrəman hesab edirik.
Əgər həmyaş olsaydıq, bizi “Qarabağ rüzgarları”ndakı şeirlərlə yüz kərə “öldürüb-diriltiyi” üçün deyərdik: Allah sizə insaf versin, Rəfail Tağızadə…
Və (təkrar olmasın) səmimi deyirik, kitabdakı şeirlər bizi kəskin surətlərə sövq etdiyi üçün çox sitat gətirə bilmədik, sadəcə, “Qarabağ rüzgarları”ndakı təfsilatı kənardan seyr etdik…

Müəllif: Hikmət MƏLİKZADƏ

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səkinə Bağırovanın sərgisi

Dəyərli rəssam, yazıçı Səkinə B. Zeynalova Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dünya Xalq Yaradıcılıq Təşkilatının, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Nərgizin nağılı” və “Nərgizin nağıl dostları” adlı nağıl kitablarının müəllifidir. (həmmüəllif T. Novruzlu)

Ölkəmizdə və xaricdə nəşr olunan onlarla elmi-publisistik məqalənin müəllifidir.

28 oktyabr 2024- cü ildə “Fidan Hacıyeva Vokal Musiqi Məktəbi”ndə Səkinə xanımın “Bəzən bir ümid” adlı fərdi sərgisi keçirilib. Bu möhtəşəm sərgidə yerli və xarici alimlər, sənət adamları rəssamın yaradıcılı ilə bağlı xoş təəssüratlarını bölüşüblər. Sərgidə 60- a yaxın əsər nümayiş olunub, sonda isə xalq artisti Fidan Hacıyeva tərəfindən musiqi nömrələri səslənib.

Azərbaycanımızı hər zaman layiqincə təmsil edən, ruhumuzu al-əlvan boyalarla oxşayan, rənglərin dilində məharətlə danışan dəyərli rəssamımızı həm ad günü , həm də ilk fərdi sərgisi münasibətilə təbrik edir, yeni- yeni yaradıcılıq uğurları arzulayırıq.

MÜƏLLİF: TURAN NOVRUZLU

TURAN NOVRUZLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…

“DÜNYA BİR PƏNCƏRƏDİR…”
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı.

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

CAN AY ANA…
(Milli Qəhrəman Polad Həşimovun anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular,
Bu baxışda min vaizin xütbəsi…
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. Bakı.

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
* * *

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *

Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Novruzludan bir şeir

“Məndən salam deyersən
yanındakı qadına…”

Gecən xeyirə qalsın,
yol adam, yorğun adam…
Qəlbinə girməsəm də
mən sənə vurğun adam

Məndən “salam” deyərsən
yanındakı qadına…
De ki, yuxuya getsən
pəncərəni bağlasın,
külqabındakı közün
söndüyünü yoxlasın
Sən çox içdiyin axşam
sinəni sığallasın
Çox danışıb ağlasan
gözlərinə baxmasın
Köksünə sıxıb səni
saçını tumarlasın
Boynundakı xalından
Qoy öpsün axşam- səhər
xalın nə günahı var
yoxluğumu duymasın
yola verin birtəhər…

Gecən xeyirə qalsın,
yol adam, yorğun adam
Ömrün payızı tutgun
Qışı qar, çovğun, adam…
Elə yaşa ki, ömrü
Ürəyin üşüməsin
Əllərin boş qalmasın
Kürəyin üşüməsin…
30.10.2024.

MÜƏLLİF: TURAN NOVRUZLU


MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Oriyentir Ulduzu” Laçın səmasında

Simurq izləyicilərimiz. Bu dəfə sizə şair, yazıçı, tərcüməçi Zaur Ustacın Milli Qəhrəmanımız Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi “Oriyentir Ulduzu” kitabı haqqında danışmaq istəyirəm. Kitab orta məktəb şagirdləri və yeniyetmələr üçün nəzərdə tutulub. Bu kitab 2016 cı ildə çap olunanda heç birimizin ağlına gəlməzdi ki, kitabda adı çəkilən yerlərə yenidən qayıdacayıq, düşmən tapdağında olan ərazilərdən əsgərlərimizin yığıb qurutduğu bənövşəni özümüz dərəcəyik. Zaur Ustac həm də hərbiçi olduğu üçün hərbi hissəni, döyüşü çox gözəl təsvir edib.

… İndi Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki gəl, gəl bu tərəfə gəl, buralar səni gözləyir deyir …

Uğurlarınız bol olsun Zaur bəy. Qalib Azərbaycanın qürurlu vətəndaşı olmağın sevincini yaşayaq hər zaman.


Zaur USTAC – “Ziyadar”ların Laçın səfəri – 09.08.2024.

Mənbə: Laçın Simurq Kitabxanası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Repressiya qurbanlarının xatirə gününün düşüncələri

30 Oktyabr – Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günüdür. Xatırlatmaq yerinə düşər ki, 1974-cü ildə SSRİ-də məhkum olunmuş iki siyasi məhbusun həbsxanada belə təşəbbüslə çıxış etməsindən sonra bu tarix qeyd olunur.

Azərbaycan xalqının genefonduna birbaşa zərbə olan repressiya tarixini mən müəyyən qədər də olsa araşdırmışam. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin layihəsi çərçivəsində müəllifi olduğum “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın I hissəsi bu il çap olunub.

Gerçəkdən həmin dövrü araşdırarkən Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik. O incidilmiş insanları ruhən dostlarım hesab edirəm. Ən azından həmin insanların ruhlarını şad etmək üçün kitabın davamını yazmağa cəhd göstərirəm. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir.

Əslində repressiya dalğası SSRİ adlanan totalitar rejimin hər bir respublikasında oxşar və fərqli formada aparılırdı. Təqib və repressiya bir çox peşə sahiblərini əhatə edirdi. Bütün bunlardan yayınmaq, Azərbaycanın o ləyaqətli övladlarını qorumaq, xilas etmək mümkün idimi? Bu gün bu sualları birmənalı cavablandırmaq çətindir.

Bu gün məni düşündürən odur ki, bir millət bu qədər itkilər verəndən sonra yenidən həmin itirilmiş intellektual potensialı bərpa edə bildimi? Bu sualla da birmənalı cavab tapmaq olmur.

Amma, lakin o bəllidir ki, illər keçib, nəsillər dəyişsə də hər bir xalqın, millətin itkilərinin fəsadları hiss olunur.

Qeyd edək ki, 30 ildən artıq davam edən repressiya nəticəsində Azərbaycanda öldürülənlərin sayının təxmini olaraq 70-120 min nəfər arasında dəyişdiyi ehtimal olunur. Bu rəqəmlərin artıb azalması mümkündür.

Müəllif: Əkrəm Bəydəmirli

Əkrəm Bəydəmirlinin yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cihangir NOMOZOV – FİKİRLƏRİNİZİ FİLTRLƏYİN

FİKİRLƏRİNİZİ FİLTRLƏYİN

“Özünüzü tanımaq ilk addımdır. İkinci addım isə biliklərə əsaslanaraq hərəkət etməkdir.”
Psixoloqlar qeyd edir: “Düşüncə tərzinizi dəyişin, onda həyatınız da dəyişəcək.”
Həqiqətən də, fikirlərimiz hərəkətlərimizin, insanlara, cəmiyyətə və ilk növbədə özümüzə olan münasibətimizin əsasıdır. Fikirlərimiz bizi hərəkətə gətirən, məqsədimizə çatmağa yönəldən yeganə qüvvədir. Necə ki, bədənimiz beynin nəzarətindədirsə, hərəkətlərimiz də düşüncələrimizin təsiri ilə formalaşır.
Hər bir insan xoşbəxt yaşamaq, arzu və məqsədlərinin reallaşmasını və həyatını öz istədiyi kimi qurmağı arzulayır. Aramızda çoxları heç bir maneəyə əhəmiyyət vermədən, hər cür çətinliyi dəf edərək nəzərdə tutduğu hədəfə çatır. Şəxsi təcrübəm və müşahidələrim əsasında deyə bilərəm ki, əgər zamanı, fikirlərimizi və özümüzü düzgün idarə edə bilməsək, heç vaxt istədiyimiz nəticələrə çata bilmərik.

Çox vaxt işlərimiz alınmadıqda və ya uğursuzluqla üzləşdikdə, günahı asanlıqla taleyin üstünə atmağa çalışırıq. Amma əslində, uğursuzluqlarımızın səbəbi təcrübəsizliyimiz, səhvlərimiz və səbirsizliyimizdir. Tale bizim uğursuzluqlarımıza səbəb deyil; əksinə, ali məqsədlərimizə daim dəstək olur. Ona görə də müsbət və düzgün düşünməyi öyrənmək hər birimiz üçün vacibdir. Xəyallar qurmağı sevirik, amma niyə daha konstruktiv düşüncəyə önəm vermirik?
Bu yaxınlarda sahibkar, bloqer və psixoloq Darius Forounun “Düzgün düşünün” adlı kitabını oxudum. Bu əsər vasitəsilə özünü inkişaf etdirmək, zamanı səmərəli idarə etmək və düzgün düşünməklə bağlı həyati təcrübələrdən xəbərdar oldum. Kitabda həyatımızda kiçik səhvlərin necə böyük problemlərə yol açması və əksinə, kiçik, düzgün hərəkətlərin bizi çətin vəziyyətlərdən necə qurtara biləcəyi barədə həyat nümunələri ilə izah edilir.
Əgər fikirlərinizi yaxşı idarə etmək, həyatınızın keyfiyyətini artırmaq və cəmiyyətdə öz yerinizi tapmaq istəyirsinizsə, bu kitab məhz sizin üçündür.
Ralf Valdo Emerson belə deyib: “Bütün gün nə düşünürsünüzsə, ona çevrilirsiniz.” Bu fikir onu göstərir ki, özünüzü idarə etmədən, vaxtınızı düzgün bölmədən və düşüncələrinizi filtrləmədən arzu və məqsədlərinizi həyata keçirmək mümkün deyil.
Unutmayın: düşüncələrimiz necədirsə, dünyamız da elə olacaq.

Cihangir NOMOZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

TORA SÜLEYMANIN YAZILARI

CİHANGİR NOMOZOVUN YAZILARI

HÜSNÜİDDİN HAYITIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli bəy Azərinin kitabları pdf

Əli Bəy Azərinin kitabları:

«HƏRBİ ZƏNGİLAN» (Trilogiya) ƏLI BƏY AZƏRİ

«GENERALIN YEFREYTOR VƏKİLİ» (roman) ƏLİ BƏY AZƏRİ

«BİZİ UMUDSUZ QOYMA» -hekayələr- Əli Bəy Azəri

«Sərhədçi zabitin etirafı» -povest və hekayələr- Əli Bəy Azəri

Ushaq-hekayeleri.pdf — Əli Bəy Azəri

Qeyd:

Burada “Xəzan” jurnalının nömrələri ilə tanış ola bilərsiniz PDF: >>>> XƏZAN jurnalı PDF-lər

Digər Kitablar >>>>> Kitablar >>>>Kitablar

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

LEV TOLSTOYUN “ŞEYTAN” ƏSƏRININ FƏLSƏFƏSI

LEV TOLSTOYUN “ŞEYTAN” ƏSƏRININ FƏLSƏFƏSI

Lev Tolstoyun “Şeytan” povesti insan təbiətinin mürəkkəbliklərini, əxlaqını və cəmiyyətin gözləntiləri ilə fərdi istəklər arasındakı ziddiyyətləri araşdırır. Tolstoyun şeytan təsviri şər varlığın hərfi təfsiri ilə məhdudlaşmır; daha doğrusu, fərdlərin daxilindəki daxili mübarizələri simvolizə edir. Baş qəhrəman Stepan öz istəkləri və bu arzulara təslim olmağın mənəvi nəticələri ilə mübarizə aparır. Bu daxili konflikt şərin təbiəti ilə bağlı suallar doğurur — bu, xarici qüvvədir, yoxsa bizim içimizdə kök salır? Bu hekayədə şeytan insan təbiətinin qaranlıq tərəflərini təmsil edir.Tolstoy təklif edir ki, şər təkcə insanın özündən kənarda mübarizə aparmalı olan qüvvə deyil, həm də şəxsi seçimlərin və əxlaqi uğursuzluqların təzahürüdür. Bu fəlsəfi şərh oxucuları öz həyatları və qarşılaşdıqları mənəvi dilemmalar üzərində düşünməyə dəvət edir. “Şeytan” əsəri sadəcə romantik dolanışığın və ictimai satiranın valehedici nağılı deyil, onun xarakterik realizm və mənəvi sorğu qarışığı ilə qarışmış bir neçə fəlsəfi mövzunun dərin tədqiqidir. Hekayədə sadə bir hekayədən daha çox fəlsəfi bir məsəl kimi fəaliyyət göstərərək xeyir və şərin təbiətini, ağlın məhdudiyyətlərini, şəhvət həzzinin cazibəsini, həyatın həqiqi mənasının axtarışını araşdırılır. Əsər sadə dualizmləri rədd edərək xeyir və şərin nüanslı görünüşünü təqdim edir. Şeytan, Veselovski, saf bədxahlığın birbaşa təcəssümü deyil, dünyəvi yayındırmaların və intellektual qürurun cazibədar gücünü təcəssüm etdirən mükəmməl, hətta cazibədar bir fiqurdur. Onun təsiri əsərdə incə manipulyasiya və insan zəifliklərinin istismarı ilə hiss olunur. Bu, Tolstoyun şərin çox vaxt şüurlu pislikdən deyil, mənəvi şüurun olmamasından və yer üzündəki ləzzətlərin yanlış axtarışından yarandığına olan inamını əks etdirir. “Yaxşı” personajlar fəzilət üçün səy göstərsələr də, həm də qüsurlu və şirnikdirməyə meyllidirlər, mənəvi istək və dünyəvi istəklər arasında insana xas olan mübarizəni vurğulayırlar. Hekayənin mərkəzində mənəvi inancları ilə ziddiyyət təşkil edən şiddətli istəkləri ilə mübarizə aparan Stepan obrazı dayanır. Tolstoy şirnikləndirmənin daxildən necə yarana biləcəyini və daxili çəkişmələrə səbəb ola biləcəyini təsvir edir. Stepanın səyahəti vəzifə və şəxsi istək arasında ümumbəşəri mübarizəni təcəssüm etdirir, insanın cismani istəklərlə necə asanlıqla yoldan çıxa biləcəyini nümayiş etdirir. Bu daxili ziddiyyət günah və fəzilətin təbiətinə dair daha geniş fəlsəfi araşdırmanı əks etdirir.
Tolstoyun şər təsviri xarici qüvvə kimi deyil, fərdlərin daxilində olan bir şey kimi təsvir olunur. Hekayə hər bir insanın pislik qabiliyyətinə malik olduğunu göstərir, insan təbiətinin mürəkkəbliyini vurğulayır. Bu perspektiv Tolstoyun fəlsəfi inamı ilə üst-üstə düşür ki, insanın öz qüsurlarını dərk etməsi şəxsi inkişaf və əxlaqi bütövlük üçün vacibdir. Mənəvi məsuliyyət mövzusu hekayənin əsasını təşkil edir. Stepanın seçimləri və bunun nəticəsi fərdlərin öz hərəkətləri və özlərinə və başqalarına olan təsirləri ilə üzləşməli olduqları fikrini vurğulayır. Tolstoy oxucuları qərarlarının ağırlığını düşünməyə dəvət edir, onların istək və davranışlarının mənəvi nəticələrini daha dərindən dərk etməyə çağırır. Çox vaxt insan davranışında hərəkətverici qüvvə kimi görünən istək “İblis”in əsasını təşkil edir. Stepanın təcrübəsi istəklərin necə mənəvi deqradasiyaya səbəb ola biləcəyini göstərir. Başqa bir qadına olan cazibəsi onu sadiq münasibətlərindən və ictimai məsuliyyətlərindən uzaqlaşdırır, istəkləri ilə əxlaqi cəhətdən məqbul sayılanlar arasında gərginlik yaradır. Digər mühüm mövzu, cəmiyyətin gözləntilərinin fərdi seçimlərə təsiridir. Stepanın daxili qarışıqlığı tez-tez şəxsi xoşbəxtliklə ziddiyyət təşkil edən ictimai normalara uyğunlaşma təzyiqini əks etdirir.Tolstoy sərt əxlaq normaları tətbiq edən ictimai strukturları tənqid edir, onların ikiüzlülük və əxlaqi dilemmalara səbəb ola biləcəyini iddia edir. Bu, həqiqi əxlaqın ictimai normalardan asılı olmayaraq mövcud ola biləcəyi ilə bağlı fəlsəfi sualı ortaya çıxarır. Fərdlər ictimai məhdudiyyətlərdən uzaqlaşsalar, mənəvi aydınlıq tapa bilərlərmi? Tolstoy, həqiqi əxlaqın dərin, şəxsi olduğunu və çox vaxt ictimai ideallarla ziddiyyət təşkil edə biləcəyini təklif edir. Tolstoy, həyatın mürəkkəbliklərini dərk etməkdə xalis ağlın məhdudiyyətlərini incə şəkildə tənqid edir. Veselovski öz intellektual şücaəti ilə insan davranışını tədqiq etməyə və idarə etməyə çalışır, lakin son nəticədə insan varlığını idarə edən daha dərin mənəvi reallıqları dərk edə bilmir. Bu, yazıçının həyatın əxlaqi və mənəvi ölçülərini idarə etməkdə ağılın əsas tamamlayıcısı kimi iman və intuisiyaya verdiyi öncəliyi vurğulayır. Hekayə göstərir ki, əsl anlayış təkcə intellektual təhlildən yox, məhz rasionaldan kənar bir şeylə daha dərin, daha intuitiv əlaqədən gəlir.

Lev Nikolayeviç Tolstoyun məzarı

Hekayədə şəhvətli həzzin cazibədar gücünü və onun mənəvi inkişafdan yayındırma potensialını araşdırılır. Veselovski bundan məharətlə öz qurbanlarını manipulyasiya etmək üçün istifadə edir və fiziki həzzi ruhi doyumdan üstün tutmağın təhlükələrini vurğulayır. Bununla belə, Tolstoy tam asketizmi müdafiə etmir. Əvəzində o, balanslaşdırılmış yanaşma təklif edir, burada şəhvət ləzzətləri ölçülü şəkildə və mənəvi şüur ​​çərçivəsində həzz alır. Hekayə göstərir ki, yoxlanılmamış indulgensiya boşluğa və narazılığa gətirib çıxarır, balanslaşdırılmış yanaşma isə həm dünyəvi həzz almağa, həm də mənəvi inkişafa imkan verir. Hekayənin əsasında insanın məna və məqsəd axtarışının dərin tədqiqi dayanır. Personajlar ekzistensial suallarla boğuşur, həyatın müxtəlif aspektlərində – sevgi, intellektual axtarışlar, sosial statusda yerinə yetirilmə axtarır. Hekayə dolayısı ilə iman, şəfqət, mənəvi yüksəlişə sadiqliyin rəhbər tutduğu həyatı müdafiə edir, həqiqi mənanın dünyəvi ləzzətlərin arxasınca yox, başqalarına xidmət etməyə və öz vicdanına uyğun yaşamağa həsr olunmuş həyatda olduğunu göstərir. “Şeytan” da xilas olma ehtimalı üzərində düşünməyə dəvət edir. Hekayə şərlə mübarizəyə baxmayaraq, şəxsi inkişaf və anlayış üçün potensialın mövcud olduğunu göstərən qeyri-müəyyən bir ümid hissi ilə bitir. Tolstoy, özünüdərk etməyi və insanın əsas instinktlərini aşmaq vasitəsi kimi həqiqi əxlaqa can atmağı müdafiə edir. Fəlsəfi baxımdan bu, dəyişiklik və maarifləndirmə qabiliyyəti ilə bağlı suallar doğurur. Fərdlər qaranlıq tərəflərinə qalib gələ bilərmi? Qurtuluş əldə edilə bilən məqsəddirmi? Tolstoy insan vəziyyətinin əsas aspekti kimi özünü kəşf səyahətini vurğulayaraq oxucuları öz əxlaqi çərçivələrini dərk etməyə çalışmağa təşviq edir. “Şeytan” əsərində Tolstoy şərin, arzunun, ictimai gözləntilərin və xilasın mahiyyəti haqqında dərin fəlsəfi araşdırmaya sövq edən povesti mürəkkəb şəkildə toxuyur. Hekayə güzgü rolunu oynayır, insan vəziyyətinin mürəkkəbliyini və fərdlərin üzləşdiyi mənəvi dilemmaları əks etdirir. Oxucuları daxili mübarizələri və etik seçimləri üzərində düşünməyə çağırmaqla, Tolstoyun povesti əxlaqın və varlığın dərin aktual tədqiqi olaraq qalır və insan olmağın nə demək olduğunu düşünərək araşdırmağa çağırır.
“Şeytan” sadə hekayə deyil, insan təbiətinin mürəkkəb fəlsəfi tədqiqi və məna axtarışıdır. Xarakterlərin və hadisələrin qarşılıqlı təsiri ilə Tolstoy xeyir və şər, ağlın məhdudiyyətləri, şəhvətli həzzin cazibəsi və həyatın mürəkkəbliklərində imanın vacibliyinə dair nüanslı bir perspektiv təqdim edir. Hekayənin qalıcı gücü onun bu əsas suallar üzərində düşünməyə təhrik etmək bacarığındadır, oxucuları mənalı bir varlıq axtarışında öz dəyərlərini və inanclarını araşdırmağa sövq edir.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞAİR SƏLİM BABULLAOĞLU – MÜBARİZ ÜÇÜN…

ŞAİR SƏLİM BABULLAOĞLU – MÜBARİZ ÜÇÜN…

Şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu “Mübarizdən sonra” kitab layihəsinin təqdimatında hər zaman yanımızda oldu. Kitabın ilk təqdimatı Biləsuvar rayonunun Əliabad kəndində Milli Qəhrəman Mübariz İbrahimovun Ev Muzeyində keçirildi. Rəsmi qonaq kimi Səlim bəy də tədbirə gəlmişdi. O, kitabda rəyçi olaraq öz fikirlərini də yazmışdı. Mərhum Hacı Ağakərim əmi həmişə onun haqqında razılığını bildirirdi. Hətta Yazıçılar Birliyində keçirilən təqdimatda Səlim bəy xəstə halı ilə özünü tədbirə catdırdı və çox yüksək səviyyədə, məsuliyyətlə tədbiri sona qədər apardı. Bunu heç vaxt unutmaq olmaz. Əfsuslar olsun ki, onun kimi məsuliyyətli insanlar, ədəbiyyat adamları çox azdı. Bir daha əziz və hörmətli şairimizə təsəkkür edirəm və Allahdan ona can sağlıgı, bərəkətli ömür diləyirəm. Allah qorusun!


Səlim Babullaoğlu “Mübariz üçün…” başlıqlı yazı “Mübarizdən sonra” kitabında yazmışdı:
“Qədimdə biz türklərdə uşaqlara əməlinə görə ad verərdilər, igidlik göstərəndə, alın yazısı faş olandan sonra. Mübarizin adı əməlini qabaqlamış, adı taleyinin boyuna biçilmişdi. O öz mübariz, qəhrəman həyatı, əməli ilə adını təsdiq eləmişdi. İbrahim peyğəmbər əhdinə vəfa qılaraq əziz oğlu İsmayılı Allah qurban vermişdi, Rəbbimiz Allah buna icazə verməmişdi. Mübariz özünü qurban demisdi, son məktubu ilə bunu sübut eləmişdi: “Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm…” İndi bəlli ki, soyadındakı İbrahim də elə belə deyilmiş…
Uşaq idim, bizim xalq qəhrəmanları barədə oxuyanda, ya da böyüklərdən eşitdiklərimizi düşünəndə onların başqa, tamam özgə dünyaların adamı olduğu, bizlərdən biri olmaması qənaətinə gəlirdim. Demək haqlıymışam, uşaqlar bir qayda olaraq yanılmırlar. Qəhrəmanlar canları, görüntüləri ilə bizim aramızda, bizim yanımızda olurlar, amma ruhları ayrı dünyanın sevdasında, bir ayrı dünyanın sakini kimi.
Həyatımda üç insanla görüşmək, söhbət etmək, onları dinləmək istərdim.
Məhəmməd peyğəmbər (s), Nizami Gəncəvi ilə…bir də Mübarizlə.
Ruhun şad olsun, maqamın uca olsun, qəhrəman Mübariz!

Müəllif: Müşfiq Malik Muğanlı

Müşfiq Malik Muğanlının yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru