Milli Kitabxanada Xalq yazıçısı, akademik Kamal Abdullanın və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimat mərasimi keçirilib
29 oktyabr tarixində Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimat mərasimi keçirilib.
“Sim-Sim” nəşriyyatında işıq üzü görən kitabın “Ön söz”ünün müəllifi Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Rüştü Burak Ekedir. Nəşrin elmi redaktorları – professorlar Lətafət Qardaşova, Azad Məmmədov, Burak Eke, rəyçiləri isə Xalq şairi Ramiz Rövşən, İsmayıl Məmmədov və professor Hacan Hacıyevdir.
Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/qeyri-selis-mentiq-ve-dil-nitq-kitabinin-teqdimati
Zaman öz məcrasına necə sığırsa, insan da onu əhatə edən boşluqlara elə sığır. Zənnimizcə, istedadlı qələm sahibi Məhərrəm Şəmkirlinin 2024-cü ildə “Füyuzat” mətbəəsi tərəfindən buraxılmış kitabında da əsas ədəbi zəmin bu nüansdır. Kitabda (annotasiyadan da göründüyü kimi) müəllifin son illərdə yazdığı hekayələr, mənsur şeirlər, deyimlər və məqalələr toplanıb, burada bugünkü günümüz incə yumorla təsvir edilib, əsas etibarilə, bu kitabda səmimiyyət başlıca səbəb kimi daha qabarıqdır. Məsələn, müəllifin “Bir bazar günü”, “Mən də böyümək istəyirəm”, “Mənim səhvim”, “Sən qarışma”, “Təmiz sahə”, “Olumla ölüm səddində” və s. hekayələrində biz səmimyyət hissinin nə qədər ön planda olduğunu görür, əmin oluruq ki, bu proses kitabın – orada toplanmış əsərlərin oxucular tərəfindən rəğbətlə qarşılanacağına əsaslı zəmin yaradır. Məhərrəm Şəmkirlinin kitabda yer almış məqalələrində də əsas süjet xətti səmimiyyətdən qaynaq götürmüş müasir həyat tərzləridir. Oxucu bu məqalələrdə özü üçün lazım olanı dərhal götürür, əxz edir və nəticə çıxarır. Müəllifin mənsur şeirləri də elə bu prosesin bir davamı kimi təsir bağışlayır – yəni bu ədəbi hislərdə də əsas göstərici səmimiyyətdir. Kitabdakı deyimlər də son dərəcə səmimi deyilib, oradakı eyhamı da bizə məhz səmimi hislər diqtə edir.
Əgər Məhərrəm Şəmkirli kitabına “Olumla ölüm səddində” adı verməsəydi və bu imkanı bizə buraxsaydı, biz kitaba “Səmimiyyət aynası” adı verərdik. Bütün hallarda Məhərrəm müəllimin yeni kitabı bizə əlavə bir eyhamla da diqtə olunur: müəllif sanki etibarsız həyata güvənini itirib, olumla ölüm səddində Allaha yaxınlaşmaq üçün dualarını artırıb; bu dualar da onun dilindən çox səmimi səslənir. Bəlli ki, onun yeni kitabına bədbinlik ifadəsi olan bir ad seçməsi də elə bu zərurətdən irəli gəlir.
Biz Məhərrəm Şəmkirlini daim xoş ovqatda, səmimi surətdə görmüşük, əminik ki, onun həyatla mübarizəsi də çox səmimidir. Maraqlı haldır ki, “Olumla ölüm səddində” kitabında gizli bir narahatlıq hissi də var. Biz bunun haradan qaynaqlandığını dəqq deyə bilmərik, bildiyimiz odur ki, Məhərrəm müəllim qələminin isti sığalında mürgü döyən hadisə və prosesləri yuxudan oyadıb, onlara çəki-düzən verib və ehtiyatla oxucunun qarşısına çıxarıb. Kitabda dərin ictimai hislər doğuran bu nəsnəlik oxucuda əlavə diqqət artırır, onu hadisləri çox dəqiq izləməyə vadar edir. Belə deyək, oxucuya gün kimi aydın olur ki, olumla ölüm səddində ümid işığı tapmaq insanın əlavə bir ömür yaşaması deməkdir… Məhərrəm Şəmkirlini yeni kitabı münasibətilə təbrik edir, ona can sağlığı, yeni ədəbi müvəffəqqiyyətlər arzulayırıq.
“Tək-tək saralan ümid yarpaqları tökülür, gözlərimdəki Günəşin həzin dəfnində. Bu təlatümlü gözyaşlarının dərinliyində Axıdır qan selini həsrətə Hayqırır arzuların yalvarışları.. Bu, qanadsız payızımın sonuncu çırpınışları… Səndən sonra neçə bakirə gecələrin açılmamış pərdələri Ağrıları doğub, boş küçələrin xatirə bətnində, Lavinia ətrində.. Neçə nəfəs külqabının tüstüsündə boğuldu bu Günəşsiz soyuq divarlarda. Neçə misralar inildədi dodaqlarımda.. Gözlərimdənsə, qayıdasan deyə çəkdiyim yollar keçdi.. Öləzidi vüsalın hənirtili arzusu.. Sonuncu özləmin yelləndiyi edam ipi də o gecə yuxuda əllərinlə hördüyün saçımın hörüklərindən yıxıldı.. Hər telim barmaqlarının darağından keçdi həmin an. Və susdu bütün müqəddəslərin səsləri Sükunətə həbs oldu.. Uzaqdan kilsə zəngləri Mozartın “Lacrimosa”sına gülümsədi.. Dağıldı bütləri məbədlərin, Bircə səs ucaldı minarələrdən: “Gedənlər, tələsin darıxmağa” Sonra yalnızlığın alın təri axdı şərabıma Və yadıma düşdü demədiyim yalanlar, etmədiyim günahlar.. Tənhalıq simfoniyasının şikəst notları üzərində ölü mələklər son duasını etdi kimsəsiz divarlarımın sükunətində: Tuere eum Jesus , amen” (İsa, onu qoru! Amin) Mənsə, and içirəm balıq yaddaşıma ki, səni unudacağam. Və qurudacağam xatirələri bircə əlvidanın arasında…”
“Yat, nəşə qaynağım… Evin işıqları söndü. Bağçadakı quşlar yuxuya daldı. Göldəki balıqlar da yatdı…” misraları ilə başlayan ” Mənim kiçik nağılım” adlı hekayəsində “Mən dünyaya gələndən şiddətli ağrı nədir bildim və anamın acısı canıma hopdu” deyən yazıçı dostumuz Müşfiq Şükürlünün sosial şəbəkədə “Qarabağ” futbol klubu ilə bağlı paylaşımlarına tez-tez rast gəlirik. Bəzən dostları yazıçını qınayır ki, “yazıçının futbolla nə işi var?”. Amma burda söhbət “Qarabağ ” futbol klubundan gedir… Məncə yaşı Qarabağın işğal tarixindən az olan Müşfiq Şükürlü doğularkən Vətənin ağrı- acısı onun canına hopub… Laylası bayatıya dönən, yurd- yuvasından ayrı düşmüş yüzlərlə köçkün anaların balaları kimi… Müşfiq Şükürlü kimdir ? M. Şükürlü Qarabağda doğulmayan qarabağlıdır. Atası hərbçi, anası isə müəllim olan M. Şükürlü Bakıda dünyaya göz açmasına baxmayaraq qaçqın həyatını iliklərinə qədər yaşamış məcburi köçkündür… Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü olan M. Şükürlü bir tikə minnətsiz çörəyini qazana bilmək üçün qürbətdə – yaxın qərbdə ikinci ali təhsil alan – qürbətçi tələbədir. Özünün də “Qafqazlı xoruzlar” adlı hekayəsində yazdığı kimi ” …Pulu hara getsə yaxşıdı? Evin kirayəsinə, yeməyinə-içməyinə. Hara xərcləyəcək kasıb immiqrant balası?!…” Bəs görəsən yaşı ilə müqayisədə hədsiz mütaliəli olan M. Şükürlü qarabağlı olmasaydı, kim olardı? Əgər yazıçı bir fransız olaraq doğulsaydı yəqin ki, ” İtirilmiş Zamanın Axtarışında” olardı. Yox, əgər, dünyaya bir rus olaraq gəlsəydi yəqin ki, “Zarafat” (A.P.Çexov) hekayəsində qarlı bir qış günündə xizəkdə sürüşərkən Nadinkanın qulağına küləyin kələyi ilə ” mən sizi sevirəm, Nadinka” deyə pıçıldayan dəcəl obrazın yaradıcısı olardı… Və nəhayət, əgər yazıçı bir amerikalı olsaydı gəmidə sıxıldığı üçün oxuduğu kitabda ” Heç bir yaşamın sonsuz olmadığı, ölülərin əsla dirilmədiyi…” cümləsinə rast gələn “Martin İdenin” müəllifi olardı. Bəs indi görək “Qarabağ” nədir? Taleyi Qarabağın özü kimi keşməkeşli olan, “Atlılar”, “Köhlən atlar” ləqəbli “Qarabağ” futbol klubu 1951-ci ildə Ağdam şəhərində “Məhsul” adı ilə yaranmışdır. 1987-ci ilə kimi “Şəfəq”, “Kooperator” olmaqla üç fərqli adı olmuşdur. 1993-cü il 23 iyulda Ermənistan Silahlı Qüvvələri Ağdam şəhərini işğal edib viran qoyduqdan sonra “Ruhlar şəhəri” deyə anılan Ağdamın “Qarabağ” futbol klubu da qaçqın klub kimi fəaliyyət göstərsə də bütün çətinliklərə baxmayaraq 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. Bir maraqlı məqam da 2001-ci ildə maddi problemlərlə üzləşən kluba “Azərsun” şirkəti sponsorluq etdikdən sonra klubun adı dəyişdirilərək “Qarabağ- Azərsun” olmasıdır. Burda Molla Nəsrəddinin sözü yadıma düşür, ” pulu verən tütəyi çalar…” 2003-cü ildə klubun yeni vitse-prezidenti olan Tahir Gözəlin təşəbbüsü ilə 2004-cü ildə “Qarabağ” yenidən öz tarixi adına qovuşur… Digər bir maraqlı məqam isə Tahir bəyin yeni loqotip sifarişini verdiyi ingilis dizaynerlərin hazırladıqları loqotipin Birləşmiş Krallığın gerbinə həddən ziyadə bənzəməsidir. Heyif o dizayna verilən pula. O loqotipdə Qarabağ atlarının təsvir olunduğu deyilsə də körpünün üstündə yol üçün höcətləşən nağıldakı keçilərə bənzəyir atlar, zənnimcə o gerbin təfsir olunmuş variantından başqa bir şey deyil, Birləşmiş Krallığın gerbindəki şirin əvəzinə bir at da qoyulub, iki at üz- üzə dayanıb topu havada tutmağa çalışır, elə ona görə də topumuz göydə oynayır, qapıdan keçmir… Bu yerdə yadıma 1956- cı ildə Xruşovun Böyük Britaniya kraliçası Yelizavettaya Ağdam Atçılıq Zavodundan göndərtdiyi qızılı rəngli “Zaman” adlı at düşür. Bakıya tanınmış jokey Əli Tağıyev tərəfindən gətirilən at Biləcəridən qatarla Rusiyaya, ordan da gəmi ilə Böyük Britaniyaya aparılır. Yazıq Zaman… Dərdini bilsələr də sakitcə ölümünü izləyən soyuq torpağın adamlarının qurbanı olur Vətən həsrəti çəkən Qarabağ atı… Mən çox istərdim ki, loqotipin üstündəki atlardan birinin “Zaman” olduğuna inanım, təəssüf ki, inana bilmədim… “Qarabağ” dan “küsməyə” kimlərin haqqı çatır ? “Qarabağ” Avropada Vətən həsrəti çəkən gənclərimizin bəzən sevinci, bəzən də kədəridir, gah qürurumuza, gah da küskünlüyümüzə dönən “Qarabağ” “Ruhlar şəhərinin” qürbətdə ölən zamanlarının da muradıdır. Dahi Bəxtiyar Vahabzadənin Zamana həsr etdiyi şeirdə dediyi kimi, ” ” Zaman ” atım, aman atım! Keçmişimdən bu günümə amanatım!” Yaxşı yadımdadır ki, otuz ildən artıq düşmən tapdağında olan Qazaxın yeddi kəndinin də geri qaytarıldığı xəbərini eşidəndə Eskişəhərdə sevincdən yerə- göyə sığmırdım, qürur, xoşbəxtlik, ümid, bir sözlə, nə qədər gözəl duyğular varsa onların hamısını eyni zamanda yaşamışdım. “Qarabağ” ın qələbəsi də eynilə hər birimizi Qarabağın zəfəri qədər sevindirir. Çox sevdiyim Məmməd İsmayıl şeirlərindən birində ərklə öz kəndinə deyir ki, ” Bu mənəm, a kəndim, tanımadınmı? Bu həmin Məmməddir bir az sınıxıb…” Amma M. Şükürlü öz kəndi ilə hələ heç görüşməyib, tanış olmayıb, kəndi onu tanımır… Ona görə də “Qarabağ” futbol klubundan küsmək elə ən çox Müşfiq Şükürlünün haqqıdır. Qürbətdə “Zaman” kimi darıxan gənclərimizə qələbənin yaşatdığı milli qürur hissini çox görmə, “Qarabağ”…
Yazıçının ” Mənim kiçik nağılım” hekayəsi layla ilə başladığı kimi layla ilə də birir. Amma hərdən laylalar oyanmaq üçündür. “… Anam isə əvvəlki pıçıltılı xoşbəxtliyində zümzüməsinə davam edir: -Yat nəşə qaynağım… Göldəki balıqlar da yatdı…”
Hərə dünyaya bir missiya ilə gəlir. Zaur Ustac da şairlik missiyasını yerinə yetirmək üçün qələmdən yapışmalı olub və ilk şeirlərindən anadan şair doğulduğunu təsdiqləyib.
Zaur poeziyasının işığında görürsən ki, qələm ona, o da qələmə yaraşır. Qələmlə ülfət bağlayan şair ürəyindən gəlməyən bir misranı da yazıya almayıb. Bu da onu göstərir ki, şair ülfət bağladığı qələminə xəyanət etməyib, etməyir və etməyəcək də…
Şairin “Sevgi dolu şeirlər” kitabını (2024) böyük maraqla, həvəslə, həm də həyəcanla oxudum. Ürəyim ağappaq işıq selinə büründü, duyğularım təzələndi və ruhumu qidalandıran şeirlər Zaurun söz dünyasının təmizliyindən, saflığından, halallığından xəbər verməklə yanaşı, həm də şairin vətənə, torpağa, yurd yerinə… böyük sevgisinin göstəricisidir.
Zaurun təkcə “Ağ çiçəyim” şeirilə onun vətən sevgisini, yurdun hər gülünü, çiçəyini necə əzizlədiyini, onlara müqəddəs bir varlıq kimi baxdığını hiss edirsən. Hiss edirsən ki, “Xoş gördük, günaydın, ay Ağ çiçəyim!” – deyən şairin ürəyindən süzülən səmimi, kövrək misralar ruhumuzu sığallayır və o, gözəl bir təbiət mənzərəsini Ağ çiçəyin timsalında rəssam kimi çəkərək gözlərimiz önündə canlandırır. Sözlə Ağ çiçəyin şəklini çəkən, çiçəyi insaniləşdirib onunla söhbət edən şair inandırıcı, təsiredici misraları inci kimi ard-arda düzərək həm gözümüzü, həm də könlümüzü oxşayır.
Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara.
Bu qarlı qış hara, tər çiçək hara?
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!
Zaurun hər şeiri onun həm yaradıcılığını, həm məramını, məsləkini səciyyələndirir, həm də hiss olunur ki, onun hər bir poetik misrası qətiyyən pafos xatirinə yazılmayıb, hər misra onun iç dünyasından qopub gələn ən kövrək, ən həzin, ən səmimi hisslərdir, duyğulardır. Duyğularını, hisslərini, fikir və düşüncələrini şeirlərinə hopduran, hər “sözə ehya” verən Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabını çəkinmədən, cəsarətlə ədəbi hadisə saya bilərəm. Bu fikrimdə haqlıyam. Çünki ədəbiyyatın ədəbi tarixinə yazıla biləcək bu misraları onun kimi yazan olarmı? “Yelləncək” şeirində oxuyuruq:
Çiçəklər ruhumun yelləncəyidir,
Ruhumu asmışam nar çiçəyindən.
Arzular dünyamın gələcəyidir,
Arzumu tutmuşam bar çiçəyindən.
Bu poetik misraları oxuyandan sonra düşündüm ki, Zaurun özü də işıqdır, sözü də. Onun sözünün işığında ziyarətgaha doğru üz tutub getmək olar. Çünki şair sözünün işığında mənən saflaşırsan, ruhən təmizlənirsən, imam övladı olursan! Ziyarətgaha da məhz mənən təmiz və halal adam kimi getməlisən ki, ziyarətin də qəbul oluna.
Bu misraların işığında müqəddəs yerlərə ziyarətə necə getməyə bilərsən? Və həm də ziyarətə Qarabağ atının belində getmək necə də gözəl olardı!
Anası Günəşdi, atası Aydı,
“Qıratdı”, “Düratdı” Qarabağ atı!
Tanrı ərməğanı, butadı, paydı,
Baratdı, muraddı, Qarabağ atı!
“Sevgi dolu şeirlər”də idrak və təsvir üslubu təzə, orijinaldır, həyati, dünyəvidir, təbii və ülvidir. Təbii və ülvi olduğuna görə də şeirləri ürəyə yatımlıdır, könül rahatlığı gətirəndir, oxucunu yaşamağa ruhlandıran, həyatdan zövq almağa, sevib-sevilməyə, qurub-yaratmağa, insanlara yaxşılıq etməyə, savab işlər görməyə səsləyəndir. Bu şeirlərə hopmuş hissləri, duyğuları canlı səs kimi eşitmək olur, çünki şair havada uçuşan səsləri “tutub” şeirə gətirərək oxuculara təqdim edir. Oxucular da bu şeirlərdə öz hisslərini, duyğularını, fikir və düşüncələrini hiss edir, ürək döyüntülərini, qəlb çırpıntılarını duyur. Şairin ürək döyüntülərilə oxucuların ürək döyüntüləri üst-üstə düşür ki, bu da Zaur Ustacın əsl şair olduğunun göstəricisidir.
“Sevgi dolu şeirlər” kitabını bir nəfəsə oxusam da gəldiyim qənaət budur ki, Zaur Ustac sözün həqiqi mənasında lirik duyğular şairidir, fikir və düşüncə şairidir. Onun şeirlərində fəlsəfi fikirlər özünü qabarıq şəkildə göstərir, eləcə də onun şeirlərində yalan və uydurma bir misraya, misralarında “laxlayan”, yerində olmayan bir sözə, bayağı, cılız hisslərə, saxta, boğazdan yuxarı deyilən, cansıxıcı bir misraya da rast gəlmək mümkün deyil. Nə yaxşı ki, onun şeirlərində ümid işığı var, bu günə, gələcəyə inam dolu ovqat var, mübarizəyə çağırış var, namərdlərə, şeytan adamlara nifrət var. Bu, belə olmalıdır. Axı o, şeirlərinin birində haqlı olaraq “Ustacam” deyir. “Ustacam” deyən şair ancaq düzü-düz, əyrini – əyri yaza bilər, qələmilə vətənə, millətə, Azərbaycan ədəbiyyatına xidmət edə bilər.
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam.
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam.
Onu da deməyi özümə borc bilirəm ki, şairin şeirlərinin “dili” təbii və sadədir. Təbii və sadə olduğu qədər də xəlqidir. Onun şeirlərində poetik ritm pozulmur, misralar həzin bulaq kimi ürəyə rahatlıq gətirir, ovqatı təzələyir, şairin vətənpərvərlik duyğularından, yurd yerinə sevgisindən xəbər verir:
Gəzdim qarış-qarış doğma torpağı,
Hər dağda, dərədə izim var mənim.
Hələ keçilməmiş uca dağların,
Uca zirvəsində gözüm var mənim.
(Gəzdim)
“Sevgi dolu şeirlər”in işığında sonetlər su çəkən kimi məni özünə çəkdi. Gözlərim önündə “Yazıçı” nəşriyyatında ötən əsrin 70-ci illərində çap olunan V. Şekspirin “Sonetlər” kitabı canlandı. O vaxtdan bu günə kimi Azərbaycan şairlərinin qələmindən (B. Adil istisna olmaqla) çıxan sonetləri oxumamışdım, görünür, rastıma çıxmamışdı, yoxsa gözümdən yayınmazdı. Bir sözlə, az qala əlli ilə yaxın idi ki, sonet janrında şeir oxumamışdım, amma Zaurun qələmindən çıxan sonetləri böyük maraqla, böyük həvəslə oxudum. Heyrətdən əllərim üzümdə qaldı. Bu sonetlərin sehrinə düşdüm, cazibə qüvvəsindən çıxa bilmədim. Nə vaxtsa Zaurun sonetlərindən söz açmaq arzusu ilə sözümü tamama yetirmək istəyirəm. Həm də istəyirəm ki, bilələr: Zaur Ustac müasir Azərbaycan poeziyasına yeni nəfəs və ovqat bəxş etmiş istedadlı bir şairdir. Onun ürəklərə yol tapan hər bir şeiri Zaur dünyasının böyüklüyündən, Zaur yaradıcılığının zənginliyindən, novatorluğundan xəbər verir.
“Sevgi dolu şeirlər” onun zəngin və çoxşaxəli yaradıcılığından süzülən bir damla nurdur. Bu nurun özündə bir Günəş işığı var. Bu günəşin işığına yığışıb şair qəlbindən süzülüb gələn şeirləri oxuyun, bu şeirlərin sehr-cazibəsinə düşün və unutmayın ki, Zaur Ustac kimi haqqa üz tutan şairlərin yanında olmaq Allaha da xoş gələr. Allahın xoşuna gəlməyi kim istəməz ki?
Karate üzrə Respublika Çempionatına və ARPACHAY OPEN-in yubiley turnirinə hazırlıq işləri görülür
Bakı İdman Sarayında bu yaxınlarda təsis edilən Zeyd Döyüş Mərkəzinin geniş tərkibdə iclası keçirilib. İclasda ZFC-nin idarə heyəti, karate üzrə məşqçilər, valideyinlər və idmançılar, eyni zamanda media nümayəndələri də iştirak ediblər. Giriş sözü ilə tədbiri açan Bakı İdman Sarayının İdman şöbəsinin müdiri, Zeyd Döyüş Mərkəzinin 1-ci vitse-prezidenti Yavər Hüseynov rəhbərlik etdiyi Arpaçay Karate Klubunun bu yaxınlarda Zeyd Döyüş Mərkəzinin tərkibində çıxış etmək barədə qərarından, ZFC-nin qarşıdan gələn Karate üzrə Respublika Çempionatına və 2025-ci ilin yanvarında baş tutacaq 10-cu ARPACHAY OPEN Karate turnirinə hazırlıq işləri ilə bağlı məlumat verib. Daha sonra Y.Hüseynov karate kollektivinə Zeyd Döyüş Mərkəzinin prezidenti Vüqar Tağıyevi təqdim edib. ZFC prezidenti Vüqar Tağıyev rəhbərlik etdiyi Döyüş Mərkəzinin idmançılarda stimul və həvəs yaratmaq üçün görüləcək tədbirlərdən danışıb, idmançılara gələcək yarışlarda uğurlar arzulayıb. ZFC rəhbərinin sözlərinə görə, onlar karate, MMA və digər idman növləri üzrə özünü təsdiq edən idmançılara Azərbaycanı dünya arenasında layiqincə təmsil etmələri üçün dəstək göstərməyi qarşıya məqsəd qoyublar. Daha sonra çıxış edən Mərkəzin baş katibi Vüqar Kərimov, Mərkəzin yerli əlaqələr üzrə müşaviri Cavid Əliyev qarşıdan gələn yarışlarla bağlı görüləcək işlərdən bəhs ediblər.
Qeyd edək ki, tədbir zamanı məşqçi, hakim, idmançı və valideynlərin sualları cavablandırılıb, yeni təkliflər də müzakirə olunub.
…Əsgər haqqında ballada… Nədir yenə, ümman kimi, çalxalanıb, coşdun, ürək? İçindəki bu təlatüm, bu oyanış de nə demək? Həsrətdənmi, nisgildənmi, Ürək, yenə çağlayırsan? Anasına həsrət qalmış, Körpə kimi, ağlayırsan… İçindədir; ümid adlı, qığılcımın od-alvu, tərslik etmə, dəli könül,
intizara alış, yovu!!! Həqiqətlər qarşısında, Biz gücsüzük, biz heç nəyik, Dinlə məni deyim, ürək, Biz nəçiyik; şan-şöhrətli,
– “hüququndan keçmiş əsgər”, həmdəminə həsrət canıq, bəzən canlı, bəzən cansız, biz “robotuq”, biz “əşyayıq”… Bu torpaqdan yoğrulmuşuq, Bu torpaqdan doğulmuşuq, Yardan əfsəl, anamızın Qulluğuna buyrulmuşuq!!! 15.04.1995. Marağa.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
“DÜNYA BİR PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * *
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * *
Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
365 gün şeir yazan “Şeir ağacı “-Təvəkkül Goruslu!
Bu yazıma tanınmış şair Təvəkkül Goruslunun “Şeir ağacı”şeiri ilə başlamaq istəyirəm.Təbii ki, bu şeirə qədər də onun çox sayda şeirləri və kitabları işıq üzü görüb.
Şeir ağacıyam bəndlər budağım, Göylərə qol açıb misra qucağım, Hecadı, vəzndi yaşıl yarpağım, Məmnun olar gözlə barımı dərən.
Şeir ağacıyam sözlər çətirim, Qışda da təzədi, tərdi sətirim, Uzaqdan duyulur lətif ətirim, Deyirlər “utanmaz varını verən”
Amma mən onun gündəlik həyat tərzinə uyğun olaraq məhz bu şeirindən başlamaq istədim.
Öncə onu deyim ki, Təvəkkül müəllimi bir şair kimi sosial şəbəkədən tanımışam.Ən çox da diqqətimi çəkən onun hər gün səhifəsində yeni bir şeir paylaşması olub.Sanki o bunu gündəlik həyat proqramına uyğunlaşdırıb,gözəl bir vərdişə çevirib.Sonra isə bu 365 günün məhsullarını nəfis bir kitab halında çap etdirib. Təvəkkül Goruslu ədəbi prosesdə öz yeri,öz dəsti-xətti olan qələm,söz sahibidir.Düşdüyü şəraitdən asılı olmayaraq poetik anlamda da sözünü cəsarətlə deyə bilir.Qələmin,sözün gücü və bu sözü deyənin şəxsiyyəti,məqsəd-məramı da o zaman aydın təzahür edir.Düşünürsən ki,şair bu sözü niyə deyir və bizə nəyi aşılayır?! Onun şeirlərində həyatın təbii rəngarəngliyi,ahəngi var.O,həyatın,yaşadığı cəmiyyətin çalarlarını bədii düşüncəsinə,duyğularına hopdura bilib.Ona görə də şeirləri oxunur,sevilir. Şair təxəllüsündən göründüyü kimi Vətən həsrətli yaradıcıdır.Onun şeirlərində sarı və qara rənglərin yansıdığı məqamlar var.O rənglərin içindən ağrı,kədər boylanır və hələ ki,boy alır.
Üstə basıb qarabağlı yaranın, Dağın verib, saxladılar aranın. Pozmaq üçün bütövlüyün Turanın, Səni bizdən qopardılar, Zəngəzur!
Bəli indi gördük bu sarı,qara rənglərin kökü haradan gəlir.Bu rənglər zorən taleyimizə hopdurulmuş,ürəyimizcə olmayan rənglərdir. Şair şeirlərinin birində “Dünyadır bu”- dedi.Amma bunu yana-yana,göynəyə-göynəyə dedi,sadə və səmimi:
Təvəkkül müəllimin şeirlərindən hiss olunur ki,o, yüksək mənəviyyata və intellektə sahib bir insandır .O,söz nümayişbazı və ” mən”…”mən” … deyən cızma-qaraçı hay-küyçülərdən deyil.Ədəbiyyatımıza,vətənimizə,el-obasına sözün əsl mənasında vətəndaş xidməti nədirsə onu edir:
Ay adam,ara ver,bir “mən” sözünə, Yaxasını yırtıb bayıra tökmə. Sakit ol,qışqırma,güvən özünə, Öz mənin yüz biçim mənlə tikmə.
Şairin əli sanki hər zaman nəbzinin üstündədir,orada qanlar-qadaların dolaşdığı yaşadığı gerçək dünyanın qorxulu ürəyi döyünür .Şair dünyanı ,insanlığı qan tökməyə sürükləyənlərin “son məqam”larını yada salmağı xatırladır.
Dünyanı ölümə sürüyən kəslər, Qan tutan gözünüz bəşərə asi. İnsanlıq sizləri barışa səslər, Durun ki, sizindi ölüm sırası.
Şair el-obasına bağlı ,onun təəssübünü çəkən bir vətən vətəndaşıdır.Amma tarixin sərt üzü,tərs sillələri var,ayrılıq adlı həsrət yolları var və bu yollarda keçə bilməyəcəyimiz çəhlimlər,qadağalar, yasaqlar qoyulub.Nə əlin yetir,nə üçün çatır…
Mənim ocaq yerim,mənim pir yerim, Mənim xeyir yerim,mənim şər yerim, Məni mən eyləyən səndə hər yerim, Qalıbdı ,özümə qaytar,a kəndim.
Bəli, vətəndaş harayının poetik inkasıdır bu nümunələr.O şirinliyi,rahatlığı,dincliyi insan ancaq dünyaya göz açdığı məkanda tapır. Müəllifin şeirlərində folklora,təbiətə,kainata,fəsillərə,oda,torpağa, suya və s.müraciətlərlə tez-tez rastlaşırıq.Bu bədii nümunələrin içindəki metaforik yanaşmalar orijinal və gözəldir .
Təbiət paltarın geyər, soyunar, Suyun geyindiyin oldumu görən. Canlı da,cansız da suda yuyunar, Sonsuzdu su ilə həyatın sürən.
“Mənim fikirlərim su kimi çılpaq”- deyən şair ,sözləri, düşüncəsi,ruhu, duyğuları ilə axar sularda çalxanaraq durulanın,saflaşır. Şeirlərində çox vaxt ədalət,haqq carçısına çevrilən şair ürəyini kağıza boşaltmaqla bir “təsəlli “tapır.Bu zalım cəmiyyətdə haqq-ədalət nə vaxt yerində olub ki?! İşğaldan azad olan bölgələrimizə ayrı-ayrı təşkilatlar, qurumlar tərəfindən səfərlər təşkil olunur.Hər yerdə,hər işdə olduğu kimi buradakı ayrı seçkilik də müəllifə pis təsir edir.Şuşaya təkrar-təkrar ziyarətə gedənlər yenə gedir…
Özünüz yüz kərə,min kərə gedin, Siz Allah Şuşaya qoymayın bizi. Torpağın,qaynadın ziyarət edin, Siz Allah Şuşaya qoymayın bizi.
Duyub sevincini gülərik birdən, Sevin göz yaşların bilərik birdən. Qəlbimiz tab etməz,ölərik birdən, Siz Allah Şuşaya qoymayın bizi.
Təəssüf….çox təəssüf… görünür oranın öz “adamları” var…. Təvəkkül Goruslu,zəhmətkeş, təəssübkeş bir qələm sahibidir.Onun yaradıcılığında Vətən,Bayraq, müstəqillik Torpaq,əsgər,Şəhid mövzusuna çox sayda müraciətlər var.
Titrəşir yerişindən orman,torpaq,dağ,dərə, Vətən sənə güvənir,sən igidə,sən ərə. Tanrı səni qorusun,əhsən sənə min kərə, Azərbaycan əsgəri!
Bu gün ədəbiyyatda güclü bir poetik axın var.Bu axının içində öz dəyanətini saxlamaq sözün əsl mənasında məsuliyyət tələb edir.Təvəkkül müəllim də bu məsuliyyətin daşıyıcılarındandı.Allah ruhunuza, duyğunuza min bərəkət versin -“Şeir ağacı”!
Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində Yunus Oğuzun paytaxtdakı “Bayaz” nəşriyyatında özbək dilində təkrar nəşr olunan “Əmir Teymur” tarixi romanının təqdimatı keçirilib. Kitabı məşhur özbək şair və tərcüməçisi, mərhum Usman Kuçkar tərcümə edib.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət xadimləri, universitetin professor-müəllim heyəti, şair və yazıçılar, tələbələr iştirak edib.
Təqdimatı filologiya elmləri doktoru Gülbahar Aşurova açaraq Yunus Oğuzun yaradıcılığı haqqında məlumat verib, onun Özbəkistanda yaxşı tanındığını diqqətə çatdırıb.
Universitetin prorektoru Gülnoza Əhmədova bildirib ki, Y.Oğuz Özbəkistanda çap olunan ilk kitabı -“Əmir Teymur” romanı ilə məşhurlaşıb. O, özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Nadir Əlimirzəyev Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələr, tarixi dostluq münasibətləri haqqında məlumat verib, belə əsərlərin yayılmasına və təbliğinə geniş ehtiyac olduğunu qeyd edib. O, Yunus Oğuzun bir neçə kitabının Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edildiyini diqqətə çatdırıb, yazıçının əsərlərinin Azərbaycan və Özbəkistanla yanaşı Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə də nəşr olunduğunu bildirib.
Alim və tərcüməçi Babaxan Şərif deyib ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində “Əmir Teymur”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan”, “Atabəy Eldəniz”, “Ovçu”, “Cığır” və digər romanları işıq üzü görüb və populyarlıq qazanıb. Əminəm ki, Yunus Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək.
Alim “Əmir Teymur” romanının bədii dəyəri haqqında söhbət açıb, kitabın gələcəkdə tarixi araşdırmaq üçün dəyərli bir mənbə olacağını qeyd edib.
Filologiya elmləri doktoru, professor Boqijon Toxliyev Yunus Oğuzun milli dəyərlərə bağlı yazıçı olduğunu vurğulayaraq, romanlarında bu dəyərlərin, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəviyyatın böyük ustalıqla təsvir edildiyini söyləyib. Elə buna görə də əsərlərində müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri oxucuları özünə çəkir.
Professorlar Səadət Muxammedova, Abdulla Uluqov, Behbud Batirov və başqaları Yunus Oğuzun yaradıcılığı haqqında söhbət açıblar. Deyilib ki, indiyədək yazıçının dünyanın 25-dən artıq ölkəsində 50-dən çox kitabı çap olunub. Yunus Oğuz “Attila” pyesi, “Nadir şah”, “Təhmasib şah”, “Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Türkün tarixinə yeni bir baxış”, “Qədim Anadolu və Azərbaycan türkləri” və digər kitabları ilə tanınır.
Sonda müəllif çıxış edərək kitab üzərindəki işindən danışıb. Y.Oğuz əsərin çapına və təqdimat mərasiminə görə universitetə və təqdimatın iştirakçılarına minnətdarlığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31