AQİL ABBAS – 70 Qarabağın başqa adı… Aqil Abbası Google-də axtarışa versən, min yerdə rastına çıxar. Gerçək həyatda onu hər yerdə görməyimiz azmış kimi, heç demə,virtual aləm də bu qarabağlı balasıyla doluymuş. Aqil Abbasın janrını tapmaq müşkül məsələdi, sözün açığı. Tragikomediya… hə, bir az bu uyğun gəlir. İşğal günləri, bir də 1 aprel – Gülüş bayramı gözüm onu axtarır. Bu adam bir gözüylə ağlamağı, o biri ilə gülməyi bacarandı. Milli Məclis rəhbərliyi əgər onu oturan yerdə görübsə, xoşbəxt adamlardı. Aqil Abbas dizini qatlaya bilmir. Bu yaşa qaçaqovla gəlib çatıb. İstəsə, geri dönüb təzədən uşaq olar. Özü də yüyürə-yüyürə. Kolanı Məhəmməd kişinin oğlu. Ağdam cayıllarının dostu. Universitet tələbəsi. Məmməd Arazın kürəkəni. Bir neçə kitab müəllifi. “Ədalət”in sahibi. Yox, Ədalətin sahibi o deyil. Aqil Abbasınkı: qəzetdi, dəftərdi, qələmdi, davadı, torpaqdı, yazıdı, man…dat deyil. Ondan məmur olmaz. Heç hakim də! Məhkəmədə hamını götürüb yeyib-içməyə aparar, zərərçəkəni də müttəhimin sağlığına içməyə vadar edərdi. “Zakuska”sız-zadsız. Amma futbol məşqçisi olar. Rəqib komandaya elə söz deyər ki, topu buraxıb qaçarlar. Aqil Abbas lap cavan olanda qardaşını itirib. Evlərində onu ən çox Aqil Abbas ağlayıb, məncə. Bu günəcən də ağlayır. Bir yol nəşriyyat işçiləriylə dava eləyirdi. Onu sakitləşdirə bilmirdilər. Camaatın anasını ağladırdı: – Aqil müəl… – Mən müəlliməm, ə? – Aqil bəy… – Bəyin də … sənin də! – Aqil qardaş… – Adın nədi, başına dönüm? Aldığı cavabdan sonra öz anası ağladı… İçində dəyərləri olan və onu hamıdan xəlvət qoruyan oğuldu Aqil Abbas. Əsərləri də özü kimi bədahətdi, bakılılar demiş. O yazmır, deyir. Yazan operatordu. Aqil Abbas çox adamın xətrinə dəyib bu illərdə. Elə mənim də. Milli Qəhrəman Eldar Bağırovdan xüsusi buraxılış hazırlayanda çağırdı yanına. Mənə 6-7 işçi verdi. Dedi, başda özüm olmaqla hamı sənə tabedi. Tövbə, heç yazımı yığan olmadı. Bir gün, iki gün… axırda Aqil Abbasa dedim. Qoluma girib apardı operator otağına, dedi, niyə məni dostumun yanında biabır eləyirsiz, ay bu sizin… Dedi və getdi… Baxdım, “aboy” cırılıb, istədim xəcalətdən dalında gizlənəm. Otaqdakıların tükü də tərpənmədi. Mən o gündən bu adamla qurtardım. Rastlaşanda özünə dedim ki, bəs belə. Gülməkdən ürəyi getdi. Zəng vurub hamıya danışdı. Beləcə… barışdıq. Onu deyirdim axı, Aqil Abbas çoxunun xətrinə dəyib bu illərdə, ola bilsin. Küsən küsüb, amma heç kim nifrət eləməyib. Eləyən varsa, e-mail ünvanıma yazsın… …Hərdən dünyanın üzündən öpmək istəyirəm. Görürəm, basırıqdı – dünyanın üzünə tüpürürlər. Mənsə növbəyə girmək istəmirəm. Hərdən də dünyanın üzünə tüpürmək istəyirəm. Görürəm, qırğındı – dünyanın üzündən öpürlər. Dedim axı, növbədən zəhləm gedir. Gərək dünyanın: üzündən öpməyi də, üzünə tüpürməyi də bacarasan! Aqil Abbas kimi…
AQİL ABBAS – 70 Günəşə at çapan oğlan… Balacalar mətbəxdə qurdalanırlar yanımda. Qurdalanmaq həm də onları maraqlandıran suallar yaranıb deməkdir… Hər şey haqqında – atasının, əmisinin uşaqlığından, özlərinin evə gətirilməyindən, bizim onları nə qədər sevməyimizdən və… Birdən soruşurlar ki, babaları mənə evlənməyi necə təklif edib… Və harda? Niyə belə təfərrüatlar maraqlandırır onları? Mən də xatırlaya-xatırlaya danışıram… *** Universitetin uzun dəhlizi gəlir gözlərim önünə – pəncərəyə söykənib söhbətləşirik tələbə yoldaşlarımla… Boylanıb bizə baxan oğlan çəkir diqqətimi. İri gözlü, uzun qara kirpikli və bir az da yekəxana görkəmli… İlıq oktyabr ayıdır… 1979-cu ilin oktyabrı… Evimiz o zaman Lenin prospekti adlanan yerdə idi – indi o bina yoxdu. Söküblər… Axşam çağı ev telefonuna zəng gəlir (Zatən, o vaxtlar mobil rabitə mövcud deyildi). Tələbə yoldaşımdı – Mənsur Vəliyev – deyir ki, mümkündüsə yarım saatlıq aşağı, həyətə düşüm. Deyir ki, işi var mənimlə, söhbəti var… Atam rayona gedib, problem olmaz aşağı düşmək. İzah edim ki, mənim gənclik və yeniyetməlik dövrüm ağır məhbusluq zamanı idi. Əlbəttə, zarafatdı – amma hər zarafatın həm də bir həqiqət payı da var… Yəni, atam evdə olsaydı, mənim axşam vaxtı evdən aralanıb kiminləsə söhbət eləmək imkanım olmazdı, yəni, icazə verməzdilər. Anama deyirəm ki, tələbə yoldaşım gəlib, həyətdə gözləyir, işi var mənimlə. Enirəm həyətə və görürəm ki, həmin o iri gözlü, yekəxana görkəmli oğlan da Mənsurun yanında durub. Çox mütaliə etdiyimiz vaxtlar idi – Mənsur “Ədəbiyyat və incəsənət” qəzetində bir hekayə də göstərmişdi mənə “Şirinlik” adında. Müəllifi də Aqil Abbas idi. Belə tanımışdım iri gözlü oğlanı… İndi də bir anlıq tutuldum və baxışdıq. Yenə yekəxana ədayla Mənsura “Sən get” – dedi. “Bizim söhbətimiz var…” Həəə, o söhbətə başlayan davam edirik indiyə qədər… Noyabr ayında, ad günümdə (20 yaşım olurdu) qapının zəngini çalıb bir dəstə gül yapışdırıb qaçmışdı qapının dəstəyinə… Gülü götürdüm, anam tərs-tərs baxdı üzümə, qorxudan atdım balkona… Neçə gün qaldı orda… Aqilin də 26 yaşı vardı… Və gizli-aşkar görüşlərimiz də başladı o gündən sonra. Aqil də Kommunist küçəsinin o biri tərəfində “Elm və həyat” jurnalında işləyirdi. Mən dərsdən çıxanda baxırdım ki, hardadı? Bir də görürdüm özünü çatdırdı. Kommunist (indiki İstiqlaliyyət) küçəsində dərsdən çıxıb Lenin prospektinə evə gedirdik, pay-piyada… Yəni, birlikdə olmağa çox vaxtımız olsun deyə. Vaxt ən qiymətli anlam imiş. O vaxt anlamırdıq… *** İndi balacalar bəzi xatirələri canlandırdılar. Yadıma düşdükcə çoxunun da canlı olmadığını düşünürəm… Daha doğrusu, xatirələr canlıdı. İnsanlar sağ deyil, diri deyil. Elçilik, nişanımız, toyumuz… Evimiz olmasa da, evləndik. Ritualları yada saldıqca cəmiyyətin qiymətli, dəyərli insanları gəlir gözümün qabağına… Şair Şahmar Əkbərzadə, professor Firidun Hüseynov, yazıçı Faiq Dərgahov, Vaqif Bayatlı, Akif İslamzadə… İnqilab havası gəldi məmləkətə… Elçibəyi tanıdıq, İskəndər Həmidovla rastlaşdığım günü xatırlayıram… Aqillə İskəndər lap gənc yaşlarından dost idilər… İllər uçdu və vaxtı yeyilən ailələrdən biri də Rəna-İskəndər cütlüyü idi… Kitablar gəlməyə başladı evə – əvvəlcə jurnallarda çap olundu… “Ulduz”, “Azərbaycan”… Hə, bir də heç unutmuram, yeni romanını, “Ən xoşbəxt adamı” lap mətbəədən çıxardı çapdan baş redaktor… Xoşbəxtliyi çöndü elə bil. Sındı… Belə pərt görməmişdim. Zamanla çox oldu əlbəttə. Bilirsiz kim idi baş redaktor??? Əkrəm Əylisli! Həmin əsər bir neçə ildən sonra Respublika Komsomol mükafatına təqdim olundu və aldı da. Amma qəribədir, hamı hücum çəkəndə başını sığalladıqları susub dayandılar… Sınmağını da biz unutmuruq!!! Bir ömrü bir yazıya sığdırmaq nə çətin imiş… Fraqmentlər gəlir göz önünə… *** Sonra, sonra, sonra müharibə başladı və vaxt ora xərcləndi… 79-dan 89-a qədər nisbətən rahat yaşaya bildik. Nisbətən… Ev yox, pul-para yox, amma müharibə də yox idi… Qucağımda körpələrlə Ağdama gedişimizi xatırladım və Rəşad Məcidlə ilk tanışlığımı. Və o vaxtdan indiyə kimi bütün ağrılı və xoş günlərimizdə birlikdə oldular… Müharibənin acılarını da yanaşı yaşadılar… Müharibə isə vaxtımızı yedi, həm də Qarabağı – yerini-yurdunu bu qədər sevən biri üçün böyük yara idi. Az qala hər həftə Ağdama gedən bir insan, hər addımın, daşın-qayasın tanıyan bir insan 93-cü ildən ta İkinci Qarabağ savaşına qədər oraları görmədi… *** …Deyir, xəbər gəldi Ağdam işğal olunub, çıxıram rayona, zəng vurdular. Dedilər ki, camaat yollarda acından, susuzluqdan mələyir… Getdim çörək işinə baxan böyüklərin yanına, dedilər ki, ora yaxın zavodlara göstəriş verək, ordan götür… Getdim deyir həmin rayona, indi heç kim Ağdama getmək istəmir. Qorxurlar. Böyük pul təklif elədim, razılaşdı şofer. Evinə getdi, gəldi… Mənim də deyir dişim bağırsağımı kəsir… Nəysə getdik, bu şofer də nə tanıyır Qarabağı, aldatdım apardım ki, hələ Ağdam deyil… Çoxlu peçenye, su və çörək… Çatdıq Qərvəndə, gördük ki, Qərvənd-Bərdə yolu adamlar çılpaq, ayaqyalın, ac-susuz… Dünyanın ən Varlı Şəhərinin adamları mələşir… Gördük bir-bir paylaya bilməyəcəyik, başladıq maşından atmağa… Adamlar da havada tutur nə atırıqsa… Bunları hər xatırlayanda ağlayır… Uzaqlaşaq ağlamaqdan – məzəli söhbətlərimiz də çox olur… Deməli, bir hadisəni nəql eləyəndə o qədər təfərrüat qatır ki, söhbətə… Mənim iki dəqiqəyə anladacağım nəyisə o iyirmi dəqiqəyə danışır. Bayaqdan yol gedirik – qatarda unutduğu pencəyin xatirəsin danışır. Deməli, provodnik kupenin qapısını neçə dəfə döyüb, çayı nəynən gətirib, hansı stansiyada neçə dəfə dayanıb… Mən onun kimi danışa bilmərəm eeee… Hövsələm daraldı dedim – sonun danış görüm axırda nooldu??? Küsdü, susdu bir xeyli… Sonra yadından çıxdı ki, küsüb, yenə xatirə danışmağa başladı… Yol gedirdik… “Yoldu dana, uzanıf gedir…” Ələt postuna yaxınlaşanda uzaqdan gördüm ki, yəni, hiss elədim ki, bu serjant bizi saxlayacaq… Yoxsul göründük gözünə. Saxladı… Başladı əlindəki o nə deyirlər ona – orda qurdalanmağa. Biz də sakit baxırıq. Məşədi danışdı axır ki: – Ay oğul, nə axtarırsan? – Adın niyə burda yoxdu? – Maşın İradə İbrahimovanındı. – Həə? Sənin familiyan İbrahimovdu? Paaa, Məşədiyə belə söz haa? Sürdü getdi. Serjant da, qışqırır arxadan – əmi, dayan!!! Nəysə getdik, getdik, çatdıq Yevlax postuna. Təbii ki, saxladılar. Bir göyçək, tombuş, qırmızıyanaq serjant idi bu da. Məşədi soruşdu ki: – Nə qüsurum var, niyə saxladın? – Dayı, sənədləri yoxlayıram. Bu moment arxadan biri özünü hövlnak çatdırdı. – Aqil müəllim, fəxrimizsiz, bir qulluq, sağ-salamat, yaxşı yol… Bir xeyli iltifatlar… (Qanun pozmamışdıq haa, elə kefi istəyib saxlamışdı…) Yəqin, yuxarı heyətdən idi, ola bilər leytenant-filan… Yuxarı heyət adamları tanıyır adətən… Bəzən serjantlar da tanıyır, amma paxıllıqdan tanımayanlara yardım etmirlər… Deyirlər, qoy problem yaşasın… Hə, bir də əyalət serjantları “əmi, dayı, ağsaqqal” müraciətlərindən qurtula bilmirlər… Və əhalinin hamısı deputat deyil… Məşədi müraciəti təəccüb yaratmasın – sosial şəbəkələrdə Aqil Abbasa Məşədi deyirəm. Yəni, obrazın ismi Məşədidir… Məşədi danışıb mənə – deyir, Ağdamda “Qaz-51” şoferi vardı, axşam işdən sonra arvadını oturdurdu yanında, rayonda gəzdirirdi (Yəqin, qaranlıqda gəzdirirmiş). Bir gün də pambıq vaxtıymış, iclas gedirmiş, görüblər bir maşın siqnal verə-verə mədəniyyət evinin qabağından o baş-bu başa gedir. Soruşublar kimdi? Deyiblər filankəsin qardaşı (böyük vəzifədə işləyirmiş qardaş). İndi Məşədiynən Badamdardan Vergilər Nazirliyinə qədər gedib-gəlmişik. Sadəcə, siqnal vermədən. Ağdama kənddən ilk gəlişin danışıb – atam xalamgilə apardı, o da uşaqlarıyla birgə göndərdi uşaq bağçasına… Sən demə, orda da uşaqları zorla yatırtmaq kimi bir qayda varmış. Atam dalımca gələnə kimi ağladım deyir… Məzəli xatirələrə də ağlamaq qarışır, deyəsən… *** Yaralı xatirələr. Sevmirəm… Kütləvi olanda heç yox, ayrı-ayrılıqda… Ağaclar, kollar, duman basmış dağlar… Arada gözə dəyən əsgər, polis nəfəri… Tam şəkil yaranmır… Hava da sərindi – gəndalaş, itburnu, böyürtkən… Təbiət də vəhşiləşib… Və bizim doğma hesab etməyimiz üçün, xatirələrə qucaq açmağımız üçün orda, o xatirələrin içində doğma adamlar boy göstərməlidir… Gülablıya yol aldım – xaraba qalmış təbiət. Axmayan su… Dərilməyən meyvələr… Etiraz edir hər şey… Və bu etiraz diskomfort yaradır… Doğmalıq yaranmır… Ekskursiya yaxşıdı, amma yaralıdır… Kütləvi yaralı… Sınıqdı… Və həddindən artıq çoxdu… Hər gedib əl uzadanda yad görünür… Fikirlərim də dolaşıqdı…Uzun illər gərəkəcək bu dolaşığı çözmək… Evlərin tikilməyindən çox, minaların təmizlənməyindən çox… Məzarlıqda nə anasının, nə də qardaşının qəbrin tapa bilmədi… Müharibə onun xarakterində də başqa keyfiyyətlər yaratdı – elə bil, unutmaq istəyindən doğan və məni çox tədirgin edən. Fərqinə varmadan qadınlara və içkiyə meyil. Hərə bir yolla unutmağa çalışır… Qəribədi, heç getmək istəmədiyim bir yer idi ora… Amma ağrısını çox çəkdiyim. Yəqin ağrıdan bezmişəm. Ağrıdan qorxuram – başlayan kimi ağrıkəsici dərmanla qorunuram. Səhər ayıldım, hazırlaşmağa başladım. Evliliyimizin 40 ilin qeyd etmək, 40 ilin sərgərdanlığın silmək, 40 ilin olan-keçənlərin, ya da keçməyənlərin xatırlamaq… Ordan keçib harasa getdiyimi yadıma salıram. Sonra beynim imtina edir xatirələrdən. Körpənin birini qucağıma götürüb, o birini arabaya otuzdurub dalan uzunu getdiyim də gəlir gözümün qabağına, qonşunun qapını açıb mənə baxdığı da. Bayaq bu dağılmış küçənin, dağılmış dalanın, dağılmış barının, divarların yaxınlığında yol boyu gördüyüm şəhid şəkillərin də göz önünə gətirirəm. Üşəndirir bu mənzərə… Olmayan küçələr, olmayan evlər, olmayan şəhər. Adı qalıb ancaq… Bir də 40 illik ömür, toy günümüzdən bu günə qədər yaşatdığım, ya da içimdə dəfn etdiyim. Əslində, bu təsvirləri çox gördük, çox oxuduq. Olmayan olanlar… Olanı sevməyə nə var ki? Olmayanı nə edək? Yenidən yaranacaq, amma bu yeni şəhər olacaq. Yeni insan nəslinin yeni şəhəri. Hələlik isə dünyanın hər yerindən gələn qonaqlara köhnədən qalan türbələri, məbədləri göstərə bilirik. Deməli, tarix vacibdi. Tarixdə boşluq yarananda elə viranə evlərin boşluğundan bir fərqi yoxdu. Ağrı verir bu boşluq. Tarixin ağrısın kəsmək üçün qanın torpağa qarışmağı gərəkir… Ağ damır gözlərə ağrı çoxalanda… ***
Səyahətlərimiz çox olub… Bircə gəmiylə gəzməmişik… Avropanın, Asiyanın görməli yerlərində… İsveçrədə dağlarda şəlalələrə baxanda dedi ki: – Kəlbəcərə oxşayır… Mızıldandım, dilimi sürüyüb – həəə, – dedim… Yəni, Aqil üçün hər yer öz yurduna-yuvasına bənzəyişlə gözəldir… Mənimçün isə yaxın adamlarımla həmin yerlərdə keçirdiyim günlərlə… Sinqapurda onların yeməklərin yeyə bilmirdi – arıqladı bir xeyli qayıdanacan… Dedim bəlkə tısbağa yeyəsən??? İndi bu tısbağa sözü zarafat olub aramızda… Monteneqroda, əksinə, xoşuna gəlmişdi yeməklər – yəqin, türk nişanəsi çox idi, ondan… …İndi qeyd etməyə hazırlaşdığım 70 illikdə düşünürəm ki, vaxtımızı yeyən bu ağır dövrlərdə qarşımıza çıxan yaxşı insanlar da çox olub… Yollarımız çox olub… Gözəl yollarımız… Arzum budur – yollarımız bitməsin, yaxşı insanlar tükənməsin… Hər zamanın yeni insanları çıxır qarşımıza. Zarafatla deyirlər ki, Məşədi patronu (yəni, məni) yanıbalalı alıb, bizi də yük edib özünə… Yazının adın qoymağa da onlar kömək etdilər. Dedilər, onun obrazıdır…
Ad gününü qeyd etdiyimiz günlərdən biri idi – bacım zəng elədi, dedi ver telefonu Aqili təbrik edim… Telefonu götürən kimi – Şəlalə, bax, yaxşı ki, doğulmuşam. Yoxsa bacın qalardı evdə – dedi… Əlbəttə, yaxşı ki, doğulmusan… Böyük bir ailənin, tayfanın, yurdun ağsaqqalı… İri gözlü, uzun kirpikli oğlan… Allah möhlət versin – Ağdamda qəhərlə yox, ürəyi şad rəqs edəsən… Balacalar böyüsün!!! Günəşə at çapan oğlan!!!
…Əsgər haqqında ballada… Nədir yenə, ümman kimi, çalxalanıb, coşdun, ürək? İçindəki bu təlatüm, bu oyanış de nə demək? Həsrətdənmi, nisgildənmi, Ürək, yenə çağlayırsan? Anasına həsrət qalmış, Körpə kimi, ağlayırsan… İçindədir; ümid adlı, qığılcımın od-alvu, tərslik etmə, dəli könül,
intizara alış, yovu!!! Həqiqətlər qarşısında, Biz gücsüzük, biz heç nəyik, Dinlə məni deyim, ürək, Biz nəçiyik; şan-şöhrətli,
– “hüququndan keçmiş əsgər”, həmdəminə həsrət canıq, bəzən canlı, bəzən cansız, biz “robotuq”, biz “əşyayıq”… Bu torpaqdan yoğrulmuşuq, Bu torpaqdan doğulmuşuq, Yardan əfsəl, anamızın Qulluğuna buyrulmuşuq!!! 15.04.1995. Marağa.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
“DÜNYA BİR PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * *
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * *
Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
QUBADLIDA DOGAN GÜNƏŞ (Milli Qəhrəman Şükür Həmidova ehtiramla) Məndən soruşdular bir film çəksən Söylə, qəhrəmanlardan kimi seçərsən? Bu çətin sualın qarşısında mən Çox götür-qoy etdim, seçdim birini . Yüksələn şəhidlər uduzum, ayım Çalışın siz məni heç qınamayın Oxucum, beləki, təqdim edirəm Şükür Həmidova film çəkərəm: Tumurcuqlar yazda çiçək açanda Şükür kimi oğlan gəldi dünyaya Nənəsi sevinib muştuluq etdi. Şükür balam olub! – Sevincək dedi. Qara qoçu kəsdi babası dərhal Şükür-səna üçün paylandı qurban Beşiyi başında Şərqiyyə ana Vətən Anamızdır! – Zümzümə etdi. Şükür! Şükür etdi! Nəriman ata. Həmidovlar evi döndü büsata İllər ötdü… Uşaqlar oynayır, qaçışırdılar Birinci olmağa çalışırdılar. Xatirlərdə qaldı gözəl uşaqlıq Armud ağacları, dəcəl qoçaqlıq Ağacın başına dolaşırdılar Daşlayaraq yeyir, oynaşardılar Beləcə illəri verər baş-başa Uşaqlıq illəri gozəl tamaşa. Başarat məktəbi-qoynuna aldı Yazıb oxumağı çox nizamladı Məktəbi bitirən Şükür Həmidov Kədərli illərə vəsiqə aldı. Quzğunlar şığıdı torpaqlarına Qubadlını aldı caynaqlarına. 1993-cü il çox nəs il oldu Nəsillər kəsildi, gör nələr oldu Ruhunu canından ayırdı yağı Taladı, yandırdı yenə doymadı Xatirlərdə qaldı meşəsi, dağı Yenə o cığırlar, eli-obası Neçə didərginlər pənah apardı Azərbaycan özü bərk çalxalandı Sumqayıta gəldi qaçqın, didərgin Taleyi puç olmuş insanlar üçün Verilən suallar saysız-hesabsız Həmidovlar üçün bunlar mənasız Yoxdu! Yoxdu! evim heç demək olar Cah-calal qalıbdı heç demək olar Özgələri sahib oldu yurduna Şükür and içdiki, yol verməz buna Vətəndən-Anadan əl üzmək olmaz Bir gün dönəcəyəm mən Qubadlıya! -Deyərək özünə o, fərman yazdı Hər gecə yuxusunda Vətən eşqiylə Doğma torpağına sual verirdi: -Ey Qubadlım mənim gözəl diyarım! -Sən kiminsən?-söylə eşitsin Tanrım? Mən səninəm! Sən mənimsən! Bax mən sənin övladınam, şükür edirəm Yaradana! Əks səda torpaq səsi: Ey oğullar xilas edin! Bombaları, minaları sinəmizdən təmizləyin Cavabdehlik sizə qalır balalarım Ermənıdən Xocalının, Qarabağın qisasını alın! Alın! Torpaq baxdı öz oğluna məyus-məyus Yenə ona öyüd verdi, dilə gəldi: Qoç igidlər oylağıdır mənim qoynum Gözləyirəm mən sizləri dogma oğlum Artıq sizı gözləmişəm neçə qışı,neçə yazı Şükür artıq anladıki, düşmənini əzmək üçün oxumalı Silahları canavarın ürəyinə tuşlamalı O and içdi, aman etdi haqsızlarla savaşmağa zaman seçdi Ey Qubadlım! AnaYurdum! Canımı qurban etməyə, bayrağımı yüksəltməyə Ulduzlarla cəng eyləyib çiynimə bərkitməyə Müntəzirəm! Müntəzirəm! Babalardan öyrəndiyi şükranlığa adət alan Ya Allahım! Ya Peyğambar! – deyə-deyə Hərbi təhsil aldı o vaxt şükür etdi Zamanını səsləyərək halay çəkdi Aprel gəldi 2016-cı ildə Cəbrayıilın harayına Şükür getdi Qisasına sus demədi, Lələtəpə zirvəsində Yeddi başlı əıgdahanı minalarla dəlib-deşdi Ohanyan düşməz deyən bənd-bərəni yıxdı keçdi… *** Millətindən sağlığında ad qazanan qəhrəmanım! Bir adına şükür edirəm, bir zamana. Sən millətin qəhrəmanı uca dağsan Başımızın üzərində dalğalanan bir bayraqsan. 2020 payız idi Yəhərlədin dəmir atı, sürdün yağının üstünə Azad etdin Cəbrayılı, Füzulini, Zəngilanı Qubadlıya çatacaqdın-yer yarıldı lərzə qopdu! Səni uddu! Dağı-daşı silkələndi Qubadlının. Şükür kimi qoç igidlər nərə çəkdi Mahmudluya yetişəndə nəfəs çəkdin Sən xalqına həyat verdin, özün getdin Son arzunu qardaşların tamam etdi Qubadlını, QARABAĞI AZAD ETDİ 20 OKTYABR 2020 Bir-birindən doymadı ata-oğul… Bu sevinci bölmədi ata-oğul… Nə ata oğula sağ ol deyə bildi, Nə oğul, bu günə şükür ata, deyə bildi… Ata-oğul… Qubadlıda… Şükür heykəli Ürəklərdə “Zəfər” ordeni Sən zəfər ordenisən Şükür Həmidov! Anaların dualarında Şükür Həmidov!
Müəllif: Gülbəniz ABBASOVA, Bakı, E.Əliyev adına 162 № li tam orta məktəbin tarix müəllimi.
ANA (Anamın ad günü münasibəti ilə) Qayğımıza qalan, anadır, ana. Varmı bu dünyada, anadan əziz?! Dünyanın bəzəyi, anadır, ana. Ananın özüdür, anadan əziz… *** Harda bir bala var, orda ana var, Analar olmasa, bala da olmaz! Dünyanı sözüylə bəzər analar, Analar olmasa, dünya da olmaz!!! 27.10.2018.
Bayramov Fərman Salman oğlu 1914 cü ildə Cəvanşir qəzasımın Şixəvənd kəndində ( İndiki Ağdam rayonunun Əlimədədli kəndi ) anadan olmuşdur.
O, babasının evində savadsızlığın ləğvi kursunda təhsil almışdır. O,1935 ci ildə Ağdam Pedoqoji məktəbinə daxil olmuş və 1938 ci ildə Ağdam pedaqoji məktənini bitirmişdir.
O, 1941 1945 ci illər Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur, qardaşlarının təhsil almalarında böyük rolu olmuşdur.
Bayramov Fərman Salman oğlu1954 cü ildən 1959 cu ilə qədər Əlimədədli kənd orta məktəbində direktor müavini olmuşdur.
O,1960 cı il sənədlərini Azərbaycan Pedaqoji İnistutunun fiologiya fakultəsinə təqdim edərək 1965 ci ilə qədər Azərbaycan Pedaqoni İnistutunun fiologiya fakiltəsində ali təhsil almışdır .
Bayramov Fərman Salman oğlu 1968 ci ildən 1985 ci ilə qədər Xaçınsu tikintisi fəhlə gənclər orta məktəbinin direktor olmuşdur.
Bayramov Fərman Salman oğlu Ağdam rayon kənd sovetinə 6 dəfə, 2 dəfə də Ağdam rayon sovetinə deputat seçilmişdir. O,dəfələrlə yuxarı rəhbərlik tərəfindən orden və medallarla mükafatlandırılaraq təltif olunmuşdur.
Bayramov Fərman Salman oğlu Maarif Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür O,1989 cu ildə vəfat etmişdir,məzarı Ağdam rayonunun Əlimədədli kənd mazarlığındadır.
Bu gün şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü hörmətli Zaur Ustacın doğum günüdür.
Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk və orta təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışdır.Ali təhsilimi Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində almışdır.
Birinci Qarabağ müharibəsinin iştirakçısı və ehtiyatda olan zabitdir.
”Günaydın “, “Mum kimi yumşalanda”, ”Məhdud həyatın məchul düşüncələri”, ”İstəməzdim şair olum hələ mən”, ”Gülzar”, ”Şehçiçəyim”, “Gülünün şeirləri”, ”Balçiçəyim”, ”Bayatılar”, “Qələmdar”, “Yaradanla baş-başa”, “Zimistan”, “45” (şeirlər), “Ülyahəzrət”, “Qədimliyə bürünmüş yenilik”, “Gülüzənin şeirləri” və s. kitabların, çoxlu sayda məqalələrin müəllifidir.
Zaur müəllim biz gənclərin tanınmasına daima dəstək olmuş, məqalələrimi dəfələrlə “Yazarlar” jurnalında və eyniadlı saytda dərc etdirmişdir. Həmçinin “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabıma görə məni “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim olunan “ZİYADAR” Mükafatına layiq görmüşdür.
Hörmətli Zaur müəllimi doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.
“Atamla düşmən tərəfindən dağıdılmış, sökülmüş, viran qoyulmuş evimizə yaxınlaşdıq. Bu evimizlə, doğma kəndimizlə son dəfə vidalaşdığımız gün idi. Gördüyüm mənzərə heç vaxt gözümün qarşısından getməyəcək. Həyətə səpələnən kitabları görəndə dəhşətə gəldim. Evimizdə iki kitabxana var idi. Xalamın kitabları da bizim evdə idi. Yağı düşmən sanki bu evdə cəza verməyə insan tapmadığından bütün qəzəbini kitabların üstünə tökmüşdü. Bir anlıq qaçıb kitabları yerbəyer etmək, hamısını birdən qucaqlayıb götürmək istədim. Anacaq heç birini etmədim. Əyilib cəmi iki kitab götürə bildim…”– bu sözləri göz yaşlarını zorla saxlayaraq deyən insanın hansı hislər keçirdiyini təsəvvür edəndə qaçqınlıq, köçkünlük həyatını yaşayanların nə qədər güclü olduqları haqda bir daha düşündüm.
Gör nə qədər güclü olasan ki, evsiz, eşiksiz qalıb nəinki əzilməyəsən, sınmayasan, hətta ayağa qalxıb ömrünü, gününü Qarabağda zəfər çalana qədər sözünlə, yazdığın əsərlərlə, gördüyün işlərlə düşmənlə mübarizə aparasan! Bir zaman döyüşcü olaraq doğma kəndin uğrunda vuruşduğun kimi hər saat, hər an dilindən Qarabağ kəlməsi düşməyə. Məhz belə yaşadı o. Evdə, çöldə, tədbirlərdə , harda olsa qələbəyə ümidini itirmədən uzun illər həsrətdən danışdı bu adam.
Hamımızın yaxşı tanıdığı, Azərbaycanın hər qarışını, doğma Qarabağı canından artıq sevən və övladlarına sevdirən qazi şair, yazıçı və xeyirxah insan, əslən Ağdamın Yusifcanlı kəndindən olanZaur Ustacdan gedir söhbət.
Zaur Ustacın heç kimdən heç nə ummadan, Azərbaycan xalqının dəyərlərinə yüksək qiymət verərək, böyük-kiçik yerini bilərək Azərbaycana etmək istədikləri həddindən artıq çoxdur. Hər dəfə onun FB səhifəsini açanda yeni bir fikir, yeni bir layihə ilə rastlaşırıq. Hərdən mənə elə gəlir ki, bu insan gecə-gündüz dayanmadan çalışır. Bu yaxınlarda səhifəsində dostunun onunla yazışmasına rast gəldim.
–Sənin işlərin nə vaxt bitəcək?– dostu soruşur
– Heç vaxt. Sadəcə bir gün yarımçıq qalacaq...- deyə cavab verir Zaur Ustac.
Yaşının, həyatının çiçəkləndiyi bir vaxtda bu insan həyatının bitməsindən çox işlərinin yarımçıq qala biləcəyindən narahatdır.
Bu gün bu maraqlı, bəzən qeyri-adiliyi ilə fərqlənən insanın doğum günüdür. Adətən belə gündə dostlara, yaxınlara, qohumlara böyük bir fürsət verilir ki, onlar ürəyində olan xoş sözləri, arzu və diləkləri doğum günü olana desinlər. Mən də bu fürsətdən istifadə edib Zaur Ustacı təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yaradıçılıq uğurları arzu edirəm.
Əzizbəyov könüllülər batalyonu. 1993 cü il. Ağdamın Cəvahirli kəndi.
Arif BUZOVNALI: “Sağımda Ədalət Rəhimov (o zaman Buzovnada icra nümayəndəsi idi), solumda Hacı Vaqif müəllim( idman müəllimim olub). Cəbhəyə sovqat gətirmişdilər. Allah hər ikisinə rəhmət eləsin.” Mənbə: Arif Buzovnalı