“Rumın yazıları” işıq üzü gördü – yeni kitab

Təxminən 1 il bundan əvvəl 2026-cı ildə tərcüməçi kimi fəaliyyətimi yekunlaşdıracağımı, bəzi son, nəzərdə tutduğum yarımçıq işlərimi bitirəcəyimi demişdim.
Rumıniya, Moldova istiqamətində gördüyümüz işlərin yekunu, hesabatı kimi “Rumın yazıları” kitabım nəşr edildi.
Bugünkü “Ədəbiyyat qəzeti”ndə “Minnətdarlıq və xatırlama…” adlı yazım dərc olundu ki, paylaşıram.

Minnətdarlıq və xatırlama…
“Rumın yazıları” işıq üzü gördü

Bu günlərdə Səlim Babullaoğlunun “Rumın yazıları” adlı məqalələr toplusu işıq üzü görüb.
“Zərdabi Nəşr”də işıq üzü görən kitaba Səlim Babullaoğlunun Rumıniya və Moldova poeziyası nümayəndələrinin – klassiklərdən tutmuş, çağdaşlara qədər, müxtəlif nəsilləri təmsil edən şairlərin – Mihay Eminesku, Qriqore Vyeru, Ana Blandiana, İon Hadırka, Leo Butnaru, Arkadi Suçevyanu, İon Deakonesku, Qriqore Kiper və Nikolae Spetarunun 2017-2025-ci illərdə Azərbaycan dilində nəşr edilən kitabları, yaradıcılığı barədə yazıları daxil edilib. Müəllif kitabı indiyə qədər çap olunmuş şeir toplularının hazırlanmasına dəstək vermis dostu, tanınmış ictimai xadim, iş adamı Vüqar Novruzova ithaf edib. Kitabda haqqında bəhs açılan şairlərin yaradıcılığından, hərəsindən bir şeir olmaqla nümunələr də verilib, maraqlı fotoşəkillər, bu illər ərzində Azərbaycanda işıq üzü görən şeir kitabları və qəzet-jurnal publikasiyalarının biblioqrafik siyahısı təqdim olunub.
Bütün oxucu kateqoriyalarına ünvanlanan “Rumın yazıları” postsovet dövrü Azərbaycanla Rumıniya və Moldova arasında ədəbi əlaqələri, tərcümə məsələlərini və tərcüməşünaslığın problemlərini öyrənən tədqiqatçılar üçün əsaslı mənbə sayıla bilər.
Babullaoğlunun son söz yazısını oxuculara təqdim edirik.

2017-ci ilin martı, ya apreli idi. Xalq yazıçısı Çingiz Abdullayevdən zəng gəldi. Dedi ki, Moldovanın Bakıdakı səfiri cənab George Leuka sənə zəng eləmək istəyir, “nömrənizi verə bilərəmmi?” deyə soruşdu. “Ola bilsin, Kişineuya, festivala gedəsiniz. Anar müəllimlə məsləhətləşdik, siz bizim Bədii Tərcümə Mərkəzinin rəhbərisiniz, əlaqə də yaradarsız …” – dedi.
Getdim, Kişineu və Moldovayla, rumındilli ədiblər, o cümlədən, rumınlar ilə tanışlığım, 8 ilə yaxın uzanan yolçuluq beləcə başladı. Amma o səfərin, 2017-ci ildə Kişineuda keçirilən “Avropa Şairlərinin Baharı” VII Beynəlxalq Poeziya Festivalında iştirakımın ən böyük nəticəsi Vüqar Novruzovla görüşümüz, tanışlığımız oldu.
Bir vaxtlar eyni siyasi coğrafiyada yaşadığımız Moldova, dil baxımından elə Rumıniya da hüquq elmləri doktoru, tanınmış ictimai xadim və iş adamı Vüqar Novruzovun alın yazısıydı, əsgərliyini orada çəkmiş, hüquq təhsili almış, 15 il Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etmiş, bu günə qədər rəhbəri olduğu “Azmol Group” Holdinqi qurmuşdu. Vüqar Novruzov sıradan iş adamı deyil. Şəxsi həyatında və gündəlik davranışında sözün gücünü hiss edən və hiss etdirən, ədəbiyyata və sözə dərindən bağlı olan Vüqar bəy Azərbaycan və Moldova arasında sarsılmaz, təmənnasız, canlı körpüdür. Onun təşəbbüsü və dəstəyi ilə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Anar, Elçin, Vaqif Səmədoğlu, Çingiz Abdullayev, Əjdər Ol, Fərid Hüseyn və başqa ədiblərimizin kitabları, 30-a yaxın azərbaycanlı müəllifin əsəri toplanmış “Çağdaş Azərbaycan nəsri” antologiyası, Mihay Eminesku, Qriqore Vyeru, Ana Blandiana, İon Hadırka, Leo Butnaru, Arkadi Suçevyanu, İon Deakonesku, Qriqore Kiper, Nikolae Spetaru və İqor Volnitskinin, eləcə də başqa rumın ədiblərinin kitabı, 40-dan artıq Moldova şair və yazıçısının əsəri toplanmış “Dünya ədəbiyyatı” dərgisi “Moldova ədəbiyyatı” xüsusi sayının hazırlanması və nəşri mümkün olub; 2018-ci ildə Kişineuda “Azərbaycan ədəbiyyatı günləri”, Bakıda “Moldova ədəbiyyatı günləri” keçirilib; 5 il ərzində Kişineuda təşkil olunan “Avropa Şairlərinin Baharı” Beynəlxalq Şeir Festivalında və başqa, o cümlədən, həm də Rumıniyada keçirilən ədəbiyyat tədbirlərində Azərbaycan ədiblərinin iştirakı təmin edilib; Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Moldova Yazıçılar Birliyi arasında Əməkdaşlıq Memorandumunun imzalanması mümkün olub.
Bu sadalananlar son 8 ildə gerçəkləşməsində şəxsən iştirak etdiyim, məhz Vüqar Novruzovun dəstək verdiyi böyük işlərin bir hissəsiydi. Vüqar Novruzov həm bu illər, həm də Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etdiyi əvvəlki uzun illər ərzində xeyli başqa kitabların, elmi və populyar ədəbiyyatın nəşrinə, Qarabağ həqiqətlərinin Moldovada və Rumıniyada təbliğinə, Azərbaycanla bağlı kitabların çapına, həm Bakıda, həm Kişineuda təşkil olunan onlarla mədəni tədbirlərin təşkilinə ardıcıl dəstək verib. Onun təşəbbüsü və köməyi ilə 2004-cü ildə Kişineuda Nizami parkı salınıb, parkda dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstü qoyulub, Moldovanın Sıncerey şəhərində “Dostluq qapısı” abidəsi ucaldılıb. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan Vüqar Novruzovun fəaliyyəti həm Moldova dövləti, həm də Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı, müxtəlif vaxtlarda Moldova prezidentlərinin fərmanlarıyla “Gloria Muncii” və Moldovanın ali dövlət mükafatı olan “Respublika” ordenləriylə təltif olunub. Əlinizdə tutduğunuz kitabda – “Rumın yazıları”nda barəsində yazılar toplanmış Moldova və Rumıniya ədiblərinin Azərbaycan dilindəki kitablarının (bu yazılar 8 il ərzində ərsəyə gələn, tərcüməçisi olduğum 11 kitaba Ön söz, son söz və rəylər kimi qələmə alınıb) tərcüməsi və çapı da məhz hazırkı nəşrin ithaf ünvanı Vüqar Novruzovun dəstəyi, bir çox hallarda isə onun təşəbbüsü ilə mümkün olub ki, mən indi bunu dərin minnətdarlıq hissi ilə xatırlayır, məmnuniyyətlə qeyd edirəm.


İndi təxminən, qırx üç il əvvələ qayıdıb, rumın ədəbiyyatı adına ilk oxuduğum mətni xatırlamağa çalışıram. “Pəhləvan Ageran” nağılıydı. 1976-cı il nəşri. Əli Bayramlıda evimizdən çox da aralıda olmayan (ayaqla 3-5 dəqiqəlik yoldu) kitabxana vardı; uşaqlar, yeniyetmələr, bəlkə də, məktəblilər üçündü, qarışdıra bilərəm. Elə şənbələr vardı ki, gün ərzində üç dəfə baş çəkirdim kitabxanaya. 30-40 səhifəlik kitabları bir-iki saata oxuyub geri qaytarır, təzəsini götürürdüm. Amma rumın nağılları ilə vəziyyət başqa cür olmuşdu. Kitab qalındı və mən həmin kitabdan, nağıllardan haradasa, bir həftə-on gün ayrılmadım.
Sonradan absurd teatrının banisi rumın əsilli fransız dramaturqu Ejen İoneskunun “La Salutation” (mən “Hal-əhval” kimi çevirərdim əsərin adını) qısa pyesini, bəlkə də, indiki dəblə desək, sketçi oxudum; İonesku mənim “üzləşdiyim” ikinci rumındı, 1997-ci ildən danışıram. Sonra Emil Çoranla “tanış oldum”, “Tarixin sonundan sonra” əsəriylə, daha doğrusu, bu əsərin fraqmentləriylə, bir də “islaholunmaz sonuncu pessimist”in 2003-cü ildə oxuduğum aforizmləri ilə; “şüur barmağına batmış tikan deyil ki, bədəninə sancılmış xəncərdir” fikri, filosofun bir çox başqa əqli nəticələri kimi sarsıtmışdı məni.
Əsərlərini oxuduğum rumınların sırasına rumındilli ədəbiyyatın klassiki Eminesku da əlavə olundu, 2004, ya da 2005-ci ildi gərək ki. Bu yerdə hər nə qədər utansam belə, bir etiraf da etməliyəm: bir vaxtlar moldovan adlandırdığımız insanların elə rumın, “moldav dili” dediyimiz dilin isə elə “rumın dili” olduğunu mən həmin illərdə öyrəndim. 2009-cu ildə mən adını sonradan sevdiyim Şərqi Avropa şairlərinin siyahısına əlavə etdiyim Qriqore Vyerunun bir neçə şeirini oxudum, Ramiz Rövşənin tərcüməsində, “Xəzər” jurnalında; bu böyük şairin yaradıcılığına mən 15 il sonra əsaslı şəkildə baş vuracaqdım.


2017-2025-ci illərdə mən müxtəlif nəsilləri təmsil edən və müxtəlif ədəbi çəkiyə malik Moldova şairləri – Qriqore Vyeru, İon Hadırka, Leo Butnaru, Arkadie Suçevyanu, Nikolae Spetaru, Qriqore Kiper, Marqareta Kurtesku, Mariya Pilkin, İvan Pilkin, Raisa Sıbırne, Viktoriya Fonari, Olqa Xodova, Todur Zanet, Olqa Radova-Karanastas və Güllü Qərənfilin (Qaqauz Yerindən olan sonuncu üç şair, həm türkdilli ədəbiyyatın, həm də Moldova ədəbiyyatının təmsilçiləridir) Rumıniya şairləri – Ana Blandiana, İon Deakonesku, Nikita Danilov, Adi Kristi və Daniel Korbunun, eləcə də Rumıniya və Moldova ədəbiyyatının, rumındilli ədəbiyyatın ortaq klassiki Mihay Emineskunun poeziyasını ana dilimizə çevirdim; bir çox tərcümələr kitablaşdı, 11 poetik toplu ərsəyə gəldi ki, bu prosesdə mən dəyərli həmkarlarım, şairlər, tərcüməçilər, alimlər – adını ilk növbədə qeyd etmək istədiyim tarix və filologiya üzrə fəlsəfə doktoru J.İsmayıl, professor Cavanşir Yusifli, filologiya üzrə fəlsəfə doktoru Qismət Rüstəmovla əməkdaşlıq etdim; “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, dərginin Moldova və Rumıniya xüsusi saylarının hazırlanmasında böyük zəhməti olan həmkarım, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli ilə ortaq işlədim, həm adıçəkilən rumın şairlərin yaradıcılığı, bütövlükdə isə rumındilli poeziya ilə bağlı xeyli materiallar oxudum. Şərqi Avropa coğrafiyasının ən unikal poetik ərazisini – Moldova və Rumıniyanı yaxından tanıdım. İş elə gətirdi ki, Blandiana, Hadırka, Deakonesku, Suçevyanu, Butnaru, Spetaru, Kiper, Kurtesku, Miroslava Metlyayeva, Kristi, Korbu, Danilov, Mariya və İvan Pilkinlər, Todur Zanet, Viktoriya Fonari, Olqa Radova-Karanastas və əsərlərini tərcümə etmədiyim İqor Volnitski, Boris Marian, Teo Kiriak, Moni Stanila, Dumitru Krudu, Vladimir Lorçenkov və onlarla başqalarıyla Bakıda, Kişineuda, Ankarada, İstanbulda, Yaşda, Krayovada, Moskvada, Qdanskda dəfələrlə görüşdüm. Nikolae Spetaru ilə münasibətlərimiz dostluğa çevrildi və o mənim tərcümələr üzərində işlədiyim zaman ən yaxın, təmənnasız məsləhətçim olmaqdan usanmadı. Öz-özünə, planlaşdırılması mümkün olmayan bir proses başladı və Azərbaycan oxucusunun ixtiyarına buraxılan, az əvvəl söylədiyim kimi, 11 şeir kitabıyla bitdi, deyə bilərəm.
Əlbəttə, həm bu kitablara daxil edilən şeirlər, həm də həmin şeirlərin tərcümə səviyyəsi haqqında fərqli fikirlər ola bilər. Necə ki, illər sonra mən öz tərcümələrimə baxanda müəyyən şeyləri başqa cür eləməyin mümkünlüyünü daha aydın hiss edir, təsdiq edirəm ki, yaradıcılıq, həmçinin tərcümə işi nəhayətsiz redaktə prosesidir bir az da. Amma ümid edirəm, sonradan bir faktı təsdiqləyənlər az olmayacaq ki, bu 8 il rumındilli ədəbiyyatın, xüsusən, poeziyanın ana dilimizə çevrilməsinin təkcə 34 illik müstəqillik dövründə deyil, hətta 70 ilə yaxın “sovet epoxası”nda da ən məhsuldar dövrü sayıla bilər.
Bu illər ərzində nəşr olunan kitabların həm Azərbaycanda, həm Moldova və Rumıniyada təqdimatları oldu, “ədəbiyyat günləri”, festivallar, tədbirlər keçirildi. Mən Moldovanın Azərbaycandakı səfirləri – George Leuka, Alexsander Esaulenko, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ilə dəfələrlə ünisyyətdə oldum, cənab Soare ilə isti dostluq münasibətlərimiz də formalaşdı ki, mən indi bu şəxslərin hamısına səmimiyyətlə təşəkkür edirəm.
Yeri gəlmişkən, Mihay Emineskunun Vüqar Novruzovun dəstəyi ilə hazırladığımız şeirlərindən xəbər tutan (onda hələ biz öz Bakı nəşrimizi çapa verməmişdik) Rumıniyanın Bakıdakı səfiri cənab Vasile Soare Azərbaycandakı diplomatik fəaliyyətinin ilk aylarında tərcümələri bizdən istəyərək ilk nəşri də gerçəkləşdirmişdi.
Kitablara daxil edilmiş şeirlər zamanında tərcümə edilə-edilə “Ədəbiyyat qəzeti”, “Ulduz” jurnalı, “525-ci qəzet”, “Mütərcim” toplusu, “Elm” qəzeti, AMEA-nın saytı, www.kulis.az, www. mustaqil.az, www.manera.az, www. zefernews, www. yazarlar.az və b. elektron resurslarda dərc olunmuşdu.
Kitablar çap edildikdən sonra isə onların təqdimatları (bəzən müəlliflərinin iştirakı ilə) yuxarıda adını çəkdiyim elektron KİV-lə yanaşı, AzTV, “Mədəniyyət” kanalı, Real TV, Baku TV, Reaksiya TV və başqa televiziya və internet kanallarında geniş təbliğ olunmuş, işıqlandırılmışdı.
Bu təqdimatların keçirilməsində Bakı Kitab Mərkəzi, AMEA Ədəbiyyat İnstitutu və AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Milli İncəsənət Muzeyi, Muğam Mərkəzi bizə, Azərbaycan Yazıçılar Birliyinə yaxından köməklik göstərmişdi. Mən adıçəkilən bütün qurumlara və KİV-ə minnətdarlıq edirəm.
Amma bu müddət ərzində, daha doğrusu, bir dövrün sonuna yaxın (ümid edirəm ki, başqa bir dövrün və prosesin başlanğıcında), ola bilsin, başqaları üçün əhəmiyyətli görünməyən bir şəxsi sual məni ciddi şəkildə düşündürür. Bu prosesdə daha çox kim olaraq iştirak etmişdim? Tərcüməçi kimimi, ya ədəbi işin təşkilatçısı olaraq, öz vəzifə borcunu yerinə yetirən şəxs qismindəmi?
Hər halda xatırlayıram, 2023-cü il yanvar ayının ilk günlərində mən ölüm yatağında olan atamın çarpayısı başında ona qulluq edirdim, elə gecələr, gündüzlər olurdu ki, 40-50 dəfə, bəlkə də, daha çox ona su verir, dodaqlarını isladır, yatağında rahat olsun deyə, yerini azacıq da olsa dəyişirdim. Və bu işlərin arasında 2-3 dəqiqəlik fasilələrdə Emineskunun nəşriyyata göndərməli olduğum kitabının (kitab yanvarın 14-nə qədər nəşr olunmalıydı) son oxusuna baş vurur, redaktə eləməyə çalışırdım, bilmirəm, bəlkə də, özümü ovutmağa, ölümü yox, həyatı düşünməyə çalışırdım. Amma atamın tez-tez halsız səslə saatı soruşmağı yenə də həyatdan yox, ölümdən danışır, ölümü xatırladırdı; adətən həyatımızı, günümüzü planlaşdırmağa xidmət edən zamanın, saatın, sən demə, daha çox ölümü xatırlatmalı olduğunu mən ilk dəfə belə aydın-açıq hiss etdim. Atam yanvarın 15-i, Emineskunun doğum günündə vəfat etdi: bu isə ağlagəlməz həyat-ölüm qafiləsinin təklif etdiyi ağrılı qafiyələr idi. İki il sonra, yəni indi anlayıram, bütün işlər həmişə yarımçıq qalacaq.


Kollektiv, ictimai təcrübə və yaşantılarla şəxsi təcrübə və yaşantıların arasında əsas əlaqə ədəbiyyat və xüsusən, ali nitq hadisəsi kimi poeziya vasitəsiylə qurulur. Çılpaq, soyuq, zahiri hadisələr, faktlar, statistika ilə daxili, batini hadisələr – hisslərimiz, fikirlərimiz az-çox düşünən adamların içindəki iki səs kimi bizi ömrü boyu müşayiət edir. Poeziya bu iki, sanki həm özgə dillərdə danışanların öz aralarında, ortaq məxrəcə gəlib bütünləşəndə isə həm də onlar ilə cəmiyyət arasında dilmanc, tərcüməçi rolunu oynayır. Rumın şairlərin şeirlərini tərcümə edərkən mən bu fikrin bir daha təsdiqini tapdım.

Həyatının yetkinlik illərində Şərqi Avropa ədəbiyyatının, poeziyasının, belə demək mümkünsə, muxtariyyəti, özəlliyi haqda tez-tez danışan, bu ədəbiyyatın ümum-Avropa ədəbiyyatı, mədəniyyəti kontekstində bir çox hallarda gözardı edilməsi ilə heç vaxt barışmayan, XX əsrin görkəmli şairlərindən biri, ədəbiyyat üzrə Nobel mükafatı laureatı, böyük polyak düşünər Çeslav Miloş (1911-2004) yazırdı: “Avropa mədəniyyəti xeyir və şər, həqiqət və yalan kimi aydın meyarların itirildiyi, fərdlərin isə dəyərləri təhrif etməkdə təcrübəli və güclü olan kollektiv hərəkatların oyuncağına çevrildiyi bir mərhələyə qədəm qoyub. Nəticədə, hər gün qara ağa, cinayət tərifəlayiq əmələ, aşkar yalan isə hər kəs üçün məcburi doqmaya/ehkama çevrilir…”
Bu fikirlərlə razılaşmamaq olmur; üstəgəl, düşünürəm ki, Avropa mədəniyyəti deyərkən, pan Miloş yalnız siyasi-coğrafi ərazi olaraq Avropadan bəhs etmir, 300 ildir ki, dominantlıq təşkil edən bir mədəniyyətin ərazisindən, əslində bütün sivil dünyadan bəhs edirdi. Məsələ budur ki, Avropa xalqlarının poeziyasının böyük “kütləsi” bu dövr ərzində həm də Miloşun dediyi çöküşə refleksiya, reaksiya kimi meydana çıxıb; fikirləşirəm ki, mənim tərcüməçilik fəaliyyətimin, ya şüurlu, ya təhtəlşüur, bizim ərazilərdə – Qafqazda, Orta Asiyada, müsəlman və türk Şərqində baş verməkdə olan mənəvi çöküşü önləmək kimi bir hərəkətverici qüvvəsi, niyyəti, sadəlövh bir inam olub. Təbii, bu cür işlərdə heç bir və qəti müvəffəqlikdən söz gedə bilməz. Hər necəsə, dəyərli oxucuların əlində tutduğu bu kitab və bu kitaba yazılmış son söz poeziya tərcüməçisi kimi fəaliyyətinə son verməkdə olan bir adamın bir az hesabatı, daha çox minnətdarlığı və xatırlaması idi.

10 dekabr 2025-ci il

Mənbə və müəllif: Səlim Babullaoğlu,
şair, esseist, ədəbiyyatşünas, tərcüməçi

SƏLİM BABULLAOĞLUNUN DİGƏR YAZILARI


DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustacın “Təndir başı” şeiri haqqında

TƏNDİR BAŞI
(… qınından çıxıb qınını bəyənməyənlərə…)
Tüstü deyil bu qalxan —
əsrlərin nəfəsidir.
Divara hopmuş dualar
isti çörək kimi açılır ovuclarda.
Başı bağlı, beli şallı nənə
vaxtı yoğurur,
xəmiri yox — taleyi yapır.
Əli xamırlıdır,
amma dünyanı tərpədən barmaqlardır onlar.
Təndirin ağzı —
Yer kürəsinin ürəyi,
oradan çıxan hər kökə
bir millətin davamıdır.
Burada böyüyür
başı papaqlı kişilər,
burada sərtləşir səs, baxış, iradə.
Buradan qalxır
şahın əmri, alimin sualı,
həkimin əli, bəstəkarın notu.
Aya gedən yol
bəzən raketdən yox,
təndir başında yeyilən
yağlı kökədən başlayır.
Nənə bayatı deyir —
amma bu bayatı
bir millətin həyat yolu,
dastandır,
səngərdir.
Gecələr
hamı yatanda
təndir başı pıçıltı ilə dolur.
Bir ana
şəhid balasının adını
odun közünə yazır,
göz yaşını una qatır,
səhəri çörək kimi çıxarır.
Təndir başı —
evdəkilərdən gizli ağrıların
son qalasıdır.
Heç kim görməz,
amma Vətən bilir.
Bura isti bir bucaq deyil,
bura ana qucağıdır —
ən geniş,
ən səssiz,
ən müqəddəs.
Od sönər,
daş dağlar dağılır,
amma təndir başı qalır —
xalqın yaddaşı kimi.
Müqəddəsdir təndir başı!
Çünki orada
çörək yox,
millət bişir.
26.01.2026. Bakı.
Müəllif: Zaur Ustac

Təndir başı – millətin nəfəs aldığı yer

(Zaur Ustacın “Təndir başı” şeirinə istinadən)
Zaur Ustacın “Təndir başı” şeiri adi bir məişət detalını — təndiri — xalqın yaddaşına, milli varlığın mərkəzinə çevirən nadir mətnlərdəndir. Bu şeirdə təndir nə ocaqdır, nə də sadəcə çörək bişən yer. Təndir burada tarixdir, ana duasıdır, səngərdir, millətin özünü yoğurduğu müqəddəs məkandır.
Şeirin ilk misralarından oxucu anlayır ki, buradan qalxan tüstü odun tüstüsü deyil — əsrlərin nəfəsidir. Bu nəfəs divarlara hopmuş dualardan, illərlə yoğrulmuş talelərdən, adsız anaların səssiz ağrılarından yaranır. Təndir başı qadının – xüsusən nənənin əli ilə zamanın yoğrulduğu yerdir. O, xəmir yox, taleyin özünü yapır. Əlləri xamırlı olan bu qadınlar tarix kitablarına düşmür, amma bir millətin istiqamətini dəyişən barmaqlar məhz onlardır.
Zaur Ustac təndirin ağzını Yer kürəsinin ürəyi adlandırmaqla çox dərin bir simvol yaradır. Çünki hər kökə, hər çörək yalnız qida deyil — davamlılıqdır. Bir millətin sabaha çıxmaq haqqıdır. Bu çörəklə böyüyən uşaqlar sabah papaqlı kişilərə, sərt baxışlı analara, iradəli vətəndaşlara çevrilir. Şeirdə çox dəqiq vurğulanır: şahın əmri də, alimin sualı da, həkimin əli də, bəstəkarın notu da bu təndirin istisindən keçib gəlir. Yəni böyük ideyaların başlanğıcı bəzən saraylarda yox, təndir başındadır.
Ən təsirli məqamlardan biri isə şəhid anasının obrazıdır. O ana adını közə yazır, göz yaşını una qatır və səhəri bunu çörək kimi çıxarır. Bu misralar göstərir ki, təndir başı evdəkilərdən gizli ağrıların son qalasıdır. Orada qışqırıq yoxdur, hay-küy yoxdur, amma Vətən hər şeyi bilir. Çünki bu səssizliyin içində ən böyük fəda­karlıq yaşayır.
Şeir bizə açıq şəkildə deyir: təndir başı isti bir bucaq deyil — ana qucağıdır. Ən geniş, ən səssiz və ən müqəddəs qucaq. Od sönə bilər, daş dağlar dağıla bilər, amma təndir başı qalır. Çünki o, maddi yox, yaddaşdır. Xalqın özünü tanıdığı, özünü qoruduğu yaddaş.
“Müqəddəsdir təndir başı! Çünki orada çörək yox, millət bişir.” — bu cümlə şeirin yox, bütöv bir düşüncə sisteminin yekunudur. Zaur Ustac bu misra ilə oxucunu silkələyir və xatırladır: millət silahla yox, ana əli ilə, dua ilə, çörəklə, səbir və ağrı ilə formalaşır.
Bu şeir təkcə oxunmur — xatırlanır. Çünki hər birimizin yaddaşında bir təndir başı var. Bir nənə, bir ana, bir isti çörək qoxusu… Və bu yaddaş yaşadıqca, millət də yaşayacaq.

Pərvanə Salmanqızı
Jurnalist şair-publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Laçın Simurq Kitabxanası təqdim edir – kitab oxuyaq

Əziz izləyicilər!

“Mən oxudum, sən də oxu” adlı kitab tövsiyəsi rubrikamız davam edir.

Növbəti tövsiyyəmiz Akşin Xəyalın “Noyabrın payız eşqi” adlı hekayələr kitabıdır.

“Bir də payızı ‘O’nun üçün sevmək var.
Və hamıdan gözəl olanı — payızı sevdiyin halda, bir də payızın sevgisi ilə qarşılaşmış olmaq var.
Bu iki sevgi birləşəndə artıq ‘Payız’ adlı bir eşq yaranır.
Payız qədər narıncı, payız tonları qədər isti…”

Kitabda təkcə sevgi mövzusu deyil, həyatın müxtəlif çalarları, fərqli duyğular və mövzular da oxucuya təqdim olunur.

Zaur USTAC – “Ziyadar”ların Laçın səfəri – 09.08.2024.

Mənbə: Laçın Simurq Kitabxanası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – TƏNDİR BAŞI

TƏNDİR BAŞI
(… qınından çıxıb qınını bəyənməyənlərə…)
Tüstü deyil bu qalxan —
əsrlərin nəfəsidir.
Divara hopmuş dualar
isti çörək kimi açılır ovuclarda.
Başı bağlı, beli şallı nənə
vaxtı yoğurur,
xəmiri yox — taleyi yapır.
Əli xamırlıdır,
amma dünyanı tərpədən barmaqlardır onlar.
Təndirin ağzı —
Yer kürəsinin ürəyi,
oradan çıxan hər kökə
bir millətin davamıdır.
Burada böyüyür
başı papaqlı kişilər,
burada sərtləşir səs, baxış, iradə.
Buradan qalxır
şahın əmri, alimin sualı,
həkimin əli, bəstəkarın notu.
Aya gedən yol
bəzən raketdən yox,
təndir başında yeyilən
yağlı kökədən başlayır.
Nənə bayatı deyir —
amma bu bayatı
bir millətin həyat yolu,
dastandır,
səngərdir.
Gecələr
hamı yatanda
təndir başı pıçıltı ilə dolur.
Bir ana
şəhid balasının adını
odun közünə yazır,
göz yaşını una qatır,
səhəri çörək kimi çıxarır.
Təndir başı —
evdəkilərdən gizli ağrıların
son qalasıdır.
Heç kim görməz,
amma Vətən bilir.
Bura isti bir bucaq deyil,
bura ana qucağıdır —
ən geniş,
ən səssiz,
ən müqəddəs.
Od sönər,
daş dağlar dağılır,
amma təndir başı qalır —
xalqın yaddaşı kimi.
Müqəddəsdir təndir başı!
Çünki orada
çörək yox,
millət bişir.

26.01.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Заур Устадж (1975)

ЗАУР УСТАДЖ

Заур Устадж (наст. имя — Заур Мустафа оглы Мустафаев; род. 1975) — современный азербайджанский поэт, публицист и общественный деятель. 
Основные факты:
Происхождение: Родился 8 января 1975 года в Баку, родом из села Юсифджанлы Агдамского района.
Военная служба: Ветеран Первой карабахской войны, офицер запаса.
Деятельность: Основатель и главный редактор литературного журнала «Yazarlar» (Писатели). Член Союза журналистов Азербайджана.
Творчество: Пишет стихи (в том числе детские), рассказы и публицистику. Его работы часто затрагивают темы патриотизма и национальных ценностей. 
Награды:
Лауреат премии «Qızıl qələm» («Золотое перо», 2018).
С 2019 года является Президентским стипендиатом. 
Его часто называют «человеком книги» за вклад в популяризацию азербайджанской литературы в интернете, где его произведения находятся в открытом доступе. 

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xalid Əlimirzəyev (1932)

Xalid Əlimirzəyev

“Müəllimlər və dostlar sarıdan mən bəxtigətirmiş adamlardanam. Amma yaşımın elə vaxtıdı ki, haçansa mənə dərs demiş o gözəl müəllimlərin əksəriyyəti indi həyatda yoxdur.
Sözün düzü, o vaxt, altmışıncı illərin ikinci yarısında,mən universitetin (o vaxt bircə universitet vardı) filologiya fakültəsində oxuyanda bizə dərs deyən müəllimlərin adlarını çəksəm, uzun və şərəfli bir siyahı alınar. O siyahıdan üç nəfərin adı o vaxt tez-tez bir yerdə çəkilərdi: Xalid Əlimirzəyev, Təhsin Mütəllimov və Cəlal Abdullayev. Üçü də cavan və təxminən həmyaşıd idi.
Xalid müəllim bu “üçlüyün” görkəmcə ən boylu-buxunlusu,Təhsin müəllim ən dəblə geyinəni, Cəlal müəllim ən sadəsi və əlçatanı idi. İnsanın zahiri görkəmi ilə onun daxili aləmi, xarakteri çox vaxt bir-birinə uyğun gəlməyə bilər. Bədii ədəbiyyatda “məzmun və forma” anlayışı var. Yəni, bədii əsər məzmunca nə qədər zəngin olur-olsun, formaca sönük və maraqsızdırsa,ona bütöv, kamil əsər demək olmaz. Əgər bunu insanlara da aid eləsək, onda demək olar ki, Xalid müəllim “məzmun və formaca” ən bütöv, kamil insanlardan biri idi. Doğrudan da,zahiriylə daxili bu qədər bir-birini tamamlayan, həmahəng olan adamlar azdı.
Deyirlər ki, balacaboy adamlar həddən artıq iddialı, ambisiyalı olurlar. Və bunu deyəndə,ilk növbədə Napaleonu nəzərdə tuturlar. Ədəbiyyat aləminin də öz “Napaleonları” var.
Xalid müəllim iddialı yox, qürurlu insan idi və Allah ona qüruruna uyğun uca boy-buxun vermişdi. Onun xarakterindəki təmkin, ağayanalıq adicə yerişində, danışığında da vardı.
Xalid müəllimlə mənim münasibətimi, yəqin, iki mərhələyə ayırmaq olar;altmışıncı illərdə müəllim -tələbə, doxsanıncı, xüsusən də ikimininci illərdə dost münasibəti.
Bir cüt ədəbiyyat adamı kimi bizi doğmalaşdıran ən çox Mirzə Cəlilin yaradıcılığına və şəxsiyyətinə olan sonsuz sevgimiz idi. Xalid müəllim Mirzə Cəlil haqqında “Dahi sənətkar, böyük vətəndaş” adlı kitab da yazmışdı. Bu əvəzsiz yazıçının, demək olar ki, bütün həyatını və ədəbi-ictimai fəaliyyətini əhatə edən bu sanballı monoqrafiyanın bir qədər rəsmi görünən adı, əslində, Xalid müəllimin öz şəxsiyyəti ilə də səsləşirdi. Çünki Xalid müəllim özü də, təkcə görkəmli alim, ədəbiyyatşünas yox, həm də vicdanlı vətəndaş idi.
Şekspir deyirdi ki, dünya teatr, insanlarsa, aktyordu. Aktyor olmaqsa, roldan-rola girmək, sifətdən-sifətə düşmək deməkdi.Təəssüf ki, ən azı bu yeni tariximizdə müxtəlif insanların səhnədə yox, həyatda roldan-rola girib sifətdən-sifətə düşməyinin bir çox eybəcər mənzərələrini gördük.
Xalid müəllimin teatr haqqında kitabı da vardı, hətta özü pyes də yazmışdı. Amma roldan-rola girmək, sifətdən-sifətə düşmək ona yad idi. O, dünyaya bir sifətlə gəldi, yaşadı və getdi. Onun bir şəxsiyyət kimi bütövlüyü də bundaydı”. (Xalq şairi Ramiz Rövşən. 2017-ci il).
30 yanvar (2016-cı il) Xalid Əlimirzəyevin haqq dünyasına qovuşduğu gündür. Qarlı bir qış günündə (16 dekabr1932-ci il) dünyaya gəlmişdi. Elə qarlı-şaxtalı bir qış günündə də gözlərini əbədi olaraq yumdu. Bu fani dünyanı tərk etməmişdən üç gün öncə övladlarına yuxusunu danışmışdı: “Yuxuda görürəm ki,gözəl,uzun yallı,ağ atın belində başı qarlı dağlara tərəf çapıram. At elə bir yerdə dayandı ki, oradan yurdumun hər yeri apaydın görünürdü”.
Xalid Əlimirzəyev öz vəsiyyətinə görə Qəbələdə İsmayıl bəy Qutqaşınlının əbədi uyuduğu Soltanbaba şəhər qəbiristanlığında torpağa tapşılıb. Buradan ilin bütün fəsillərində doğma yurdunun başı dumanlı, qarlı dağları görünür…
Ruhun şad olsun, əziz Atam.

Müəllif və mənbə: Əlimirzəyeva Rəfayət

Əlimirzəyeva Rəfayətin digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

VAQİF MUSTAFAZADƏNİN FORTEPİANOSU

VAQİF MUSTAFAZADƏNİN FORTEPİANOSU

Şəkildə gördüyünüz fortepiano dahi Vaqif Mustafazadənin fortepianosudir. Həmin fortepiano Xalq rəssamı Sakit Məmmədovun mənzil muzeyindədir. Haçansa, artıq əvəzsiz bir muzey eksponatı hesab oluna bilən bu fortepianonu satmaq istəyiblər. Və fortepianonu Sakit Məmmədov alıb. Ölməz Vaqif Mustafazadə, sonralar dünya caz sənətinin incilərinə çevrilən əsərlərinin bəzisini ilk dəfə bu fortepianoda ifa edib.
Təbii ki, bu fortepianonu görmək mənim də arzum olub. Nəhayət bir neçə il əvvəl dünya şöhrətli Xalq rəssamı Sakit Məmmədovun mənzil muzeyində olarkən bu fortepianonu gördüm. Əlbəttə, vaxtı ilə Vaqif Mustafazadənin çaldığı fortepianoda mən də nəsə ifa etmək istədim. Amma fortepianodakı müqəddəslik məni bu fikrimdən daşındlrdı. Dindar adamlar dəstəmaz almadan namaz qılmazlar. Mən dəstəmazsız dindarların vəziyyətində idim. Vaxtı ilə Vaqif Mustafazadənin sehrli barmaqlarının oxşadığı fortepianonun ağ-qara dillərinə (klavişlərinə) toxunmağa ürəyim gəlmədi. Fortepianonun müqəddəsliyi bu istəyimə mane oldu. Sadəcə, bu son dərəcə qiymətli fortepianoya baxmaqla kifayətləndim. Məhz belə bir vəziyyətdə bacım oğlu Samir mənim şəklimi çəkdi və əminəm ki, bu şəkildə mənim o vaxtki ruh halımı duymaq o qədər də çətin deyil.
Bu fortepianonu ilə bağlı maraqlı bir hadisəni də yazmaq istəyirəm. Bir neçə il əvvəl Vaqif Mustafazadənin indi Almaniyada yaşayan və atası kimi dünyada tanınan cazmen, bəstəkar, pedaqoq qızı, Azərbaycanın Xalq artisti Əzizə Mustafazadə bir neçə günlüyə doğma şəhərinə-Bakıya gəlmişdi. Ölkənin ən məşhur konsert salonunda anşlaqla keçən konserti oldu. Bakıda olduğu qısa zaman kəsiyində Əzizə xanım, haqqında çox eşitdiyi dünyada məşhur digər həmyerlisi, məşhur rəssam Sakit Məmmədovun rəsm əsərlərini görmək üçün Xalq rəssamının mənzil muzeyinə gəlir. Bir neçə qatdan ibarət olan mənzil muzeydə Sakit müəllimin ecazkar rəsm əsərlərinə baxarkən, atasının fortepianosunu görür… Sakit Məmmədov elə oradaca, tam səmimiyyətlə Vaqif Mustafazadənin fortepianosunu onun ciyərparasına-cazmen qızı Əzizə Mustafazadıyə bağışlamaq istəyir. Amma Əzizə xanım bu qiymətli hədiyyədən imtina edir:
-Atamın fortepianosu bu misilsiz rəsm əsərlərinin, ecazkar tabloların əhatəsində qalsa daha yaxşıdır. Belədə atamın ruhu da şad olar. – deyir.

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Diktatorun qəribəlikləri

Diktatorun qəribəlikləri
Ona bəzən “altıbarmaq” da deyirdilər..
Bir neçə il öncə “Tarixin kölgəsi” tarixi-siyasi dram üzərində işləyərkən əsərin əsas iştirakçılarının –Rəsulzadə və Nərimanovun, həyat və fəaliyyyəti ilə bağlı xeyli axtarışlar apardım. “Qəhrəmanlarımdan” biri də Stalin idi. Əlbəttə, əldə olunan bəzi detal və sənədlərin hamısını təbii ki, bir bədii əsərdə vermək mümkün deyildi. Ona görə də “ellər atası” haqda “qalıq” epizodları təqdim etmək qərarına gəldim.
…Bütün tarix kitablarında Stalinin 1 dekabr 1879 cu il tarixdə doğulduğu qeyd olunur. Əslində isə, kilsə kitabının təqvim bölümündə onun 18 dekabr 1878-ci ildə dünyaya gəlib.
…Bəziləri Stalinin çox sadə, “kasıbyana” həyat sürdüyünü iddia edir. Guya əynindəki köhnə şineldən başqa bir çeyi olmayıb. Bu, zahirən elədir. Əslində diktator bütün SSRİ-ni pz “mülkiyyəti” hesab edirdi. O ki qaldı onun şəxsi təminatına… o, ölkənin ən varlı adamı idi. Məsələn, Baş katibin 12 bağ evi, bir neçə mənzili vardı. Düzdür, Stalinin fərdi avtomobili yox idi. Əvəzində onun bütöv bir qaraj dolu lüks modelli maşınları vardı. Əvvəllər Rolls-Royce Phantom, 1930-cu illərin sonunda Packard Twelve, son illərdə zirehli ЗИС-115 markalı avtosu olub.

… Stalin uşaqlıqda “çiçək xəstəliyi” keçidiyinə görə sifəti çilli, daha doğrusu çopur idi. Qəzetçi-fotoqraflar onun şəkillərini “retuş” edir, çopurlarını “təmizləyirdilər”. Stalinin sol qolu sağ qolundan 2-3 sm. qısa idi. Uşaq vaxtı onun qolu sınmışdı. Bir varianta görə əyyaş atası Vissarion oğlunu yerə çırpmış və nəticədə qolun sümüyü sınmışdır. Digər varianta görə yenə uşaqlıqda sürətlə keçib gedən faytonun altında qaıb sınmışdır.

…Stalinin yaddaşı möhkəm idi. Rus dilini 8 yaşından öyrənməyə başlasa da, ömrünün sonunacan dialektdə danışsa da bu dildə savadlı yazırdı. O, rus və gürcü dillərindən başqa kilsədə oxuyarkən latın dilini də öyrənmişdi. Farsca anlayırdı. Azərbaycan dilində yazmasa da danışır, fikir bildirir, söhbət edirdi.

… Stalinin uşaqlıq və gənclik dostu gürcü menşevik İremaşvili yazırdı ki, Baş katibin valideynləri etnik osetin idi.Stalinin soyadı əvvəllər Dzuqayev olub, sonralar dəyişdirilərək Cuqaşvili kimi sabitləşib.

…Stalinin anası uzun müddət imkanlı bir iş adamı olan Eqnataşvilinin evində xadimə işləmişdi. Bu adam İosifin təhsil haqqını ödəyir, anası Yekaterin ilə yaxın münasibətinə görə qadına maddi yardım edirdi. Sonralar Stalin ölkə rəhbəri olarkən Eqnataşvilinin iki oğluna kömək etmiş- Aleksandra general rütbəsi vermiş, Vasilini isə Gürcüstan parlamentinin sədri təyin etmişdir.

… Stalin çox mütaliə edən olub. Gecələr oxuyurdu. Sutkada 300-400 səhifə kitab oxuyurdu. Mütaliə edərkən “xəlvəti” eynək taxan Stalin adamların yanında heç vaxt bunu bildirmirdi. Onun heç yerdə gözlüklü səkli yoxdur. Sutka ərzində 4-5 saat yatırdı.

..Stalinin yaxın çevrəsindəki adamlar ona öz aralarında bəzən “altıbarmaq” deyirdilər. Nə üçün? Çünki Stalinin ayagında altı barmaq var idi.

…Stalinin boyu haqqında müxtəlif rəqəmlər səslənir. Bəstəboy olduğu göstərilir. Son zamanlar bu rəqəm”dəqiqləşdirilib”, dahi rəhbərin boyu 1.70 sm, çəkisi 70 kq. Olub.

…Stalinin bərbəri kim olub? NKVD əməkdaşı, yüksək çinli zabir Karl Viktoroviç Pauker Stalinin yaxın “silahdaşı”, cangüdəni olub. Tirana o qədər yaxın olub ki, hətta Stalin üzünün, bəğının qırxılmasını məhz Paukerə etibar edib. Amma yazıq Paukeri 1937-ci ildə dahi rəhbərə sui-qəsd hazırladığına görə güllələyiblər.

…Stalinin ən çox qorxduğu peşə sahibləri diş həkimlər, yəni stomatılıqlar idi. O. belə hesab edirdi ki, günlərin bir günü həkimlər düşmənlərin təhriki ilə onun dişinin dibinə zəhərli iynə vurub ellər atasını o dünyaya göndərə bilərlər. Həyatının son illərində ağzında 3-4 diş vardı, həkimlər onunçün “gecə protezləri” düzəltmişdilər, yatanda ağzından çıxarırdı. Yeri gəlmişkən, Stalin rejimi yüzlərlə həkimin repressiyasına fərman vermişdi.

…Dahi rəhbərin “oxrana” əməkdaşının yazdığına görə opera müğənnisi Vera Davıdova Stalinin məşuqəsi olub.

…Qızıl ordu Trotskinin rəhbərliyi altında qələbə çalmışdı. Hətta, Stalin qələbənin bir illiyi münasibəti ilə 1918-ci ildə Lev Trotskini tərifləyib göyə qaldıran bir məqalədə yazmışdı. Amma sonralar hakimiyyət uğrunda gedən mübarizədə onlar düşmən oldulat. Trotskini Moskvadan qovdular, o, əvvəlcə Almaataya, sonra Türkiyəyə, daha sonra Meksikaya getdi və Stalinin əmri ilə qətlə yetirildi. Onun İstanbul fəaliyyəti və oradakı evi haqqında vaxtilə ətraflı yazmışam, tapıb oxuya bilərsiz.

Müəllif: FİRUZ MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Пусть же Солнце наш путь освещает!

Flora Naci:

“Çoxdandır ki, dəyərli dostum Zaur Ustacın şeirlərinin tərcüməsinə müraciət etmirdim. Bu günlərdə qarşıma çıxan onun orijinal “Yolun sonunda Günəş var” şeiri məni çox düşündürdü, nədənsə içimdə bir həyəcan yaratdı… Həmişəki kimi, şeirin cazibəsi nəticədə rus dilinə tərcüməmə səbəb oldu. İstədim ki, rus dilli oxucu da bu şeirlə tanış olsun.”

Флора Наджи:

“Давно я не обращалась к переводам стихотворений моего дорогого друга Заура Устаджа. Недавно повстречавшееся мне его оригинальное стихотворение “В конце пути – Солнце” заставило задуматься, породило во мне какое-то необъяснимое волнение… И как всегда, магнетизм стихотворения стал причиной его перевода на русский язык. Хочу, чтобы и русскоязычный читатель смог ознакомиться с ним.”

ZAUR USTAC

Yolun sonunda Günəş var

Yolun sonunda Günəş var;
uca dağların başında,
pambıq buludlar qoynunda.
Rəngi əməlindən aslı;
parlaq olur, solğun olur…
Əgər, yol alsan payızda,
ilk salam, yarpaq səsidir;
şütüyüb keçər yanından,
ya da qalar ayaq altda.
Bu yolun daş yaddaşında
payızın barmaq izləri,
neçə ananın gözləri,
neçə min ilin sözü var.
Səni görən kimi külək,
qamışların dili ilə
haray salar, xəbər yayar,
hamı bilər;
sən gəlirsən…
Günəş dayanıb yerində,
üfüqün lap kənarında,
səni gözlər.
Kölgə susar, səni görməz.
İşıq görər, işıq gülər…
Sən davam et!
Heç aldırma;
vızıltıya,
sızıltıya,
uğultuya.
Sən davam etdikcə ayağın altda
vaxt xırdalanır,
yarpaqlar keçmişi
yumşaq səslə bağışlayır.
Hər addımda
sən daha az qorxursan,
daha çox yola çevrilirsən.
Bu yol
qaçış deyil,
qayıdış da yox!
Bu yol özünə doğru
sakit bir irəliləyişdir.
Sükut danışır,
sözlər kölgə salmır.
Qamışlar baş əyir:

-Keç,
amma iz qoymadan yox,
ürək qoyaraq keç.
Günəş doğur,
yalnız səmanın deyil,
sənin də yolunun üstünə.
Və sən anlayırsan:
işıq haradan gəldiyini soruşmur,
hara getdiyini də.
Yolumuza Günəş doğsun!
Yolumuza davam edək!
Biz getməsək, adi yoldu,
biz gedəndə dünya olur…

 ЗАУР УСТАДЖ

В конце пути – Солнце

В конце пути – Солнце;
оно на вершинах горных куполов,
в объятьях белоснежных облаков.
Цвет оно меняет;
то ярким, то бледным бывает…
Если осенью твой путь начался,
первый привет – от листьев голосов;
они мимо тебя промчатся,
или предпочтут под ногами остаться.
В пути памяти каменной хранятся
осени пальцев следы,
матерей земли глаза,
тысячелетий слова.
Ветер, завидев тебя,
языком камышей
весть разнесёт, оповестит,
всех всполошит,
и узнают все;
что ты идешь…
Солнце на месте своём стоит,
у самого края горизонта,
оно ждёт тебя.
Тень замолчит, не увидит тебя.
Лишь свет тебя увидит и улыбнётся…
Ты путь свой продолжай!
Внимания ни на что не обращай;
на звуки,
на шумы,
на гул.
Пока ты продолжаешь путь,
время дробится,
а листья с твоим прошлым
по-доброму просит проститься.
С каждым шагом
всё меньше страха,
ты сам уже в путь превращаешься.
Этот путь не побег,
не возвращение!
Этот путь к самому себе
спокойное приближение.
Говорит тишина,
не отбрасывают тень слова.
Пред тобой голову склоняют камыши:

-Проходи,
но только не бесследно,
сердце оставляя, проходи.
Когда Солнце всходит,
оно не только небо,
но и путь твой освещает.
И ты понимаешь:
свет не спросит,
откуда ты идёшь,
и идёшь куда.
Пусть же Солнце наш путь освещает!
Продолжить путь нам помогает!
Путь – дорога обычная,
если по нему не идти,
Целым миром путь становится,
если по нему пойти.

Перевод:  Флора Наджи
Tərcümə:  Flora Naci

Автор:  ЗАУР УСТАДЖ
Müəllif:  ZAUR USTAC

FLORA NACİNİN YAZILARI

VAQİF BƏHMƏNLİNİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I